Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-207/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən - X7, xüsusi ittiham qaydasında barəsində şikayət verilən - X8 və müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xüsusi ittiham qaydasında X4 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X7 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və mənəvi zərərə görə 10.000 manat məbləğində təzminat ödənilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, X2 ilə X5 xasiyyətləri uyğun gəlmədiyi üçün Nazlı Məhərrəmova nikahın pozulması tələbinə dair Suraxanı rayon məhkəməsində iddia qaldırmışdır. Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. 2022-ci ildə X1 Nurlan Ələsgər oğlunun Səbail rayonu, H.Z.Tağıyev 19 ünvanda yerləşən "Tratoriya" restoranına gələrək onu döyərək ona ciddi bədən xəsarətləri yetirmişdir. Şikayət Səbail RPİ-də araşdırılmış və baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Lakin məhkəmədə humanistlik edərək barışıq ərizəsi verildiyindən işə xitam verilmişdir. Humanistliyimizdən arxayınlaşan X8 onlara qarşı daha da aqressiv münasibət bəsləyərək onlara hədə qorxular gəlməyə başlamışıdır. Belə ki, Nazlı oğlunun iş yerinə gələrək iş yoldaşlarının yanında onu təhqir etmiş, nalayiq sözlərlə şərəf və ləyaqətinə toxunan ifadələr işlətməklə yanaşı onu ölümlə təhdid etmişdir. Oğluna qarşı edilən bu hərəkətə görə aidiyyatı üzrə hüquq mühafizə orqanlarına rəsmi şikayət ərizəsi ilə müraciət edilmişdir. X8 2022-ci ilin noyabr ayında həyat yoldaşına və oğluna qarşı xüsusi ittiham qaydasında Xətai rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xüsusi ittiham ərizəsində X8 həqiqətə uyğun olmayan yalan, şər və böhtanlar yazaraq onu və ailəsini şərləməyə çalışmışdır. Belə ki, onun şər və böhtanları həqiqətə yuğun olmayan sözləri məhkəmə tərəfindən müəyyənləşdirilərək şikayət ərizəsi icraata qəbul edilməmişdir. Bundan əlavə guya oğlu Nurlan Məhərrəmovun öz qızına və bacısı qızına təcavüz etməsi barədə yalan məlumat verərək hüquq mühafizə orqanlarına şikayət etmişdir. Belə ki, Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən şikayət araşdırılmış, şikayət böhtan xarakterli olduğu müəyyən edilməklə iş üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X8 ailə üzvlərinə qarşı yenidən heç bir əsası olmayan şər və böhtan xarakterli iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. O, hər dəfə onu və ailəsini şər və böhtanlar atdığı üçün ciddi psixoloji əsəb gərginliyi və stress keçirir. Artıq həyat yoldaşı şəkərli diabet xəstəliyinə düçar olmuşdur. X8 dayanmadan bütün hüquq mühafizə orqanlarına, məhkəmələrə şər və böhtan xarakterli şikayət ərizələri ilə müraciətlər edərək onları ciddi narahat edir. Onun şər və böhtanlarının heç bir hüquqi əsası yoxdur. O, bilərəkdən onları şərlər ataraq narahat edir. Onun bu əməllərinə heç bir hüquqi qiymət verilmir. Hüquqlarının X8 tərəfindən kobud surətdə pozulduğu üçün məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına şikayətlər etmişik. Onu da bildirmək istərdi ki, Nazlı Məhərəmova 261 saylı Litseydə müəllimə işləyir. O, müəllimə adına yaraşmayan hərəkətlər edərək onlara müxtəlif şər və böhtanlar atır hüquqlarını kobud surətdə pozur. Onun işi tədris deyil, yalnız böhtan xarakterli şikayət ərizələri ilə məhkəmələrə və polis idarələrinə şikayət etməkdən ibarətdir. Xüsusi ilə qeyd edmək istərdi ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon məhkəməsində "əmlak bölgüsü" ilə bağlı keçirilən proses başa çatdıqdan sonra Nazlı və onun valideyinləri onu vəşicəsinə döyərək ciddi bədən xəsarətləri yetirdiyi üçün bu barədə Xətai rayon 34-cü PŞ-nə və DİN-nin l02 qaynar xəttinə müraciət etmişdir. Aldığı xəsarətlə əlaqədar Tibb müəssisəsinə müraciət edib evə geri döndükdə saat 19 radələrində nəvələrinin pilləkənlərin üzərində əyləşməsini, mənzilin giriş qapısının isə çöl hissədən zədələnməsini və defarmasiyaya uğraması nəticəsində yararsız hala salınmasını aşkar etmişdir. Hadsə nəticəsində X8 yaşadığı mənzilin giriş qapısını sındırması ilə ümumilikdə ona 800 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin vaxtı Nazlı ictimai yerdə onları və qonşuları nalayiq küçə söyüşləri ilə təhqir etməklə şərəf və ləyaqətlərini alçatmışdır. Bundan əlavə, Nazlı “watchap” sosial şəbəkəsində qrup yaradaraq qohumlarının əlaqə nömrələrini həmin qrupa əlavə edib oinun və ailə üzvləri barəsində həqiqətə uyğun olmayan səsli və yazılı ismarıclar yazmaqla onları təhqir etmişdir. (***-***-**-** nömrə ilə 40-50 nəfərə göndərilib. "Nəslin adını ucaldanlar"qrupun adı). Bütün bu faktları qohumların və qonşuları təstiq edə bilər. Nazlının bu qanunsuz hərəkətlərindən Xətai RPİ-nin 35-ci PB-yə rəsmi qaydada şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti Xətai rayon 35-ci PB-də araşdırılmış və xx.xx.2023-cü il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Ona vurulmuş maddi ziyana görə X5 barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti ərazi aidiyyatı üzrə sahə inspektoruna göndərilmişdir. Nazlı Məhərrəmova günün müxtəlif vaxtlarında yaşadığı evin qarşısına gələrək onları nalayiq sözlərlə təhqir edir, qonşuları isə ciddi narahat edir. Bu səbəbdən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və ailə üzvlərimiz barəsində həqiqətə uyğun olmayan səsli və yazılı ismarıclar göndərməklə onları təhqir etməsi nəticəsində şərəf və ləyaqətimə xələl gətirən mənəviyyatına vurduğu psixoloji ziyana görə 10.000 manat məbləğində mənəvi təzminatın ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X7 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X8, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X14 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericilikdə təhqir xarakterli məlumatların mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirildiyi halda yayıla bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda, təhqir xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olduğu təqdirdə, şəxsin təhqirə görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinin mümkünlüyü göstərilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X4 izahatından müəyyən olunur ki, xüsusi ittiham qaydasında barələrində şikayət verilən X1 Ələsgər Qəmət oğlunun şərəf və ləyaqətini alçaldan hər hansı bir məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymamışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə xüsusi ittiham qaydasında X7 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə xüsusi ittiham qaydasında X7 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-207/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-207/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver