Məhkəmə qərarları › İş №1(011)-206/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-206/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-206/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Mirzəyev və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs sonuncunun qohumu X1 2 ay ərzində təqaüd düzəldəcəyi barədə yalan vəd verib, inandırmaqla bu adla 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 24/a ünvanında yerləşən 6 saylı Notariat Ofisinin qarşısında ondan həmin dövrün rəsmi məzənnəsi ilə 7.990 manat manat təşkil etmiş 4.700 ABŞ dolları və 10 manat pul alıb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 8.000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, əvvəllər “Həzi Aslanov”-da evi olmuş, Zərərçəkmiş şəxs da həmin binada salonu olmuşdur. Həmin salonun içində olan dərzidə həmişə geyimlərini ütülətdirmişdir. Nazilə xanım bir gün onu çağıraraq söhbəti olduğunu bildirmiş, söhbət zamanı tanışı Şahid1 pensiya düzəltmək lazım olduğunu demiş, o problem olmadığını, həll edəcəyini bildirmişdir. Daha sonra 4-cü mikrorayonda yerləşən əlillər cəmiyyətində əvvəllərdə başqa şəxslərə pensiya düzəltdiklərini bildiyindən güvəndiyi şəxslərlə danışaraq qiyməti və lazimi sənədləri öyrənmiş, həmin vaxt tanışı “salamat adamdır?, şikayət eləməz?” deyə soruşmuş, o da problemli insan olmadığını bildirmişdir. Bundan sonra tanışı pensiya məsələsinin həll edilməsi üçün ondan 7000 (yeddi min) manat pul istəmiş, o da gəlir əldə etmək üçün əlavə olaraq 1000 (bir min) manat pul istəyərək, ümumilikdə 8000 (səkkiz min) manat istəmişdir. O Zərərçəkmiş şəxs ilə təklikdə görüşdükləri zaman sonuncudan istədiyi 8000 (səkkiz min) manatı Nazilə xanım 4700 (dörd min yeddi yüz) ABŞ dolları şəklində gətirmiş, onlar pulun notarial qaydada verilməsi üçün notariat kontoruna getmişlər. Həmin vaxt onlardan müqavilə üçün ödəniş istənilmiş, Nazilə xanım da əlavə pul vermək istəmədiyindən pulu ona adi qaydada vermişdir. Daha sonra o Zərərçəkmiş şəxs Elməddin adlı şəxslə görüşməli olduğunu bildirmiş, bundan sonra Elməddin Bakı şəhərinə gəlmiş, Elməddini özü qarşılamış, həmin vaxt onun adından dövlət orqanlarına sənədlər təqdim etmək üçün etibarnamə almışdır. Pensiya məsələsinin həll edilməsi üçün pulu verdiyi şəxs həmin vaxt nəzarət gücləndirildiyindən işi düzəldə bilməmiş, onun payına düşən 1000 (bir min) manat pulu xərclədiyindən məsələni başqa şəxslərin vasitəsi ilə həll etməyə çalışmışdır. O, tanışı olan Şahid2 ilə söhbət edərkən belə bir probleminin olduğunu bildirmiş, Gülnarə həmin vaxt Şahin adlı bir həkimin bu məsələni həll edə biləcəyini demişdir. Bu səbəbdən Gülnarədən məsələni həll etməsini xahiş etmişdir. Gülnarə tanışı olan Şahin həkimə zəng etmiş, o, 7000 (yeddi min) manatı Gülnarəyə vermiş, sonuncu da Şahin həkimə vermiş, lakin məsələni həll edə bilməmişlər, hal-hazırda Gülnarə pulu ona verdiyini etiraf etmir, Şahin həkimi də tapa bilmir. Törətdiyi əməli səmimi etiraf edir, məhkəmədən də, istintaq orqanlarından da yayınmır, ona bir ay vaxt verilərsə fəaliyyətə başladığını yeni şirkətdən əldə etdiyi gəlir vasitəsi ilə Zərərçəkmiş şəxs olan borcunu və dövlət büdcəsinə iyirmi beş faiz miqdarında ödənişi də ödəməyə hazırdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, fərdi işlə məşğuldur, dərzi sexi vardır. Obyektin yerləşdiyi binada Təqsirləndirilən şəxs mənzili olmuşdur. Vurğun həmin obyektə tez-tez gələrək geyimlərini ütülətdirmiş, onların tanışlığı oradan başlamışdır. Vurğun bir müddət dərziyə gəlməmiş, dərzi kimi işləyən işçiyə demişdir ki, Nazilə xanıma “onun xətrini çox istədiyimi, hər hansı sıxıntısı olarsa mənə desin, bütün sahələrdə tanışım var, nə çətinlik olsa kömək edəcəm” deyə deyərsən. Bir müddət sonra Vurğun dərziyə gəlmiş, həmin vaxt o, ailəvi dostlarının övladı olan Şahid1 ayağında olan şişlə bağlı əlillik təyin edilməsi üçün müraciət etmələrinə baxmayaraq əlillik pensiyasının təyin edilmədiyini, bu səbəbdən pensiyanın düzəldilməsinə kömək etməsini xahiş etmişdir. Həmin vaxt Vurğun ona pensiyanı təyin edən orqanda dayısının, əmisinin və tanışlarının olduğunu, narahat olmamağını, kömək edəcəyini, sənədləri gətirməyini demişdir. O da Elməddinə zəng etmiş, sonuncu sənədlərini göndərmiş, sənədləri götürdükdən sonra surətlərini çıxardaraq Vurğuna vermişdir. Həmin vaxt Vurğun ona danışıb nə qədər xərcin çıxacağını deyəcəyini bildirmişdir. Bir-iki gün keçdikdən sonra Vurğun ona fevralın sonunadək 8000 (səkkiz min) manat, digər aya qaldığı təqdirdə məbləğin biraz çox olacağını və çalışıb yanvar ayı ərzində məsələni həll etməyini məsləhət gördüyünü bildirmişdir. O, dostluq münasibətləri olan Şahid1 ailəsinin pulunun olmadığını, məsələnin həlinin bu tezliklə deyil, gələn aya qalmasını demiş, Vurğun isə həmin ay həll etməklərini təkid edərək 8000 (səkkiz min) manat pulun istənildiyini, Şahid1 ailəsinə pulu çatdırmalı olduqlarını deməsini demişdir. O, Vurğunun dediklərini Elməddinin ailəsinə demiş, onlarda pullarının olmadığını bildirmişlər. O, Vurğuna bacısının əməliyyatı üçün olan pulun onda olduğunu bildirmiş, Vurğun həmin pulla bir ay ərzində, ən geci iki ay ərzində məsələni həll edəcəyini demişdir. O da Elməddinin ailəsinə onda olan pulun pensiya məsələsinin həll edilməsi üçün Vurğuna verməyi, Elməddin üçün pensiya təyin edildikdən sonra pulu ona hissə-hissə qaytarmaqlarını təklif etmiş, Elməddinin ailəsi onun təklifi ilə razılaşdıqlarından o Vurğunun istədiyi 8000 (səkkiz min) manatı, 4700 (dörd min yeddi yüz) ABŞ dolları formasında “Xətai” metro stansiyasının yaxınlığında yerləşən 6 saylı notariat kontorunun qarşısında müqavilə bağlamaq şərti ilə ona verəcəyini bildirmişdir. Bu məqsədlə onlar notariat kontoruna getmiş, həmin vaxt Vurğun oranın əməkdaşından rüsumun nə qədər olacağını soruşmuş, həmin şəxsdə 100 (bir yüz) manat civarında rüsumun olacağını bildirmişdir. Həmin vaxt Vurğun ona notariat kontoruna o məbləğdə pulun verilməsinin lazımsız olduğunu, məsələnin iki ay ərzində həll olacağını, çoxlu sayda belə işlər gördüyünü demişdir. Bundan sonra notariat kontorundan çıxmışlar, beş-on metr irəli getdikdən sonra 4700 (dörd min yeddi yüz) ABŞ dolları sayaraq Vurğuna vermiş və sonuncu xəbər çıxan kimi ona deyəcəyini bildirmişdir. Həmin vaxtdan on-on beş gün keçmiş, hətta fevral ayı bitmiş, o daim Vurğuna zəng edərək Elməddinin işini maraqlanmış, Vurğun hər dəfə ona tələsməməyini, işi həll edəcəyini demişdir. İkinci ay Vurğun Elməddinin adından çıxış etmək üçün ona etibarnamə verməli olduğunu bildirmiş, həmin vaxt Elməddin etibarnamə də göndərmiş, daha sonra Vurğun bəzi məsələləri soruşmaq və izah etmək üçün Elməddin ilə görüşməli olduğunu demişdir. Elməddin Gədəbəy rayonundan “Şamaxinka” adlanan əraziyə gəlmiş, Vurğun Elməddini özü qarşılayaraq atasının, nənəsinin, babasının kim olduğunu soruşmuş və ona getməsini, daha bundan sonra Bakıya gəlməyəcəyini, işi həll olunduqdan sonra xəbər edəcəyini demişdir. Bundan sonra Vurğunu tapmaq olmamış, hər dəfə ona işin gələn ay həll olunacağını desə də, iş həll edilməmiş, o işin həll olunmadığı təqdirdə pulu qaytarmasını, bacısının səhhətinin pis olduğunu bildirmişdir. O da pulun başqa adamda olduğunu, tələsməməyini, pulu gətirəcəyini bildirsə də, bundan sonra telefon zənglərinə cavab verməmişdir. Bir dəfə zəng edərkən xəstə olduğunu, ikinci dəfə dayısının öldüyünü, üçüncü dəfə isə işlə bağlı rayonda olduğunu, gəldikdən sonra pulu verəcəyini demişdir. Sonda ondan şikayət edəcəyini, başqa yolunun olmadığını, heç olmasa gətirib pulu az-az qaytarmasını demiş, Vurğun onunla razılaşmış, lakin bundan sonra ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. O da polisə şikayət edəcəyini SMS vasitəsilə yazmış, Vurğun cavab olaraq ona nə istəyirsə etməyini, ona pul verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs dörd il bundan əvvəl taksi sürücüsü kimi tanımış və onunla sadəcə ticarətlə məşğul olmuşdur. Belə ki, Vurğun onun Rusiya Federasiyasından gətirdiyi ət və süd məhsullarını, həmçinin Ülkər adlı bir xanımın ət məhsullarını alaraq kimlərəsə satmış, bu formada onlara kömək etmişdir. Vurğun ona qarşı fiziki zor tətbiq edərək onu təhqir etdiyindən 2021-ci ildən sonra o, bu şəxsdən hüquq mühafizə orqanlarına şikayət etmişdir. O, Şahin adlı həkimi Səidə adlı xanımla bir dəfə görmüş, həmin vaxt ona ət məhsulu satmış, Şahin adlı şəxsin həkim olmasını söhbət zamanı bilmişdir. O Təqsirləndirilən şəxslə görüşməmiş, sonuncu ona pul verməmiş, Vurğunun onun barəsində dedikləri yalandır. Onun Vurğunun törətdiyi qanunsuz əməllərlə bağlı heç bir məlumatı və əlaqəsi yoxdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməsi və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi ilə bağlı teleqramı nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: zərərçəkmiş şəxs qismində tanıma haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 05 noyabr 2022-ci il tarixli cavabdan görünür ki, Hacıyev X2 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 132 və 145.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş. Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 312.2-ci maddələri ilə istintaqı aparılmış cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir ( i.v. 23-25); şübhəli şəxsin tutulması haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da tutulmuşdur ( i.v. 58); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühim əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2-ci maddə) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri habelə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 07 dekabr 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM- 158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar