Məhkəmə qərarları › İş №1(011)-205/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-205/2021

02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-205/2021 02.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, özgənin əmlakını talama məqsədi ilə 30 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanının qarşısında dəhlizdə saxlanılmış 1 ədəd 200 manat dəyərində “Sibog” markalı velosipedi gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 11 fevral 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanının qarşısında dəhlizdə saxlanılmış 1 ədəd 110 manat dəyərində “Star Pilot” markalı velosipedi gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 110 (bir yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən çox pis vəziyyətdədir. Buna görə də, gündəlik olaraq xərclərini ödəmək üçün oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 30 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən binalardan birinin qarşısına gələrək binaya daxil olmuş və binanın 1-ci mərtəbəsindən dəhlizləri gəzə-gəzə yuxarıya doğru qalxaraq oğurlamaq üçün velosiped axtarmağa başlamışdır. O, binanın 13-cü mərtəbəsində yerləşən dəhlizə baxan zaman orada olan mənzillərdən birinin qarşısında 2 ədəd velosiped olduğunu görmüş və həmin velosipedlərdən birini oğurlamaq qərarına gəlmişdir. Ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra yaxınlaşıb 2 ədəd velosipeddən birini götürmüş və pilləkənlərlə həyətə düşürdüb, həmin velosipedi idarə edərək oradan uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra o, həmin gün oğurladığı velosipedi idarə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığına getmiş və orada oğurladığı velosipedin ona məxsus olduğunu bildirib tanımadığı şəxsə 50 manata sataraq çıxıb getmişdir. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 11 fevral 2021-ci il tarixdə 11 radələrində yenidən oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsinə getmiş və orada yerləşən binalardan birinə daxil olaraq oğurlamaq üçün velosiped axtarmağa başlamışdır. Binanın 1-ci mərtəbəsindən dəhlizləri gəzə-gəzə yuxarıya doğru qalxaraq velosiped axtarmağa başlamışdır. Həmin binanın 7-ci mərtəbəsində yerləşən dəhlizə baxan zaman orada olan mənzillərdən birinin qarşısında 1 ədəd uşaq velosipedi olduğunu görmüş və həmin velosipedi oğurlamaq qərarına gəlmişdir. O, bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığını görüb yaxınlaşıb həmin uşaq velosipedini götürüb pilləkənlə həyətə düşürdüb oradan uzaqlaşmışdır. Həmin velosiped kiçik ölçülü olduğu üçün velosipedi idarə edə bilməmişdir. Bundan sonra o, yoldan keçən taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanının və markasını xatırlamadığı avtomobillə yenidən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığına getmiş və orada oğurladığı velosipedi satmaq istəyən zaman polis əməkdaşları ona yaxınlaşaraq velosipedin kimə məxsus olduğunu soruşmuşlar. O da polis əməkdaşlarına velosipedin qohumuna məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Polis əməkdaşları da velosipedin oğurluq olmasından şübhələnib onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində törətdiyi cinayət əməlini etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun yaşadığı bina 16 mərtəbəli yaşayış binasıdır və onun mənzili binanın 7-ci mərtəbəsində yerləşir. Təxminən 6 ay olar ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən azyaşlı övladları üçün 400 manat pul verib 02 ədəd “Star Pilot” markalı velosipedi almışdır. Övladları gündəlik olaraq velosipedləri sürdükləri üçün velosipedləri yaşadığı mənzilin qarşısında dəhlizdə saxlasa da, hər gün velosipedlərin yerində olub-olmadığına nəzarət etmişdir. 11 fevral 2021-ci il tarixdə saat 09 radələrində yaşadığı ünvan 4 ünvanından çıxıb işə gedən zaman övladları üçün aldığı 02 ədəd “Star Pilot” markalı velosipedlərin mənzilin qarşısında, yəni dəhlizdə olduğunu görmüşdür. Həmin gün saat 14 radələrində yaşadığı mənzilə gələn zaman mənzilin qarşısında dəhlizdə saxladığı 02 ədəd “Star Pilot” markalı velosipedlərdən birinin yerində olsa da, digərinin yerində olmadığını görmüşdür. O, bu barədə ailə üzvləri ilə maraqlanaraq velosipedi axtarsa da, tapa bilməmişdir. O, velosipedi yaşadığı binanın dəhlizində saxlasa da, velosipedi kilidlə hər hansı bir yerə bərkidməyərək açıq şəkildə qoymuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs yaşadığı mənzilin qarşı hissəsində saxladığı 1 ədəd 200 manat dəyərində “Star Pilot” markalı velosipedi oğurlamışdır. O, Xətai RPİ-nin 37-ci PŞ-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət edib məlumat vermişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Hazırda velosiped ona qaytarılmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, onun yaşadığı bina 18 mərtəbəli yaşayış binasıdır və onun mənzili binanın 13-cü mərtəbəsində yerləşir. O, təxminən 6 aydır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzindən 400 manata “Sibog” markalı velosipedi alaraq idarə etmişdir. O, gündəlik olaraq velosiped sürdüyü üçün özünə məxsus olan velosipedi yaşadığı mənzilin qarşısında dəhlizdə saxlamışdır. Təxminən 1 aydan çox olmuşdur ki, havaların soyuması ilə əlaqədar olaraq velosipedi sürməmişdir. Buna baxmayaraq velosipedi yaşadığı mənzilin qarşı hissəsində saxlamış və hər gün velosipedin yerində olub-olmadığına nəzarət etmişdir. 30 yanvar 2021-ci il tarixdə saat 09 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 17, mənzil 371 ünvanından çıxıb işə gedən zaman velosipedin mənzilin qarşısında, yəni dəhlizdə olduğunu görmüşdür. Həmin gün, yəni 30.01.2021-ci il tarixdə saat 16 radələrində işdən çıxıb yaşadığı mənzilə gələn zaman mənzilin qarşısında dəhlizdə saxladığı özünə məxsus velosipedin yerində olmadığını görmüşdür. O, velosipedi yaşadığı binanın dəhlizində saxlasa da, velosipedi kilidlə hər hansı bir yerə bərkidməyərək açıq şəkildə qoymuşdur. O, velosipedi nə qədər axtarsa da, tapa bilməmiş və ona məlum olmuşdur ki, naməlum şəxs yaşadığı mənzilin qarşı hissəsində saxladığı 400 manat dəyərində “Sibog” markalı velosipedi oğurlamışdır. Buna görə də, Xətai RPİ-nin 37-ci PŞ-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət edib məlumat vermişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir (i.v.38-40); Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonundan müştəri götürüb Bakı şəhərinə, Bakı şəhərindən isə Biləsuvar rayonuna apararaq taksi kimi fəaliyyət göstərmişdir. 30 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə dayanaraq müştəri gözləyən zaman bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs idarə etdiyi velosipedlə ona yaxınlaşaraq salamlaşmışdır. Həmin vaxt Kənan idarə etdiyi velosipedi ona göstərib pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, velosipedin “Sibog” markalı olduğunu görmüş və Kənandan velosipedin oğurluq olub-olmadığını soruşmuşdur. Kənan da velosipedin özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün 50 manata satdığını bildirmişdir. O da Kənanla razılaşmış və 50 manat pul verib velosipedi Kənandan alaraq avtomobilin yük yerinə qoymuşdur. Bundan bir neçə gün sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq Kənanın ona satdığı “Sibog” markalı velosipedin oğurluq olduğunu bildirmişlər. O da Kənanın ona satdığı “Sibog” markalı velosipedi polis əməkdaşlarına təqdim etmişdir (i.v.104-105); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır ( i.v. 01); Hadisə yerinə baxış keçirilməsi haqqında 07.02.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Xətai rayonu S.Orucov küçəsində yerləşən 18 mərtəbəli binanın 13-cü mərtəbəsinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 08-09); Hadisə yerinə baxış keçirilməsi haqqında 11.02.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Xətai rayonu S.Vəzirov küçəsi 22, 29 nömrəli mənzil yerləşən 16 mərtəbəli binanın 7-cüi mərtəbəsinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 13-14); Təqdim etmə və götürmə barədə 11.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə ünvan 5 ünvanının qarşısından oğurladığı 01 ədəd uşaq velosipedi polis əməkdaşlarına təqdim etmişdir(i.v.18-19); Baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.01.2021ci il tarixdə Şahid satdığı 1 ədəd “Sibog” markalı velosiped Şahid götürülmüşdür(i.v.21- 22); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.02.2021-ci il tarixli, 43 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan velosipedlərin orta bazar qiyməti ilə ümumi dəyəri 310.0 manat müəyyən edilir(i.v.25-28); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v.32); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v.41); Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 16.02.2021-ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutlmuşdur (i.v. 60-61); İfadənin yerində yoxlanılması haqqında 17.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir(i.v.70-73); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.74-75); Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 18.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.89-90); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır(i.v.98-99); Sübutların qiymətləndirilməsi haqqında 25.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, 01 ədəd “Sibog” və 01 ədəd “Star Pilot” markalı velosipedlər maddi sübut kimi tanınaraq sahiblərinə geri qaytarılması qərara alınmışdır (i.v.107-113); Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim edilən ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq, işi ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş edir. Zərərçəkmiş şəxs2 Yafəs oğlunun məhkəməyə göndərdiyi teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tətəbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 22.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs “ qismində qətimkan tədbirinə dəyişdirilmiş və tutularaq dərhal həbs edilməsi qərara alınmış, o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin yaxalanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.05.2021-ci il tarixdə saat 14:00-da yaxalanaraq Səbail RPİ-nə gətirilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 22.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək, 28 may 2021ci il tarixdən 02 avqust 2021-ci ilədək həbsdə saxlanıldığı 02 (iki) ay 07 (yeddi) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (69.3), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçillərək dərhal məhkəmə iclası zalından azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməli, maddi sübut kimi tanınmış 01 ədəd “Sibog” və 01 ədəd “Star Pilot” markalı velosipedlərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək, 28 may 2021-ci il tarixdən 02 avqust 2021-ci ilədək həbsdə saxlanıldığı 02 (iki) ay 07 (yeddi) gün müddət bir günə iki gün hesablanmaqla 04 (dörd) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o dərhal məhkəmə iclası zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsin. İş üzrə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Maddi sübut kimi tanınmış 01 ədəd “Sibog” və 01 ədəd “Star Pilot” markalı velosipedlərin sahiblərinə geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhər Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar