Məhkəmə qərarları › İş №1(011)-209/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-209/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-209/2020 12.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə, o, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində ünvan 2 saylı ünvanın qarşısında yerləşən mərasim evinin pəncərəsindəki dəmir barmaqlığı dəmir parçası ilə sındırıb pəncərəni itələyib açaraq oraya qanunsuz daxil olub orada olan alüminium materialdan hazırlanmış 1 ədədinin qiyməti 100 manat olmaqla 600 manat dəyərində 6 (altı) ədəd qazan, 1 ədədinin qiyməti 15 manat olmaqla 45 manat dəyərində 3 (üç) ədəd aşsüzən, 1 ədədinin qiyməti 4 manat olmaqla 24 manat dəyərində 6 (altı) ədəd məcməyi, 1 ədədinin qiyməti 30 manat olmaqla 180 manat dəyərində 6 (altı) ədəd ləyən, 1 ədədinin qiyməti 30 manat olmaqla 90 manat dəyərində 3 (üç) ədəd çaydan, 1 ədədinin qiyməti 20 manat olmaqla 60 manat dəyərində 3 (üç) ədəd tava, 1 ədəd 150 manat dəyərində divar deşən aparat və 1 (bir) ədəd 15 manat dəyərində su motorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.164 (min yüz altmış dörd) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən mobil telefon ustası kimi fəaliyyət göstərmişdir. 2012-ci ildə tanımadığı şəxslə aralarında yaranmış mübahisə zamanı həmin şəxsə bıçaqla xəsarət yetirdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2017-ci ildə cəza müddəti bitdikdən sonra özünə heç yerdə iş tapa bilməmiş, buna görə də maddi vəziyyəti pisləşməyə başlamışdır. Atası balıq satışı ilə məşğul olduğu üçün o, atasından gündəlik xərclik alaraq dolanmışdır. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında o, piyada gəzən zaman ünvan 2 saylı ünvanın qarşısından keçərkən orada birmərtəbəli qeyri-yaşayış sahəsi olduğunu görmüş, onun pəncərəsinə yaxınlaşaraq içəriyə baxmış və içəridə alüminium qazanların olduğunu görmüşdür. Maddi vəziyyətinin pis olduğu üçün həmin qazanları oğurlayaraq satmaq qərarına gəlmiş, lakin gündüz vaxtı olduğundan və kənar şəxslərin onu görə biləcəyini düşündüyündən evə gedərək gecənin olmasını gözləmişdir. Həmin gün gecə saat 03:00 radələrində həmin qeyri-yaşayış sahəsinə gəlmiş və əvvəlcədən yerdən götürdüyü armaturu pəncərənin üzərindəki dəmir barmaqlıq ilə divarın arasına salmış və güc tətbiq edərək dəmir barmaqlığı divardan ayırmışdır. Əli ilə pəncərəni itələyərək açmış və içəriyə daxil olmuşdur. İçəriyə daxil olduqdan sonra həmin yerin dəmir qapısını içəridən açmış və içəridəki alüminium materialdan hazırlanmış 4 ədəd qazanı, 4 ədəd çaydanı, 7 ədəd ləyəni, 2 ədəd tavam və 1 ədəd su motorunu hissə-hissə oradan çıxararaq çöldə yerə qoymuş və onları təxminən 1 saat ərzində hissə-hissə olmaqla 3 dəfəyə yaxınlıqdakı parkın yanında uzun zamandır tanıdığı şiferlərdən düzəldilmiş yarımtikiliyə apararaq oraya yerləşdirmişdir. xx xxx 2020-ci il tarixdə gecə saat 01:00 radələrində dostları Tərlan və Çingizə yarımtikilidə özünə məxsus bəzi əşyalar olduğunu, hazırda həmin əşyaları evə aparmalı olduğunu, lakin tək olduğu üçün onları daşımaqda çətinlik çəkdiyini söyləmiş və əşyaları evə daşımaqda ona kömək etmələrini xahiş etmişdir, onlar da onunla razılaşmış və birlikdə əşyaları yerləşdirdiyi yarımtikiliyə getmişlər. Orada əşyaları bölüşdürərək hərəsi bir hissəsini qucağına götürmüş və həmin yarımtikilidə heç bir əşya qalmamışdır. Əşyalarla birlikdə piyada hərəkət edən zaman Bakı şəhəri, Xətai rayonu, “Movida Plaza” şadlıq sarayının yaxınlığında polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və əllərindəki əşyalar barədə onlara suallar vermişlər. O, həmin əşyaların özünə məxsus olduğunu söylədikdə, polis əməkdaşları onları 35-ci polis bölməsinə aparmışlar. Orada o, həmin əşyaları ünvan 2 saylı ünvanın qarşısında yerləşən qeyri-yaşayış sahəsindən oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq oğurluq hadisəsini törədən zaman heç kimin onu görmədiyini, Tərlan Kərimov və Çingiz Kərimovun oğurluq hadisəsindən xəbərsiz olduqlarını və oğurluğu tək etdiyini bildirmişdir.Hazırda o, zərərçəkmiş şəxs Ceyhun İbrahimova dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, bir daha belə hallara yol verməyəcəyinə nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, 1985-ci ildə qonşularla birlikdə məhəllə üçün mərasim evi tikmək qərarına gəlmiş və aralarında pul yığaraq həmin mərasim evini tikdirməyə başlamışlar. 1986-cı ildə mərasim evinin tikintisi yekunlaşmışdır. Onlar mərasim evi üçün lazım olan avadanlıqları alaraq oraya yerləşdirmişdirlər. Həmin vaxtdan məhəllədə yaşayanlardan kimsə rəhmətə gedirmişsə, yas mərasimi həmin mərasim evində keçirilirmiş. Mərasim evi fəaliyyətə başladıqdan sonra oraya nəzarət etməyi qonşular ona tapşırmışlar. O, bir müddət nəzarət etdikdən sonra şəxsi işi ilə bağlı nəzarəti dayandırmalı olmuş, 2016-cı ildə işdən çıxdıqdan sonra yenidən qonşuların istəyi ilə mərasim evinə nəzarət etməyə başlamışdır. Orada yas mərasimi keçirilərkən içəridəki əşyaları rəhmətə gedənin ailə üzvlərinə təhvil verir, mərasim bitdikdən sonra isə oranı əşyalarla birlikdə təhvil alır. Hər gün səhər təxminən saat 08:00 radələrində, bəzən isə gecələr evdən çıxaraq mərasim evini yoxlayır. xx xxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində mərasim evinin qapısını açaraq içəridəki əşyaları yoxlamış və heç bir problem olmadığı üçün evə getmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində yaşadığı evdən çıxaraq mərasim evinə yaxınlaşmış və mərasim evinin mətbəxinin pəncərəsindəki dəmir barmaqlığın əyilmiş vəziyyətdə olduğunu, və mətbəxin giriş qapısının isə açıq vəziyyətdə olduğunu görmüşdür. İçəriyə daxil olduqda sol tərəfdəki masanın üzərinə qoyduğu alüminium materialdan hazırlanmış gümüşü rəngli 6 ədəd qazanın, 3 ədəd aşsüzənin, 6 ədəd məcməyinin, 6 ədəd ləyənin, sağ tərəfdəki sobanın üzərindəki 3 ədəd gümüşü rəngli alüminium çaydanın və qarşı tərəfdəki masanın üzərinə qoyduğu 3 ədəd gümüşü rəngli alüminium tavanın, 1 ədəd divardeşən aparatın və 1 ədəd su motorunun oğurlandığını aşkar etmişdir. Oğurlanmış qazanlardan birinin qiyməti 100 manat olmaqla 6 ədədinin qiyməti 600 manat, aşsüzənlərdən birinin qiyməti 15 manat olmaqla 3 ədədinin qiyməti 45 manat, məcməyilərdən birinin qiyməti 4 manat olmaqla 6 ədədinin qiyməti 24 manat, ləyənlərdən birinin qiyməti 30 manat olmaqla 6 ədədinin qiyməti 180 manat, çaydanlardan birinin qiyməti 30 manat olmaqla 3 ədədinin qiyməti 90 manat, tavalardan birinin qiyməti 20 manat olmaqla 3 ədədinin qiyməti 60 manat, 1 ədəd divardeşən aparatın qiyməti 150 manat və 1 ədəd su motorunun qiyməti 15 manatdır. Oğurlanmış əşyaların ümumilikdə qiyməti 1164 manat təşkil edir. Oğurlanmış əşyalar qonşular tərəfindən alınsa da, mərasim evinə və içərisindəki əşyalara nəzarət etmək ona həvalə edildiyindən onların oğurlanmasına görə qonşular arasında o,cavabdehlik daşıyır və buna görə də hadisə nəticəsində 1.164 manat məbləğində maddi ziyan ona dəymişdir. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. O, Vaqif Novruzovu bağışlayır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, 1999-cu ildən 2017-ci ilə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində gizir kimi çalışmış, 2017-ci ildə isə təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra 4 saylı Telefonrabitə qovşağında fəhlə kimi işə düzəlmiş və hazırda da orada işləyir. xx xxx 2020-ci il tarixdə gecə saatlarında yaşadığı mənzildə olan zaman tanımadığı bir nəfər şəxs evlərinin qapısını döyərək qardaşı Tərlanı çölə çağırmış və Tərlan gödəkçəsini geyinərək çölə çıxmışdır. Bir neçə dəqiqədən sonra Tərlan evə qayıdaraq ona bildirmişdir ki, yaxın dostunun əşyalarını daşımaqda ona kömək etmək lazımdır. O, dostunun kim olduğunu soruşduqda, Tərlan həmin şəxsi tanımadığını söyləmişdir. O, Tərlanla birlikdə aşağıya düşmüş və onu dostu ilə tanış edərək adının İlkin olduğunu söyləmiş və onlar birlikdə Ukrayna dairəsindəki “Heydər Parkı”-nın yaxınlığında yerləşən ağaclıq sahəyə getmişlər. Orada İlkin istifadəsiz qalmış köhnə yarımtikilini göstərərək əşyaların orada olduğunu söyləmiş və onlar birlikdə içəriyə daxil olmuşlar. İçəriyə daxil olduqda orada alüminium materialdan hazırlanmış 4 ədəd qazan, 7 ədəd ləyən, 4 ədəd çaydan, 2 ədəd tava və 1 ədəd su motoru olduğunu görmüşdür. Tərlan İlkindən həmin əşyaları haradan əldə etdiyini soruşduqda o, onlara söyləmişdir ki, həmin əşyaları qohumu onlara pay vermiş, lakin evə daşıya bilmədiyi üçün müvəqqəti olaraq həmin yarımtikiliyə yerləşdirmişdir. Hər üçü bölüşərək həmin əşyaların hamısını qucaqlarına götürüb çölə çıxmışlar. Əşyalarla birlikdə Bakı şəhəri, Xətai rayonu, ərazisində yerləşən “Movida Plaza” şadlıq sarayının yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və daşıdıqları əşyaları haradan əldə etdiklərini soruşmuşlar. İlkin həmin əşyaların özünə məxsus olduğunu söylədikdə polis əməkdaşları onları yaxınlıqdakı 35-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onlara aydın olmuşdur ki, həmin əşyalar İlkinə məxsus deyil və o, həmin əşyaları oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid3 ifadə verərək göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 01:30-da iş yoldaşları ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 3 ünvanının qarşısında, yolun kənarı ilə 3 nəfər şəxsin əllərində və qucaqlarında alüminium qazan, tava ləyən və digər məişət əşyaları daşıdıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərdən daşıdıqları əşyaları haradan əldə etdiklərini soruşduqda, onlardan biri həmin əşyaların özünə məxsus olduğunu və onları evinə apardığını söyləmişdir. Onlar həmin şəxsin yalan danışdığını hiss edərək onların hər üçünü daşıdıqları əşyalarla birlikdə yaxınlıqdakı Xətai Rayon Polis idarəsinin 35-ci Polis bölməsinə aparıb bu barədə polis bölməsinin rəisinin adına raport yazmışlar. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkum olunmuş, subay, orta təhsilli, ünvan 4 mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, məhkum olunmuş, subay, ali təhsilli, ünvan 5 mənzil 18 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid1 və onunla eyni ünvanda yaşayan qardaşı, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 4 saylı telefon-rabitə qovşağında fəhlə işləyən, məhkum olunmamış, evli, oeta təhsilli Şahid2dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid4 özündən əvvəl məhkəmə iclasında ifadə vermiş şahid Bakı şəhəri Xətai RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki,o, 2009-cu ildən 2017-ci ilə kimi Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən “Bahar enerji” şirkətində sazlayıcı mühəndis vəsifəsində çalışmışdır, lakin narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə 2017-ci ildə Xətai rayon məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün işdən xaric olunmuşdur. 2018-ci ildə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra dövlət işinə düzələ bilmədiyi üçün fərdi şəkildə kompyuter mütəxəssisi kimi fəaliyyət göstərməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə 171 saylı orta məktəbdə oxumuşlar. İlkinin ondan 8 sinif aşağı oxumasına baxmayaraq o, İlkini və onun atasını qiyabi olaraq tanıyırmış, onlarla yaxın münasibəti olmasa da, tanışlıqları var imiş. Təxminən 1 ay qabaq məhəllədə gəzən zaman tanışlarının məhəllədə yığışdığını görmüş və onlara yaxınlaşan zaman İlkinin də onların arasında olduğunu görmüşdür. Bundan sonra İlkinlə münasibətləri yaranmış və onlar teztez görüşməyə başlamışlar. xx xxx 2020-ci il tarixdə sat 01:00 radələrində yaşadığı mənzildə olan zaman İlkin onlara gələrək aşağı düşməyini istəmiş, o da aşağıya düşmüşdür. Məhəllədə İlkindən nə baş verdiyini soruşduqda o, söyləmişdir ki, Ukrayna dairəsindəki “Heydər Parkı”-nın yaxınlığında özünə məxsus ev üçün lazım olan bir neçə əşyalar vardır və əşyaları daşımaqda ona kömək etmək lazımdır. O, ona kömək edə biləcəyini söylədikdə İlkin söyləmişdir ki, həmin əşyaları ikisi daşıya bilməyəcəkdir, onlara araba lazım olacaqdır, o isə gecə vaxtı araba tapa bilməyəcəklərini, lakin qardaşı Çingizin evdə olduğunu və onlara kömək edə biləcəyini söyləmişdir. Bundan sonra o, evə çıxaraq qardaşı Çingizdən onlara kömək etməsini xahiş etmiş və üçü birlikdə İlkinin göstərdiyi əşyaların olduğu yerə getmişlər. Həmin yer istifadəsiz qalmış köhnə yarımtikili imiş. İçəriyə daxil olduqda orada alüminium materialdan hazırlanmış 4 ədəd qazan, 7 ədəd ləyən, 4 ədəd çaydan, 2 ədəd tava və 1 ədəd su motoru olduğunu görmüşdür. İlkindən həmin əşyaları haradan əldə etdiyini soruşduqda o, həmin əşyaları qohumunun onlara pay verdiyini, lakin evə daşıya bilmədiyi üçün müvəqqəti olaraq həmin yarımtikiliyə yerləşdirdiyini söyləmişdir. Hər üçü bölüşərək həmin əşyaların hamısını qucaqlarına götürərək çölə çıxmışlar. Əşyalarla birlikdə piyada hərəkət edən zaman Bakı şəhəri, Xətai rayonu, ərazisində yerləşən “Movida Plaza” şadlıq sarayının yaxınlığında polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və daşıdıqları əşyaları haradan əldə etdiklərini soruşmuşlar. İlkin həmin əşyaların özünə məxsus olduğunu söylədikdə polis əməkdaşları onları yaxınlıqdakı 35-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onlara aydın olmuşdur ki, həmin əşyalar İlkinə məxsus deyil və o, həmin əşyaları oğurlamışdır. Cinayət işinin 44-cü vərəqəsində olan xx xxx 2020-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 100-102-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 128-130-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/1364 saylı məhkəmə iqtisad ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 303,0 manat müəyyən edilir. Cinayət işinin 144-151-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 04 (dörd) ədəd qazan, 07 (yeddi) ədəd ləyən, 04 (dörd) çaydan, 02 (iki) ədəd tava və 01 (bir) ədəd su motoru cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 107-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 tərəfindən xx xxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) X4 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20, 120.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilmişdir; 2) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 3) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 66.3-cü maddəsinə əsasən 05 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən xx xxxxxx 2013-cü ildə 02 (iki) ay 07 (yeddi) gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx xxxxxx 2018-ci il tarixdə cəzasının müddəti bitmişdir. Cinayət işinin 110-116-cı vərəq ələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 1(101)-297 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxxxx 2012-cı il tarixdən hesablanmışdır. Cinayət işinin 117-120-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 1(003)-319/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3. və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxxxx 2012-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 135-ci vərəqəsində olan Bakı şəhəri Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 87 saylı Mənzil Kommunal İstismar Sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 3 ünvanında qeydiyyatdadır. O, yaşadığı müddət ərzində qonşular arasında hörmət qazanmışdır, onun barəsində 87 saylı Mənzil Kommunal İstismar Sahəsinə şikayət daxil olmamışdır. Cinayət işinin 142-ci vərəqəsində olan və məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, yaşayış sahələrinə qanunsuz daxil olaraq özgənin – 1.164 (min yüz altmış dörd) manat dəyərində olan əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Lakin, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/1364 nömrəli rəyində ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 303,0 (üç yüz üç) manat müəyyən olunmuşdur. İstintaq orqanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/1364 nömrəli rəyini toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilmiş, lakin əsassız olaraq dəymiş zərərin məbləğini zərərçəkənin ifadəsi əsasında 1.164 (min yüz altmış dörd) manat məbləğində qeyd edilmişdir. Halbuki, əmlakların dəyəri barədə zərərçəkənin ifadəsində qeyd etdiyi qiymətlər digər sübutlarla təsdiq edilməmiş, əksinə mötəbərliliyi şübhə doğurmayan ekspert rəyi ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş ittihamın həcmi 1.164 (min yüz altmış dörd) manatdan 303,0 (üç yüz üç) manatadək azaldılmalı, məbləğin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməllərinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış, yəni maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi, onun özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqında və məhkəməyədək icraat dövründə verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq, Azərbaycan Respublikası CinayətMəcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, cavan olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onun həbs etməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 04 (dörd) ədəd qazan, 07 (yeddi) ədəd ləyən, 04 (dörd) çaydan, 02 (iki) ədəd tava və 01 (bir) ədəd su motoru hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasınaməhkumedilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni xx xxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus 04 (dörd) ədəd qazan, 07 (yeddi) ədəd ləyən, 04 (dörd) çaydan, 02 (iki) ədəd tava və 01 (bir) ədəd su motoru sahibi Zərərçəkmiş şəxs təhvil verildiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan növbəti gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar