Məhkəmə qərarları › İş №1(011)-206/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-206/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-206/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ağdam rayonu, Mahrızlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Mahrızlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 mənzil 116 ünvanında yerləşən evin eyvanında olan taxta qapını kilidini sındırmaqla qanunsuz daxil olaraq evin yataq otağında olan 60 manat dəyərində 1 ədəd “Çayka 143” markalı tikiş maşınını, həmin otaqda saxlanc yeri olan paltar dolabından 15 manat dəyərində 1 ədəd mirvariyə bənzər və sarı rəngli muncuqlardan ibarət boyunbağını, 15 manat dəyərində 1 ədəd mirvariyə bənzər və sarı rəngli muncuqlardan ibarət boyunbağı və qolbaq dəstini, 15 manat dəyərində 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü, üzük və klondan ibarət dəsti, 6 manat dəyərində gümüşü rəngli metaldan, paxlava formalı, üzərində qara rəngli qaşları olan sırğa cütünü, 5 manat dəyərində 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində mirvariyə bənzər və yastı muncuqlar olan sırğa cütünü, 4 manat dəyərində 1 ədəd sarı rəngli əlvan metaldan hazırlanmış, ürək formalı, üzərində sarı rəngli daş olan üzüyü, 3 manat dəyərində 1 ədəd sarı rəngli əlvan metal ərintisindən hazırlanmış, ilan formalı, üzərində ağ şəffaf qaşları olan üzüyü, 15 manat dəyərində 1 dəst üzərində “kupa line” yazıları olan 50 ölçülü, kişi üçün nəzərdə tutulmuş boz rəngli dəst kostyumu, 3 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan, üzərində “kırteks sports” yazıları olan, L ölçülü, qara rəngli kişi üçün nəzərdə tutulmuş idman şalvarını, 4 manat dəyərində 1 ədəd üzərində “Fashion” yazıları olan, cins materiallı, göy rəngli kişi üçün nəzərdə tutulmuş şalvarı, hər biri 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd üzərində markalanmasma dair heç bir məlumat olmayan boz rəngli kişi üçün nəzərdə tutulmuş şalvarı, 4 manat dəyərində 1 ədəd üzərində markalanmasma dair heç bir məlumat olmayan qəhvəyi rəngli yun şalı, 5 manat dəyərində 1 ədəd üzərində “Neyir” yazılan olan qalstuku, 1 manat dəyərində 1 ədəd üzərində “sheng kaihand made” yazıları olan göy-boz rəngli qalstuku, 8 manat dəyərində 1 ədəd üzərində “okland” yazıları olan, 52 ölçülü, boz rəngli kişi üçün nəzərdə tutulmuş pencəyi, 7 manat dəyərində 1 ədəd Türkiyədə istehsal edilmiş üzərində “emporio armani” yazılan olan, 3x1 ölçülü, cızıqlı kişi üçün nəzərdə tutulmuş köynəyi, 5 manat dəyərində 1 ədəd üzərində “sultanbey” yazıları olan, M ölçülü, boz rəngli kişi üçün nəzərdə tutulmuş köynəyi, 3 manat dəyərində 1 ədəd üzərində “longines” yazıları olan, ağ rəngli kişi üçün nəzərdə tutulmuş köynəyi, 5 manat dəyərində 1 ədəd üzərində “er-ay” yazılan olan, xl ölçülü, tünd göy rəngli kişi üçün nəzərdə tutulmuş gödəkcəni gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 193 (bir yüz doxsan üç) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 mənzil 20 ünvanında yerləşən mənzilin giriş qapısını açar seçmə yolu ilə açaraq mənzilə qanunsuz daxil olub evin qonaq otağında olan kiçik dolabın üzərindəki 980 manat dəyərində 1 ədəd “Panasonic” markalı televizoru gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 980 (doqquz yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində yenidən Zərərçəkmiş şəxs1 Məmmədağa oğluna məxsus ünvan 2 mənzil 116 ünvanında yerləşən evin eyvanında olan taxta qapıdan qanunsuz daxil olaraq evin dəhlizində olan kiçik masanın üzərindən 30 manat dəyərində olan 1 ədəd “Nokia” markalı, G-140W-G modelli modern və qonaq otağında kiçik dolabın üzərində olan 250 manat dəyərində 1 ədəd Malaziya istehsalı “Sony” markalı 40CX520 modelli televizoru gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 280 (iki yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki,. əvvəllər fərdi qaydada evlərdə usta kimi işləsə də hal-hazırda iş olmadığına görə heç bir yerdə işləmir. Buna görə də maddi cəhətdən sıxıntı çəkirmiş. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxaraq oğurluq etmək üçün ev axtarmağa başlamış və gəzə-gəzə ünvan 2 ünvanını arxa hissəsinə getmişdir. O, əvvəllər də həmin binaya gedib gəlmişdir. Onun tanışı Ramin həmin binaya bitişik olan binada yaşamışdır. Həmin vaxt o, qeyd olunan binanın 3-cü mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını görmüş və mənzildə heç kim olmadığını bilmişdir. Buna görə də o, həmin mənzilə daxil olaraq oradan qiymətli əşyaları oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Bundan sonra o, bu məqsədlə bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra binanın arxa hissəsində yerləşən dondurma sexinin damına, oradan da binanın ikinci mərtəbəsində yerləşən eyvanın dəmir barmaqlığı ilə binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq eyvana düşmüşdür. Eyvana düşdükdən sonra mənzil eyvanından qonaq otağına açılan taxta qapını əli ilə bir neçə dəfə itələyib açaraq mənzilə daxil olmuşdur. Sonra mənzilin otaqlarına baxan zaman orada 1 ədəd “Sony” markalı televizorun, 1 ədəd tikiş maşının, həmçinin paltar dolabında müxtəlif kişi geyimlərinin olduğunu görmüşdür. O, tikiş maşınını götürüb evdən tapdığı torbaya qoymuşdur. Bundan sonra yataq otağındakı paltar dolabından geyim əşyalarını və dolabda olan bijuteriya bəzək əşyalarını götürüb torbanın içərisinə qoyduqdan sonra mənzilə daxil olduğu eyvana, oradan da ikinci mərtəbədə olan mənzilin eyvanını dəmir barmaqlığının üzərindən dondurma sexinin üzərinə düşərək oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Oğurladığı geyim və bijuteriya əşyalarını yaşadığı evdə gizlətmişdir. Səhər, yəni xx xxxx 2020-ci il tarixdə oğurladığı tikiş maşınını götürüb “8-ci kilometr” adlı bazarın yaxınlığına yerləşən dərzi sexinə getmiş və orada bir nəfər adının bilmədiyi qadına tikiş maşınını göstərib satmaq istədiyini demişdir. Həmin qadın da ona hazırda “korona” virusla (Covid-19) əlaqədar Respublikada elan olunmuş xüsusi rejimlə bağlı işləyə bilmədiklərini bildirmişdir. O da çox israr etdikdən sonra həmin qadın ondan tikiş maşınını neçəyə satdığını soruşmuşdur. O da qadına tikiş maşının 30 manat satmaq istədiyini bildirmişdir. Həmin qadın ona pulu olmadığına görə maşını al bilməyəcəyini demişdir. O da tikiş maşının ağır olduğundan özü ilə gəzdirə bilmədiyini görüb maşınını nisyə olaraq həmin qadına 10 manat satmağa razılaşmış və tikiş maşının qadına verib, işlər açıldıqdan sonra gəlib 10 manat pulu götürəcəyini bildirmişdir. Bundan sonra o, oradan çıxaraq şəxsi işlərinin arxasınca getmişdir. Bundan başqa, o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxaraq oğurluq etmək üçün ev axtarmağa başlamış və gəzə-gəzə ünvan 3 ünvanını qarşısına getmişdir. O, qeyd olunan binanın giriş hissəsindən içəri daxil olaraq pilləkənlə yuxarıya doğru qalxmış və hər mərtəbədə olan mənzillərin qapısını döyərək mənzillərdə adam olub-olmadığını yoxlamağa başlamışdır. O, mənzillərin qapısını döyən zaman mənzildən səs gəldikdə o, yalandan bir ad deyərək həmin şəxsin orada yaşayıbyaşamadığını soruşmuşdur. Bu yolla o, binanın 7-ci mərtəbəsində yerləşən mənzillərdən birinin qapısını döyən zaman mənzildən heç kim ona cavab verməmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra üzərində olan açarları bir-bir mənzilin qapısının kilidinə salıb yoxlayan zaman həmin açarlardan biri mənzilin giriş qapısını açmışdır. O, tez mənzilə daxil olub otaqlara göz gəzdirməyə başlamışdır. Həmin vaxt o, mənzilin otaqlarının birində 1 ədəd “Panasonic” markalı televizoru olduğunu görmüş və həmin televizoru götürüb mənzildən çıxaraq oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra oğurladığı 1 ədəd televizoru taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Daewoo Nexia” markalı avtomobilə qoyaraq Sabunçu bazarına yaxın yerə aparmış və orada oğurladığı 1 ədəd “Panasonic” markalı televizoru tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib 200 manat satmışdır. Əldə etdiyi pulu isə şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, o, xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində yenidən ünvan 2 ünvanının arxa hissəsindən keçən zaman oğurluq etdiyi mənzilin işıqlarının yanmadığını görmüşdür. O, ev sahiblərinin hələ mənzilə gəlmədiyini bilmişdir. Buna görə də o, yenidən mənzilə daxil olaraq oğurluq etməyi qətiləşdirmişdir. O, bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olaraq binanın arxa hissəsində yerləşən dondurma sexinin üstünə, oradan da binanın ikinci mərtəbəsində yerləşən eyvanının dəmir barmaqlığı ilə binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına çıxmışdır. O, mənzil eyvanından qonaq otağına açılan taxta qapıdan mənzilə daxil olmuşdur. Bundan sonra o, mənzilin giriş hissəsində, ayaqqabı dolabının üzərində olan 1 ədəd “Nokia” markalı modemi elektrik cərəyanından ayırmış və internet xəttini evdən tapdığı qayçı ilə kəsərək götürmüşdür. O, mənzildən tapdığı yataq örtüyünə qonaq otağında olan 1 ədəd “Sony” markalı televizoru bükərək eyvana çıxartmışdır.. Sonra o, oğurladığı 1 ədəd “Sony” markalı televizoru və 1 ədəd modemi götürüb pilləkənlə dondurma sexinin üzərindən həyətə düşmüşdür. O, pulu olmadığına görə televizoru əlində apara bilmədiyini görüb düşünmüşdür ki, oğurladığı televizoru tanışı Raminin yaşadığı mənzilə aparıb qoysun, səhər gəlib götürüb aparıb satar. Buna görə də o, oğurladığı televizoru və modemi götürüb oğurluq etdiyi binada yaşayan tanışı Ramin yaşadığı mənzilə getmişdir. Orada o, Raminə üzərində pulu olmadığını, televizorun orada qalmasını, səhər gəlib götürəcəyini demişdir. Ramin ilk öncə onunla razılaşmasa da sonradan onun təkidi ilə Ramin televizorun yaşadığı mənzildə qalmasına razılıq vermişdir. Bundan sonra o, oğurladığı 1 ədəd “Sony” markalı televizoru Raminin yaşadığı mənzildə qoymuş və oğurladığı modemi özü ilə götürüb yaşadığı evə getmişdir. xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək ona ünvan 2, mənzil 116 ünvanında baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu bildirib onu 34-cü PB-nə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və orada yalan danışmağın heç bir mənası olmadığını görüb törətdiyi cinayət əməlini etiraf etmişdir .Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətlərinin olmamasını, bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 mənzil 116-da qeydiyyatda olmaqla, həmin ünvanda arvadı Şahnazla birlikdə yaşamışdır. Arvadı Şahnaz xx xxxx 2020-ci il tarixdə ürəyindən əməliyyat olunmuşdur. O, Şahnazı evə çıxardıqdan sonra Şahnaza rahat olması üçün qızının evində qalmağa başlamışdır. O, qızı ilə birlikdə qalsa da tez-tez gedib evə baş çəkmişdir. xx xxxxx 2020-ci il tarixdə o, kürəkəni Şahid5 ilə birlikdə yaşadığı ünvan 4 mənzil 116 ünvanına gedərək qapını açmağa çalışsa da aça bilməmişdir. Buna görə də onlar qapını açaraq mənzilə daxil olmaq üçün usta çağırmışlar. Usta gəldikdən sonra qapının kilidini sökmüş və özündə olan məftillə qapının içəri tərəfdən kilidini açmışdır. Qapını açıb mənzilə daxil olan zaman mənzilin dağınıq halda olduğunu və axtarış aparıldığını görmüşlər. Həmin vaxt ona mənzilində oğurluq hadisəsi baş verməsi məlum olmuşdur. Bundan sonra o, mənzildə olan qonaq otağına daxil olan zaman qonaq otağında olan 1 ədəd “Sony” markalı televizorun yerində olmadığını görmüşdür, digər otağa daxil olan zaman isə həmin otaqda olan 1 ədəd “Çaylca” markalı tikiş maşının və mənzilin giriş hissəsində olan “Nokia” markalı modernin yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Həmin vaxt kürəkəni Coşqun dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 34-cü PŞ-nin polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Daha sonra 34-cü PŞ-nə gedərək orada baş vermiş hadisə barədə ərizə yazaraq izahat vermişdir. Bundan sonra onlar yenidən evdən nələrin götürüldüyünə diqqətlə baxan zaman mənzildən ona məxsus 5 ədəd şalvarın, 2 ədəd pencəyin, 3 ədəd uzunqol köynəyin, 1 ədəd idman gödəkcəsinin, arvadı Şahnaza aldığı 1 ədəd baş örtüsünün (şal) və bəzək əşyalarının oğurlandığını da aşkar etmişlər. Bundan sonra onlara baş vermiş oğuluq hadisəsi zamanı yaşadıqları mənzildən ona məxsus 750 manat dəyərində 1 ədəd “Sony” markalı televizorun, 350 manat dəyərində 1 ədəd “Çayka” markalı tikiş maşınının, 50 manat dəyərində olan 1 ədəd “Nokia” markalı modemin, 50 manat dəyərində 5 ədəd şalvarın, 40 manat dəyərində 2 ədəd pencəyin, 40 manat dəyərində 3 ədəd uzunqol köynəyin, 20 manat dəyərində 1 ədəd idman gödəkcəsinin, 10 manat dəyərində 1 ədəd baş örtüsünün (şal) və 300 manat dəyərində bijuteriya əşyalarının oğurlanması məlum olmuşdur. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 5 mənzil 20 ünvanında anası Məleykə və qardaşı Nurlanla birlikdə kirayədə yaşayırmış. xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı ünvan 6 mənzil 20 ünvanına gedərək mənzilin giriş qapısını açarla açıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olan zaman qonaq otağında kiçik dolabın üzərindəki “Panasonic” markalı televizorun yerində olmadığını aşkar etmişdir. Həmin televizoru 2019-cu ilin dekabr ayında yığdığı pulla 980 manata “Kontakt Home” mağazadan almışdır. O, bundan şübhələnib mənzilə göz gəzdirsə də mənzildən hər hansı bir əşyanın götürülmədiyini və mənzildə heç bir axtarış aparılmadığmı görmüşdür. Həmin vaxt ona yaşadığı mənzildə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslərin mənzilin giriş qapısının kilidini açar seçmə yolu ilə açıb mənzilə daxil olaraq oradan ona məxsus 980 manata aldığı 1 ədəd “Panasonic” markalı televizoru oğurlaması məlum olmuşdur. Buna görə də o, anası Məleykəyə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. X7 rayonunda olmasına baxmayaraq DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra 34-cü PŞ-nin polis əməkdaşları gələrək mənzilə baxış keçirtmişlər. Daha sonra 34-cü PŞ-nə gedərək orada baş vermiş hadisə barədə ərizə yazaraq izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 980 manat maddi ziyan dəymişdir. Kirayə yaşadıqları mənzildən oğurlanmış 1 ədəd “Panasonic” markalı televizor ona məxsusdur. O, həmin televizoru hissə-hissə əmək haqqısını yığmaqla 2019cu ilin dekabr ayında 980 manat almışdır.Daha sonra təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 Afıq oğlu ifadəsində göstərmişdir ki, o, “xxxxxxxxxxxxx” MMC-də dəmirçi işləyirmiş. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zamiq ünvan 7 ünvanında anası və ailəsi ilə birlikdə yaşayırmış. xx xxxxx 2020-ci il işlədiyi “xxxxxxxxxxxxx” MMC-də işdə olan zaman anası Sayyad istifadə etdiyi ***-***-**-** saylı mobil nöməyə zəng vuraraq Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının qardaşı Zamiqi axtardıqlarını bildirmişdir. Buna görə də o, işdən çıxdıqdan sonra 34-cü PŞ-nə getmiş və orada qardaşı Zamiqi nə üçün axtardıqları ilə maraqlanan zaman ona qardaşı Zamiq oğurluq cinayəti törətdiyinə görə saxlanılması məlum olmuşdur. Bundan sonra o, Zamiqin yaşadığı ünvan 7 ünvanına getmişdir. Orada olan zaman anası Səyyada Zamiqin oğurluq cinayəti törətdiyini və polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Bundan sonra anası Səyyad zəng vuraraq ona yaşadıqları mənzildə içərisində geyim və başqa əşyalar olan göy rəngli çantanın olduğunu, həmin çantanı mənzildə olan paltaryuyan maşının içərisindən aşkar etdiklərini, çantanın onlara məxsus olmadığını bildirərək qardaşı Zamiq tərəfindən oğurlanaraq mənzilə gətirilməsindən şübhə etdiklərini demişdir. Buna görə o, anasının yaşadığı mənzilə getmiş və orada qeyd olunan çantanın açıb içərisinə baxan zaman çantanın içərisində müxtəlif geyim və bijuteriya əşyalarının, həmçinin 1 ədəd ağ rəngli üzərində “Nokia” sözləri yazılmış modemin olduğunu görmüşdür. Bundan sonra o, həmin əşyaları polisə təhvil vermək qərarına gəlmişdir. Onun qardaşı Zamiqin oğurluq cinayəti törətməsindən xəbəri olmamışdır. Zamiq bu barədə nə ona, nə də ki, ailə üzvlərinə heç bir söz deməmişdir. Onlar bu barədə Zamiq tutulduqdan sonra öyrənmişlər. Zamiqin oğurladığı əşyaları yaşadığı mənzildə gizlədərək saxlaması barədə məlumatı olmamışdır. Həmçinin anası Səyyadın da həmin əşyaların oğurluq olmasından məlumatı olmamışdır. Anası Səyyad həmin əşyaları mənzildə aşkar etdikdən sonra ona bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qaynatası, Şahnaz Qubaxanova isə onun qaynanasıdır. Eldar və Şahnaz ünvan 4 mənzil 116 ünvanında birlikdə yaşayırlarmış. Qaynanası Şahnaz xx xxxx 2020-ci il tarixdə ürəyindən əməliyyat olunduğuna görə Eldarla birlikdə onun yaşadığı mənzildə qalmağa başlamışlar. xx xxxxx 2020-ci il tarixdə Eldarla birlikdə ünvan 4 mənzil 116 ünvanına getsələr də qapını aça bilməmişlər. Buna görə də onlar qapını açaraq mənzildə daxil olmaq üçün usta çağırmışlar. Usta gəldikdən sonra qapının kilidini sökmüş və özündə olan məftillə qapını içəri tərəfdən kilidini açmışdır. Həmin vaxt onlara qapının mənzilin içərisindən arxadan bağlanması məlum olmuşdur. Qapını açıb mənzilə daxil olan zaman mənzilin dağınıq halda olduğunu və axtarış aparıldığını görmüşlər. Həmin vaxt onlar Eldarın yaşadığı mənzildə oğurluq hadisəsi baş verdiyini bilmişlər. Bundan sonra onlar mənzildə olan qonaq otağına daxil olan zaman qonaq otağında olan 1 ədəd “Sony” markalı televizorun ,1 ədəd “Çayka” markalı tikiş maşının yerində olmadığını aşkar etmişlər. Həmin vaxt qayınatası Eldar ona baş vermiş hadisə barədə polisə məlumat verməyini bildirmişdir. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra 34-cü PŞ-nin polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Daha sonra 34-cü PŞ-nə getmişlər və orada qayınatası Eldar baş vermiş hadisə barədə ərizə yazaraq izahat vermişdir. O, Eldarın yaşadığı mənzildən dəqiq olaraq nələrin götürüldüyünü bilməmişdir. Eldar ona yaşadığı mənzildən 1 ədəd “Sony” markalı televizorun, 1 ədəd “Çayka” markalı tikiş maşının, 1 ədəd “Nokia” markalı modemin, geyim və bijuteriya əşyalarının oğurlandığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 istintaqda verdiyi ifadə elan edilərək tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, ünvan 8 mənzil 23 ünvanında qeydiyyatda olmaqla yaşayırmış. xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 9 ünvanının yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, ünvan 9, mənzil 5 ünvanına axtarış keçiriləcəyini və hal şahidi kimi axtarışda iştirakını ondan xahiş etmişlər. O da polis əməkdaşına razılığını bildirmiş və ünvan 9, mənzil 5 ünvanında getmişlər. Orada polis əməkdaşları, ondan başqa dəvət olunmuş bir nəfər də hal şahidi adının sonradan öyrəndiyi Şahid1 və mənzilin sahibi X2 olmuşdur. Bundan sonra polis əməkdaşları ilə birlikdə Ramin Zeynalovun yaşadığı mənzilə daxil olmuşlar. Axtarış keçirilməzdən qabaq ona və dəvət olunmuş digər hal şahidinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra o və digər hal şahidinin iştirakı ilə Ramin Zeynalovun yaşadığı mənzilə daxil olmuşlar. Axtarış keçirilməmişdən əvvəl Ramin Zeynalova üzərində və yaşadığı mənzildə qanunsuz maddə və ya əşya varsa könüllü təqdim etməyi təklif olunmuşdur. Ramin də yaşadığı mənzilin qonaq otağında olan qəhvəyi rəngli dolabda narkotik vasitə və psixotrop maddə saxladığını bildirib dolabın orta gözündə olan şəffaf rəngli plastik qabı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onların, yəni onun və digər hal şahidinin iştirakı ilə həmin şəffaf rəngli plastik qabın içərisinə baxan zaman qabın içərisindən 1 ədəd elektron tərəzi, 3 ədəd içərisində qəhvəyi rəngli maddə olan büküm, 3 ədəd ağ kristalik rəngli maddə olan büküm, 1 ədəd şəffaf polietilen paketdə kristala bənzər maddə, 1 ədəd şpris aşkar olunmuşdur. Sonra polis əməkdaşları Ramin Zeynalovdan həmin bükümlərin içərisində olan maddələrin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman Ramin həmin aşkar olunmuş 3 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olmasını, 3 ədəd şəffaf sellofana bükülmüş duz kristallarına bənzər maddənin psixotrop maddə olan metamfetamin olmasını, 1 ədəd şəffaf polietilen paketdəki kristala bənzər maddənin isə limon duzu olmasını bildirmişdir. X4 həmin narkotik vasitə və psixotrop maddə metamfetmaini Cəlilabad rayonu ərazisində adını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını demişdir. Bundan sonra polis əməkdaşları X5 Məmmədovun saxlamaq üçün ona verdiyi televizorun yerini soruşan zaman Ramin, həmin televizorun yataq otağında olduğunu bildirmiş və yataq otağına daxil olaraq yataq dəstinin üzərində olan televizoru göstərib tanışı Təqsirləndirilən şəxs həmin televizoru ona saxlamaq üçün verdiyini bildirmişdir. Ramin Zeynalovun yaşadığı evdən aşkar olunmuş bükümlər qablaşdırılaraq möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Burada bütün hərəkətlər protokollaşdırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyü o və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadə elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə almış və cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid6 və Şahid7 istintaqda verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/861 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş materialların istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin mart-aprel aylarına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 340,0 manat müəyyən edilir. İş materiallarında olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/843-9/1402 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş zərgərlik məmulatlarının metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyalardır, ümumi çəkiləri 120,21 qramdır, üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2020-ci il mart-aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 133,0 manat müəyyən olunur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Sony” markalı televizor, 1 ədəd “Nokia” markalı modem və 1 ədəd “Çayka 143” markalı tikiş maşını, geyim və bijuteriya əşyaları maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi xx xxxxx 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1411 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Afıq oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı tələb və şikayətləri yoxdur, dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov X3 Sona Rauf qızı ilə xx.xx.2005-ci il tarixdə nikah bağlamışlar və xx.xx.2016-ci il təvəllüdlü Mehman Məmmədov adlı bir azyaşlı uşaqları var. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 47A, 12 nömrəli mənzil Təqsirləndirilən şəxs Afıq oğlunun mülkiyyətindədir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslərlə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərin ödənilməsini, eləcə də, cəzanı yüngülləşdirən digər halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 ay 01 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1.ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə verilmiş 1 ədəd “Sony” markalı televizor, 1 ədəd “Nokia” markalı modem, 1 ədəd “Çayka 143” markalı tikiş maşını, geyim və bijuteriya əşyaları hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 159.50 (yüz əlli doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) ay 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə verilmiş 1 ədəd “Sony” markalı televizor, 1 ədəd “Nokia” markalı modem, 1 ədəd “Çayka 143” markalı tikiş maşını, geyim və bijuteriya əşyaları hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 159.50 (yüz əlli doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar