Məhkəmə qərarları › İş №1(011)-203/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-203/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-203/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Xətai rayonu 30 saylı uşaq musiqi məktəbində fortepiano müəlliməsi işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qız, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək 16, 17 və 18 dekabr 2020-ci il tarixlərdə yaşayış yerini tərk edib, vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə piyada olaraq sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 10 dekabr 2020-ci il tarixdə səhhətində narahatçılıq hiss etdiyindən, ölkədə yaranmış pandemiya rejimi ilə əlaqədar, həmçinin ətrafında olan insanların COVİD-19 virusuna yoluxduqlarını görərək həkimə müraciət etmək qərarına gəlmişdir. Bu məqsədlə qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, 7 saylı şəhər poliklinikasının onların ərazi üzrə sahə həkiminə müraciət edib səhhətindəki narahatçılıq ilə bağlı məlumat vermişdir. Həkimə məlumat verdikdən sonra həkim onu qeydiyyata aldığını və epidemioloji mərkəzdən onunla əlaqə saxlanılacağını bildirmişdir. Həmin gün axşam saatlarında xüsusi geyimli həkim briqadası onun yaşadığı mənzilə gələrək ondan COVİD-19 testinə yoluxub yoluxmamağı barədə yaxma testi götürmüşlər. 11 dekabr 2020-ci il tarixdə istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə 7 saylı şəhər poliklinikasından olan sahə həkimi zəng vuraraq ondan götürülən testin cavabının müsbət olduğunu və özünü evdə təcrid etməli olduğunu bildirmişdir. Bundan sonra o, evdən çıxmayıb özünü evdə təcrid edib müalicəyə başlamışdır. 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında İTS.GOV.AZ ünvanından istifadəsində olan nömrəyə mesaj gələrək onun 10.12.2020-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyi testin pozitiv çıxması və karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddələrlə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. 16 dekabr 2020-ci il tarixdən 18 dekabr 2020-ci il tarixədək olan müddət ərzində qardaşının İİ Qarabağ müharibəsi zamanı ağır yaralanıb yataq xəstəsi olmasını, anasını insult keçirməsi və yataq xəstəsi olması səbəbindən yaşadığı evi tərk edərək aptek və klinikalara getmişdir. 18 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Xətai RPİ-nin əməkdaşları yaşadığı ünvana yaxınlaşaraq onun blokun qarşısına düşməyini bildirmişlər. Aşağı düşən zaman polis əməkdaşları ona COVİD-19 xəstəliyinə tutulduğu zaman çölə çıxmağını və bununla bağlı izahat yazacağını bildirmişlər. O da həmin vaxt polis əməkdaşlarına izahat verərək yaşadığı ünvana qalxmışdır. 26 dekabr 2020-ci il tarixdə istifadəsində olan mobil nömrəyə İTS.GOV.AZ ünvanından mesaj gələrək özünü təcrid müddətinin bitdiyi bildirilmişdir. Daha sonra özünü təqsirli bilməsini, tutduğu əməldən səmimi peşman olmasını, qardaşı X3 İİ Qarabağ müharibəsinin qazisi olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, 18 dekabr 2020-ci il tarixdə saat 16 radələrində xidmətdə olarkən, 18 dekabr 2020-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs aktiv “Covid-19” virus daşıyıcısı olduğu halda yaşadığı ünvanı tərk edərək karantin rejimlərini pozmaqla koronavirus pandemiyasmm yayılması üçün real təhlükə yaratması barədə məlumat daxil olmuşdur. Buna görə də o, istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs işlətdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək karantin rejimini pozması ilə əlaqədar məlumat almışdır. Ülviyyə də ona hazırda yaşadığı evdə olduğunu və həmin gün, yəni 18 dekabr 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxaraq yaşadığı məhəllədə yerləşən aptekə dərman almaq üçün getdiyini bildirmişdir. Bundan sonra o, iş yoldaşları Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı polis mayoru Müşfiq Cəbrayılov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 66 ünvanının qarşısına getmişlər. Orada təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən binanın qarşısında Təqsirləndirilən şəxs izahatı alınmış və videoçəkiliş zamanı Ülviyyə 18.12.2020-ci il tarixdə saat 14 radələrində dərman almaq məqsədi ilə yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən aptekə getdiyini etiraf etmişdir. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, təqsirləndirilən şəxsin ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan 04.01.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Meizo” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “İTS.GOV.AZ” saytından 12 dekabr 2020-ci il tarixdə “Hörmetli ULVİYYE MİKAYİLOVA. Sizin 10.12.2020-ci il tarixinde COVİD-19 ile baglı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve aile uzvleriniz yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde Azerbaycan Respublikası İnzibati Xetalar və Cinayet Mecellelerinde nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilirsiniz. tel:1542” sözləri yazılmış mesajın göndərilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi 7 Nömrəli Şəhər Poliklinikasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdə 7 nömrəli şəhər poliklinikası tərəfindən yaxma götürülüb, 12.12.2020-ci il tarixdə COVİD-19 təsdiqlənib. 13.12.2020-ci il tarixdən evdə həkim nəzarətinə götürülüb. 26.12.2020-ci il tarixdə sağalma ilə sistemdən çıxarılıb. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsdən alınmış 12.02.2021-ci il tarixli 10/122 nömrəli məktubdan görünür ki, Nazirlər Kabinetinin 377s nömrəli 21.07.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 8.1-ci bəndinə əsasən yoluxma faktı təsdiq olunmuş şəxslərin yaşayış yerində və ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması qərarı qəbul olunmuşdur. X1 və X2 və Profilaktikası Mərkəzinin tövsiyələrinə əsasən xəstəliyin ağırlıq səviyyəsi yüksək olan şəxslər 10 gündən artıq müddətdə virus ifraz edə bilərlər. Bununla bağlı, təcrid müddəti və ehtiyat tədbirləri 21 günədək uzadıla bilər. COVİD-19 virus infeksiyasına yoluxmuş və heç bir simptomu olmayan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcridolunma müddəti Nazirlər Kabinetinin 377s nömrəli 21.07.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 9.3-cü bəndinə əsasən ən azı 7 (yeddi) gündən sonra 24 saat intervalla 2 (iki) ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda bitə bilər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15.02.2021-ci il tarixli 203 /KEŞ nömrəli rəyində göstərilmişdir ki, 10.12.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Covid-19 virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. 7 nömrəli şəhər poliklinikasında Təqsirləndirilən şəxs adına tərtib edilmiş sənəddə göstərilənlərə əsasən, o, 13.12.2020-ci il tarixdən evdə həkim nəzarətinə götürülmüş və 26.12.2020-ci il tarixdə onda sağalmanın olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı «xxxx» MMC-yə məxsus kart nömrəsinin 10.12.2020-ci il tarixdən 26.12.2020-ci il tarixədək olan müddət ərzində anten dairəsi götürülmüş 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 16, 17 və 18 dekabr 2020-ci il tarixlərdə yaşayış yerini tərk etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15.03.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbinin seçilməsi barədə 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının sədri tibb xidməti polkovniki Azad Abdullayev tərəfindən təsdiq edilmiş 7995 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X5 “Keçirilmiş sol radial sinirin posttravmatik neyropatiyasının qalıq əlaməti, ətrafın funksiyasının mühüm dərəcədə poluması ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postkommosion pozuntu, düşüncənin ala-qaranlıq pozulması ilə. Partlayış travması (13.10.2020) nəticəsində sol bazunun deltayabənzər nahiyyəsinin dəlib-keçən qəlpə yaralanmasına, bazu sümüyünün diafizinin yuxarı 1/3-nın açıq, yerdəyişmiş sınığına görə aparılmış Q.İlizarov üsulu ilə osteosintezdən sonrakı bitişməkdə olan sınığı. Sağ əlin, hər iki yuxarı, aşağı ətrafların döş qəfəsinin, sol kürək sümüyünün yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr). Üst və alt çənənin yumşağ toxumalarında 3 ədəd yad cisim (metal qəlpə)” qiaqnozu qoyulmuşdur. “HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR.” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk məhkumluğunu, qardaşının İİ Qarabağ müharibəsi qazisi olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk məhkumluğunu, qardaşının İİ Qarabağ müharibəsi qazisi olmasını təqsirkarın cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı yüngülləşdirici halları müstəsna hallar hesab etdiyindən, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə barəsində sanksiyada nəzərdə tutulandan aşağı həddə cərimə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanun işin müstəsna halları anlayışını müəyyən etmir, ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edildiyindən, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalı, bu halı müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunu, yəni cinayətin motivi və məqsədi, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar