Məhkəmə qərarları › İş №1(011)-195/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-195/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-195/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X7 və müdafiəçisi Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili X4 və xüsusi ittiham qaydasında şikayət verən X8 iştirakı ilə, xüsusi ittiham qaydasında X8 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X12 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, o, X1 Mədinə Saleh qızı ilə xx.xx.2006-ci ildə ailə qurmuşlar və bu nikahdan 1 uşaqları X10 dünyaya gəlmişdir. xx.xx.2014-cü ildə nikahlarına xitam verilmiş və uşaq anasının yanında saxlanılmışdır. xx.xx.2014-cü ildən aliment ödənilməsi öhdəliyi onun üzərinə qoyulmuşdur. O, 2014-cü ildən başlayan aşağı ətrafı xəstəliyindən dolayı xx.xx.2016-cı ildə Noreçdə əməliyyat olunmuş, xx.xx.2016-ci il tarixində birdəfəlik Azərbaycana gəlmişdir. 2016-cı ilin oktyabr ayına qədər alimenti qismən ödəmişdir. xx.xx.2016-cı ilə qədər yığılan aliment borcunu kredit borcu alaraq tam ödəmişdir. Dəfələrlə o haqlı olaraq 1 uşağa görə 500 manat məbləğində olan alimentin azaldılması üçün məhkəməyə müraciət etsə də, qarşı tərəf hər dəfə böhtan yazaraq etiraz etmiş və bunun nəticəsində iddiası qanunsuz olaraq rədd edilmişdir. O, Azərbaycana qayıtdıqdan sonra mütəmadi yataq xəstəsi olmuş, heç bir yerdə işləməmiş, xx.xx.2017-ci il tarixindən əlillik pensiyası alır. Xəstəliyi ağırlaşdığına görə sol dizindən 3 dəfə cərrahi əməliyyat olunmuşdur. xx.xx.2019-cu il tarixindən müddətsiz 1-ci qrup əlillik verilib. Xəstə və əlil olmağına, ümumi gəlirinin 50-120 manat pensiya almağına baxmayaraq, ona qanunsuz və əsassız olaraq 1 uşağa görə hər ay 500 manat aliment qərarı çıxarılmış, o isə uşağına hər ay qismən 100 manat məbləğində aliment ödəyə bilmişdir. xx.xx.2014-cü ildən indiyə qədər yəni 132 ay ərzində o bir uşağa görə təxminən 23000 manatdan artıq aliment ödəmiş və 26000 manat borclu vəziyyətə düşmüşdür. Hazırda Ali Məhkəmənin xx.xx.2021-ci il 2(102)-2743/2021 tarixli qərarına görə bir uşağa görə ondan 170 manat, böhtan atılaraq, xəstə olduğu müddətdə yığılan borcun ödənilməsinə görə isə 160 manat, cəmi 330 manat, yəni 470 manat ümumi gəliri olan pensiyanın 70%-ni aliment və borcun ödənilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası AM-də 1 uşağa görə aliment öhdəliyi olan valideyinin ümumi gəlirindən 5 dəfə artıq pul ödəmək tələbi yoxdur. Belə hal ittiham olunan şəxsin ona böhtan atması nəticəsində baş vermişdir. Alimentin miqdarının müəyyən edilməsi böhtana istinad edilmədən Azərbaycan Respublikası Ailə Məcəlləsində qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməli idi. O, xx.xx.2022-ci il tarixində üzrlü səbəbdən yığılan aliment borcunun ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası AM-nin 107.2-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Nurullayeva Mədinə yenidən onun iddiasına etiraz olaraq, tamamilə böhtan, ona heç bir aidiyyəti olmayan, təhqiramiz yalanlarla dolu ərizəsini hakim Pərviz Zamanlıya təqdim etmişdir. Məhkəməyə sədrlik edən hakim Pərviz Zamanlı onun 102 səhifədən ibarət olan xəstəlik sənədlərini 2(011)-2966/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməyə salmamış, qarşı tərəfin "iddiaya etiraz ərizəsini" qətnaməyə salaraq, ona istinad edərək qətnamə çıxarmışdır və onun iddiasını rədd etmişdir. Hakimin qətnaməsində yazılan bu böhtana o laqeyd qala bilməz. Bu işlərdə hakimlər düzgün qərar versəydi 1000 manatdan başlayan və sonda 170 manatla bitən qanunsuz və əsassız aliment qərar və qətnamələri olmazdı. Bu böhtanda onun bacı və qardaşlarının da adı keçir. Öz mənafeyini müdafiə etmək üçün məhkəmədən bu işləri araşdırıb ədalətli hüquqi qiymət verməsini tələb edir və məhkəmənin ədalətli qərarına qədər şikayəti davam edəcək. Bu təhqir və böhtanlar nəinki onun şərəf və ləyaqətini alçaltmış, hətta ona maddi-mənəvi ziyan vurmaqla yanaşı sağlamlığına da ziyan vurmuşdur. Belə ki, xəstəliyi dövründə icra məmurlarının təqibinə görə keyfiyyətli müalicə, dərmanlarla təhciz olunmamış və nəticədə də xəstəliyinin daha da ağırlaşmasına səbəb olaraq onda qüsur yaratmışdir. Bundan başqa onun ailəsinin və himayəsində olan iki azyaşlı uşaqlarının da təminatına ciddi ziyan vurmuşdur. Həmin təhqir və böhtanlar aşağıdakılardan ibarətdir. 1) X2 hər ay böyük miqdarda müavinət almışdır. 2) Xəsarət Norveçdə işləyərkən iş yerində olduğundan oradan iddiaçıya külli miqdarda əmək müavinəti və pensiya ödənilir 3) Həmin məbləğ iddiaçının Norveç Banklarının birində açılmış hesaba köçürülür. 4) İddiaçının qeyd etdiyi kimi 1-ci qrup əlilliyin alınması və məhkəməyə təqdim olunması da müəmmalıdır. 5) İddiaçı 1-ci qrup əlillik almaqda Norveç dövlətindən hər ay əlavə vəsait əldə etmək niyyəti güdmüşdür. 6) İddiaçı Norveçdə yaşadığı müddətdə biznes fəaliyyəti ilə məşğul olur. Bununla bağlı tərəflərindən aliment tələbi ilə məhkəməyə müraciət etdikdə müvafiq sənədlər də təqdim edilmişdir. 7) Həmçinin iddiaçı Mehman Mirzəyev bacı qardaşlarının adına avtomobillər və evlər alıb. Kirayə verərək əlavə gəlirlər əldə edir. Göstərilən bütün bunlarla bağlı istər Prokurorluq istərsə də Polis orqanlarına müraciət etmiş və ən sonda Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən yazılı şəkildə aidiyyəti üzrə Məhkəməyə müraciət edilməsi bildirilmişdir. Göründüyü kimi rəsmi sənəddə ona qarşı istər böhtan istərsə də şərəf və ləyaqətini alçaldan təhqirlər yazaraq, qərəzli şəkildə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Bunun da nəticəsində hazırda ona 26000 manat borc hesablanmış və borclu vəziyyətə düşmüşdür. Onun cəmiyyət içində, məhkəmə və icra orqanlarında nüfuzuna xələl gətirmiş onun şərəf və ləyaqətinə toxunan əməllər törətmişdir və bir sözlə onu maddi-mənəvi terrora məruz qoymaqda davam edir. Məhkəmə yuxarda sadalanan böhtanlara sübutlar tələb etməli faktiki hallar araşdırılmalıdır. Belə ki, onun xarici ölkədə bank hesabı yoxdur, heç bir qohumuna ev və ya maşın almamışdır, xarici ölkədə biznesi olmamışdır. xx.xx.2014-cü il tarixində onların nikahlarına xitam verilərkən 2(011)-4290/2014 saylı qətnamədə onların mal-mülk varlıqarı olmamışdır. Xəstə olduğu müddətdə də o bu qədər mal-mülk sahibi olmaq mümkünsüzdür. Heç yerdə xəsarət almamış və epikrizlərindən göründüyü kimi əlilliyə səbəb ümumi xəstəliklə bağlıdır. İttiham olunan şəxsin yazdıqları hamısı böhtandır. Bundan başqa üçtərəfli bağlanmış AKT-da həmin illərdə ona borclu olmadığı halda böhtan ataraq borclu olduğunu yazmışdır. Digər tərəfdən əlilliyinin olmasını müəmmalı hesab edərək, onu təhqir etmişdir. İttiham olunan şəxsin ona atdığı böhtanla əsas məqsədi əsassız varlanmaq, xüsusi qərəzindən dolayı onun sağlamlığına daha cox ziyan vurmaqdır. Onun ümumi gəliri aylıq 2017-ci ildə 55 manat, 2018-ci ildə 65 manat, 2019-ci ildə 120-150 manat, 2020-ci ildə 180 manat, 2021-ci ildə 250 manat, 2022-ci ildə 330manat, 2023-ci il tarixindən 470 manat olub. Bu illər ərzində isə bir uşağa görə faktlara deyil böhtanlara istinad edilərək, əsassız və qanunsuz olaraq hakimlər ondan 500 manat orta statistik Azərbaycan vətəndaşının aylıq maaşı qədər alıment tutulması barədə qərarlar və qətnamələr çıxarmışdır. Onun təqdim edəcəyi sübutlar ittiham olunan şəxsin ona böhtan atdığını tamamilə ifşa edir. İttiham olunan şəxsin ona qarşı yazdığı "etiraz ərizəsinin" və "kassasiya şikayətinin" qoşma hissəsində iddialarını sübut edən heç bir dəlil, sübut yoxdur. Ona qarşı bilərəkdən dəfələrlə qəbuledilməz böhtan ataraq, maddi-mənəvi ziyan vurduğuna görə ittiham olunan X5 Azərbaycan Respublikası CM-nın 147.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir və islah olunmalıdır. Onun bu hərəkətləri həm də cəmiyyət üçün cox təhlükəli ola bilər. Ona atdığı böhtanlardan cəsarətlənərək, başqalarına da belə böhtanlar ata bilər. Azərbaycan qanunvericiliyinə görə sübut etmək iddia edənin üzərinə düşür. Onun sübut və dəlilləri isə ittiham olunan şəxsin yetərincə ifşa olunmasına, onun əməllərində böhtan olduğunu təsdiq edir. Odur ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə konkret olaraq barəsində xüsusi ittiham olunan şəxsin yuxarıda sadalanan iddialarına sübutlar tələb olunsun ki, yazdığı iddiaların böhtan olmadığı sübut olunsun. Əks halda onun iddiaları ona qarşı böhtan olaraq qəbul olunmalı AR CM-nin 147.2-ci maddəsinə görə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X3 müdafiəçisi X9 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X12 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 147.2-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, xüsusi ittihamçı qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırki şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, göstərilməmiş, həmçinin CPM-in tələblərinə riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bağlı X12 şikayətin tərtib olunduğu yeri göstərməmişdir. Bundan əlavə böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-ci maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X12 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X12 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar