Məhkəmə qərarları › İş №1(011)-207/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-207/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-207/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Mirzəyev və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cıildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 8, ev 45-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 25T mənzil 42-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14.03.2022-ci il tarixdə saat 16:30 dəqiqədə birlikdə yaşadıqları ünvan 1 ünvanında rəsmi nigahda olduğu arvadı Zərərçəkmiş şəxs Şahsimayıl qızı ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əlləri ilə baş nahiyəsindən vurmaqla və qollarını sıxmaqla ona sağ göz orbitası və gözaltı nahiyədə hematoma və bu fonda sağ göz almasının ağlı qişasında qansızma, sağ yanaq nahiyəsində qançır, başın, sifətin, boynun və qolların əziyi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 06 ildir ki, rəsmi olaraq nikah bağlayaraq ailə qurmuşlar. Bu nikahdan 25.11.2020-ci il tarixdə bir azyaşlı övladları Renat doğulmuşdur. 14.03.2022-ci il tarixdə arvadı Səbinə yaşadıqları mənzilə təmizlikdə kömək etməsi məqsədilə xadiməçi qadın dəvət etmişdir. Mənzilə yad adam gətirməsi səbəbindən əsəbiləşmiş və Səbinəyə irad bildirmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbi olduğu üçün əli ilə Zərərçəkmiş şəxs üz və baş nahiyəsindən vurmuşdur. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, əvvəllər məhkum olunmamasını qeyd edərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə qurmuş və rəsmi olaraq nikah bağlamışlar. Həmin nikahdan bir övladları doğulmuşdur. 14.03.2022-ci il tarixdə evini təmizləməkdə kömək etməsi məqsədilə yaşadığı mənzilə xadiməçi qadın dəvət etmişdir. Əri Təqsirləndirilən şəxs mənzilə gələn zaman ona evə yad adam gətirməsi barədə iradını bildirmiş və bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Kamil əlləri ilə qəsdən baş nahiyəsinə vuraraq eləcə də qollarını sıxaraq ona bədən xəsarətləri yetirmişdir. Daha sonra əri Təqsirləndirilən şəxs bu hərəkətlərinə görə bağışlamadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X2 Şəxsi Xətai rayon Şöbəsinin verdiyi 18 mart 2022-ci il tarixli 267 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözorbitası və gözaltı nahiyədə hematoma və bu fonda sağ göz almasının ağlı qişasında qansızma, sağ yanaq nahiyəsində qançır, başın, sifətin, boynun və qolların əziyi xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan - 14.03.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfındən yumruqla yetirilə bilərdi, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19.03.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AA3181707 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı var. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlunun Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, bir azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, bir azyaşlı uşağının olmasını, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə islah etmək mümkündür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar