Məhkəmə qərarları › İş №1(011)-204/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-204/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-204/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" QSC-də ekspeditor işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs “B1,B,C1,C” kateqoriyalı “BB102486” nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə mülkiyyətində olan “Kia Optima” markalı, 90 ОС 910 dövlət qeydiyyat nişanlı avtomobili 27 noyabr 2024-cü il tarixdə saat 17:35-də Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospekti ilə A.Cəlilov küçəsi istiqamətində 50 km/saat sürətlə idarə edərkən 8 Noyabr prospekti 25 ünvanın yaxınlığında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan sfenoid sinusun sol-arxa yan divarının və əsas sümüyün cisminin, sol qanadın sınıqları (kəllə əsası sınıqları), sol alın, sol təpə və sol gicgah nahiyələrində subdural məsafədə, sol Sylvian fissurada, sol beyin yarımkürəsində araxnoidal məsafədə orta miqdarda dural yırtığa bağlı hava qabarcıqları, burun sümüyünün, sağ maxillar sinus ön divarının sınıqları, sol mil sinirinin zədələnməsi ilə müşayiət olunan bazu sümüyünün yerdəyişən sınığı, sol dirsək və mil sümüklərinin xətti sınıqları, sol gözüstü nahiyənin əzilmiş yarası ilə müşaiyət olunan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək və ərizə təqdim edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Vurulmuş zərəri tam ödəmişdir, zərərçəkən şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilir, işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə saat 06:35-də işə gedərkən, Bakı şəhəri Xətai rayonu 8 noyabr prospektinin əks tərəfinə keçdiyi zaman sol tərəfdən gələn “Kia Optima” markalı, 90-ОС-919 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə sol yan tərəfindən güclü zərbə ilə vuraraq çoxsaylı sınıq və çapıq xəsarətləri yetirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə əvvəlcə Bakı Sağlamlıq Mərkəzinə, 2 saatdan sonra X10 xəstəxanaya aparmışdır. Xəstəxanada 7 gün müalicə olunduqdan sonra Təqsirləndirilən şəxs xahişi ilə xəstəxanadan çıxıb müalicəsini ev şəraitində davam etdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, müalicəsini sona qədər davam etdirəcək və işə çıxanadək 600 manat aylıq əmək haqqını ödəyəcək. İlkin olaraq Təqsirləndirilən şəxs 2.500 manat pul ödəyib xahiş etmişdir ki, şikayətinin olmaması və vurduğu maddi-mənəvi ziyanı ödədiyi barədə notariusda ərizə yazsın. Təqsirləndirilən şəxs inanıb razılaşmış, sonuncu da yaşadığı evə 53 saylı notariat kontorunun əməkdaşlarını gətirmiş və Təqsirləndirilən şəxs şikayəti, tələbi olmadığını, maddi ziyanı ödədiyini bildirmişdir. Lakin sonradan sifətində silinməz izlər qalmış, sol qolunun sağlamlığı bərpa olunmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs müraciət etmişdir ki, çapıq izlərini və sol qolunun sağlamlığını bərpa etdirsin. Təqsirləndirilən şəxs təklifindən imtina etmişdir. Bu səbəbdən notariat ofisinə müraciət edərək Təqsirləndirilən şəxs şikayətinin olmamamsına dair ərizəsini ləğv etdirmiş və barəsində müxtəlif instansiyalara şikayətlər etmişdir. Hazırda notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində saat 06:38 radalərində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsində xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Optima" minik markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qəza törətmişdir. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanı ikinci dəfə tam ödəmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, məhkəmə orqanlarına müraciət etməyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (i.v. 1); cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması üçün qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti alması faktı əsasında toplanmış material üzrə Xətai RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Xətai RPİ-nin TŞ-nə göndərilmişdir (i.v. 6-7); hadisə yerinə baxış keçirilməsi haqqında 27 noyabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 15-18); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "Kia Optima" markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin qabaq sağ qanadının, qabaq buferinin sağ hissəsinin və qabaq kapotunun sağ hissəsinin zədələndiyi müəyyən edilmiş və avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 19-21); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/48412 nömrəli, 27 noyabr 2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən zaman sürücü X8 ayıq olmuşdur (i.v. 22); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə 10 il müddətinə «B1,B,C1,C» kateqoriyalı BB102488 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 23); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 28 dekabr 2023-cü il tarixli, 105/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun, sağ əng, əsas sümüyün sağdan qanadabənzər çıxıntı qarmağının qapalı sınıqları, sol bazu sümüyünün qapalı yerdəyişmiş sınığı, sol mil sinirinin zədələnməsi, qəlpəli sınığı, əməliyyatdan sonrakı vəziyyət müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir (i.v. 30-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 8/3674 saylı rəyindən görünür ki, "Kia Optima" markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 33-36); 03 yanvar 2024-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən tərəflərin barışmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmişdir (i.v. 37- 39); 14 iyun 2024-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən tərəflərin barışmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmişdir (i.v. 50- 52); cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması üçün qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti alması faktı əsasında toplanmış material üzrə Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (i.v. 61-62); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 xx.xx.2024-cü il tarixli, T 623/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sfenoid sinusun sol-arxa yan divarının və əsas sümüyün cisminin, sol qanadın sınıqları (kəllə əsası sınıqları), sol alın, sol təpə və sol gicgah nahiyələrində subdural məsafədə, sol Sylvian fissurada, sol beyin yarımkürəsində araxnoidal məsafədə orta miqdarda dural yırtığa bağlı hava qabarcıqları, burun sümüyünün, sağ maxillar sinus ön divarının sınıqları, sol mil sinirinin zədələnməsi ilə müşayiət olunan bazu sümüyünün yerdəyişən sınığı, sol dirsək və mil sümüklərinin xətti sınıqları, sol göz üstü nahiyənin əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobillə piyadanın vurulması nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR ZƏRƏRVURMAYA aiddir. Xəsarətlərin xarakteri və xüsusiyyətləri onların şəxsin öz boyu hündürlüyündən yıxılması zamanı yaranmasını və ya özü tərəfindən yetirilməsini inkar edir (i.v. 79-82); Cinayət işinin icraata qəbul edilməsi haqqında 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilmişdir (i.v. 83); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 87-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 106); mülki iddiaçı qismində tanınma haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır (i.v. 111-112); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 120-121); mülki cavabdeh qismində tanınma haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə mülki cavabdeh qismində tanınmışdır (i.v. 139-140); qətimkan tədbirinin seçilməsi barədə 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 149-150); doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı 02 övladı vardır (i.v. 153-154); sübutların qiymətləndirilməsi haqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Optima" markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və sahibi Təqsirləndirilən şəxs geri qaytarılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 155-159); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-204/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iş üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir (i.v. 223-226); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 xx.xx.2025-ci il tarixli, 267/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan xəsarətlər – burun sümüyünün yerdəyişməsiz sınığı, sağ əng sümüyünün xətti sınığı və üz skeleti hüdudunda məhdudlaşan əsas sümüyün sağ qanadabənzər çıxıntısı qarmağının sınığı, baş beyin əzilməsi, sol bazu sümüyünün orta-aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sol dirsək və mil sümüklərinin xətti sınıqları, sağ üst göz qapağının, sağ qaş və alın nahiyələrinin əzilmiş-cırılmış yarası küt yaranma mexanizminə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, T623/2024 saylı məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsi kliniki təyin olunmuş hiperdiaqnostika əsasında təsviri hissəyə uyğun olaraq tərtib edilmişdir. Zərərçəkmiş şəxs sol yuxarı ətrafında cərrahi əməliyyatdan sonra postop dəyişikliklər hesabına mil sinirinin zədələnməsi baş vermişdir. Bu da, tibbi manipulyasiya və prosedur qaydalarına aid olduğundan məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin artırılmasına əsas vermir (i.v. 228-239); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini qeyd edərək, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində özünü təqsirli bilərək barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notarial ərizəsindən görünür ki, baş vermiş hadisə ilə bağlı mənə dəymiş maddi və mənəvi ziyan ikinci dəfə tam ödəmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbim yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə orqanlarına müraciət etməyəcəm. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə baş vermiş yol-nəqliyyat hadisəsinin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Lakin, məhkəmə tərəfindən təyin edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının nəticəsi olaraq təqdim edilmiş rəydən görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə müəyyən edilmiş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulma kimi tövsif edilməlidir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs də məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. 263.1-1-ci maddəsinə görə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli, iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Şöhrət oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi, onun tərəfindən vurulmuş çəkdiyi xərclər hələ də davam etdiyinə görə, ondan 15.000 (on beş min) manat məbləğində maddi və 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin, yəni cəmi 35.000 (otuz beş min) manatın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin hazırkı cinayət işi üzrə tərəflərin barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut kimi tanınmış "Kia Optima" markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 34 (otuz dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında" iltizam növündə qətimkan təbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış "Kia Optima" markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs 35.000 manat pulun tutularaq ona ödənilməsi barədə vermiş olduğu mülki iddiası zərərçəkmiş şəxsə vurulmuş zərər tam ödənildiyindən baxılmamış saxlanılsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 34 (otuz dörd) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 284 (iki yüz səksən dörd) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar