Məhkəmə qərarları › İş №1(011)-209/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-209/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-209/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədilə 10 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Şahid1 məxsus ünvan 2 ünvanının giriş qapısının üzərində olan kilidini sındırıb mənzilə qanunsuz daxil olaraq, orada təmir işləri görən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 140 manat dəyərində göy rəngli qutuda üzərində “X5” yazıları olan lazer ölçü cihazını, 01 ədəd 200 manat dəyərində beton deşən aparatı, 01 ədəd 70 manat dəyərində taxta kəsən laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 410 (dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləməmişdir. Əvvəllər məhkum olunmuş, son zamanlar heç bir fəaliyyətlə məşğul olmamış, maddi vəziyyəti normal olmamışdır. Maddi sıxıntılar çəkmişdir. O, kombi ustası kimi işləmiş, amma çox vaxt işi olmamışdır. 2022-ci ilin dekabr ayının 10-da təxminən saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 29/80 ünvanına təmirdən sonra yığılan zibilləri atmaq üçün getmişdir. Həmin ünvanda mənzil 7A-nın qarşısından keçən zaman mənzilin qapısının zəncirlə bağlandığını, həmin zənciri isə qıfılın saxladığını görmüşdür. O, bir qədər güc edən kimi qıfıl qırılmış və içəri daxil olub yaşayış olmayan, təmir gedən mənzildən 1 ədəd Lazer aparatı, 1 ədəd beton deşən aparatı, bir ədəd taxta kəsən aparatı götürüb oradan uzaqlaşmışdır. Həmin əşyalardan taxta kəsəni 15 manata və beton deşəni 20 manata Suraxanı rayonunda tanımadığı şəxsə satmış, lazer aparatını isə sonradan adı ona məlum olan Arif adlı şəxsə 21 manata satmışdır. O, ümumi qeyd edilən əşyalardan 56 manat pul qazanmış, həmin pula isə anasına dərman və evlərinə ərzaq məhsulları almışdır. Beləliklə o, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngün cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsini dolandırmaq üçün Bakı şəhərində ev təmiri ilə məşğul olur. Onun təmir üçün istifadə olunan əşyaları vardır. O, hansı evdə işləmişsə həmin əşyaları təmir etdiyi evdə qoymuşdur. Son dəfə o, ünvan 2 ünvanında Murad adlı şəxsin evində işləmişdir. 2022-ci ilin dekabr ayının 11-də o, işləmək üçün evə gedən zaman görmüşdür ki, təmirdə işlətdiyi əşyalar oğurlanmışdır. Ona görə də 35-ci PŞ-nə gedib oğurluq olması barədə ərizə yazmışdır. Oğurluq nəticəsində ona məxsus bir ədəd dəyəri 265 manat olan lazer aparatı, bir ədəd dəyəri 200 manat beton deşən aparat, bir ədəd dəyəri 70 manat olan taxta kəsən laqonda oğurlanmışdır. Həmçinin o, ərizə yazdıqdan sonra bilmişdir ki, oğurluq edən şəxs Ruslan adlı şəxsdir, həmin şəxsin oğurluq zamanı ona məxsus əldə etdiyi əşyalardan lazeri polis əməkdaşları tapmış, lakin digər iki ləvazimatı isə Ruslan tanımadığı şəxsə satmışdır. O, sonuncu dəfə təmir işləri gördüyü ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə olmuşdur. Həmin gün mənzildə təmir işləri görüb saat 18 radələrində mənzildən çıxıb getmişdir. Mənzildə təmir işləri görüldüyü üçün mənzilin yeni giriş qapısı qoyulmasa da, müvəqqəti olaraq köhnə qapı qoyulmuşdur. Həmin qapını zəncirlə bağladıqdan sonra zənciri qıfıl ilə kilidləmişdir ki, kənar şəxslər mənzilə daxil olmasın. Həmin lazer aparatı göy rəngli aparata məxsus çantanın içərisində olmuşdur. Lazer aparatının üzərində “X5” yazıları yazılmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, özünü dolandırmaq üçün günəmuzd olaraq moykada işləyir. 2022-ci ilin dekabr ayının 10-da təxminən saat 19 radələrində moykada olan zaman bir nəfər tanımadığı sonradan adı ona məlum olan Ruslan adlı şəxs onun yanına gəlib anasının xəstə olduğunu, özünün usta kimi işlədiyini, lazer aparatını anası xəstə olduğu üçün satdığını bildirmişdir. O da Ruslandan lazer aparatını alıb sonradan işinə yarayacağını düşünmüşdür. Ona görə də 20 manat müqabilində lazer aparatını Ruslandan almışdır. Həmin vaxt o, lazer aparatının oğurluq olması barədə heç nə bilməmişdir. Bir gün sonra polis əməkdaşları onun işlədiyi moykaya gəlib Ruslanın ona satdığı lazer aparatının oğurluq olmasını demişlər. O da lazer aparatını könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ünvandan başqa ünvan 5susdur. Mənzildə təmir işləri ilə əlaqədar olaraq orada yaşamamış və təmir işləri Murad Babayev adlı usta tərəfindən görülmüşdür. Mənzildə təmir işləri görüldüyü üçün o, hərdən gedərək təmirin nə yerdə olması ilə maraqlanıb nəzarət etmişdir. 10 dekabr 2022-ci il tarixdə saat 17 radələrində o, təmir işləri görülən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 29/80, mənzil 7 ünvanına baş çəkmək üçün getmişdir. Həmin vaxt o, mənzilin giriş qapısının üzərində olan qıfılın sındırıldığını görmüş və bundan şübhələnib mənzilə daxil olaraq orada saxladığı əşyalara nəzər salmışdır. Həmin vaxt o, mənzilə kənar şəxslərin daxil olmasını başa düşsə də, mənzildən ona məxsus heç bir əşyanın oğurlanmadığını aşkar etmişdir. Buna baxmayaraq o, mənzildə usta işləyən Zərərçəkmiş şəxs zəng vuraraq sonuncuya bu barədə məlumat vermiş və mənzilə gələrək əşyalarını yoxlamasını tapşırıb çıxıb getmişdir. 11 dekabr 2022-ci il tarixdə Mətləb mənzilə gələrək təmir əşyalarını yoxlayan zaman əşyaların yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Xətai RPİ-nin 35-ci PB-nə gedərək ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Həmin hadisə zamanı Mətləbə məxsus 01 ədəd lazer aparatı, 01 ədəd laqonda və 01 ədəd divar deşən perforator oğurlanmışdır. Mənzildən ona məxsus heç bir əşya oğurlanmasa da, mənzilin qapısının üzərində olan 6 manata aldığı qıfıl sındırılmışdır. Həmin hadisə nəticəsində ona 6 manat maddi ziyan dəymişdir. Mənzil binanın 1-ci mərtəbəsində yerləşmişdir. Mənzildə təmir işləri bitmədiyi üçün o, mənzilə yeni qapı qoymasa da, köhnə dəmir qapı qoymuşdur ki, kənar şəxslər mənzilə daxil olmasın. Həmin qapının kilidi olmadığı üçün mənzilin qapısını ilk olaraq zəncirlə keçirib bağlamış, zənciri də saxlaması üçün qıfılla kilidləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında 12 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 14-16); təqdim etmə barədə 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X1 dairəsinin yaxınlığında 20 manat pul müqabilində aldığı lazeri istintaq orqanına təqdim etmiş və lazerin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 27-28); şübhəli şəxsin tutulması haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 42-43); təqsirləndirilən şəxsə ittham elan edilməsi haqqında 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 54-55); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-650/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 71-76); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 83); əşyanın tanınmaya təqdim edilməsi haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus 01 ədəd lazer aparatını rəngindən, markasından, ölçüsündən və işlənmə dərəcəsindən tanımış, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 90-92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4 və 85.2-ci maddələri tətbiq olunmaqla şərti maliyyə vahidinin 300 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən xx.xx.2016-cı il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır (i.v. 100-102); ifadənin yerində yoxlanılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 119-121); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/594 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən “01 ədəd göy rəngli qutuda üzərində “X5” yazıları olan lazer ölçü cihazı orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 140,00 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, istismar müddəti, texniki vəziyyəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (i.v. 122-124); sübutların qiymətləndirilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/594 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd göy rəngli qutuda üzərində “X5” yazıları olan lazer ölçü cihazı maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır (i.v. 125-131); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (i.v. 133); zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli 01 nömrəli Qərarının 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 21-ci bəndində qeyd edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Həmin Qərarın 22-ci bəndində qeyd edilmişdir ki, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CMnin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 20 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 10 dekabr 2022-ci il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı (CM-65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının əvvəli 16 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd göy rəngli qutuda üzərində “X5” yazıları olan lazer ölçü cihazının Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd göy rəngli qutuda üzərində “X5” yazıları olan lazer ölçü cihazının Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar