Məhkəmə qərarları › İş №1(011)-198/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-198/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-198/2020 19.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuş, ehtiyyatsızlıqdan zərərçəlcmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində etibarnamə əsasında, “BC” sürücülük vəsiqəsi ilə idarə etdiyi “X29 CDİ ” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, Nobel prospekti 2208 ünvanında yerləşən “AFFA” Futbol Federasiyasının qarşısında 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, 116.7 metr məsafədən piyadanın yolun hərəkət hissəsini sağdan sola doğru keçməyə başlamasını yəni, hərəkəti üçün təhlükə yaranmasını gördükdən sonra hərəkətinə davam etdiyindən idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə piyada X2 vuraraq ehtiyyatsızlıqdan ona müştərək kəllə-beyin travması, baş beynin və beyin kötüyünün əzilməsi ilə müşayət olunan baş beyin maddəsinə, qişasına və mədəciklərinə qansızmalar, başın sağ alm, başın sol alın- gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, hər iki göz almasının ağlı qişasına qansızmalar, sol baldır sümüklərinin açıq sınıqları, döş qəfəsinin sağ və sol yarısında qabırğaların və sağ körpücük sümüyünün sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar və daxili üzvlərin azqanlığı ilə qeyd olunan ağciyərin və qaraciyərin əzilmiş yaraları, başın sol alm, sağ qaşüstü, sağ göz orbitası, sol qaş qövsü, sağ çiyin qurşağı, sol dirsək oynağı, sol əl, sol dizoynağı, sol baldır, sol bud-çanaq oynağı və sağ ayaq pəncəsi nahiyyələrində sıyrıqlar, döş qəfəsi, sol bazu və qarın nahiyyələrində qançırlardan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 8 ay olar ki, “X29 CDİ” markalı **-TR-*** dövlət nömrə nişanlı avtomobili “BC” sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə edirmiş. Həmin avtomobil Şahid1 məxsusdur. Rafiq onun tanışıdır. xx xxxx 2019-cu il tarixdə həmin avtomobili Rafiqdən almış, lakin avtomobili öz adına sənədləşdirməmiş, avtomobil ona məxsus olsa da, Rafiqin mülkiyyətindədir. O, şəhərin mərkəzində yerləşən “Pizza İnn” restoranında aşbaz işləyir. Hər gün o, səhər saatlarında yaşadığı Hövsan qəsəbəsi, Məktəbli küçəsi ev 3 ünvanından çıxaraq işə gedir, axşam saatlarında isə işdən çıxaraq evinə qayıdırmış. Yol xərclərini qarşılmaq üçün o, yolda sərnişinləri bir manat qarşılığında idarə etdiyi avtomobilə əyləşdirərək “28 May” metro stansiyasına aparır, eyni qaydada işdən çıxdıqdan sonra sərnişinləri idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə gətirirmiş. xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində o, iş saatı bitdiyi üçün işdən çıxmış, işdən çıxdıqdan sonra “28 May” metro stansiyasının yanına gəlmişdir. Oradan 8 nəfər sərnişin onun idarə etdiyi avtomobilə əyləşmiş, sərnişinlər avtomobilə əyləşdikdən sonra o, sükan arxasına keçərək avtomobili Hövsan qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır. Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 2208 ünvanmnda yerləşən “ AFFA ” Futbol Federasiyasının qarşısından soldan ikinci zolaqla 80 km saat sürət həddi olan yolda 70 km/saat sürətlə hərəkətdə olan zaman anidən bir nəfərin yolu sağdan sola doğru keçməsini görmüş və o, fikirləşmişdir ki, həmin şəxs onun idarə etdiyi avtomobili gördükdə dayanacaqdır və o, keçib getdikdən sonra hərəkətinə davam edərək yolu keçəcək. Lakin o, həmin şəxsin dayanmadığını gördükdə əyləci sıxsa da, avtomobili dayandıra bilməyib və idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə həmin şəxsi vurub, zərbənin təsirindən piyada yerə yıxılmışdır. O, dərhal avtomobili saxlamış və həmin piyadaya yaxınlaşmışdır. Piyada zərbənin təsirindən sonra yerdən durmamışdır. Bundan sonra o, mobil telefonu ilə Azərbaycan Respublikası DİN-in 102 və təcili tibbi yardımın 103 xidmətinə məlumat vermək istəyən zaman yaxınlıqdan polis əməkdaşlarının keçdiyini görmüş və onlara yaxınlaşaraq baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlmişdir. Təcili tibbi yardım briqadası hadisə yerinə gəldikdən sonra həmin şəxsi müayinə edərkən öldüyünü demişlər. Sonradan ona məlum olmuşdur ki, avtomobil ilə vurdğu şəxs 1965-ci il təvəllüdlü X9r. X14 anidən yolu keçmişdir. O, öz yolu ilə hərəkət edirmiş. Onun heç bir günahı yoxdur. Lakin, pandemiya ilə əlaqədar olaraq o və yaxın qohumları yas mərasimində iştirak edə bilməmişlər. O, maddi cəhətdən X3 ailəsinə maddi yardım göstərmək istəmiş, lakin X4 yaxın qohumları onlara təklif edən maddi yardımı qəbul etməmişlər. Məhkəmədən onun barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, mərhum X11 onun atasıdır. O, uşaq olan zaman xatırlamadığı vaxt atasıyla anası ayrılmışlar və o, anasıyla birlikdə yaşayırmış. O, evin tək övladıdır. Atası Heydərəli xx xxxxx 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində dünyaya gəlmişdir. Atası ünvan 3 ünvanında qeydiyyatda olsa da Bakı şəhərində xatırlamadığı ünvanda yaşayırmış. Atası “Heydər Əliyev” adına neft emalı zavodunda işləyirmiş. Atası anasından ayrıldıqdan sonra ikinci dəfə Sevda adlı qadınla ailə həyatı qurmuşdur, ikinci nigahından onun iki azyaşlı qızı vardır, X17 2003-cü il, X15 isə 2006-cı il təvəllüdlüdür. Atasıyla anasının ayrılmasına baxmayaraq onun atasıyla yaxşı münasibəti olmuşdur. Onun atasıyla tez-tez də olmasa ayda bir-iki dəfə görüşüb söhbətləşirmişlər. xx xxxx 2020-ci il tarixdə xalası ona atası X3 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat vermişdir. O, bundan sonra sosial şəbəkə vasitəsilə baş vermiş yol-nəqliyyat hadisə barədə maraqlanmağa başlamışdır. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi avtomobil ilə Xətai rayonu, Nobel prospektində yolu keçən zaman atasını vurmuş və atası aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bundan sonra o, əmisi Məhəmmədəliyə zəng edərək baş verənlər haqqında maraqlanmağa başlanışdır. Əmisi baş vermiş hadisəni təsdiqləyərək atasının yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü demişdir. Daha sonra, zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi1 məhkəməyə X1 mülki iddia ərizəsini verərək Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 5.000 (beş min) manat, həmçinin mənəvi ziyana görə 45.000 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat alınaraq X5 verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, **-TR-*** dövlət qeydiyyat nişanlı “X29 CDİ ” markalı avtomobili xx xxxx 2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında Buzovna qəsəbəsində yaşayan adını xatırlamadığı şəxsdən almışdır. Avtomobili Təqsirləndirilən şəxs o, həmin tarixdə yəni xx xxxx 2019-cu il tarixdə pul müqabilində satmışdır, lakin Təqsirləndirilən şəxs avtomobili ümumi etibarnamə əsasında vermişdir. Belə ki, həmin avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində onun adına qeydə alınmışdır. xx xxxx 2020-ci il tarixdə həmin avtomobillə Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətməsi barədə məlumatı olmamışdır. Həmin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyanla bağlı onun heç bir şikayəti və tələbi yoxdur. Bundan əlavə Şahid1 ərizə ilə müraciət edərək ona məxsus **-TR-*** dövlət qeydiyyat nişanlı “X29 CDİ ” markalı avtomobili satdığını və avtomobili satdığı üçün cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamasını istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, X11 onun qardaşıdır. Qardaşı xx xxxxx 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində dünyaya gəlmişdir. Qardaşı Heydərəli Bakı şəhəri Xətai rayonu, Nobel prospektində yerləşən “AFFA” Futbol Federasiyasının yaxınlığında ev 34 ünvanında yaşasa da ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 23:00 radələrində o, evdə olan zaman onun istifadəsində olan mobil nömrəsinə zəng gəlib. Zəng edən şəxs özünü Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşı kimi təqdim edərək Heydərəli Həsənovun onun qohumu olub olmadığını soruşub. O, həmin şəxsə Heydərəlinin onun qardaşı olduğunu dedikdən sonra həmin şəxs qardaşı Heydərəlinin yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini bildirirək onu Xətai RPİ-nin 37-ci polis şöbəsinə dəvət etmişdir. O, dərhal həmin polis şöbəsinə getmişdir. Orada qardaşı Heydərəlinin anket məlumatlarını soruşduqdan sonra ona Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X8 Xətai Rayon Şöbəsinin morquna gedərək qardaşının metini götürməyini deyiblər. O, polis şöbəsindən çıxaraq morqa gedib və oradan qardaşının meyitini götürərək Naxçıvan MR-na aparıb və qardaşını orada dəfn etmişdir. Həmin gün ona məlum olub ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X29 ” markalı Az **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolu sağdan sola doğru keçən qardaşı X6 vurmuş və qardaşı aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs və onun yaxınları bir dəfə də olsun ki, qardaşının ailəsi maraqlanmamışlar. Heç bir maddi yardım göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, xx xxxx 2020-ci il tarixdə xidmətdə olduğum zaman növbətçi hissədən Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 2208 ünvanında yerləşən “AFFA” Futbol Federasiyasının qarşısında yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb. Məlumat aldıqdan sonra o, əməliyyat qrupu ilə birlikdə hadisə yerinə yollanıb. O, hadisə yerinə çatanda “X29” markalı Az **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, bir nəfər şəxsin isə həmin avtomobilin qarşısında yerdə uzandığını görmüşdür. Ətrafdakı şəxslərdən nə baş verdiyini soruşduqda onlar “X29” markalı Az **- TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vurduğunu deyiblər. Hadisə yerində bir nəfər şəxsin polis əməkdaşlarına hadisənin necə baş verdiyi haqqında məlumat verirmiş. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X29” markalı Az **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolu sağdan sola doğru keçən piyada X6 vurmuşdur. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlmişdir. Təcili tibbi yardım briqadasının həkimləri yerdə uzanan X7 yaxınlaşaraq onu müayinə etdikdən sonra həmin şəxsin öldüyünü demişlər. Təcili tibbi yardım briqadasının həkimləri hadisə yerindən çıxıb getdikdən sonra meyiti yerdən qaldırıb avtomobilə əyləşdirmişlər. Meyiti avtomobillə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X8 Xətai Rayon Şöbəsinin morquna gətirib və orada olan əməkdaşa təhvil vermişlər. Ekspert həkimin iştirakı ilə meyitin üzərinə baxış keçirirkən onun üzərindən mobil telefonu götürərək həmin mobil telefon vasitəsilə sonradan adının Məhəmmədəli olduğunu bildiyi şəxslə əlaqə saxlayıb. Məhəmmədəli ölən şəxsin qardaşı olduğunu bildirdikdən sonra Məhəmmədəliyə qardaşı Heydərəlinin yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü demiş və Məhəmmədəlini Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət elmişdir. Polis şöbəsində meyitin anket məlumatlarını götürdükdən və meyitin üzərindən götürdüyü mobil telefonu qardaşı Məhəmmədəliyə verdikdən sonra onu Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X8 Xətai Rayon Şöbəsinə göndərmişlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİ və TBŞ tərəfindən xx xxxx 2012-cı il tarixində verilmiş AB seriyalı 712137 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 65-ci vərəqsində olan Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Baş Dövlət X27 xx xxx 2020-ci il tarixli, 016-46044-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2012-ci il tarixdə xx xxxx 2022-ci il tarixədək müddətdə etibarlı olan AB 712137 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi dəyişdirilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxx 2019-cu il tarixində verilmiş AD seriyalı 565347 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2003, qırmızı rəngli, ban nömrəsi WDF**********6171 olan “X29 CDİ” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1dur. Cinayət işinin 16-cı vərəqəsində olan dövlət notariat kontoru tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş ƏN-İV seriyalı 916842 nömrəli etibarnamənin surətindən görünür ki, Şahid1 özünə məxsus buraxılış ili 2003, qırmızı rəngli, ban nömrəsi WDF**********6171 olan “X29 CDİ” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il müddətinə idarə etmək üçün etibar etmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli 1/1789 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. Cinayət işinin 61-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24-Təcrübi və Tədris Birliyi tərəfindən xx xxxxx 2020-ci il tarixində verilmiş 40 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – müştərək kəlləbeyin travması, baş beynin və beyin kötüyünün əzilməsi ilə müşayət olunan baş beyin maddəsinə, qişasına və mədəciklərinə qansızmalar, başın sağ alın, başın sol alın - gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, hər iki göz almasının ağlı qişasına qansızmalar, sol baldır sümüklərinin açıq sınıqları, döş qəfəsinin sağ və şol yarısında qabırğaların və sağ körpücük sümüyünün sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar və daxili üzvlərin azqanlığı ilə qeyd olunan ağciyərin və qaraciyərin əzilmiş yaraları, başın sol alın, sağ qaşüstü, sağ göz orbitası, sol qaş qövsü, sağ çiyin qurşağı, sol dirsək oynağı, sol əl, sol dizoynağı, sol baldır, sol bud-çanaq oynağı və sağ ayaq pəncəsi nahiyyələrində sıyrıqlar, döş qəfəsi, sol bazu və qarın nahiyyələrində qançırlar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində olan avtomobilin qabaq hissəsinin təsirindən törənə bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub, baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəlidirlər. H.H.Həsənovun ölümünə səbəb ağır ağır alkaqol intoksikasiyası fonunda başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beynin və beyin kötüyünün əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qänsızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə ölunduğu vaxtdan (xx.xx.2020-ci il tarixdən) təxminən 11-15 saat əvvələ uyğun gəlir. H.H.Həsənovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı tıəticəsində 4.7%-etil spirti aşkar edilmişdir, bu miqdarda canlı şəxslərdə həyat üçün təhlükəli ağır alkoqol intoksikasiyası kimi qiymətləndirilir. Metil, propil butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qurupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. H.H.Həsənovun meyitinin bədənində müəyyən edilmiş xəsarətlərin sayına, lokalizasiyasına və xarakterinə əsasən demək olar ki, o, xəsarətləri aldığı anda şaquli vəziyyətdə olmuşdur daha dəqiq hansı şəraitdə yetirilməsi istintaq yolu ilə müəyyən edilməsi, hadisə vaxtı əynində olan paltarların tibbi-kriminalistik müayinəsi, eləcə də kompleks ekspertizanın keçirilməsi kömək edə bilər. Cinayət işinin 67-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 8/378 saylı məhkəmə yolnəqliyyat hadisələri üzrə nəqliyyat-trasoloji ekspertizası rəyindən görünür ki, «X29» markalı, Az ** TR *** dövlət qeydiyyat nişanlı avtomobiln sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “ Yol hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hisəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 102-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli 14639 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C230” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 32-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X10 tərəfindən xx xxxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 97-ci vərəqəsində olan ASAN 2 Xidmət Mərkəzi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18775558 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədzadə Əsnad xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Vüsalə Məmmədovadır. Cinayət işinin 97-ci vərəqəsində olan ASAN 2 Xidmət Mərkəzi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18775675 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədzadə Ömər xx xxxx 2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Vüsalə Məmmədovadır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs-mülki iddiaçı X1 mülki iddia ərizəsindən görünür ki, ona Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 5.000 (beş min) manat, həmçinin mənəvi ziyana görə 45.000 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması, ehtiyyatsızlıqdan zərərçəlcmiş şəxsin ölümünə səbəb olması cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçının, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəni cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, “təcili tibbi yardım” maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yol salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətdiyini, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etdiyini, ilk dəfə məhkum olunduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində iki az yaşlı uşağı olduğunu barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş cəza qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi məsələsini müzakirə edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı X1 mülki iddiası ilə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı verilmiş həmin iddia tələbi üzrə mülkiprosessual qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılmış və zərərçəkmiş şəxsmülki iddiaçı tərəfindən təqdim olunmuş sübutlara ayrı-ayrılıqda qiymət verərək, məhkəmə hesab edir ki, X1 mülki iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozduğuna görə, X14 ölmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs səhhəti ilə bağlı öz hesabına müalicə olunduğunu bildirmiş, lakin buna dair hər hansı bir sənədi və yaxud ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X13 atası X4 dəfn xərcləri ilə bağlı çəkdiyi xərclərə dair sənəd təqdim etməsə də, onun dəfni ilə bağlı görülən işlər ağlabatan həddə xərclər çəkməsi inandırıcıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda, eyni zamanda, qeyd olunur ki, mənəvi zərər, adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda, belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X26 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda, həmçinin, qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X26 Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın müddəaları və X26 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 atası X4 ölməsi nəticəsində X1 mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunur. Bundan başqa, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X13 tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat da, Təqsirləndirilən şəxs alınaraq X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə xərcləri və maddi sübutla bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179, 346, 347- 349, 351-353, 354, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 3.000 (üç min) manat, mənəvi ziyana görə 2.000 (iki min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 5.030 (beş min otuz) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 xeyrinə tutulsun. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar