Məhkəmə qərarları › İş №1(011)-202/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-202/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-202/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Cəlilabad rayonunda anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 1270-ci keçid, ev 46, mənzil 23-də qeydiyyatda olan və yaşayan, barəsində bu iş üzrə “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş, barəsində olan digər cinayət işi üzrə isə 22 mart 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış, 10.02.2022-ci il tarixdə saat 15:10-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu, NZS qəsəbəsi, İ.Həbibov küçəsinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofona bükülmüş təmiz çəkisi 1,436 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, əvvəllər AR-nın CM-nin 234.1-ci maddəsi ilə dəfələrlə məhkum olunmuşdur. Bir müddət ara versə də yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 09.02.2022-ci il tarxdə günorta saatlarında Xətai rayonu, NZS qəsəbəsi, İ.Həbibov küçəsində olan zaman, tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. O, həmin narkotiki cibinə qoyaraq yaşadığı ünvana getmişdir. 10.02.2022-ci il tarixdə NZS qəsəbəsi, İ.Həbibov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu şübhəli şəxs qismində 37-ci PŞ-nə dəvət etmişlər. Şöbədə hüquqları ona izah edildikdən sonra vəkilin iştirakı ilə onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş maddəni polislərə təqdim etmişdir. Həmin kütlənin nə olması polis əməkdaşları tərəfindən soruşulduqda, o həmin maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, tanımadığı bir nəfər şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra maddəyə baxış keçirildikdən sonra zərfə qablaşdırılaraq möhürlənmişdir. Son sözündə əməlindən çox peşman olduğunu, nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində daşımaqla istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş və həmin raport əsasında əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10.02.2022-ci il tarixdə saat 15 radələrində NZS qəsəbəsi, İ.Həbibov küçəsində saxlanılaraq 37-ci PŞ-nə gətirilmişdir. Həmin polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılması barədə hüquq və vəzifələri izah olunduqdan sonra, müdafiəçini iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs boz rəngli gödəkçəsinin sağ yan cibindən dəmir alışqan, boz rəngli şalvarın sağ yan cibindən isə bir ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli spesifik iyə malik olan maddəni təqdim etmiş, həmin maddənin narkotik vasitə hesab olunan heroin olduğunu və tanımadığı bir nəfər şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırmışdır və möhürlənmişdir. Daha sonra protokol tərtib edilmiş və iştirakçılar protokola imzalar atmışlar. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq iştirakının təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin və Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında Xətai RPİ-nin 37-ci PB-nin baş təhqiqatçısı Rauf Məmmədovun tərtib etdiyi 10.02.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, 10 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 37-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümdə olan maddəni təqdim edərək həmin maddənin heroin olduğunu 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Keçirilmiş istintaq hərəkəti videoçəkilişlə aparılmış və çəkilişi əks etdirən daşıyıcı protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertinin 6/839 nömrəli 11 fevral 2022-ci il tarixli rəyindən məlum olur ki, “Tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün N-153" möhür əksi, “Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,436 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra qalıq 1.386 qram. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 fevral 2022-ci il tarixli 776 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunarkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 01 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd disk və sonuncunun üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 1,386 qram narkotik vasitə olan heroin maddi sübut qismində tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan (iş vərəqi 23) 10 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 70) 12.02.2022-ci il tarixli Bakı şəhər Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan 24.03.2022-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 22 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (iş vərəqi 92) Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin etirafı, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, şəxsi axtarış və götürmə protokolları digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hökmün tarixindən, yəni 28 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,386 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) il ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlancında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,386 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman videoçəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar