Məhkəmə qərarları › İş №1(011)-197/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-197/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-197/2024 01.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Şiştəpə Ə/D, Şiştəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində bacısının keçmiş əri Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanının qarşısında şəxsi münasibətlərin gərginləşməsi zəminində aralarında baş vermiş mübahisə zamanı bir dəfə qəsdən yumruq zərbəsi ilə sonuncunun sifət nahiyəsinə vurmaqla döyərək, ona alt dodağın əzilmiş yarası, alt çənədə soldan 1 dişin travmatik sınığı, sol təpə-gicgah nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bacısı X2 2009-cu il tarixdə, Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş, 2022-ci il tarixdə rəsmi otaraq məhkəmə qaydasında boşanmışlar. Birgə nikahdan 2 azyaşlı övladları var. Zərərçəkmiş şəxs bacısı Zümrüd Atakişiyevadan boşandıqdan sonra bir neçə dəfə bacısı Zümrüdü narahat etmişdir. xx.xx.2024-cü il tarixdə, Zərərçəkmiş şəxs ona bir neçə dəfə zəng vuraraq, onunla söhbət etmək istədiyini bildirmiş və onu yaşadığı Xətai rayonu, M.Hadi küçəsi 7 ünvanı qarşısına çağırmışdır. Həmin gün 19:30 radələrində o, yaşadıqları binanın qarşısına enmiş və həmin vaxt Asif Əliyev onun bacısına münasibətdə bir neçə dəfə nalayiq sözlər bildirmişdir. O da əsəbləşərək qəsdən əli ilə bir dəfə yumruqla onun sifət nahiyəsinə vurmuşdur. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, ondan üzr istədiyini lakin onun barışmadığını bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onun Zərərçəkmiş şəxs ilə arasında olan münaqişə və dava-dalaşa səbəb, həmin günü, yəni xx.xx.2024-cü il tarixdə, Zərərçəkmiş şəxs bacısı Zümrüd Atakişiyevanın iş yerinə gedərək onu narahat etməsi və onun yanına gələndə bacısı barədə nalayiq ifadələr işlətməsi olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, X2 ilə 2009-cu il tarixdə, rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 2009-cu il təvəllüdlü Zəhra və 2012ci il təvəllüdlü Nuray adlı iki övladları olmuşdur. Təqribən 2 il bundan əvvəl Zümrüd Atakişiyeva ilə ailədə yola gedə bilmədikləri üçün, boşanmışlar. xx.xx.2024-cü il tarixdə, saat 19:30 dəqiqədə keçmiş qaynı Təqsirləndirilən şəxs zəng vuraraq, bacısı Zümrüd barədə onunla söhbət etmək istədiyini bildirmiş və onun yaşadığı Xətai rayonu, M.Hadi küçəsi 7 ünvanı qarşısında onu gözlədiyini demişdir. Həmin vaxt Elşən binanın giriş hissəsinə enmiş və aralarında normal söhbət edən zaman, Elşənin anası Şahid da oraya gəlmişdir. Təqsirləndirilən şəxs anası Şahid görən kimi, anidən əli ilə bir dəfə yumruqla onun sifət nahiyəsinə vuraraq onu döymüşdür. Onun dodağı partlamış və dişi sınmışdır. Beləliklə, o, hazırda cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək barəsində müvafiq cəza tətbiq edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, keçmiş arvadı Zümrüd Atakişiyeva onun boynuna yalandan qoyduğu 3000-4000 manat aliment borcunu silsə, barışmaq barədə düşünə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Nizami rayonu ərazisində qızı Zümrüd ilə birgə dərzi kimi çalışdıqları yerdə dəyişikliklər etmək istədiyi üçün qızı pulları çox çıxmasın deyə Asifə zəng vuraraq, mebel və taxta söküntü işlərində kömək etməsini xahiş etmişdir. Asif də həmin günü dərzi sexinə gəlmişdir. Həmin zaman dərzi sexində müştərilər olmuşdur. Həmin vaxt Asif guya qızı Zümrüdün başqa adamlar ilə telefonda danışdığını iddia edərək, onu saymadığını Zümrüdə irad bildirib, onu söyüb-təhqir etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oradan çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 19:30 dəqiqədə yaşadıqları evə gələn zaman, keçmiş kürəkənləri Zərərçəkmiş şəxs yaşadıqları Xətai rayonu, M.Hadi küçəsi 7 ünvanın qarşısında oğlu Təqsirləndirilən şəxs qızı Zümrüd haqqında pis fikirlər söylədiyi üçün, oğlu Elşənin də əsəbləşərək, qəsdən əli ilə bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq onu döydüyünü görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 7 ünvanın qarşısına baxış keçirilmiş, Zərərçəkmiş şəxs hadisənin təfərruatlarını hadisə yerində bir daha göstərmişdir və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 16-17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 14 fevral 2024-cü il tarixli xx/xx-1776 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə qeydiyyatda olmamışdır (i.v. 25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 15 fevral 2024-cü il tarixli, 2005 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1996cı il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (i.v. 26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 14 fevral 2024-cü il tarixli 169 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, alt çənədə soldan 1 dişin travmatik sınığı, sol təpə-gicgah nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 27-28); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29); Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 90 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 64); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 26 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 65); 29 fevral 2024-cü il tarixli üzlədirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təhqiqat zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 68-69); sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri təsdiq olunmadığından, həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs və Şahid ifadəsinin, xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolunun, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PAB” X4 Xətai rayon şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 169 saylı ekspert rəyinin və üzləşdirmə protokolunun sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 70-72). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxs ilə barışmağa cəhd göstərməsini (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar