Məhkəmə qərarları › İş №1(011)-196/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-196/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-196/2023 01.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Alixan oğlunun və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 29 oktyabr 1988-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-144/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələri tətbiq olunmaqla qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-144/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Alixan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Alixan oğluna ittiham elan olunmuşdur ondan ötrü ki o, özünə iş axtarmaq məqsədi ilə 09 noyabr 2022-ci il tarixdə saat 16:44-də ünvan 2 ünvanında yerləşən “Avanqard” avtomobil servisinə daxil olaraq orada iş masasının üzərinə qoyulmuş, vətəndaş Zərərçəkmiş şəxs məxsus, 01 ədəd “İphone 13 Pro” markalı, 1700 (min yeddi yüz) manat dəyərində olan mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1700 manat məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Alixan oğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Alixan oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər avtomobil təmiri ustası kimi fəaliyyət göstərmişdir. Uzun müddətdir ki, işsiz olduğundan maddi vəziyyəti çox pis olmuşdur. Əvvəllər Bakı şəhərinin ərazisində müxtəlif yerlərdən oğurluq etmişdir. xx.xx.2022-ci il tarixdə özünə yeni iş tapmaq qərarına gəlmiş, əvvəlcə bir neçə tanışına bu barədə məlumat verib köməklik istəsə də bunun heç bir nəticəsi olmamışdır. Həmin gün evdən çıxaraq şəhərin müxtəlif yerlərində iş axtarmaq qərarına gəlmişdir. Əvvəllər müxtəlif avtomobil servislərində motorist kimi işləməsi səbəbindən əvvəllər tanıdığı bir neçə avtomobil servisinə müraciət etsə də işçi lazım olmadığı ona bildirilmişdir. Sonuncu olaraq Xətai rayonu, Babək prospektində yerləşən avtomobil servisinə 16 radələrində daxil olmuşdur. Servisdə hamının başının qarışıq olduğunu gördüyündən heç kəsdən iş barədə soruşa bilməmiş, həmin vaxt stolun üzərində naməlum şəxsə mənsub olan “İphone 13 Pro” markalı telefonu görmüşdür. Həmin telefonu oğurlamaq qərarına gəlmiş, üzərində olan özünə məxsus “Samsung” markalı mobil telefonu istifadə edirmiş kimi qulağına tutmuşdur ki, ətrafda hər hansı bir şəxsin fikri onda olacağı təqdirdə fikri yayınsın. Bir neçə saniyə bu formada stolun ətrafında hərəkət etmiş, ətrafında heç kimin olmadığına əmin olduğundan gizlincə telefonu stolun üzərindən götürüb cibinə qoyub oradan uzaqlaşmış, daha sonra həmin mobil telefonu satmaq üçün “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında yerləşən telefon mağazasına getmişdir. Orada əvvəllər tanımadığı telefon dükanına yaxınlaşaraq kişi cinsindən olan şəxsə yaxınlaşmış, özünə məxsus mobil telefonunu satdığını demiş, həmin şəxsə telefonu 500 manata satdığını bildirmiş, o isə telefonu nə üçün belə ucuz qiymətə satdığını soruşan zaman maddi cəhətdən çətinlik çəkdiyini demiş, anasının ağır xəstə olması səbəbindən telefonu ucuz qiymətə satmaq qərarına gəldiyini bildirmişdir. Həmin şəxs telefona baxış keçirmiş və 300 manatdan artıq pul verə bilməyəcəyini bildirmiş, telefonun qiymətinin dəfələrlə ucuz olduğunu bilsə də məcbur qalaraq telefonu həmin şəxsə 300 manata satmışdır. O, aldığı pulu öz ehtiyyaclarına xərcləmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu 2022-ci ilin iyun ayında Nizami rayonu, Neftçilər Metrostansiyasının yaxınlığından “Gold Mobile” mağazasından öz istifadəsi üçün 3200 manata almış və həmin telefonun qiymətinə dair hər hansı çek mövcud olmamışdır. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Avanqard” avtomobil servisində iş yerində olan zaman özünə məxsus ‘‘İphone 13 Pro” markalı mobil telefonu stolun üzərinə qoyaraq, servisə gələn müştəriyə xidmət etmiş, təxminən yarım saat keçdikdən sonra işini bitirərək mobil telefonunu qoyduğu masaya doğru yaxınlaşan zaman mobil telefonunun orada olmamasını aşkar etmişdir. Bundan sonra ətrafa baxdıqdan sonra həmin telefonu tapa bilməmiş və qərara gəlmişdir ki, servisə quraşdırılmış müşahidə kameralarına baxış keçirsin. Baxış keçirdən zaman naməlum şəxsin avtomobil servisinə daxil olduqdan sonra telefonu masanın üzərindən oğurladığını aşkar etmiş, bundan sonra dərhal DİN-nin 102 Zəng Məlumat Xidmətinə müraciət edərək oğurluq hadisəsi barədə məlumat vermiş, nəticədə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə gəlinərək ərizə və izahatı alınmışdır. Vurulmuş ziyanın miqdarı ilə razıdır. Hal-hazırda Təqsirləndirilən şəxs Alixan oğlu ilə barışmamış, ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir və barəsində ağır cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Gold Mobile” telefon mağazasını icarə əsasında işlədir, mağazada yeni və ya işlənmiş mobil telefonları satır, işlənmiş telefonları müxtəlif şəxslərdən qəbul edərkən şəxsiyyət vəsiqəsi tələb edir, həmin vəsiqənin üzünü çıxardaraq özü üçün yaratdığı qovluğa əlavə edir, xarici görkəmindən şübhələndiyi şəxslərdən isə mobil telefon almır. Adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs əvvəllər bir dəfə mağazaya gəldiyini xatırlamış, onunla hər hansı münasibəti olmamış, 2022-ci ilin noyabr ayının əvvəllərində Elmar mağazaya yaxınlaşmış, onunla salamlaşdıqdan sonra anasının xəstə olmasını və maddi cəhətdən çətinlik çəkdiyini bildirərək özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu təcili olaraq 500 manata satdığını bildirmişdir. O isə ona alverinin zəif olduğunu bildirərək mobil telefon üçün ona 300 manat ödəyə biləcəyini demişdir. Elmar da bir qədər fikirləşdikdən sonra telefonu satmaq istədiyini demiş, həmin vaxt ondan şəxsiyyət vəsiqəsini tələb etmiş və bundan sonra sonuncu özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb ona təqdim etmişdir. o, şəxsiyyət vəsiqəsinin surətini çıxartdıqdan sonra həmin şəxsin şəxsi imzası ilə sənədin surəti olan vərəqə ad və soyadını qeyd etdirmiş, daha sonra kassada olan 300 manatı həmin şəxsə təqdim etmiş, həmin vaxtdan sonra təxminən 1 həftə ərzində eyni markalı müxtəlif sayda mobil telefon alaraq satışını həyata keçirmişdir. Mobil telefonu Elmardan almasından təxminən 1 ay keçdikdən sonra mağazaya polis əməkdaşları gələrək onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər, bölmədə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünə məxsus olduğunu dediyi mobil telefon oğurluq yolu ilə əldə edilmişdir. Faktla bağlı bölmədə onun izahatı alınmış və mağazaya geri qayıdaraq Elmara məxsus şəxsiyyət vəsiqəsinin surətini özü ilə götürərək bölməyə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Alixan oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 48 ünvanında yerləşən “Avanqard” avtoservisinə baş vermiş cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı obyektin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 10-12); götürmə və videogörüntüyə baxış keçirilmə barədə 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 48 ünvanında yerləşən “Avanqard” avtoservisin təhlükəsizlik kamerasından baş vermiş hadisənin videogörüntüsü götürülmüşdür. Həmin videogörüntüyə baxış keçirən zaman məlum olmuşdur ki, əynində mavi rəngli gödəkçə, tünd göy rəngli cins şalvar olan orta boylu bir nəfər şəxs avtoservisin içərisində mobil telefonla danışaraq gəzişir və ətrafa nəzər salır. Daha sonra orada olan iş masasına yaxınlaşır, stolda oturur və masanın üzərində olan mobil telefonu götürərək cibinə qoyur və həmin avtoservisdən çıxaraq oradan uzaqlaşır. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs Alixan oğlu görüntüdəki şəxsin özü olmasını təsdiq etmişdir (i.v. 17- 18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 30- 31); Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin 14 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, 01 ədəd “İphone 13 Pro” markalı mobil telefonu oğurlayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Alixan oğlu həmin tarixdə saxlanılmışdır (i.v. 42); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Alixan oğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 54-55); ifadənin yerində yoxlanılması haqqında 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Alixan oğlu törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 69-73); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Alixan oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 74-75); “Brend” Telecom mağazasının müdiri X1 tərəfindən verilmiş 24 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, 01 ədəd “İphone 13 Pro” modelli 128 GB yaddaş tutumuna malik mobil telefon aparatının xx.xx.2022-ci il tarixdə mövcud olmuş orta bazar qiyməti 1700 manat olmuşdur (i.v. 84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Alixan oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə və ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir, (i.v. 88-89); sübutların qiymətləndirilməsi haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Alixan oğluna Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs Alixan oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması, diskə baxış protokolları və fotocədvəllər sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (i.v. 90-95); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-208/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Alixan oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Alixan oğlunun 08 avqust 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək, habelə 22 dekabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət hesablanaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; hökmün icrası barədə 28 mart 2023-cü il tarixli göstərişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-208/2023 saylı hökmü 28 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-144/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Alixan oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-208/2023 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Alixan oğlunun 09 sentyabr 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və onun üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; hökmün icrası barədə 26 aprel 2023-cü il tarixli göstərişdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-144/2023 saylı hökmü 26 aprel 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Alixan oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Alixan oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Alixan oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icra edilməsi barədə göstərişə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(010)-144/2023 saylı hökmünün 26 aprel 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs Alixan oğlunun təqsirləndirildiyi CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 09 noyabr 2022-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Alixan oğluna cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Alixan oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Alixan oğluna ictimai işləri və azadlığın məhdudlaşdırılması cəzalarının islah təsirinin yetərli olmayacağını və həmin cəzalar ilə cəzanın məqsədinə nail olunmayacağını, bundan əlavə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Alixan oğlu Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Alixan oğluna Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-144/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Alixan oğluna qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, 14 dekabr 2022-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(011)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Alixan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Alixan oğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(011)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Alixan oğluna qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Alixan oğlunun 14 dekabr 2022-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Alixan oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Alixan oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(011)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Alixan oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar