Məhkəmə qərarları › İş №1(011)-201/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-201/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-201/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Yevlax şəhəri, Pişəvari küçəsi, ev 14, mənzil 16-da qeydiyyatda olan, ünvan 1 ünvanda kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi və xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ilə barəsində olan digər cinayət işi üzrə isə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1, saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədlərdən istifadə etməklə «X8» bankının Bakı filialından 10000 manat məbləğində kredit götürmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları olmadıqları halda o, şəxsiyyəti istintaqla araşdırlan şəxslər tərəfindən saxtalaşdırılmaqla qanunsuz olaraq rəqəmsal reproqrafik çap qurğusunda hazırlanmış, iç tərəfində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə aid olan rəqəmsal reproqrafik çap qurğusunda çap edilmiş möhür əksləri, Təqsirləndirilən şəxs1 xüsusi geyim formasında fotoşəkili, «baş çavuş» hərbi rütbəsində əməkdaş olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta “DMX №020457” nömrəli xidməti vəsiqəni, habelə saxtalaşdırılmaqla qanunsuz olaraq rəqəmsal reproqrafik çap qurğusunda hazırlanmış, üzərində “Kapital Bank"-ın Bravo 2 filialına aid rəqəmsal reproqrafik çap qurğusunda çap edilmiş ştamp əksləri olan, "Kapital Bank”-dan əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta 510307******5562 nömrəli ödəniş kartı üzrə çıxarışı, ona kreditin götürülməsi üçün zamin qismində çıxış edən Təqsirləndirilən şəxs2 aid olan saxtalaşdırılmaqla qanunsuz olaraq rəqəmsal reproqrafik çap qurğusunda hazırlanmış, iç tərəfində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə aid olan rəqəmsal reproqrafik çap qurğusunda çap edilmiş möhür əksləri, Təqsirləndirilən şəxs2 xüsusi geyim formasında fotoşəkili, «çavuş» hərbi rütbəsində əməkdaş olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta “DMX №020634" nömrəli xidməti vəsiqəni, habelə saxtalaşdırılmaqla qanunsuz olaraq rəqəmsal reproqrafik çap qurğusunda hazırlanmış, üzərində “Kapital Bank"-ın Bravo 2 filialına aid rəqəmsal reproqrafik çap qurğusunda çap edilmiş ştamp əksləri olan, "xxxx"-dan əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta 510307******4635 nömrəli ödəniş kartı üzrə çıxarışı 24.12.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında Şahid1 əldə edib 24.12.2021-ci il tarixdə saat 15 radələrində bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək onları 10000 manat məbləğində kredit almaq üçün Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanda fəaliyyət göstərən «X8» bankının Bakı filialına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədlərdən istifadə etməklə «X8» bankının Bakı filialından 10000 manat məbləğində kredit götürmək istəyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsnə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları olmadıqları halda o, Təqsirləndirilən şəxs1 kreditin götürülməsi üçün zamin qismində çıxış edərək şəxsiyyəti istintaqla araşdırılan şəxslər tərəfindən saxtalaşdırılmaqla qanunsuz olaraq rəqəmsal reproqrafik çap qurğusunda hazırlanmış, iç tərəfində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə aid olan rəqəmsal reproqrafik çap qurğusunda çap edilmiş möhür əksləri, Təqsirləndirilən şəxs2 xüsusi geyim formasında fotoşəkili, «çavuş» hərbi rütbəsində əməkdaş olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta "DMX №020634” nömrəli xidməti vəsiqəni, habelə saxtalaşdırılmaqla qanunsuz olaraq rəqəmsal reproqrafik çap qurğusunda hazırlanmış, üzərində "xxxx"-ın Bravo 2 filialına aid rəqəmsal reproqrafik çap qurğusunda çap edilmiş ştamp əksləri olan, "xxxx"-dan əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta 510307******4635 nömrəli ödəniş kartı üzrə çıxarışı, qrupun digər üzvü - kredit götürmək istəyən Təqsirləndirilən şəxs1 aid olan saxtalaşdırılmaqla qanunsuz olaraq rəqəmsal reproqrafik çap qurğusunda hazırlanmış, iç tərəfində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə aid olan rəqəmsal reproqrafik çap qurğusunda çap edilmiş möhür əksləri, Təqsirləndirilən şəxs1 xüsusi geyim formasında fotoşəkili, «baş çavuş» hərbi rütbəsində əməkdaş olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta “DMX №020457” nömrəli xidməti vəsiqəni, habelə saxtalaşdırılmaqla qanunsuz olaraq rəqəmsal reproqrafik çap qurğusunda hazırlanmış, üzərində "xxxx"-ın Bravo 2 filialına aid rəqəmsal reproqrafik çap qurğusunda çap edilmiş ştamp əksləri olan, "xxxx"-dan əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta 510307******5562 nömrəli ödəniş kartı üzrə çıxarışı 24.12.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında Şahid1 əldə edib 24.12.2021-ci il tarixdə saat 15 radələrində bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək onları 10000 manat məbləğində kredit almaq üçün Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanda fəaliyyət göstərən «X8» bankının Bakı filialına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib törətmiş olduğu cinayəti etiraf edərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının əvvəlində təsadüfən tanışı Şahid3la «20 yanvar» metrostansiyasının yaxınlığında rastlaşmışdı. Yaxınlıqda olan kafelərin birində oturub çay içmişlər. Söhbət əsnasında Elmirə maddi imkanının zəif olduğunu və pula ehtiyacının olduğunu bildirmişdi. Elmir isə ona bir tanışının vasitəsilə bankdan kredit götürməkdə köməklik edə biləcəyini demişdi. Belə ki, Elmirin sözlərinə görə tanışı onu hökümət portalında hansısa şirkətin işçisi kimi qeydiyyata salacaqdı və əmək haqqı ilə bağlı bank hesabından çıxarış verəcəkdi ki, krediti bankdan götürə bilsin. Bunun müqabilində Elmirin tanışına bankdan götürəcəyi pulun 20% verməliydi. Elmirin təklifi ilə razılaşmışdır. Bir neçə gündən sonra Elmir zəng edərək şirkətlə bağlı məsələnin alınmayacağını və yalnız dövlət qulluqçusu kimi bankdan kredit götürə biləcəyini, lakin bu dəfə işini düzüb-qoşan şəxsə çıxaracağı pulun 40 % verməli olduğunu, zamin tapa bilməyəcəyi təqdirdə isə əlavə olaraq zaminə 1000 manat pul verməli olduğunu, Elmirin özünə isə 400 manat verməli olduğunu bildirmişdi. Elmir kredit götürmək üçün saxta sənədlərin hazırlanıb veriləcəyini demişdi. Elmirin təklifini qəbul edəndən sonra Elmir 3x4 ölçüdə fotoşəkil çəkdirib «WhatsApp» mobil tətbiqi vasitəsilə ona göndərməyi demişdi. Elmirin dediyi kimi edib 21.12.2021-ci il tarixdə fotoşəkili çəkdirib Elmirə göndərmişdir. 22.12.2021-ci il tarixdə Elmir zəng edərək adından «X8» bankının Bakı filialına kreditə görə «Online» sifarişin verildiyini, həmin bankdan zəng ediləcəyini və nəyi danışmaq lazım olduğunu bildirmişdir. 23.12.2021-ci il tarixdə saat 15 radələrində «X8» bankının Bakı filialının xanım əməkdaşı zəng edərək həqiqətdə olmayan işi ilə bağlı sorğu-sual edəndən sonra 15000 manat kreditin verilməsi üçün iki zaminin lazım olduğunu bildirmiş, bankın əməkdaşına yalnız bir zamin tapa biləcəyini demişdi. Belə olan halda bank əməkdaşı yalnız 10000 manat kreditin veriləcəyini demişdir. Buna etiraz etməmiş, bankın əməkdaşı isə 10000 manat məbləğində kreditin verilməsi üçün 24.12.2021-ci il tarixdə banka dəvət etmişdir. Həmin gün axşam Elmir Bakı qeydiyyatında olan bir zamin tapdığını və həmin zaminin 1000 manat istədiyini demiş oda buna etiraz etməmişdir.24.12.2021-ci il tarixdə səhər saatlarında kafedə oturub çay içib saxta sənədləri və Orxanı gözləmişlər. Bundan sonra Elmir kafedən çölə çıxıb kiməsə zəng etmişdir. Təxminən 10-15 dəqiqədən sonra i Şahid1 saxta sənədləri gətirmişdir. Sonra Xətai rayonunda yerləşən «X8» bankının Bakı filialına gəlmişlər. Yolda olarkən Elvin Orxana aid olan saxta sənədləri onun özünə vermiş və bankda necə və nəyi danışmaq lazım olduğunu izah etmişdir. Banka gəlib çatanda Elvin avtomobildə qalmış, özü və Orxan saxta sənədləri götürüb banka daxil olmuşlar. Elmirlə Kənan isə onlardan tez banka çatmışlar. Bankda kreditlə bağlı aidiyyəti əməkdaşa müraciət edərək ona özündə olan saxta sənədləri təqdim etmişlər. Təxminən 5-10 dəqiqədən sonra polis əməkdaşları gəlib onları saxlamış və 37-ci PŞ-ə gətirmişlər. Daha sonra əməlindən peşman olduğunu, əməlini səmimi etiraf etdiyini, himayəsində iki azyaşlı uşağının olmasını, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib törətmiş olduğu cinayəti etiraf edərək ifadəsində göstərmişdir ki, Ayaz adlı tanışı 23.12.2021-ci il tarixdə zəng edərək 200 manat müqabilində bir nəfər şəxsə zamin durmağı xahiş etmişdir. Pula ehtiyacı olduğundan Ayazın təklifini qəbul etmişdir. Ayaz bütün işlərin qanuni olacağını demiş və fotoşəklini istəmişdi. Fotoşəklini çəkdirib «WhatsApp» mobil tətbiqi vasitəsilə Ayaza göndərmişdir. Ayaz növbəti gün, yəni 24.12.2021-ci il tarixdə səhər saat 09:00-da «20 yanvar» metrostansiyasının yaxınlığında gözləyəcəyini demişdir.Görüşdükdən sonra Natiq adlı şəxsin idarə etdiyi avtomobillə Xətai rayonu ərazisində yerləşən «X8» bankının Bakı filialına gəlmişlər. Zamin duraçağı şəxsin Natiq olduğunu öyrənmişdir. Həmin sənədləri götürüb kredit götürmək istəyən Natiq adlı şəxslə birlikdə banka daxil olmuşlar. Natiq kreditlə bağlı aidiyyəti əməkdaşa müraciət edərək ona özündə olan saxla sənədləri təqdim etmiş, sonra özü də bankın əməkdaşına özündə olan saxta sənədləri təqdim etmişdir. Təxminən 5-10 dəqiqədən sonra polis əməkdaşları gəlib onları saxlamış və 37-ci PŞ-ə gətirmişlər. Daha sonra əməlindən peşman olduğunu, əməlini səmimi etiraf etdiyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının ikinci yarısında tanışı Şahid3 Təqsirləndirilən şəxs1 kredit götürmək istədiyini və həmin şəxsə və sonuncuya zamin duracaq Təqsirləndirilən şəxs2 üçün guya onların dövlət qulluqçusu olmasını və yüksək məbləğdə əmək haqqı almasını təsdiq edən sənədlərin lazım olduğunu və həmin şəxslərin kredit tarixçələrində heç bir problemin olmadığını bildirmişdir. Sonra Elmir WhatsApp mobil tətbiqi vasitəsilə ona həmin şəxslərin fotoşəkillərini və şəxsiyyət vəsiqələrinin fotoşəkillərini göndərmişdi, öz növbəsində həmin fotoşəkilləri WhatsApp mobil tətbiqi vasitəsilə Akif adlı şəxsə göndərmişdir ki, Natiqə və Orxana lazım olan sənədləri hazırlayıb ona göndərsin və Natiqin adından banka kreditlə «online» sifariş etsin. Sənədlər təxminən iki günə hazır olmuşdur. Natiqin adından «X8» bankının Bakı filialına «online» sifariş edilmişdir. Bank əməkdaşı Natiqə zəng edib onu banka dəvət edəndən sonra bu haqda Akifə demiş, Akif isə 24.12.2021-ci il tərixdə taksi vasitəsilə ona üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözləri yazılmış iki ədəd qırmızı rəngdə vəsiqə və ödəniş kartı üzrə iki ədəd bank çıxarışı göndərmişdi. Həmin sənədləri günorta saatlarında «20 yanvar» metrostansiyasının yaxınlığında taksi sürücüsündən götürmüşdür.Sənədləri Elmirə vermişdir. Həmin gün Elmir, Elmirin dostu Elvin və Natiqlə birlikdə «20 yanvar» metrostansiyasının yaxınlığında çayxanaların birində oturub çay içmiş və Natiqə zamin duran Orxanı gözləmişlər. Natiq üçün zamini Elvin tapmışdır.Orxan gəldikdən sonra Banka getmişlr. Natiq və Orxan banka daxil olandan təxminən yarım saat sonra banka polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşlarının Elmirlə Elvini saxlayıb polis şöbəsinə apardıqlarını görəndən sonra Akifə WhatsApp mobil tətbiqi vasitəsilə zəng edib hadisə barədə məlumat vermiş, Akif isə narahat olmamağı deyib telefonunu söndürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Natiqlə birlikdə «20 Yanvar» metrostansiyasının yaxınlığında kafelərin birində oturub çay içib söhbət etmişdir. Söhbət əsnasında Natiq maddi imkanının zəif olduğunu və pula ehtiyacının olduğunu bildirmişdir. Natiqə saxta sənəd əsasında bankdan kredit götürmək imkanının olduğunu bildirmişdir. Saxta sənədləri məhz Şahid1 tanımadığı şəxslərdən götürüb ona verirdi. Saxta sənədlər əsasında bankdan kredit götürən müştəri götürdüyü məbləğin 40% Kənana verirdi, Kənan isə həmin puldan müştəri tapdığına görə 300-400 manat ona pul verirdi. Şəxsən özü Şahid1 adlarını hazırda xatırlamadığı iki nəfər müştəri gətirmişdir. Həmin müştərilər saxta sənədlər əsasında «X8» bankının Bakı filialından müəyyən məbləğlərdə kredit götürmüşlər. Həmin kreditləri götürəndən sonra Kənan ona çatan faizləri müştərilərdən götürdükdən sonra ona 300-400 manat pul verirdi. Şahid1 şəxsən saxta sənədləri gətirib müştərilərə verirdi. 24.12.2021-ci il tarixdə də günorta saatlarında Şahid1 «20 yanvar» metrostansiyasının yaxınlığında Nəsimi rayonu ərazisində onların yanına gəlib müştəri olan Natiqin və zamin olan Orxanın saxta sənədlərini onun və Elvinin yanında Natiqin özünə vermişdir. Bildiyinə görə Şahid1 saxta sənədləri hazırlayan şəxslərə də müəyyən məbləğlərdə pullar verirdi. Kənan kredit götürmək istəyən müştərilərə Azərbaycan Respublikası Dövlət Sərxəd Xidmətinin və Azərbaycan Respbulikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxta xidməti vəsiqələrini, FHN-nin iş yeri haqqında saxta arayışları və "xxxx" ASC-yə aid saxta «ödəniş kartı üzrə çıxarış»ları təqdim etmişdi. Kənan müştərini bankın yanında gözləyirdi - müştəri bankdan pulu götürəndən sonra Kənan ona yaxınlaşıb az öncə banka təqdim etmək üçün verdiyi saxta vəsiqəni və ya iş yeri haqda arayışı geri götürürdü və ona çatası 40% pulu götürürdü. Həmin puldan isə yerində müştərini gətirən şəxsə çıxarılmış pulun məbləğindən asılı olaraq 300-400 manat pul verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 təxminən 10 ildir ki, tanıyır, dostdurlar. Son üç ayda onunla yaxın təmasda olur. Tutulmamışdan təxminən 20-25 gün öncə Elmir ona demişdir ki, bankdan kredit götürmək istəyən müştəri üçün zamin tapa biləcəyi təqdirdə ona 150-200 manat pul verəcəkdir. Zamin duran şəxsin özünə isə təxminən 300-500 manat pul veriləcəkdir Həmin vaxt Orxana pul müqabilində bankda kredit götürmək istəyən müştəri üçün zamin durmağı təklif etmişdir.Orxan razılaşmışdır. Orxanın fotoşəklini çəkib «WhatsApp» mobil tətbiqi vasitəsilə dostu Şahid3 mobil telefonuna göndərmişdir. 24.12.2021-ci il tarixdə günorta saatlannda «20 yanvar» metrostansiyasının yaxınlığında Elmirlə görüşmüşdür. Elmir Natiqlə birlikdə olmuşdur. Natiqi müştəri kimi Elmir tapmışdır. Üçü də zamin duracaq Orxan adlı şəxsi gözləmişlər.Orxan gəldikdən Elmir Natiq və Orxan üçün hazırlanmış saxta sənədləri onlara vermişdir. Bir qədər sonra Natiqin idarə etdiyi avtomobillə Xətai rayonu ərazisində yerləşən «X8» adlanan bankın Bakı filialına gəlmişlər. Bankın qarşısında olan zaman özü və Elmir Natiqi və Orxanı təlimatlandıraraq bankda nəyi danışmaq lazım olduğunu bildirmişlər. Natiq bankdan kredit götürə biləcəyi təqdirdə, ona 100 manat pul verəcəydi. Natiq və Orxan Banka daxil olmuş, özü və Elmir Natiqin avtomobilində əyləşib onları gözləmişlər. Bir qədər sonra polis əməkdaşları onlara yaxınlaşıb saxlamış və 37-ci PŞ-ə gətirmişlər. Məhkəmə iclasında Şahid5 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi ziddiyət təşkil etməmiş və məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinə oxşar olmuşdur. Bununla da işin yuxarıda göstərilən xüsusatlarını bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli baxış və götürmə barədə protokoldan görünür ki, üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözlər əks olunmuş iki ədəd vəsiqə və iki ədəd "xxxx"a məxsus ödəniş kartı üzrə çıxarış Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 23 ünvanda fəaliyyət göstərən «X8» bankında Şahid5 götürülmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2022-ci il tarixli 5/29-4/47 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 adına verilmiş DMX № 020457 və Təqsirləndirilən şəxs2 adına verilmiş DMX № 020634 nömrəli vəsiqələrinin və "xxxx" tərəfindən Təqsirləndirilən şəxs1 oğunun adına verilmiş 510307******5562 nömrəli və Təqsirləndirilən şəxs2 adına verilmiş 510307******4635 nömrəli ödəniş kartları üzrə çıxarışlarda blankları rəqəmsal reproqrafik çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmışdır. Təqsirləndirilən şəxs1 adına verilmiş DMX № 020457 və Təqsirləndirilən şəxs2 adına verilmiş DMX № 020634 nömrəli vəsiqələrdə olan möhür əksləri və həmin şəxslərin adlarına verilmiş ödəniş kartları üzrə çıxarışlarda olan ştamp əksləri bir başa vurulmayıb, rəqəmsal reproqrafik çap qurğusunda (çoxaldıcı qurğu, printer) çap edilmişdir. Ekspertizaya təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözlər əks olunmuş DMX № 020457 və DMX № 020634 nömrəli vəsiqələrdəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözlər əks olunmuş DMX № 020457 və DMX № 020634 nömrəli vəsiqələrdəki «Rəis» qrafalarındakı imzalar-eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, üzərində 510307******5562 nömrəli ödəniş kartı üzrə çıxarışlarda ştamp əksləri üzərindəki imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, üzərində 510307******4635 nömrəli ödəniş kartı üzrə çıxarışlarda ştamp əksləri üzərindəki imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözlər əks olunmuş DMX №020457 və DMX № 020634 nömrəli vəsiqələrdəki yazılar və «Rəis» qrafalarındakı imzalar, 510307******5562 və 510307******4635 nömrəli ödəniş kartı üzrə çıxarışlarda ştamp əksləri üzərindəki imzalar - Şahid1 tərəfindən yox, Şahid3 tərəfindən yox, Şahid4 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, üzərində 510307******5562 nömrəli ödəniş kartı üzrə çıxarışlarda ştamp əksləri üzərindəki imzalar ilə 510307******4635 nömrəli ödəniş kartı üzrə çıxarışlarda ştamp əksləri üzərindəki imzalar müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözlər əks olunmuş DMX № 020457 və DMX № 020634 nömrəli vəsiqələrdəki «Rəis» qrafalarındakı imzalar ilə 510307******5562 və 510307******4635 nömrəli ödəniş kartı üzrə çıxarışlarda ştamp əksləri üzərindəki imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. İş materiallarında olan 10 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözlər əks olunmuş iki ədəd vəsiqə və iki ədəd ödəniş kartı üzrə çıxarış cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslər maddi sübutlarla tanış olduqdan sonra həmin sənədlər ********* nömrəli cinayət işinin materiallarından ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 13/86 nömrəli, 19.01.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti sıralarında xidmət etməyib və hal-hazırda da xidmət etmirlər. İş materiallarında olan "xxxx" ASC-nin 10 mart 2022-ci il tarixli 157000/2-1151 nömrəli məktubuna əsasən 510307******5562 və 510307******4635 plastik kart nömrələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına bank sistemində aşkar olunmamışdır. İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 24 dekabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 26 dekabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 dekabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 25 dekabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 26 dekabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai rayon prokuroru Sərdar İmanovun 05 fevral 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmişdir. İş materiallarında olan Xətai RPİ-nin müstəntiqi Ruslan Sadıqovun 05 fevral 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xətai RPİ-nin müstəntiqi Ruslan Sadıqovun 05 fevral 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxslərdir. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin 20 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X6 03 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “şəkərli diabet, orta ağır forma İİ tip” diaqnozu üzrə “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X7 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 27.08.2009-cu il təvəllüdlü X2 və 18.06.2014-cü il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 (bir) ay 12 (on iki) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 (bir) ay 11 (on bir) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərci məsələsini təhlil etdikdən sonra məhkəmə hesab edir ki, 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri– 55 (əlli beş) manat Təqsirləndirilən şəxs2 və 55 (əlli beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı həbsdə saxlandığı 01 (bir) ay 12 (on iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 2000 (iki min) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 istintaq zamanı saxlandığı 01 (bir) ay 11 (on bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 2000 (iki min) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat – 55 (əlli beş) manat Təqsirləndirilən şəxs2 və 55 (əlli beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar