Məhkəmə qərarları › İş №1(011)-208/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-208/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-208/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 13 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,104 qram çəkidə narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 1,013 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsininin 36-cı PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 21 yanvar 2023-cü il tarixdə saat 00:15-də ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3ləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,104 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,013 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, anası X7 və qardaşı X4 ilə birlikdə yaşayır. X10 əqli cəhətdən qüsurlu olduğu üçün ona və anasına özü baxır. Bəzi vaxtlarda boru ustası kimi işləsə də, hazırda işsizdir. Ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır. İlk dəfə təxminən iki ay əvvəl narkotik vasitə heroindən istifadə etmişdir. Hazırda ağrıları olduğu üçün mütəmadi olaraq istifadə edir, bəzi vaxtlarda isə psixotrop maddə metamfetamin qəbul edir. İstifadə etdiyi heroin və metamfetamini yandırıb tüstüsünü çəkmə üsulu ilə qəbul edir. Həmin maddələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə edirdi. Sonuncu dəfə 20 yanvar 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən ağrıları olduğu üçün saat təxminən 22 radələrində Xətai rayonunda yerləşən “Nargilə dairəsi” adlanan ərazinin yaxınlığına getmişdir. Orada “Nargilə” adlı restoranın yaxınlığında tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmışdır. Ağrıları olduğu üçün ondan bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs isə bükümlərin hər biri üçün 10 manat olmaqla ümumilikdə 20 manat pul verməli olduğunu demişdir. O ödənişi etməklə hər ikisi şəffaf rəngli sellofan kəsiyində olan bükümləri götürüb evə getdikdən sonra istifadə etmək məqsədi ilə şalvarının sağ yan cibinə qoymuşdur. Lakin gecəni keçdikdən sonra, yəni 21 yanvar 2023-cü il tarixdə saat təxminən 00:15 radələrində Xətai rayonu, Zığ yolu küçəsi 1 saylı ünvanın qarşısından keçərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişdirlər. Bundan sonra o Xətai RPİ-nin 36-cı Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuş, daha sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyində olan narkotik vasitə heroini və 01 ədəd şəffaf rəngli sellofan kəsiyində olan psixotrop maddə metamfetamini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Bundan sonra təqdim etdiyi əvvəlcə içərisində narkotik vasitə heroin olan büküm elektron tərəzidə çəkildi və onun sellofan kəsiyi ilə birlikdə çəkisinin 1,22 qram olduğu müəyyən edildi. Növbəti olaraq isə içərisində psixotrop maddə metamfetamin olan büküm elektron tərəzidə çəkilərək 1,11 qram çəkidə olduğu müəyyən olundu. Daha sonra üzərində şəxsi axtarış keçirildi, lakin başqa hər hansı əşya və ya predmet aşkar edilmədi. Bundan sonra təqdim etdiyi hər iki büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyuldu və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkildi və möhürləndi. Sonradan göndərilən məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən üzərində aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisinin 1,104 qram, psixotrop maddə metamfetaminin isə təmiz çəkisinin 1,013 qram olduğu təsbit olunaraq ona elan edildi. Təqdim etdiyi bükümləri 20 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, “Nargilə dairəsi” adlandırılan ərazidə yerləşən “Nargilə” restoranı yaxınlığında bir nəfər tanımadığı şəxsdən hər biri 10 manat olmaqla, cəmi 20 manat qarşılığında əldə etmişdir. Həmin bükümləri şəxsi istifadəsi üçün əldə etmiş, kiməsə verməmiş və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvü isə Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 olmuşdur. 21 yanvar 2023-cü il tarixdə saat 00:15 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, Zığ yolu küçəsi 1 saylı ünvanın yaxınlığında görüb onu saxlamış, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etməklə onu 36-cı polis bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Özünün, müdafiəçinin, Xətai RPİ-nin 36-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyevin videoçəkiliş aparması ilə təhqiqatçı Qabil Hüseynov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Qabil Hüseynov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü və 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. O, cibindən çıxardığı həmin maddələri “kola” və “patı” adlandıraraq narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etmişdir. Həmin bükümləri Xətai rayonu ərazisində “Nargilə” adlı restoranın yanında şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən hər biri 10 manat qiymətində olmaqla, ümumimən 20 manat ödəməklə aldığını bildirmişdir. Daha sonra həmin bükümlərin hər biri ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş və içərisində heroinə bənzər maddə olan bükümün 1,22 qram, digər içərisində metamfetaminə bənzər maddə olan bükümün isə 1,11 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Qabil Hüseynov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan hər iki kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçı, özü və digər əməliyyat müvəkkili tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəklişin bitdiyini elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən onların büküldüyü sellofan kəsiyi ilə birlikdə kütləsinin elektron tərəzidə 1,22 və 1,11 qram olduğu aşkar edilsə də, müvafiq tədqiqat zamanı həmin maddələrin təmiz çəkilərinin, yəni sellofan kəsiyi olmadan çəkilərinin 1,104 və 1,013 qram olduğu aydın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 21 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarix saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 21 yanvar 2023-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Əliheydər Səfərovun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükümdə kütlə çıxarıb təqdim edərək onun “Kola” və “Patı” olduğu, onları axşam vaxtı Xətai rayonu, “Nargilə” kafesi yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində alaraq şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddə kağız zərfə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2023-cü il tarixli, 6/395 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddə” yazısı olan zərfdə bir ədəd bükümdə, təmiz çəkisi 1,104 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1,013 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfitamindir. Tədqiqatdan sonra heroindən qalıq – 1,054 qram və metamfitamindən qalıq 0,963 qramdır. İş materiallarından görünür ki, 1,054 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop vasitə olan heroin və 0,963 qram metamfitamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd CD formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 31 yanvar 2023-cü il tarixli, 507 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 22 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 25 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 2017-ci il tarixli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 1969-cu il təvəllüdlü qardaşı fəaliyyət qabiliyyəti olmayan X3 üzərində qəyyum təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və fəaliyyət qabiliyyəti olmayan qardaşı üzərində qəyyum olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 21 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,054 qram narkotik vasitə heroin və 0,963 metamfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd CD formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə müsadirə yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,054 qram narkotik vasitə heroin və 0,963 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar