Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-204/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X11 və nümayəndəsi və vəkili Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçiləri - Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1956-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan MR ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, texniki cəhətdən saz vəziyyətdə olan qardaşı X12 məxsus “Nissan Sunny" minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında "BB 303018" nömrəli "B,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə 27 noyabr 2023-cü ıl tarixdə saat 06:30-da Bakı şəhəri, Heydər Əliyev prospekti istiqamətindən Ü.Hacıbəyli küçəsi istiqamətinə, Xətai rayonu, Y. Səfərov küçəsində 50 km/saat sürətlə idarə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək avtomobilin ön sağ hissəsi ilə yolun sağ hissəsindən sola doğru keçən piyada X5 vurub ona ehtiyatsızlıqdan kəskin beyin ödemi ilə nəticələnmiş baş beyin qişalarına, qişalarıaltına, toxumasına və mədəciklərinə qansızma, təpə nahiyəsinin hemotoması və sıyrığı, sağ tərəfli pnevmotoraksla, sağ ll-Xİ qabırğaların və hər iki körpücük sümüklərinin sınıqları, hər iki ağciyərlərin kontuziyası ilə müşaiyət olunmuş hər iki körpücük, kürək və bazu oynaqları əhatə olunmaqla geniş ölçülü hematoması halında döş qəfəsinin küt travması, sağ baldırın aşağı 1/3-nin bayır səthinin sağ aşıq-baldır oynağını tam əhatə etmiş geniş hematoması və sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəli xəsarətlər yetirərək politravma fonunda baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin beyin ödemindən xx.xx.2023-cü il tarixdə saat 21:59-da yaşadığı ünvan 3 ünvanda ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün səhər saat 6:30-da 40 km/s sürətlə gedirdi. Qabağına iri maşın çıxan kimi maşını saxlamışdır. X9 iri maşının qabağından çıxdığı üçün onu vurmuşdur. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, maşını qanunla sürdüyü üçün özünü təqsirli bilmir, lakin həmin şəxsi vurduğunu etiraf edir, amma günahı yoxdur. Həmin şəxs digər maşının qabağından qaçaraq onun önünə keçmişdir. Qırmızı işıqdan 70-80 metr aralanmışdır, buna görə də çox sürət yığa bilməzdi. Digər maşın həmin şəxsi görüb sürəti azaltmışdır. O çatanda yaşıl işıq yanırdı. Həmin şəxs maşına dəyəndən sonra maşını saxlamışdır. Daha sonra həmin şəxsi “Semaşko” xəstəxanasına aparmışlar, 15 gün müalicə olunub çıxarılmışdır. Dəfn mərasimində də köməklik etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, mərhum X9 onun atasıdır. Mərhum atası Səxavət Məmmədov ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi ev 43 ünvanında yaşayır. Atası bir neçə müddət idi, ünvan 4çəsinin kəsişməsində yerləşən "Zəfəran" adlı aptekin bağbanı kimi çalışırdı. Atasının iş saatları özü tərəfindən müəyyən edilirdi və adətən səhər tez zamanda işə gedib qayıdırdı. 27 noyabr 2023-cü ıl tarixdə saat 06 radələrində yaşadığı ünvandan işə getmiş, həmin tarixdə saat 08 radələrində tanımadığı və mobil nömrəsini xatırlamadığı şəxs ona zəng edib atasını Xətai rayonu, Y.Səfərov küçəsində yolu piyada keçərkən avtomobil vurduğunu və 1 saylı Kliniki tibbi mərkəzdə olduğunu bildirmişdir. O, dərhal həmin xəstəxanaya yaxınlaşmış, orada həkimlərdən atasının vəziyyətini maraqlanmış, ona atasının reanimasiyada olduğunu və kəllə beyin travması aldığını, bu səbəblə də başına tikiş qoyduqlarını bildirmişlər. Həmin vaxt atasının hansı avtomobil tərəfindən vurulduğunu soruşmuş və bir nəfər adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq idarə etdiyi "Nissan Sunny” markalı, **-CK-*** d.q.n-lı avtomobili ilə Xətai rayonu, Y.Səfərov küçəsində piyada yolu keçən atası Səxavət Məmmədovu ehtiyatsızlıqdan vurduğunu demişdir. Hadisənin təfərrüatları barədə sonuncudan məlumat aldıqdan sonra Təqsirləndirilən şəxs üzrxahlıq edib atasının xəstəxana və digər xərclərini ödəməyə hazır olduğunu bildirmişdir. Daha sonra isə atasının xəstəxana xərclərini ödəmiş, atası, həmin xəstəxanada 2 dəfə əməliyyat olunmuş, ilk əməliyyatında baş nahiyəsində 8 ədəd tikiş qoyulmuş, bir neçə gün sonra isə hadisə zamanı qabırğa sümüyünün qırılması nəticəsində ağ ciyərinin zədələnməsi səbəbindən daha bir əməliyyat olunmuşdur Həmin əməliyyatdan sonra isə atasının vəziyyəti bir qədər pisləşmiş, daha sonra isə həkimlərin məsləhəti ilə Səxavət Məmmədovu xx.xx.2023-cü il tarixdə xəstəxanadan çıxaraq yaşadığı ünvana gətirmişdir. Yaşadıqları ünvanda da Vidadı Rüstəmov mütəmadi olaraq atasının səhhəti ilə maraqlanmış, gəlib getmiş, maddi və mənəvi dəstək olmuşdur. Evə gəldikdən bir neçə gün sonra atasının halı daha da pisləşmiş, bir neçə dəfə həkim gətirərək müayinə etdirmiş və həkimlər müalicənin düzgün getdiyini, lakin vəziyyətin ağır stabil olduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı ünvanda atası X9 yatdığı zaman dünyasını dəyişmiş, bundan sonra təcili tibbi yardıma bu barədə məlumat vermiş, bir qədər sonra təcili tibbi yardım əməkdaşları ünvana yaxınlaşmış və atasının vəfat etməsini bildirmişlər. Lakin hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir tələbi, şikayəti yoxdur. Cəza təyin edilməsində bu xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmayıb, evlidir və 2 övladı var. 1974-cü ildən etibarən sürücülük hüququ var və avtomobil idarə etməkdədir. Hal-hazırda baş etibarnamə ilə idarə etdiyi "Nissan Sunny" markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili 2008-ci ildən istismar etməkdədir. xx.xx.2023-cü il tarixdə saat 06.30 radələrində idarə etdiyi "Nissan Sunny” markalı **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı ünvandan Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən qəbirstanlığa getmək üçün Babək prospekti ilə hərəkət edərək Y.Səfərov küçəsinə çıxıb Ü. Hacıbəyli küçəsi, yəni "Cavanşir" körpüsü istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə saatda təxminən 50 km sürətlə hərəkətdə olarkən soldan 2-ci zolaqda, yəni sağ tərəfində təxminən 3-5 metr qarşıda onunla paralel hərəkətdə olan dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobilin qarşısından yolu sağdan sola iti addımlarla keçən piyada qəfil qabağına çıxmış və o, avtomobilini saxlaya bilməyərək həmin piyadanı avtomobilinin qabaq sağ hissəsi ilə vurmuşdur. Dərhal avtomobili dayandırmış, həmin vaxt YPX əməkdaşları yaxınlaşmış və onlardan biri təcili tibbi yardıma zəng etmişdir. Daha sonra təcili tibbi yardım avtomobili hadisə yerinə yaxınlaşmış və piyadanı xəstəxanaya aparmışlar, ardınca polis əməkdaşları gəlmiş və hadisəni sənədləşdirmişlər. Daha sonra Xətai RPİ-nə dəvət olunmuş və təhqiqata izahatını vermişdir. Bundan sonra vurmuş olduğu piyada X4 xəstəxana və həkim xərclərini qarşılamış, sonuncunun ailəsindən üzrxahlıq etmişdir. Səxavət Məmmədovun yaşadığı ünvan 7 ünvanına mütəmadi gedir, sonuncu və ailəsinə maddi mənəvi dəstək olurmuş. Bütün bunlara baxmayaraq, xx.xx.2023-cü il tarixdə Səxavət Məmmədovun yaşadığı ünvanda vəfat etməsi ona məlum olmuş və əməlindən peşman olduğunu qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 18 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (i.v.1) - 27 noyabr 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində piyada keçidi olmayan yerdə baş vermişdir. (i.v.8-11) - 27 noyabr 2023-cü il tarixdə nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Nissan Sunny" markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsi və mühərrikin qapaq hissəsi zədələnmişdir; (i.v.12-14) - 27 noyabr 2023-cü il tarixli 2/48410 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.15) - 22 may 2008-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs X12 məxsus olan **-CK-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” minik markalı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Etibarnamə xx.xx.2038-ci il saat 23:59-dək qüvvədədir; (i.v.17-18) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 8/3675 saylı ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Nissan Sunny markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; (i.v.23-26) - 22 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin tanınması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə icraatda olan ********* saylı cinayət işi üzrə X8, yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş atası X4 hüquqi varisi kimi tanınmışdır; (i.v.47) - 23 dekabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18 dekabr 2023-cü il tarilxdə ölmüşdür; (i.v.55) - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 06 fevral 1985-ci ildə Cəbrayıl rayonunun, Əmirvarlı kəndində doğulmuşdur. Həmçinin nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X13 17 may 1978-ci il tarixdə nikahlarını bağlamışlar; (i.v.56a) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” X21 25 dekabr 2023-cü il tarixli, 6983 №-li məktubundan görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur; (i.v.57) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 28 dekabr 2023-cü il tarixli, 1/6595 nömrəli məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir; (i.v.58) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X21 28 dekabr 2023-cü il tarixli, xx/xx-15684 №-li məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində narkoloji qeydiyyatda yoxdur; (i.v.59) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin 29 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X10 xx.xx.2021-ci il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) BB 303018 "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır; (i.v.61) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 03 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v. 62) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X21 05 yanvar 2024-cü il tarixli, 18 №-li məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.63) - 18 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14” X21 115 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, X4 meyitində aşkar edilmiş xəsarətlər: kəskin beyin ödemi ilə nəticələnmiş baş beyin qişalarına, qişalarıaltına, toxumasına və mədəciklərinə qansızıma, təpə nahiyəsinin hematoması və sıyrığı, sağ tərəfli pnevmotoraksla, sağ ll-Xİ qabırğaların və hər iki körpücük sümüklərinin sınıqları, hər iki ağciyərlərin kontuziyası ilə müşaiyət olunmuş hər iki körpücük, kürək və bazu oynaqları əhatə olunmaqla geniş ölçülü hematoması halında döş qəfəsinin küt travması, sağ baldırın aşağı 1/3-nın bayır səthinin sağ aşıq-baldır oynağını tam əhatə etmiş geniş hematoması və sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(lar) təsirindən törənmişlər, eləcədə yol-nəqliyyat hadisəsi şəraitində mərhumun xəstəxanaya (xx.xx.2023-cü il saat 12:59) müraciət etməsindən bir qədər əvvəl törənmişlər və dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığla AĞİR zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər və mərhum həmin xəsarətləri alarkən müxtəlif duruş vəziyyətlərində ala bilərdi. X1 ölümünə səbəb olan almış olduğu politravma fonunda baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin beyin ödemi olmuşdur. Mərhumun ölümünün baş vermə müddəti onun meyitinin müayinəsi başlanandan (xx.xx.2023-cü il saat 21:59-da) 2-4 saat əvvələ uyğun gəlir; (i.v.68-73) - 05 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.82-83) - 05 fevral 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (i.v.102-104) - 28 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qismində qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsi, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 115 saylı rəyi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3675 saylı rəyi, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi "Nissan Sunny" markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir; (i.v.107-112) - X6 22 oktyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş və 17 may 2024-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də heç bir şikayəti və tələbi olmayacaq, nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda–iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan “Nissan Sunny” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomonilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – “Nissan Sunny” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomonilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-204/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-204/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver