Məhkəmə qərarları › İş №1(011)-209/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-209/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-209/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Lexus Bakı”da mühafizəçi vəzifəsində işləyən, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 19.03.2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanında yerləşən doqquz mərtəbəli yaşayış binasının həyətində avtomobilini parkladığı üçün qonşusu Zərərçəkmiş şəxs ona irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu ağız və burun nahiyəsindən qəsdən baş ilə bir dəfə vurmaqla döyərək ona burun sümüyünün qapalı sınığı, üst dodağın iç səthinin ağzın selikli qışasının qançırı və həmin səviyyədə üst çənədə sağda birinci kəsici diş tacının hissəvi sınığı, sağ kürəküstü nahiyənin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, Xudu Məmmədov küçəsi 41 ünvanında yerləşən 9 mərtəbəli binada kirayə yaşayır. Yaşadığı binanın qarşısında və səkidə olan yerləri başqa-başqa qonşular dəmir dirəklə işarələyərək öz avtomobilləri üçün yer ayırmışlar. Buna görə idarə etdiyi **-VO-*** dövlət qeydiyyat nişanlı "BMW 325" markalı avtomobilini binanın qarşısında saxlamağa çətinlik çəkir. 19.03.2022-ci il tarixdə dostuna məxsus "VAZ 2107" markalı avtomobilli saat 19:30 radələrində ustadan gətirərkən binanın qarşısında parklamaq istəmişdir. Bu zaman Təyyar ona yaxınlaşaraq "burda maşın saxlama" demişdir. Özü də Təyyardan "hansı səbəbə görə burda maşın saxlamamalıyam" deyə soruşmuşdur. Təyyar da ona "bu yer mənimdir” demişdir. Təyyara "keçən dəfə danışdıq, sən avtomobili blokun qarşısında saxlayırsan, bura sənin yerin deyil" demişdir. Təyyar da "burda mənim həyat yoldaşım maşın saxlayır" demişdir. Bu zaman aralarında sözlə mübahisə olmuşdur. Təyyar ondan avtomobilini çıxarmağını istəmişdir. Özü də Təyyara "sən sübut et yer sənindi, avtomobili çıxarım” demişdir. Avtomobildən düşmüş və qapılarını bağlamışdır. Təyyar ona "sən necə adamsan, yerin-yurdun bilinmir, yetim cücə kimi harda gəldi maşını saxlayırsan” demişdir. Özü də Təyyara kiməsə bunun aidiyyatı olmadığını demişdir. Bundan sonra Təyyar onu nalayiq sözlərlə söyməyə başlamışdır. O da əsəbiləşərək Təyyarın üzündən bir dəfə zərbə endirmiş və Təyyar yerə yıxılmışdır. Təyyar duran kimi telefonu əlinə alıb "102" xidmətinə məlumat vermişdir. Əsəbi olduğu və Təyyar onu söydüyü üçün onu vurmuşdur. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs 5-6 aydır ki, yaşadığı binada 8-ci mərtəbədə yaşayan kirayəçi kimi tanıyır. 19.03.2022-ci il tarixdə 19:30 radələrində yaşadığı binanın qarşısında idarə etdiyi "Mercedes E 250” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürüb saxladığı yerdən çıxardıqdan sonra Elmarın idarə etdiyi "VAZ 2107” markalı avtomobilini onun avtomobilinin yerində saxlamaq istədiyini görmüşdür. Əvvəllər də avtomobil saxladığı yerdə Elmar avtomobilini saxladığı üçün öz avtomobilini saxlayıb, onun avtomobilinə yaxınlaşmışdır. Elmar həmin vaxt sükanın arxasında əyləşmişdir. Elmara xitabən "xahiş edirəm bir də burda maşın saxlama” demişdir. Elmar da avtomobilindən düşərək, "mən saxlayacam, həmişə burda saxlayacam” deyə cavab vermişdir. Bundan sonra Elmar ona "bax indi saxlamışam, nə isə sözün var" demişdir. Özü də Elmara “səninlə insan kimi danışdım, görürəm başa düşmürsən" demişdir. Elmar da "sən artıq bezdirmisən" deməklə başı ilə burun və ağız nahiyəsindən bir dəfə ona zərbə endirmişdir. Həmin vaxt yerə yıxılmışdır. Təxminən 5 dəqiqə ərzində yerdə qalmışdır. Ayağa durduqda Elmarın onun yanında olduğunu görmüşdür. Özünə gəldikdən sonra ayağa qalxıb "102" xidmətinə hadisə barəsində məlumat vermişdir. Mübahisə zamanı və sonradan Elmarı vurmamışdır. Odur ki o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək sadələşdirilmiş işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 19.03.2022-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, ünvan 3 ünvanındakı 9 mərtəbəli yaşayış binasının qarşısına baş vermiş hadisə ilə əlaqədar olaraq baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını hadisə yerində göstərmişdir (i.v. 10-13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X1 28.03.2022-ci il tarixli, 2477 saylı məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 23); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X1 28.03.2022-ci il tarixli 1286 saylı məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda olmamışdır (i.v. 24); Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 97 saylı MKİS tərəfindən verilmiş 28.03.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 25); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.03.2022-ci il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 20.03.2022-ci il tarixli, 294 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün qapalı sınığı, üst dodağın iç səthinin ağzın selikli qışasının qançırı və həmin səviyyədə üst çənədə sağda birinci kəsici diş tacının hissəvi sınığı, sağ kürəküstü nahiyənin qançırı müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarda göstərilmiş 19.03.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir (i.v. 27-29); zərərçəkmiş qismində tanınma haqqında 29.03.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v. 30); sübutların qiymətləndirilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin yaranmadığını nəzərə alaraq material üzrə E.Yusufovun barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona yüngül bədən xəsarəti yetirməsi faktı iş materialları ilə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, MTE və PA X2 Şəxsi Xətai rayon Şöbəsinin canlı şəxsin 28.03.2022-ci il tarixli 294 saylı ekspert rəyi, 19.03.2022-ci il tarixli hadisə yerinə baxış protokolu və digər təhqiqat sənədlərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 52-54); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar