Məhkəmə qərarları › İş №1(011)-197/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-197/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-197/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 12 avqust 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Qaçaq Nəbi küçəsi ev 2 mənzil 156-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoxluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 07 dekabr 2020-ci il tarixdə yaşayış yerini tərk edib gün ərzində müxtəlif saatlarda Bakı şəhərinin Nizami rayonu, Qaradağ rayonu, Yasamal rayonu, Binəqədi rayonu, Sabunçu rayonu, Suraxanı rayonu, Abşeron rayonunun Xırdalan şəhərində, 08 dekabr 2020-ci il tarixdə yaşayış yerini tərk edib gün ərzində müxtəlif saatlarda Bakı şəhərinin Nizami rayonu, Xətai rayonu, Nəsimi rayonu, Yasamal rayonu, Qaradağ rayonu, Sabunçu rayonu, Suraxanı rayonu, Abşeron rayonunun Xırdalan şəhərində, Saray qəsəbəsində, Sumqayıt şəhərində vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış və 12 dekabr 2020-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yeni koronavirus (Covid- 19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 noyabr 2020-ci il tarixdə ondan “Atletlər Kəndi” Mərkəzində analiz götürülmüş, analizin nəticəsi pozitiv olduğundan bir həftə orada müalicə olunmuş, daha sonra evə buraxılmışdır. Ev şəraitində on dörd gün qalması ilə bağlı ona həkim tərəfindən hər hansı söz deyilməmiş, bu barədə məlumatsız olmuşdur. 12 dekabr 2020-ci il tarixdə günorta saatlarında evdə ürəyi sıxıldığından və özünü yaxşı hiss etdiyindən bir qədər hava almaq üçün yaşadığı evin həyətinə düşmüş, həyətdə olduğu zaman ona polis əməkdaşları yaxınlaşaraq 34-cü PŞ-nə dəvət etmişlər. Orada hava almaq üçün yaşadığı evdən çıxdığını bildirmişdir. Əməlindən səmimi peşman olduğunu, məlumatsız olduğundan belə bir halı baş verdiyini, ailəsinə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 dekabr 2020-ci il tarixdə günorta saatlarında 34-cü PŞ-də xidmətdə olduğu zaman ünvan 1-da yaşayan və COVİD-19 xəstəsi olan Təqsirləndirilən şəxs yaşadığı evdə karantində olmasına baxmayaraq 12 dekabr 2020-ci il tarixdə mənzilini tərk etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq, o, iş yoldaşı Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bu gün karantin qaydalarını pozaraq xəstə olduğu halda mənzilini tərk etməsi ilə bağlı sorğu etdikdə, Təqsirləndirilən şəxs hava almaq məqsədi ilə mənzilini tərk edib həyətə düşdüyünü bildirmişdir. Bununla ələqadər olaraq, o, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmiş və Təqsirləndirilən şəxs da etiraz etmədiyindən, polis şöbəsinə gətirilərək, müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 12 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v 1); raportdan görünür ki, 12.12.2020-ci il tarixdə aktiv Covid 19 xəstəsi olan Təqsirləndirilən şəxs küçədə olması aşkar edilərək 34-cü PŞ-nə gətirilmişdir (i.v. 3); izahatdan görünür ki, Təqsirləndirilən şəxs hava almaq məqsədi ilə çölə çıxdığını bildirmişdir (i.v. 4); ifadədən görünür ki, Təqsirləndirilən şəxs ona göstərmişdir ki, 30 noyabr 2020-ci il tarixdə o, səhhətində olan narahatlıqla bağlı həkimə müraciət etmiş və ondan COVİD-19 pandemiyası ilə əlaqədar alınan analizin nəticəsi pozitiv olduğundan bununla bağlı istifadəsində olan özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə sms gəlmişdir. Həmin smsdə onun COVİD-19 xəstəliyinə yoluxması və ev şəraitində müalicə alaraq, evdə 14 gün müddətinə karantində olması, yaşadığı evi tərk etməməsi bildirilmişdir. O da, həmin müddət ərzində evdə müalicə almışdır. 12 dekabr 2020-ci il tarixdə günorta saatlarında evdə ürəyi sıxıldığından və özünü yaxşı hiss etdiyindən bir qədər hava almaq üçün küçəyə çıxmaq qərarına gəlmiş və yaşadığı evi tərk edərək yaşadığı evin həyətinə düşmüşdür (i.v. 27); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 12 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 28); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 20.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 54); diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonunu anten məlumatlarında onun 06.12.2020-ci il tarixdən 12.12.2020-ci il tarixə kimi olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində, həmçinin Abşeron rayonu və Sumqayıt şəhərində olması müəyyən edilmişdir (i.v. 55); məhkəmə-tibbi ekspertizasının 25.02.2021-ci il tarixli, 283/KEŞ saylı rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixdən 06.12.2020-ci il tarixə qədər “Covid-19” diaqnozu ilə “Atletlər Kəndi” Mərkəzində stasionar müayinə və müalicədə olmuşdur. Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. «Covid-19» virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (i.v. 57-59); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə turtulan ittiham elan edilmişdir (i.v. 65); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 359 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərə əsasən o, 30.11.2020-ci il tarixdən 06.12.2020-ci il tarixə qədər COVİD-19 diaqnozu ilə “Atletlər Kəndi” Mərkəzində stasionar müayinə və müalicədə olmuşdur. 06.12.2020-ci il tarixdə COVİD-19 analizi nəticəsi neqativ olduğundan evə buraxılıb. Təqsirləndirilən şəxs 06.12.2020-ci il tarixdə COVİD-19 analizi nəticəsi neqativ olduğu halda o, həmin tarixdən sonra qeyd edilən virus infeksiyasının daşıyıcısı hesab edilmir və xəstəliyi yayması istisna edilir (i.v. 137-140); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 302/MEŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs COVİD-19 virus infeksiyasına yoluxması ilə əlaqədar “Atletlər Kəndi” Mərkəzində stasionar müalicədə olmuş və nisbi yaxşılaşma ilə ərazi üzrə poliklinikaya nəzarətə yazılmışdır. Təqsirləndirilən şəxs 06.12.2020-ci il tarixdə COVİD-19 analizi nəticəsi neqativ olduğu halda belə, 14 günlük karantin dövrününü bitmədiyini nəzərə alaraq demək olar ki, həmin tarixdən sonra onun ətraf mühit üçün COVİD-19 virus infeksiyasına yolxucu mənbə olması istisna edilmir. Belə ki, poliklinika nəzarətində olan xəstənin karantin dövrü tam bitdikdən sonrakı gün sahə həkiminin müvafiq razılığı əsasında Təqsirləndirilən şəxs yaşayış yerini tərk edə bilərdi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və ekspert rəyləri, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, yaşını (CM-59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar