Məhkəmə qərarları › İş №1(011)-200/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-200/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-200/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 , təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1969-cu ildə Laçın rayonu, Korcabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə 17 iyun 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın alqı-satqı ofisində Zərərçəkmiş şəxs dövlət tərəfindən məcburi köçkünlər üçün verilən yaşayış binasından 3 otaqlı mənzillə təmin etdirəcəyini vəd edərək aldadıb onun 6000 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs aldadıb 15 iyul 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın alqı-satqı ofisində həmin dövrün rəsmi məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs 6510 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası DİN-nin X4 Hərbi Məktəbində hüquq kafedrasında müəllim işləmişdir. Hal-hazırda təqaüddədir və hüquqşünas kimi fəaliyyət göstərir. İlk əvvəl fəaliyyət göstərdiyi ofis Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşib, daha sonra həmin ofisi bağlamışdır. Bir müddətdən sonra Xətai rayonu, Sarayevo küçəsində yerləşən alqı-satqı ofisinin rəhbəri Səadət xanımla tanış olmuş və kirayə mənzil tapmaq məqsədi ilə onun ofisində oturmuşdur. Təxminən 2019-cu ilin iyun ayında ofisdə olarkən Səadət xanım bir yerli kimi onu Lətifə xanımla tanış etmiş, Lətifə xanımla söhbət zamanı ona hüquqşünas olmağını bildirmişdir. Ona görə də Lətifə xanım oğlunu qaçqınlara verilən mənzillər növbəsinə qeydiyyata salınması üçün Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinə ərizə yazmağı və bu məsələdə köməklik göstərməyini xahiş etmişdir.Həmçinin bu proses zamanı ona hörmət edəcəyini və verdiyi pulu kimlərəsədə paylaşdırılmasını ona həvalə etdiyini bildirmişdir. O, Lətifə xanımla razılaşıb prosesə başlayaraq ərizələri yazmış, təxminən görüşlərindən bir ay sonra Lətifə xanım zəng edərək işlədiyi gözəllik salonunun qarşısına çağırıb 5700 manat və 200 ABŞ dolları pul verərək, onun çəkdiyi əziyyət xərci olmasını bildirmişdir. Təxminən 04 yanvar 2020-ci il tarixdə onu, Lətifə xanımı və oğlu İlkini Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinə dəvət edib ümumi qəbul şöbəsində qəbul etmişlər. O, orada ərizə və 24 vərəqədən ibarət sənədləri təqdim etmiş, komitənin əməkdaşları sənədləri qəbul edərək İlkinin mənzil növbəsi siyahısına qeydiyyata alındığını bildirərək yaxın günlərdə Komitə sədrinin qəbuluna düşəcəkləri barədə məlumat vermişlər. Təxminən iki ay keçəndən sonra Lətifə xanım verdiyi pulları geri tələb etməyə başlamış, o, isə çəkdiyi əziyyətin necə əvəz olunacağını soruşmuşdur. Lətifə xanım bildirmişdir ki, çəkdiyi əziyyətin haqqını verəcəkdir. O, pulların ödənilməsi üçün müddət istəmiş, həmin ərəfədə müxtəlif nömrələrdən zənglər gəlmiş və pulların tezliklə qaytarılması tələb etmişlər. Maddi vəziyyəti çətin olduğundan və bədənində əməliyyat keçirdiyindən Lətifə xanımın pulunu qaytara bilməmiş və sonradan bilmişdir ki, Lətifə ondan polisə şikayət edib. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 4 ünvanda yerləşən «Ləman» gözəllik salonunda saç ustası işləyir. Əri Yusifəli ağır yataq xəstəsi olduğu üçün oğlu İlkinin ailəsi ilə bir evdə yaşadıqlarından narahatçılıq olur.Ona görədə ayrıca kirayə mənzilə köçmək istəmişdir. Bu məqsədlə iş yerinin yanında yerləşən alqı-satqı ofisinə getmiş, ofisdə makler işləyən Səadət adlı qadınla görüşüb Sarayevo küçəsində mənzil kirayə axtardığını ona bildirmişdir. Həmin vaxt ofisdə oturan bir nəfər tanımadığı, özünü Laçınlı kimi təqdim edən adının Xanoğlan olduğunu bildirən şəxs yaxınlaşaraq demişdir ki, kirayə ev götürmək lazım deyil. Bir Laçınlı kimi köməklik edə bilər ki, dövlət tərəfindən qaçqınlara ayrılan mənzillərin birini onlara versinlər. O, ondan bu prosesin necə olmasını soruşmuş, Xanoğlan bildirmişdir ki, Nazirliyə 6000 manat pul keçirmək lazımdır ki, mənzil ayırsınlar. Bu məsələ ona maraqlı gəldiyindən fikirləşib cavab verəcəyini bildirmişdir. Həmçinin Xanoğlan sənəd siyahısını verərək razılıq olan halda sənədləri toplamaq lazım olmasını bildirmişdir. Təxminən 10-15 gün ərzində Xanoğlanın verdiyi siyahı üzrə sənədləri toplamış və təxminən 2019-cu ilin iyun ayının ortalarında Səadətin ofisində Xanoğlanla görüşərək sənədləri ona vermişdir. Həmin vaxtı Xanoğlan bildirmişdir ki, puluda vermək lazımdır ki, sənədlərlə birlikdə lazımı adamlara çatdırsın. O, isə ona demişdir ki, əlində nağd şəkildə pul yoxdur, pul borc alan kimi gətirib verəcək. Sonra qaynı oğlu Eldənizdən 3000 manat və oğlu İlkindən 3000 manat pul götürüb 17 iyun 2019-cu il tarixdə Səadətin ofisinə gedib Xanoğlana pulu gətirdiyini bildirmişdir. Bu vaxt Xanoğlan demişdir ki, pulu camaatın yanında verməsin. Ona görədə onlar ofisin kənarına çəkilərək orada 6000 manat pulu Xanoğlana vermişdir. O, pulu verərkən həmin vaxt ofisin əməkdaşı olan Natiq ofisə girərkən onları görmüşdür. Sonra Xanoğlan çıxıb getmiş və Natiq ona irad bildirərək nahaqdan pulu Xanoğlana verdiyini demişdir. Təxminən iki ay sonra yaşadığı mənzilə onların ailəsinə mənzil ayrılmayacağı barədə rəsmi məktub gəlmişdir. O, bu barədə Xanoğlana bildirmiş, o, isə demişdir ki, narahat olmasın, bir ay ərzində xəbər çıxacaqdır. Sonra Xanoğlanın dedikləri yalan çıxmış, o, başa düşmüşdür ki, Xanoğlan onu aldadır.Ona görədə Xanoğlandan verdiyi pulu tələb etməyə başlamış, bu prosesə oğlu İlkində qoşulmuş, dəfələrlə Xanoğlan pulu qaytarmasına söz verməyinə baxmayaraq bu günkü günə kimi pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs birinci dəfə 17 iyun 2019-cu il tarixdə 6000 manat pul vermiş, həmin 6000 manat pulu Xanoğlan almışdır ki, guya ki, ona Xətai rayon ərazisində məcburi köçkünlər üçün tikiləcək yaşayış binasından 3 otaqlı mənzil alıb verəcəkdir. Bundan başqa Xanoğlan demişdir ki, işlər düzəlir, mənzil məsələsi həll olunur, ona əlavə 300 ABŞ dolları şirinlik versin. O, da Xanoğlana inanıb 15 iyul 2019cu il tarixdə işlədiyi gözəllik salonunu qarşısında Xanoğlana 300 ABŞ dolları pul vermiş, Xanoğlan demişdir ki, narahat olmasın onun mənzil məsələsini həll edəcəkdir. Lakin Xanoğlan onu aldatmış və onun mənzil məsələsini həll etməmiş, onun 6510 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Belə olan halda Xanoğlana zəng edib ondan pulunu tələb etmiş, Xanoğlan demişdir ki, ona vaxt versin pulunu qaytaracaqdır. Dəfələrlə ondan pulunu tələb etsədə hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs anasıdır. Təxminən 2019-cu ilin əvvəllərində “Kapital” bankdan kredit olaraq 3000 manat pul götürmüş və həmin pulu yaşadığı mənzildə saxlamışdır. Həmin pulu atasının müalicəsi məqsədi ilə götürmüşdür. Təxminən 2019-cu ilin iyun ayının ortalarında öz işləri ilə əlaqədar Gədəbəy rayonunda olduğu zaman anası zəng edərək ondan 3000 manat pul istəmiş, o, da anasının istədiyi pulu ona vermişdir. Təxminən 2019cu ilin iyun ayının axırlarında məlum olmuşdur ki, anası Xanoğlan adlı şəxsə 6000 manat pul verib. O, anasından bu barədə soruşarkən bildirmişdir ki, Xanoğlan məcburi köçkünlərə ayrılan mənzillərin birinin onların ailəsinə verilməsində köməklik etməyə söz verərək anasından 6000 manat pul almışdır. Sonra məlum olmuşdur ki, Xanoğlan anasını aldadıb və onlara heç bir mənzilin verilməsinə köməklik etməmişdir. Təxminən 3-4 dəfə Xanoğlanla görüşmüş, həmçinin dəfələrlə telefonla danışmış, hər dəfə görüşərkən söz verib ki, pulları qaytaracaq. Lakin bu vaxta kimi qaytarmayıb. Sonradan məlum olmuşdur ki, Xanoğlan anasını aldadaraq ondan əlavə 300 ABŞ dolları da almışdır. Beləliklədə Xanoğlan dələduzluq yolu ilə anasını aladadaraq onun 6510 manat pulunu ələ keçirmişdir. Dəfələrlə Xanoğlandan pulu istəsədə hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. İşi ilə əlaqədar olaraq alqı-satqı ofislərində tez-tez gedib-gəlir. Təxminən 2019-cu ilin iyun ayında işlə əlaqədar olaraq Sarayevo küçəsində yerləşən Səadət xanımın icarəyə götürdüyü ofisə gedərkən arxa qapıdan ofisin içərisinə keçmək istəyəndə görmüşdür ki, qonşusu olan Lətifə xanım pul sayaraq Səadətin ofisində işləyən Xanoğlana pul verir. Sonra Lətifə xanımdan eşitmişdir ki, Xanoğlan ona dövlət tərəfindən mənzillə təmin etdirəcəyinə söz verib 6510 manat ondan pul almış, lakin verdiyi sözə əməl etməyərək Lətifə xanımı aldatmış, bu vaxta kimi onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sirac qızı ifadəsində göstərdi ki, bir neçə il olar ki, ünvan 5 ünvanda icarəyə götürdüyü ofisdə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. Bir nəfər tanışı ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs ofisində yer ayırsın və icarə haqqının verilməsində ona köməklik edəcək. Təxminən iki gün sonra Xanoğlan ofisə gələrək özünü Xanoğlan kimi təqdim etmiş və sabiq kəşfiyyat polkovniki olduğunu bildirmişdir. Həmçinin demişdir ki, onun ara, sıra işləri olur, Mərdəkan qəsəbəsindəki ofisini bağlamaq istəyir və vətəndaşları qəbul etmək üçün yer axtarır. Xanoğlana ofisin bir hissəsində yer ayırmış və hər ay olmaq şərti ilə 150 manat icarə haqqı verəcəyini bildirmişdir. Xanoğlan hüquqşünas olmasını bildirmiş, o, da ondan torpaq məsələsi ilə bağlı bir işi ilə əlaqədar məsləhətləşmişdir. Həmin işin başa çatdırılmasında Xanoğlan ona köməklik etmişdir. Bir neçə gün sonra qonşuluqda qadın saç ustası işləyən Lətifə xanım onun ofisinə gələrək kirayə mənzil axtardığını bildirmişdir. Həmin vaxt Xanoğlanda ofisdə olmuş, o, telefonla danışarkən Lətifə, Xanoğlanla danışmağa başlamış və tanışlıq yaranaraq yerli olmalarını bilmişdir.Həmin vaxt Lətifə bilmişdir ki, Xanoğlan onun torpaq məsələsində ona köməklik edib və Xanoğlana müraciət edərək Qaçqınkomdan mənzil ala bilməsində ona köməklik edə bilib, bilməyəcəyini soruşmuşdur. Onun yanında Xanoğlan, Lətifəyə mənzil almağa köməklik edə biləcəyini, lakin bu işin xərcləri olacağını bildirmişdir. Sonradan bilmişdir ki, Xanoğlan, Lətifədən 6510 manat pul alaraq ona vəd etdiyi köməkliyi etməmiş və Lətifə mənzil ala bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 12 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 60); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 02.11.2020-ci il tarixli cavabından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24.05.2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, 27.12.2017-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 73-1.1-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30.01.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir(i.v.77-78, 97-106); Cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, 12.11.2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.83); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, 01.01.2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir (i.v.89); İttiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, 01.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barədə axtarış elan edilmiş, tutularaq istintaqa təqdim edilməsi qərara alınmışdır(i.v. 92); Cinayət işi üzrə icraatın dayandırılması haqqinda qərardan görünür ki, 01.01.2021-ci il tarixdə cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub gətirilənədək dayandırılmışdır(i.v.94); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, 01.01.2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir (i.v.107); Könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarıldığını bilərək 17.02.2021-ci il tarixdə könüllü Xətai RPİ-nin istintaq şöbəsinə gəlmişdir(i.v.110); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 120); Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17.02.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.128); Sübutların qiymətləndirilməsi haqqında 01.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçildiyi nəzərə alınmışdır (i.v.131-135); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 13 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Xətai rayon məhkəməsinin 30.01.2018ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 1500 manat cərimə cəzası tutularaq dövlət büdcəsinə tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi mülki iddia verərək 5400 manat maddi ziyanın cavabdeh Təqsirləndirilən şəxs tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmiş, cinayət işi üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, vermiş olduğu mülki iddiadan imtina edir. Hazırkı iş üzrə 07 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan imtina edildiyindən məhkəmə tərəfindən mülki iddia üzrə icraata xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı tam ödəməsini (CM-59.1.12), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmədən hazırkı cinayət əməlini törətsə də, CM-nin 18.4.4-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 6 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar