Məhkəmə qərarları › İş №1(011)-195/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-195/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-195/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Nümayəndə, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə saat 16:52-də Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi istiqamətində “AE 023982” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan Şahid1 məxsus və sonuncunun iştirakı ilə göy-yaşıl rəngli “X8” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 5-13 km/saat sürətlə idarə edərək ünvan 3 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq və Təqsirləndirilən şəxs həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu halda, həmin təhlükəsizlik tədbirlərinə riayət etməyib İ.İsmayılov küçəsi istiqamətində hərəkətdə olan mopedin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Moon ZX-AF 49CC Red” markalı mopedlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan mopedin sürücüsü Zərərçəkmiş şəxs qarının küt travması nəticəsində onikibarmaq bağırsağın zədələnməsi, daxili qanaxma, peritonit və septik şok kimi müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasbi CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 10-11 radələrində yeznəsi Şahid1 ilə birlikdə “Ford Tranzit” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Qeyd olunan avtomobil yeznəsi Zakirin adına rəsmiləşdirilmiş və onlar birlikdə Zakirin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əliağa Şixlinski küçəsinə tərəf yola düşmüşlər. Əliağa Şıxlinski küçəsində olan zaman təsadüfən tanışı Sənan adlı şəxsi görmüş və avtomobili saxlayaraq söhbətləşməyə başlamışlar. Söhbət əsnasında Sənana bildirmişdir ki, yeznəsi Zakir yeni avtomobil almış və avtomobilin yanacağı qurtardığından yaşadığı ünvanın yaxınlığında yerləşən “Şah Oil” yanacaq doldurma məntqəsinə gedirlər. Sənana təklif etmişdir ki, istəyirsə onunla birlikdə avtomobilə yanacaq doldurmağa getsin. Sənan da təklifini qəbul etmişdir. O, sükan arxasında əyləşib avtomobili idarə edərək dəqiq bir istiqamətdə olmasa da, avtomobili sürməyə davam etmişdir. Avtomobilin yalnız ön oturacağı vardır və yanız 3 nəfər şəxsin əyləşməsi üçün nəzərdə tutulmuşdur. Avtomobilin arxasında isə oturacaq yoxdur və təyinatı yalnız yük daşınması üçün nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 4-5 radələrində avtomobilin sükan arxasında, onun sağ tərəfindən Zakir və avtomobilin içərisində sağda yerləşən sağ qapının yanında Sənan əyləşərək Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ilə hərəkətdə olmuşlar. Həmin küçə ilə istiqamətdə olan zaman yolun sağ kənarında “Bizim Market” adlı mağazanı keçdikdən sonra yerləşən məhəllədən əsas yola çıxmış və qarşıda yolun sol kənarında “Şah Oil" yanacaq doldurma məntəqəsinə tərəf sürmüşdür. O, avtomobil ilə yanacaq doldurma məntəqəsinə daxil olub avtomobilə yanacaq vurmaq qərarına gəlmişdir. İdarə etdiyi “Ford Tranzit” markalı **-GB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Şah Oil” yanacaq doldurma məntəqəsinə tərəf hərəkətdə olan zaman idarə etdiyi avtomobilin sürəti təxminən 20-25 km/saat olmuşdur. Hərəkətdə olduğu İnqilab İsmayılov küçəsindəki yol 3 zolaqlı və 2 istiqamətli yol olmuş və həmin zolaqdan 2 zolağı onun hərəkətdə olduğu, digər 1 zolaq isə qarşıdan hərəkətdə olan zolaqdır. Yolun sol kənarında yerləşən yanacaq doldurma məntəqəsinə tərəf hərəkətdə olan zaman qarşıda piyada keçidini görmüş və sürətini daha da azaltmış və yolun sol kənarında yerləşən yanacaq doldurma məntəqəsinə daxil olmaq üçün sol yanında yerləşən qırıq-qırıq xətlərdən sola dönməyə hazırlaşmış və həmin an onun sürəti təxminən 5-10 km/saat olmuşdur. Dönmə əməliyyatını etməzdən əvvəl ilkin olaraq qarşıdan avtomobilin gəlməməsinə və avtomobilin sol yan güzgüsünə baxaraq arxadan avtomobilin gəlməməsinə əmin olmuşdur. Bundan sonra dönmə əməliyyatını edən zaman idarə etdiyi avtomobilin sol arxa yanından çox sürətlə və ani olaraq moped onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə, sonra isə avtomobilin sol yan hissəsinə dəymiş və mopedi idarə edən şəxs moped ilə birlikdə asfaltla sürünərək yolun əks tərəfində yerləşən səkiyə dəymişdir. Səkiyə dəydikdən sonra mopedi sürən şəxs dayanmış və bir qədər yerdə qalmış sonradan ayağa qalxmışdır. Həmin mopedin hansı sürətlə gəlməsini və onun idarə etdiyi avtomobilin arxa sol hissəsindən gəlməsini görməmişdir. Bundan sonra o, yeznəsi Zakir və Sənan avtomobildən düşərək həmin şəxsin səhhəti ilə maraqlanmış və birlikdə həmin şəxsi avtomobilə mindirmişdir. O, avtomobilin sükan arxasında əyləşmiş, yeznəsi Zakir onun sağ yanında, mopedi sürən - sonradan adını Əli bildiyi şəxs isə yeznəsi Zakirin sağ yanında əyləşmişdir. Sənan isə avtomobilin qabaq oturacağında yer olmadığından avtomobilin arxa yük yerində əyləşmişdir. Bundan sonra onlar Əlini yaxınlıqda yerləşən "Medika” klinikasına aparmışlar. Həmin yerdə Əliyə ilkin tibbi yardım göstərilmişdir. Həmin klinikada Əli KT müayinəsindən keçirilmişdir. Xəstəxana da olan zaman Əli ayıq vəziyyətdə olmuşdur. Klinikada olan zaman Əlinin ailə üzvləri mobil telefonuna zəng etmişlər. İlkin olaraq Əli zəngləri qəbul etmək istəməsə də, sonradan onun təkidi ilə zəngi qəbul edərək baş verənləri ailə üzvlərinə bildirmişdir. Bunun ardınca ailə üzvləri Əlinin müayinə olunduğu həmin klinikaya gəlmişlər. Əlinin ailə üzvləri həmin klinikanı bəyənmədiyindən Əlini 1 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Klinikada Əlinin ailə üzvlərinin üzərində nağd pul olmadığından o bunu görüb klinikanın tibb xidmətinin ödənişi olan 290 manatı ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, Əlini daha sonra vəziyyəti yaxşı olmadığından 1 saylı Şəhər Klinik Xəstəxanasından "Medika” xəstəxanasına aparmışlar. Hadisə zamanı təxminən 5-10 km/saat sürətlə hərəkətdə olmuşdur. O, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində onun hərəkət istiqamətində olan 2 zolaqlı yoldan sol zolaqda hərəkətdə olmuşdur. O, yol nəqliyyat hadisəsindən əvvəl spirtli içki və ya təsir edici maddə qəbul etməmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobildə o, yenzəsi Zakir və tanışı Sənan olmuşdur. Hadisə zamanı ətrafda çoxlu sayda insan vurulmuş mopedi idarə edən Əlinin ətrafına toplaşmış, lakin onlardan heç birini tanımamışdır. O, avtomobili idarə edən zaman mopedi idarə edən Əlinin sürəti çox olduğundan anidən onun idarə etdiyi avtomobilə dəyməsini görməmiş və Əli idarə etdiyi mopedlə onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə və avtomobilin sol yan hissəsinə dəydiyi anda o, avtomobilin əyləcinə basaraq avtomobili saxlamışdır. Əliyə köməklik edərək yaxınlıqda yerləşən xəstəxanaya aparmışlar. Sonradan Əlinin yatdığı xəstəxanaya getmiş, lakin heç kimi görmədiklərinə görə məlumat alıb geri qayıtmışlar. Əlinin valideynləri ilə sonradan telefon əlaqəsi saxlamamışdır. Onun əməlində heç bir qanun pozuntusu olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən barəsində ədalətli qərar qəbul edilməsini və mülki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əlini klinakaya apardıqdan sonra valideynləri gəlmiş və onların üzərində pul olmadığına görə 300 manat yaxın məbləğdə klinkada xərci çıxmışdır. Hətta, Əlinin atası daha sonra həmin pulu qaytarcağını da qeyd etmişdir. Həmin vaxt Əlini həkimlər müayinə etmişlər və bildirmişlər ki, Əlidə heç bir daxili və xarici xəsarət olmamışdır, sadəcə hər bir ehtimala müşahidə məqsədilə Əlinin bir gün klinkada qalmasını tövsiyə etmişlər. İdarə etdiyi “Ford” markalı maşının irihəcmli güzgüsü vardır. Dönmə əməliyyatını yerinə yetirərkən tam əmin olmuşdur ki, heç bir nəqliyyat vasitəsi yoxdur. Hadisə baş verən yerdə yerləşən yanacaq doldurma məntəqəsinə giriş-çıxış mövcuddur. Yerdə qırıq-qırıq xətlər mövcuddur və dönmə əməliyyatı qadağan edilməmişdir. Yol 3 zolaqdan ibarət olmaqla onlardan ikisi gediş biri isə gəliş (əks istiqamət) üçün olmuşdur. Dönmə zamanı 1-ci zolaqdan 2-ci zolağa keçmişdir, sürəti 5-10 km/saat olmuşdur. Piyada keçidini keçdikdən sonra dönmə əməliyyatı etmişdir. Dönmə işığını yandırmışdır. Mopedi ümumiyyətlə görməmişdir və anidən moped onu vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 16:50 radələrində ona məxsus "Moon 2X AF 49 CC” markalı mopedlə yaşadığı ünvandan çıxaraq saçını kəsdirmək üçün bərbərə getmişdir. Mopedə əyləşməzdən əvvəl qoruyucu dəbilqəni geyinmişdir. Yaşadığı ünvan 4 ünvanından çıxaraq əsas yola çıxmışdır. Yaşadığı ünvanın yaxınlığında yerləşən “Bizim Market” adlı mağazaya tərəf mopedlə hərəkətdə olmuşdur. “Bizim Market” adlı mağazaya çatdıqda o, işıqfordan sola dönməli olmuşdur. Lakin həmin işıqfordan sola dönməyə yol nişanları icazə verməmişdir. Buna görə də, qərara gəlmişdir ki, işıqfordan sağa dönsün və qarşıdakı dairədən geriyə tərəf dönərək yenidən “Bizim Market” istiqamətində hərəkətini davam etdirsin. O, işıqfordan sağa dönmüş və qarşıdakı dairədən geriyə dönərək "Bizim Market” istiqamətində mopedlə hərəkətdə olmuşdur. “Bizim Market"-ə çatdıqda işıqfordan düz istiqamətdə hərəkətini davam etdirmişdir. Yoluna davam edən zaman qarşısında “Ford Tranzit” markalı avtomobili görmüşdür. Həmin avtomobilin sürəti təxminən 10 km/saat olmuşdur. Qarşısındakı avtomobil az sürətlə hərəkət etdiyindən həmin avtomobili sol tərəfdən manevr etmək istəmişdir. Həmin yol 2 istiqamətli və üç zolaqlı olmuş və yoldakı zolaqla qırıq-qırıq xətlərlə bir-birindən ayrılmışdır. Həmin zaman onun surəti 35- 40 km/saat olmuşdur. Qarşısındakı avtomobil dönmə siqnalını yandırmadığına tam əmin olduğundan dönmə əməliyyatını etmək qərarına gəlmişdir. Həmin avtomobilin sol yan hissəsindən dönmək istədikdə avtomobilin sürücüsü qəfildən sola, yəni yolun sol hissəsində yerləşən “Şah Oil” yanacaq doldurma məntəqəsinə tərəf dönməyə başlamışdır. Bu çox ani olduğundan o, mopedlə həmin avtomobilin sol qabaq hissəsinə dəymiş və mopeddən yıxılaraq yolun sol kənarında yerləşən səkiyə tərəf yerlə sürünmüşdür. Onun qarın nahiyəsi səkiyə dəymiş və xəsarət almışdır. Hətta başında olan qoruyucu başlıqda başından çıxmışdır. Həmin avtombilin sürücüsü və onun yanında olan şəxslər onu xəstəxanaya aparmaq istəmiş və onu avtomobilə mindirmişlər. Lakin avtomobil ilə xəstəxanaya uzaq yoldan aparmışlar və sonda "Medika” xəstəxanasına gəlmişlər. Həmin xəstəxanda ailəsinin də məlumatı olmuşdur ki, o, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Həmin xəstəxanada müayinə olunduqdan sonra ailəsi onu 1 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Daha sonra isə valideynləri onu “X7” xəstəxanasına aparmışlar. Əməliyyatdan sonra 4-5 gün reanimasiyada qalmışdır. Həmin vaxt vəziyyəti pis olmuş, ən azından palataya keçdikdən sonra mənəvi olaraq onu vuran sürücünü yanında görmək istəyi olmuşdur. Lakin, sürücü xəstəxanaya gəlməmişdir. Hal-hazırda hələ də ağrıları vardır və bunun üçün ağrıkəsicilər qəbul etməkdə davam edir. Hadisə zamanı yol təqribən boş idi. Onun qabağında “Ford Tranzit” markalı hansıkı onu vuran maşın olmuşdur. O, həmin maşının arxasında hərəkətdə olmuşdur. Həmin maşının yanından keçdikdə görmüşdür ki, dönmə işığını yandırmayıb və həmin anda da onu sağdan qəfildən şiddətli şəkildə vurmuşdur. Hər ikisi piyada zolağını keçmişdir, lakin piyada zolağından qabaq digər avtomobilin olubolmamasını xatırlamır. “Ford Transit” markalı maşın ötmə əməliyyatı etdiyi anda onu vurmuşdur. Hadisə olan zaman küçədə onlardan başqa heç bir nəqliyyat vasitəsi olmamışdır. Sözügedən yanacaq doldurma məntəqəsinə giriş etmək üçün qarşıdan yolun hərəkət istiqamətində 1-ci tərəfdən daxil olunmalı olduğu halda “Ford Transit” markalı maşın yanacaq doldurma məntəqəsinin çıxış hissəsindən daxil olmağa cəhd göstərmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, hadisə nəticəsində onun müalicəsinə xeyli xərc çəkilmişdir. Ümumilikdə 21481 (iyirmi bir min dörd yüz səksən dörd) manat məbləğində vurulmuş zərərin əvəzi hələ də ödənilməmişdir. Bu səbəbdən də mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, vurulmuş zərərin əvəzi olaraq 21481 (iyirmi bir min dörd yüz səksən dörd) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi və Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 10-11 radələrində qaynı Təqsirləndirilən şəxs ilə birlikdə “Ford Tranzit” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Qeyd olunan avtomobil onun adına rəsmiləşdirilmiş və birlikdə onun və qaynı Sərxanın yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əliağa Şixlinski küçəsinə tərəf yola düşmüşlər. Ona məxsus avtomobili qaynı Sərxan idarə etmişdir. Əliağa Şıxlinski küçəsində olan zaman təsadüfən qaynı Sərxanın tanışı Sənan adlı şəxsi görmüşlər və Sərxan avtomobili saxlayaraq söhbətləşməyə başlamışdır. Söhbət əsnasında Sərxan Sənana bildirmişdir ki, o, özünə yeni avtomobil almış və birlikdə avtomobilin yanacağı qurtardığından yaşadıqları ünvanın yaxınlığında yerləşən “Şah Oil” yanacaq doldurma məntəqəsinə gedirlər. Bunun ardınca Sərxan Sənana təklif etmişdir ki, istəyirsə onlarla birlikdə avtomobilə yanacaq doldurmağa getsinlər. Sənan da təklifi qəbul etmişdir. Sərxan sükan arxasında əyləşib avtomobili idarə edərək dəqiq bir istiqamətdə olmasa da, avtomobili sürməyə davam etmişdir. Avtomobilin yalnız ön oturacağı vardır və yanız 3 nəfər şəxsin əyləşməsi üçün nəzərdə tutulmuşdur. Avtomobilin arxasında isə oturacaq yoxdur və təyinatı yalnız yük daşınması üçün nəzərdə tutumuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 4-5 radələrində qaynı Sərxan avtomobilin sükan arxasında, Sərxanın sağ tərəfində o və avtomobilin içərisində sağda yerləşən sağ qapının yanında Sənan əyləşərək Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ilə hərəkətdə olmuşlar. Həmin küçə ilə istiqamətdə olan zaman onlar yolun sağ kənarında "Bizim Market”-i keçdikdən sonrakı məhəllədən əsas yola çıxmış və qarşıda yolun sol kənarında “Şah Oil” yanacaq doldurma məntəqəsinə tərəf hərəkətdə olmuşlar. Qaynı Sərxan avtomobil ilə yanacaq doldurma məntəqəsinə daxil olub, avtomobilə yanacaq vurmaq qərarına gəlmişdir. Sərxanın idarə etdiyi ona məxsus “Ford Tranzit” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Şah Oil” yanacaq doldurma məntəqəsinə tərəf hərəkətdə olan zaman idarə etdiyi avtomobilin sürəti təxminən 20-25 km/saat olmuşdur. Həmin hərəkətdə olduqları İnqilab İsmayılov küçəsindəki yol 3 zolaqlı və 2 istiqamətli yol olmuş və həmin zolaqdan 2 zolağı onların hərəkətdə olduqları, digər 1 zolaq isə qarşıdan hərəkətdə olan zolaq olmuşdur. Onlar yolun sol kənarında yerləşən yanacaq doldurma məntəqəsinə tərəf hərəkətdə olan zaman qarşıda piyada keçidini görmüş və Sərxan sürətini daha da azaltmış və yolun sol kənarında yerləşən yanacaq doldurma məntəqəsinə daxil olmaq üçün sol yanında yerləşən qırıq xətlərdən sola dönməyə hazırlaşmış və həmin an onun sürəti təxminən 5-10 km/saat olmuşdur. Bundan sonra Sərxan dönmə əməliyyatını edən zaman, idarə etdiyi avtomobilin sol arxa yanından çox sürətlə və ani olaraq moped Sərxanın idarə etdiyi avtomobilin sol yan güzgüsünə, sonra isə avtomobilin sol yan hissəsinə dəymiş və mopedi idarə edən şəxs moped ilə birlikdə asfaltla sürünərək yolun əks tərəfində yerləşən səkiyə dəymişdir. Səkiyə dəydikdən sonra mopedi sürən şəxs dayanmış və bir qədər yerdə qalmış və sonradan ayağa qalxmışdır. Həmin mopedin hansı sürətdə gəlməsini və mopedin Sərxanın idarə etdiyi avtomobilin arxa sol hissəsindən gəlməsini onlar görməmişdir. Bundan sonra Sərxan, o və Sənan avtomobildən düşərək həmin şəxsin səhhəti ilə maraqlanmış və birlikdə həmin şəxsi avtomobilə mindirmişlər. Sərxan avtomobilin sükan arxasında əyləşmiş, o, Sərxanın sağ yanında, mopedi sürən şəxs, sonradan adını Əli bildiyi şəxs isə onun sağ yanında əyləşmiş, Sənan isə avtomobilin qabaq oturacağında yer olmadığından, avtomobilin arxa yük yerində əyləşmişdir. Bundan sonra onlar Əlini yaxınlıqda yerləşən “Medika” klinikasına aparmışlar. Həmin yerdə Əliyə ilkin tibbi yardım göstərilmişdir. Həmin klinikada Əli KT müayinəsindən keçirilmişdir. Xəstəxana da olan zaman Əli ayıq vəziyyətdə olmuşdur. Bunun ardınca ailə üzvləri Əlinin müayinə olunduğu “Medika" klinikasına gəlmişlər. Həmin yerdə Əlinin ailə üzvləri həmin klinikanı bəyənmədiyindən Əlini 1 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Sonradan məlum olmuşdur ki, Əlini daha sonra vəziyyəti yaxşı olmadığından 1 saylı Şəhər Klinik Xəstəxanasından “X7” xəstəxanasına aparmışlar. Hadisə zaman təxminən 5-10 km/saat sürətlə hərəkətdə olmuşlar. Onlar Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində onların hərəkət istiqamətində olan 2 zolaqlı yoldan sol zolaqda hərəkətdə olmuşlar. Hadisə vaxtı idarə etdikləri avtomobildə o, Sərxan və Sənan olmuşdur. Hadisə zamanı ətrafda çoxlu sayda insan vurulmuş mopedi idarə edən Əlinin ətrafına toplaşmış, lakin həmin şəxslərdən heç birini tanımamışdır. Təxminən 10 gün sonra Əlinin atası və dayısı ilə danışmışlar. Onlar isə bildirmişlər ki, Əlinin vəziyyəti yaxşı deyil. “Ford Transit” markalı maşında zədələr olmuşdur. Belə ki, həmin maşının güzgüsü sınmış və sol tərəfi əzilmişdir. “Medika” klinikasında Əlinin atasına həmin klinkanın xəclərinin qarşılanması üçün 300 manat pul vermişdir. Əli idarə etdiyi mopedlə sol tərəfdən gələrək maşının güzgüsünü vurmuşdur. Bundan əlavə moped əks istiqamətli zolaqda hərəkət etmişdir. Onlar qırıq-qırıq xəttin başlanğıcında olmuşlar. Moped olan zolaqda əks istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Sərxan və Zakirlə birlikdə “Ford Transit” markalı maşın ilə “Şah Oil” yanacaq doldurma məntəqəsinə getmişlər. Piyada keçidində piyadanı gözlədikdən sonra yanacaq doldurma məntəqəsinə dönəndə arxadan “ziq-zaq” edən moped gəlməkdə idi. Həmin moped onların qabağından fırlanıb keçmək istəyəndə Sərxan yavaşlayaraq sürətini 5-10 km/saat-dək azaltdı. Yanacaq doldurma məntəqəsinə dönəndə isə moped onların əyləşdiyi maşına dəymişdir. Hadisə baş verəndən sonra mopedin sürücü onlara özünü yaxşı hiss etdiyini bildirmişdir. Təkidlə mopedin sürücüsünü xəstəxanaya aparmışlar. Daha sonra isə xəstəxanaya mopedin sürücüsünün valideynləri gəlmişdir. Xəstəxanada həkimlər müayinə etdikdən sonra bildirdilər ki, heç bir problem yoxdur. Mopedin sürücüsünün valideynləri isə dövlət xəstəxanasına gedəcəklərini bildirmişlər. Bu zaman o, xəstəxanadan ayrılmış, lakin Sərxan və Zakir orada qalmışdır. Hadisə baş verməmişdən əvvəl maşında ən kənarda sağ tərəfdə əyləşmişdir. Moped əks istiqamətli zolaqda hərəkət etmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində MEM-in yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti vəzifəsində işləyir. “Ford Transit” markalı avtomobil sola dönmə əməliyyatını yerinə yetirərkən əvvəlcədən sol zolaqda olan mopedlə toqquşmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ hissəsinə əsasən nəqliyyat vasitəsi manevr edərkən belə manevr təhlükəsiz olmalıdır. Moped əvvəlcədən sol zolaqda hərəkətdə sözügedən təhlükə qarşısında qalmışdır. Göstərilən vəziyyətdə moped “Ford Transit” markalı avtomobilə nəzərən hərəkət üstünlüyünə malikdir. Ekspertizaya təqdim edilmiş materiallardan və tədqiqatdan da belə nəticəyə gəlinmişdir ki, mopedin sürücüsünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq edilməsinə lüzum olmamışdır. Mopedin sürücüsünün hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 46-cı maddəsinin İ hissəsi ilə ziddiyət təşkil etmir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 5 ünvanın qarşısında baş vermişdir. Hadisə yerinin və avtomobillərin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işi materiallarında olan AE seriyalı, 023982 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. Həmin vəsiqə xx.xx.2016-cı il tarixdə verilmişdir. Cinayət işi materiallarında olan alqı-satqı aktının surətindən görünür ki, etdiyi “Moon ZX-AF 49CC Red” markalı mopedin mühərrik həcmi 49 m3-dir Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən götürülmüş özündə videogörüntüləri əks etdirən 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış keçirilən disk “DVD-R” formatlıdır, diskin üzərində “ZYKLEN” yazısı vardır, belə ki, diskin üzəri ağ rənglidir. Disk açıldıqda içərisində üç ədəd fayl olması müəyyən olunmuş, həmin fayllar özlərində videogörüntüləri əks etdirmiş, hər üç fayl 10 dəqiqədən ibarətdir. Həmin fayllarda olan videogörütülər Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində olan TŞ5-047 saylı müşahidə kameralarında qeydə alınmışdır. Hər üç video-görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, hadisə ünvan 5 ünvanda yerləşən “Şah Oil” yanacaq doldurma məntəqəsinin qarşısında baş vermiş, hadisənin baş verdiyi küçə 3 zolaqlı və 2 hərəkət istiqamətlidir və hər iki istiqamət bir-birindən qırıq-qırıq xəttlərlə ayrılmışdır. Yolun ətrafında qeyri-yaşayış obyektləri və yaşayış binaları vardır. Videogörüntüyə baxış keçirən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Tranzit” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İ.İsmayılov küçəsində hərəkətdə olarkən yolun sol tərəfində yerləşən “Şah Oil" yanacaq doldurma məntəqəsinə daxil olmaq istədikdə, sonuncunun sol yanından manevr etmək istəyən Zərərçəkmiş şəxs idarə etdiyi mopedi ilə toqquşaraq Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş və Təqsirləndirilən şəxs hadisə yerində Əli Məmmədzani idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə mindirərək aparmışdır. Cinayət işi materiallarında olan 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış keçirilən disk “DVD-R” formatlıdır, diskin üzərində “Verbatim" yazısı vardır, belə ki, diskin üzəri ağ rənglidir. Disk açıldıqda içərisində üç ədəd fayl olması müəyyən olunmuş, həmin fayllar özlərində videogörüntüləri əks etdirmiş, birinci fayl 1 dəqiqə 30 saniyədən, ikinci fayl 3 dəqiqə 49 saniyədən və üçüncü fayl isə 26 saniyədən ibarətdir. Həmin fayllarda olan videogörüntülər Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən “Şah Oil” yanacaq doldurma məntəqəsi və həmin yanacaq doldurma məntəqəsinin sağ yanında yerləşən qeyri-yaşayış obyektindən quraşdırılmış videomüşahidə kameralarında qeydə alınmışdır. Hər üç video-görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, hadisə ünvan 5 ünvanda yerləşən “Şah Oil” yanacaq doldurma məntəqəsinin qarşısında baş vermiş, hadisənin baş verdiyi küçə 3 zolaqlı və 2 hərəkət istiqamətlidir və hər iki istiqamət bir-birindən qırıq-qırıq xətlərlə ayrılmışdır. Yolun ətrafında qeyri-yaşayış obyektləri və yaşayış binaları vardır. Videogörüntüyə baxış keçirən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Tranzit” markalı **-GB-*** dövət qeydiyyat nişanlı avtomobil ilə İ.İsmayılov küçəsində hərəkətdə olarkən yolun sol tərəfində yerləşən “Şah Oil” yanacaq doldurma məntəqəsinə daxil olmaq istədikdə, sonuncunun sol yanından manevr etmək istəyən Zərərçəkmiş şəxs idarə etdiyi mopedi ilə toqquşaraq Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş və Təqsirləndirilən şəxs hadisə yerində Əli Məmmədzani idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə mindirərək aparmışdır. Cinayət işi materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1399 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs qarının küt travması nəticəsində onikibarmaq bağırsağın zədələnməsi, daxili qanaxma, peritonit və septik şok müəyyən edilmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3461 saylı rəyindən görünür ki istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Ford Tranzit” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarında olan əlavə məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2023-cü il tarixli 8/225 saylı rəyindən görünür ki, mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitələrinin hərəkət surətləri hadisə yerində qoyulmuş tormoz izlərinə uyğun müəyyən edilir. Lakin istintaq tərəfindən göstərildiyi kimi hadisə yerində tormoz izi qalmadığından mövcud hadisədə ekspertizası yolu ilə nəqliyyat vasitələrinin hərəkət sürətlərini müəyyən etmək mümkün deyildir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Ford Tranzit markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobiin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmudur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisəsinin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Hadisə yerində ötmə əməliyyatnı qadağan edən yol nişanının olmaması və əks istiqamətli nəqliyyat axınlarının qırıq-qırıq üfuqi nişanlanma xətti ilə ayrılması şəraitində, mopedin əks hərəkət zolağına çıxaraq ötmə əməliyyatı aparması “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etmir. Cinayət işi materiallarında olan məhkəmə yol-nəqliyyat və audio və videoyazıların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1330-4/715 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş TŞ5-047 2-2022-11-12_16h50min00ss00ms adlı videoyazıya görə tədqiqatı tələb olunan yol-nəqliyyat hadisəsinin iştirakçıları olan “Ford Transit” markalı avtomobilin və mopedin bilavasitə toqquşma anındakı sürətlərini, eləcə də toqquşmadan əvvəl mopedin sürətində dəyişikliyin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş TŞ5-047 2-2022-11-12_16h50min00ss00ms adlı videoyazıya görə dönmə manevri etdiyi andan toqquşma anına kimi “Ford Transit” markalı avtomobil sola dönmə işıqlarını yandırmamışdır. Mövcud yol şəraitində əks istiqamətli nəqliyyat axınları qırıq-qırıq üfüqi nişanlama xətti ilə ayrıldığından mopedin sürücüsünün yolun hərəkət hissəsində çəpinə olan tünd rəngli avtomobilin yanından keçmək üçün etdiyi manevr “Yol hərəkəti haqqında” Qanunun tələbləri ilə ziddiyət təşkil etmir və moped həmin tünd rəngli avtomobil ilə toqquşmadığından mopedin sürücüsünün etdiyi manevr hərəkətin təhlükəsizliyini təmin edir. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford Transit” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, yəni əks istiqamətli nəqliyyat axınlarının qırıq-qırıq üfüqi nişanlanma xətti ilə ayrılması, mopedin sol hərəkət zolağına çıxaraq hərəkətdə olması, bundan sonra qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan “Ford Transit” markalı avtomobilin sola doğru manevr apararaq ondan sol zolaqda hərəkətdə olan mopedin sürücüsünün hərəkəti üçün təhlükə yaratması, yəni mövcud vəziyyətdə mopedin “Ford Transit” markalı avtomobilə nəzərən hərəkət üstünlüyünə malik olması, toqquşmaya kimi kiçik vaxtın keçməsi və bu şəraitdə sürücü Zərərçəkmiş şəxs hərkətlərinin “Yol hərəkəti haqqında” Qanununun tələblərinə ziddiyət təşkil etməməsi də nəzərə alınmaqla, mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarından məlum olur ki, “Ford Transit” markalı avtomobil sola doğru manevr etməzdən əvvəl arxadan onunla eyni istiqamətdə hərəkətdə olan moped ondan sol tərəfdə olan zolaq ilə hərəkətdə olmuşdur. Mövcud vəziyyətdə “Ford Transit” markalı avtomobilin sürücüsü sola manevr etməzdən əvvəl “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ hissəsinin tələblərinə əsasən arxadan sol tərəfi ilə yaxınlaşan nəqliyyat vasitəsinə yol verməli olduğundan moped “Ford Transit” markalı avtomobillə nəzərən hərəkət üstünlüyünə malik olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, xx.xx.2009-cu il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2013-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzama məhkum edilmiş, xx.xx.2015-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə 06 ay 28 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasın çəkib qurtarmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (heç biri müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması növündə cəza və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (heç biri müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Moon ZX-AF 49CC Red” markalı mopedin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, yol-nəqliyyat hadisəsinin videogörüntüsü əks edilmiş 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM- 132), iş üzrə 413 (dörd yüz on üç) manat məbləğində keçirilmiş ekspertizaların dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş zərərin əvəzi – 21481 (iyirmi bir min dörd yüz səksən dörd) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı iddianın təmin edilməsini, mülki cavabdeh isə rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan “X4 – Bakı” QSC tərəfindən məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış məktub və mədaxil qəbzlərindən görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 20000 (iyirmi min) manat həcmində Zərərçəkmiş şəxs əməliyyatı və müalicəsi məqsədilə xərc çəkilmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1.2-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.3.1-ci maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə dair xərclər şəklində özünü göstərir. Eyni Məcəllənin 354.1.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia qismən təmin edilməlidir. Belə ki, mülki iddiaçı 21481 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair iddia tələbi irəli sürməyinə baxmayaraq, yalnız iddia tələbinin 20000 manat həcmində hissəsinə münasibətdə müalicəsinə çəkilmiş xərc olduğunu əsaslandırmış və buna dair təsdiqedici sübut təqdim etmişdir. Qalan 1481 manat hissəsində isə ümumiyyətlə heç bir əsaslandırma aparmamış, əldən çıxmış faydanın onu əldə etmək üçün gördüyü və bu məqsədlə apardığı tədbirlər qeyd edilməmiş, həmçinin bunlara dair heç bir sübut təqdim etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2-i axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan - «Ford Transit» markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Moon ZX-AF 49CC Red” markalı mopedin sahibinə qaytarılması nəzərə alınsın. Maddi sübut kimi tanınan – baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntülərini əks etdirən 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 413 (dörd yüz on üç) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülsün. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar