Məhkəmə qərarları › İş №1(011)-202/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-202/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-202/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Tovuz rayonu Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52 inzibati binada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə “xxxx”ın ünvan 2 ünvanda yerləşən filialının qarşısında 19 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs öz şəxsiyyəti haqqında məlumatları gizlədib özünü “Ramil” adlı şəxs kimi təqdim edərək öz cinayətkar niyyətini ört basdır etməklə sonuncudan 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini ABŞ dollarına mübadilə etmək üçün alıb banka daxil olmaqla əməliyyat aparıb həmin məbləğdə pul vəsaitini 11800 (on bir min səkkiz yüz) ABŞ dollarına mübadilə etdikdən sonra özünü pis hiss etdiyini deyib Zərərçəkmiş şəxs müşayiəti ilə təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılmış və ilkin tibbi yardım göstərildikdən sonra üzərində saxladığı pul vəsaiti ilə xəstəxanadan çıxaraq Zərərçəkmiş şəxslə birlikdə taksi avtomobili ilə 62 saylı marşrut avtobusunun sonuncu dayanacağına gələrək sonuncunun özünə məxsus pul vəsaitini istəməsindən sonra avtomobildən düşüb qaçaraq, Zərərçəkmiş şəxs məxsus 20000 (iyirmi min) manat, hımin dövrün rəsmi məzənnəsi ilə 11800 (on bir min səkkiz yüz) ABŞ dolları məbləğində əmlakı açıq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, son zamanlar Respublikanın ərazisində geniş yayılımış virus (Covid 19) infeksiya xəstəliyi ilə əlaqədar işlərində çətinlik olduğu üçün borcları yaranmış və qaytara bilməmişdir. 19 noyabr 2020-ci il tarixdə Əhmədli qəsəbəsində olmuş və həmin günü təsadüfən tanışı Rövşən adlı şəxslə görüşmüşdür. Rövşən bir nəfər tanışının bankdan dollar almaq istədiyini demiş və həmin şəxsə köməklik etməsini xahiş etmişdir. Rövşənə heç bir etiraz etməmiş və onun təklifi ilə razılaşmışdır. Bundan sonra onlar birlikdə “xxxxın” “Əhmədli” filialının yaxınlığına gəlmişlər. Bankın qarşısında İlqarla tanış olmuşdur. İlqar demişdir ki, onun üçün bankdan dollar alsın və əvəzində ona 10-15 manat pul verəcəkdir. İlqardan nə üçün dolları özü almadığını soruşmuş o, isə cavab vermişdir ki, bu ay dollar aldığı üçün limiti bitib və xahiş etmişdir ki, onun əvəzinə dollar alsın. Razılaşmış və İlqardan pulu qəbul etmişdir. Həmin vaxt pulu ələ keçirmək niyyətində olmuş, lakin İlqarı aldadıb, pulu dollara dəyişdikdən sonra İlqara geri verəcəyini bildirmişdir. İlqar verdiyi pulun 20000 manat olmasını bildirmiş, sonuncudan pulu götürdükdən sonra banka daxil olmuş, bankda İlqarın verdiyi 20000 manatı dollara mübadilə edərək 11.800 ABŞ dollarını götürmüş və cibinə qoymuşdur. Sonra bankda özünü pis hiss etmiş, yerə yıxılmış, ətrafdakılar təcili yardım çağırmış, İlqar və Rövşənlə birlikdə təcili tibbi yardım maşınında xəstəxanaya getmişlər. Özünü yaxşı hiss etdikdən sonra onlar birlikdə xəstəxanadan çıxmışlar. Taksi avtomobilinə əyləşmiş, İlqar ondan pulu tələb etsə də verməmiş, ilkin olaraq 62 nömrəli marşrut avtobusunun sonuncu dayanacağına getmişlər, daha sonra polis idarəsinə, polis idarəsinə çatdıqda isə İlqar təklif etmişdir ki, banka geri qayıtsınlar. Banka geri qayıdarkən avtomobil svetoforun qırmızı işığında dayandıqda maşından düşərək qaçıb oradan uzaqlaşmışdır. Taksidə olarkən pul onun üzərində olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 19 noyabr 2020-ci il tarixdə 20000 manat pulunu ABŞ dollarını çevirmək qərarına gəlmiş, lakin limiti aşdığından özü pulu dəyişmək iqtidarında olmamışdır. Ona görədə pulu dəyişdirmək üçün bir nəfər şəxs axtarmışdır. 19 noyabr 2020-ci il tarixdə 20000 manatə götürüb Əhmədli qəsəbəsi Sarayevo küçəsində olan “xxxxın” qarşısına getmişdir. Orada Şahid2 ilə rastlaşmış, Rövşən ilə söhbət edib ona üzərində 20000 manat olmasını və ABŞ dolları ilə dəyişmək istədiyini, lakin bir illik limitidən artıq istifadə etmiş olduğundan dəyişə bilmədiyini ona bildirmişdir. Bu zaman Rövşən demişdir ki, “mən həmin pulu bankda dəyişdirərəm ancaq dövlət tərəfindən aylıq 190 manat pul alacam, ona görədə həmin pulu mən dəyişə bilmərəm”. Rövşən təklif etmişdir ki, bir nəfər tanışı var, o istəyəcəyi halda həmin şəxsi çağırıb pulu ona dəyişdirə bilər. Rövşən həmin şəxsin tanışı olmasını bildirdiyi üçün ona inanmışdır. Rövşənlə razılaşmışdır ki, bir qədər sonra Sarayevo küçəsində olan “xxxxın” qarşısında görüşsünlər. Həmin günü saat 15 radələrində Rövşənlə həmin bankın qarşısında görüşmüşdür. Həmin vaxt Rövşənin yanında əvvəllər tanımadığı, Təqsirləndirilən şəxs olmuşdur. Sarvan özünü Ramil kimi təqdim etmişdir. 20000 manat pulu cibindən çıxarıb ona vermiş və bildirmişdir ki, pulu dəyişməsi üçün ona əlavə pul verəcək. Rövşən və Sarvan “xxxxın” içərisinə daxil olmuşlar, o, isə çöldə dayanıb onların gəlməsini gözləmiş, bir müddət keçdikdən sonra bankın içərisində çaxnaşma olduğunu görmüş, banka daxil olduqda Sarvanın yerə yıxılmasını və insanların toplaşdığını görmüşdür. Bir qədər sonra banka təcili tibbi yardım gəlmişdir. Həmin vaxt Sarvandan pulu qaytarmağını tələb etmiş, Sarvan isə vəziyyətinin pis olduğunu, pulu sonra verəcəyini bildirmişdir. Təcil Tibbi yardımdan gələn həkimlər Sarvana tibbi yardım göstərmişlər və sonuncunu xəstəxanaya aparmışlar. O və Rövşən təcili tibbi yardım ilə getmişlər. Yolda Sarvandan pulu istəmiş, lakin Sarvan yenə vəziyyətinin pis olduğunu demiş, pulu sonra qaytaracağını bildirmiş, daha sonra isə səs-küy salmağa başlamışdır. Həmin vaxt orada olan həkimlər isə səs-küy yaratmamağı dedikdə sakit qalıb gözləmişdir. Onlar xəstəxanaya gəlmişlər. Orada bir qədər gözlədikdən sonra yenidən Sarvandan pulunu tələb etmiş, lakin sonuncu pulun bankda qalmasını demişdir. Artıq başa düşmüşdür ki, Sarvan pulu ələ keçirmək niyyətindədir. Sarvana bildirmişdir ki pulumu ələ keçirmək istəyirsən, lakin səndən əl çəkən deyiləm pulumu qaytar ver. Lakin Sarvan yenə pulu qaytarmaqdan yayınmışdır. Onlar xəstəxanadan çıxıb taksi avtomobili ilə Əhmədli qəsəbəsinə gəlmişlər. Taksi avtomobilini Rövşən çağırmış və Sarvanın deməsi əsasında 62 nömrəli marşurut avtobusunun sonuncu dayanacağına gəlmişlər. Sarvanın yanından getməmişdir ki, pulunu ələ keçirib qaçmasın. Belə ki, Sarvanın hərəkətlərindən görmüşdür ki, o, yayınıb qaçmaq istəyir. Amma onun niyyətini başa düşmüş və buna görədə onun yanında dayanmışdır. 62 nömrəli marşurut avtobusunun sonuncu dayanacağına bir qədər gözlədikdən sonra onlar razılaşmışlar ki, Xətai RPİ-nin 34-cü PŞ-nə getsinlər. Taksi avtomobili ilə polis şöbəsinə gedən zaman yolda yenidən fikirlərini dəyişmiş və banka getməyi qərara almışlar. Banka gedərkən ani bir anda svetoforun qırmızı işığında maşın dayanarkən Sarvan avtomobildən düşərək qaçmışdır. Avtomobildən düşərək Sarvanın arxasınca qaçmış, lakin Sarvana çata bilməmişlər və Sarvan qaçıb getmişdir. Sarvanın niyyətini başa düşdüyü andan onun yanından heç bir yerə ayrılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. İlqar ilə bir tanışının ofisində tanış olmuşlar. 19 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində olan “xxxxın” qarşısında İlqar ilə rastlaşmış, həmin vaxt İlqar bildirmişdir ki, 20000 manat pulu var, həmin pulu ABŞ dollarına çevirmək istəyir, lakin bir illik limitdən istifadə etmişdir. İlqar təklif etmişdir ki, həmin pulu götürüb bankda dollara çevirsin, lakin onun təklifini qəbul etməmişdir. Belə ki, dövlət tərəfindən karantin rejiminə görə 190 manat pul alacaq, pulu dəyişdirsə 190 manatdan məhrum olma ehtimalı olduğu üçün razılaşmamışdır. İlqar ilə bu barədə söhbət edərkən tanışı Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu ilə 9-10 il bundan əvvəl tanış olmuşdur. Sarvan haləhval tutmuş, həmin vaxt İlqar bildirmişdir ki, “yaxın tanışın varsa pulu ona verək dəyişsin”. İlqar həmin şəxsə pul verəcəyini vəd etmişdir. Bundan sonra Sarvana demişdir ki, gəl görüşək yaxşı bir iş var. Sarvan da onunla razılaşmış və onlar saat 15 radələrində “xxxxın” qarşısında görüşməyi qərarlaşdırmışlar. Bundan sonra İlqar ilə ayrılıb çıxıb getmiş, daha sonra İlqar və Sarvanla “xxxxın” qarşısında görüşmüşdür. Həmin vaxt Sarvana bildirmişdir ki, İlqar 20000 manat pulunu dollara çevirmək istəyir, lakin bir illik limiti dolmuşdur, həmin pulu dollara çevirmək lazımdır. Sarvan da razılaşmışdır. İlqar cibindən pul çıxarıb Sarvana vermiş, Sarvan da pulu götürüb onun ilə birlikdə banka daxil olmuşlar. Onlar bankda ödəmə terminalından növbə götürmüş və gözləməyə başlamışdır. Sarvan ani bir anda əlini ürək olan hissəsinə tutmuş, ondan nə olmasını soruşduqda o, yerə yıxılmışdır. Yaxınlıqda olan şəxslər onlara kömək etmiş və təcili tibbi yardım çağırmışdlar. Təcili tibbi yardım gəlmiş, Sarvana ilkin tibbi yardımı göstərmişlər. Bundan sonra İlqar içəri daxil olmuşdur. Daha sonra onlar təcili tibbi yardım maşını ilə Sarvanı xəstəxanaya gətirmişlər. Həmin vaxt Sarvanın yanından ayrılmamışlar. Orada Sarvan özünü yaxşı hiss etdikdən sonra taksi sürücüsü olan tanışı Orxanı xəstəxanaya çağırmışdır. Orxan da xəstəxananın qarşısına gəlmiş, onlar, yəni o, Sarvan və İlqar xəstəxanadan çıxıb Orxanın idarə etdiyi avtomobilə əyləşmişlər. İlqar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gələn zaman Sarvandan pulu verməsini istəmiş, lakin sonuncu səs-küy salmağa başlamış və razı olmamışdır. Özü də Sarvana pulu qaytarmasını demiş, lakin orada olan həkimlər sakitlik yaratmalarını xahiş etmişlər. Orxan onları Sarvanın deməsi əsasında Xətai rayonu ərazisində 62 nömrəli marşurut avtobusunun sonuncu dayancağına gətirmiş, bir qədər gözlədikdən sonra polis şöbəsinə getməyi qərara almışlar, polis idarəsinin yanında fikirlərini dəyişmiş və İlqarın təklifi ilə banka getməyi planlaşdırmışlar. Banka gedərkən xatırlamadığı ünvanda, svetoforun qırmızı işığında durarkən, ani bir anda Sarvan avtomobildən düşüb qaçmışdır. İlqar avtomobildən düşüb onun arxasınca qaçmış, lakin ona çata bilməmişdir. Bundan sonra ayrılıb öz yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu ələ keçirmək istəməsini ilkin olaraq başa düşməmiş, lakin sonradan görmüşdür ki, Sarvan İlqarın pulunu qaytarmır və ələ keçirmək istəyir. Belə ki, İlqar Sarvanın yanında dayanaraq ondan israrla pulunu istəmiş, lakin sonuncu pulu qaytarmayıb müxtəlif bəhanələr etmişdir. Sonradan isə Sarvan avtomobildən düşərək qaçıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin taksi sürücüsü işləyib ailəsini dolandırır. 19 noyabr 2020-ci il tarixdə sinif yoldaşı Şahid2 onun nömrəsinə zəng edib 3 saylı şəhər kliniki xəstəxanaya gəlməyini bildirmişdir. İdarə etdiyi “Toyota Prius” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xəstəxanaya gəlmişdir. Xəstəxanada Rövşənin yanında sonradan adını bildiyi İlqar və Sarvan adlı şəxslər olmuşdur. Həmin vaxt Sarvan adlı şəxsin narahat olduğunu görmuş və Əhmədli qəsəbəsinə getmək lazım olmasını öyrənmişdir. Sonra həmin şəxslər onun avtomobilinə əyləşmişlər. Avtomobili idarə edərkən Rövşən və İlqar adlı şəxslər Sarvana 20000 manat pulu qaytarmasını demişlər. Lakin Sarvan müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Bunda sonra onlar istiqaməti dəyişərək polis idarəsi tərəfə getmişlər. Daha sonra İlqar fikrini dəyişərək ona banka sürməyi bildirmişdir. Bundan sonra bank tərəfə getməyə başlamış, avtomobili işıqforun qırmızı işığında dayandırdıqda Sarvan ani bir anda avtomobildən düşüb qaçıb getmişdir. Rövşən və İlqar onun arxasınca qaçsalar da çata bilməmişlər. Məlum olmuşdur ki, İlqar adlı şəxs Sarvana bankda 20000 manat pulu dollara dəyişmək üçün vermiş, lakin Sarvan pulu dəyişdikdən sonra pulu ələ keçirərək qaytarmadığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); “Kapital Bank” ASC-dən daxil olmuş xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan edilməsi anketindən görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə “Kapital Bank” ASC-nin Əhmədli filialında 20000 manat pul vəsaitini 11750 ABŞ dollarına mübadilə etmişdir (i.v.25); zərərçəkmiiş şəxs qismində tanınma haqqında 19.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v. 37); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.58); 19.12.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.69-73); 19.12.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.74- 77); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir (i.v. 81); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-711/2020 saylı, 20.12.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, o dərhal məhkəmə iclasında həbsdən azad edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, əvvəli 19.12.2020-ci il tarixdən hesablanmışdır (i.v. 99-103); cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 06.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 111- 112); 22.01.2021-ci il tarixli 147 saylı ambulator məhkəmə psixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (i.v.117-119); sübutların qiymətləndirilməsi haqqında 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə yeni məzmunda ittihama elan edilmiş, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmışdır (i.v. 128-136); təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunu dəyişdirilərək və əlavələr edilməklə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yeni ittiham elan edilmişdir (i.v. 138); 06.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə ibtidai istintaqın aparılmasından ötrü prokuror tərəfindən geri qaytarılmışdır (i.v.167-170); cinayət işi materiallarında olan protokollardan görünür ki, 10000 manat məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilmişdir(i.v.108,181); sübutların qiymətləndirilməsi haqqında 08 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 180.2.5-ci maddəsinə tövsif edilmişdir (i.v.182-191); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq olaraq talama zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 20-ci bəndinə əsasən təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi). Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, taksiyə minərkən pul onun üzərində olmuş, İlqar pulunu tələb etsə də verməmiş, ilkin olaraq 62 nömrəli marşrut avtobusunun sonuncu dayanacağına getmişlər, daha sonra polis idarəsinə, polis idarəsinə çatdıqda isə İlqar təklif etmişdir ki, banka geri qayıtsınlar. Banka geri qayıdarkən avtomobil svetoforun qırmızı işığında dayandıqda maşından düşərək qaçıb oradan uzaqlaşmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul vəsaitini ələ keçirmək üçün müxtəlif bəhanələr gətirmiş, həmin pul vəsaitini ələ keçirmək üçün aldatma üsulu tətbiq edilsə də, Zərərçəkmiş şəxs onun niyyətini başa düşdükdən sonra avtomobildə gedərkən ondan həmin pul vəsaitini qaytarmağını tələb etmiş, Təqsirləndirilən şəxs isə özünün də bildirdiyi kimi pul üzərində olsa belə, pulu geri verməyərək, avtomobildən düşərək oradan qaçmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar