Məhkəmə qərarları › İş №1(011)-21/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-21/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-21/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - X3 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 03 avqust 1991-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə 23 mart 2021-ci il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncudan şəkil çəkmək üçün telefonunu istəmiş, Zərərçəkmiş şəxs telefonun enerjisinin olmadığını deyərək telefonu vermədikdə, o, Zərərçəkmiş şəxs inanmayaraq, telefona baxmaq istədiyini bildirmiş, sonuncu telefonu ona göstərən zaman o, Zərərçəkmiş şəxs əlindəki bir ədəd daxilində 5 (beş) manat qiymətində GSM nömrəsi olan 450 (dörd yüz əlli) manat qiymətində “Redmi Note 9” markalı mobil telefonu ələ keçirib, həmin yerdən qaçıb uzaqlaşaraq, zərərçəkmiş şəxsə ümumilikdə 455 (dörd yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını açıq talayaraq, soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, son zamanlar Qaradağ rayonu, Qobu Park 1 yaşayış kompleksində ailə üzvləri ilə birlikdə yaşamışdır. Hazırda heç bir yerdə işləmir. Uşaqlığı Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında olan məhəllələrdə keçdiyindən, evdə darıxdığına görə, məhəllələrinə gedib, orada olan məhəllə uşaqları ilə görüşüb söhbətləşir. 23 mart 2021-ci il tarixdə, səhər saatlarında evdə heç bir işi olmadığından köhnə məhəllələrinə getməyi qərara almışdır. Gedib bir qədər məhəllədə gəzişdikdən sonra, köhnə dostlarından, qonşulardan heç kimin olmadığını görmüşdür. Evə getmək istəyən zaman, M.Hadi küçəsi 63 ünvanının qarşısında bir nəfər balaca uşağın əlində mobil telefon olduğunu görmüşdür. Pula ehtiyacı olduğundan, uşağın telefonunu hər hansı bir yolla əlindən almağı və həmin telefonu satıb öz maddi ehtiyaclarını qarşılaya biləcəyini düşünmüşdür. Bu fikirlə uşağa yaxınlaşıb, şəkil çəkmək üçün telefonu uşaqdan istəmişdir. Uşaq isə telefonunun enerjisinin olmadığını bildirərək, telefonu şalvarın cibinə qoymuşdur. O, inanmadığını deyərək, telefona baxmaq istədiyini bildirmişdir. Uşaq telefonu cibindən çıxardıb ona göstərən zaman, o, cəld şəkildə telefonu uşağın əlindən alıb qaçmağa başlamışdır. Uşaq arxasınca qaçıb onu səsləsə də, o, buna məhəl qoymayaraq, həmin ünvandan uzaqlaşmışdır. Daha sonra, həmin telefonun daxilindəki nömrəni sındıraraq atmışdır. O, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən məhəlləyə gedib, orada yaşayan Ayaz adlı şəxsi görmüşdür. O, Ayaza pula ehtiyacı olduğunu, telefonunu satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. O, onunla birlikdə gedib, Ayazın şəxsiyyət vəsiqəsi ilə telefonu satmaq istədiyini bildirdikdə, sonuncu buna etiraz etməmişdir. Daha sonra, onlar “Neftçilər” metrostansiyasının yaxınlığında olan mağazalardan birində həmin telefonu 180 manata satmışdırlar. Mobil telefonu satan zaman, telefonun özünə məxsus olduğunu bildirmişdir. Telefonun satışından əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs göstərdi ki, o, Xətai rayonu, 86 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Ölkədə yaranmış karantin rejimi ilə əlaqədar 2021-ci ilin əvvəllərində təhsil “onlayn” şəkildə keçirilirdir. Bu səbəbdən o, həmin dövrdə məktəbə getmirdir. Hər gün səhər saatlarından günorta saatlarına qədər “onlayn” şəkildə dərslər keçirilirdir. “Onlayn” şəkildə dərslərdə iştirak etmək üçün, babası Şahid1 ona 650 manat pula aldığı “Redmi Note 9” markalı mobil telefonu hədiyyə etmişdir. Novruz bayramı ilə əlaqədar dərsləri olmadığından, məhəllədə dostları ilə müxtəlif oyunlar oynayaraq, vaxtını keçirirdir. 23 mart 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı binanın həyətinə düşmüşdür. Məhəllədə dostlarından kimsənin olmadığını görüb, cibində olan mobil telefonu çıxardaraq, bir az oynadıqdan sonra, evə getməyi düşünmüşdür. Həmin vaxt əvvəllər onların məhəlləsində yaşayan Camal adlı şəxs ona yaxınlaşaraq, onun mobil telefonu ilə şəkil çəkdirmək istədiyini bildirmişdir. O, telefonun enerjisinin bitdiyini deyib, telefonu cibinə qoymuşdur. Camal adlı şəxs ona inanmadığını və telefonu ona göstərməsini istəmişdir. O, mobil telefonu cibindən çıxardıb göstərmək istəyən zaman, Camal əlindən telefonu dartıb almış və qaçmağa başlamışdır. Həmin zaman, o, Camalın arxasınca qaçıb sonuncunu səsləsə də, Camal buna əhəmiyyət verməyərək, məhəlləni tərk etmişdir. Bundan sonra o, evə gedib başqa bir mobil telefon vasitəsilə DİN-nin 102 xidmətinə zəng vuraraq, mobil telefonunun Camal adlı şəxs tərəfindən oğurlandığını bildirmişdir. Hadisə nəticəsində ona 455 manat maddi ziyan dəymişdir. Belə ki, mobil telefonunun işlənmiş vəziyyətdə qiyməti 450 manat, daxilindəki nömrənin isə qiyməti 5 manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs onun nəvəsidir və Yusif Xətai rayonunun 86 saylı tam orta məktəbinin 9-cu sinif şagirdidir. Nəvəsi Yusifin “onlayn” şəkildə keçirilən dərslərdə iştirak etməsi üçün, 2021-ci ilin fevral ayında o, nəvəsinə 650 manata mobil telefon almışdır. Mart ayında bayram günləri ilə əlaqədar dərslər olmamış və Yusif vaxtının çox hissəsini yaşadıqları evin həyətində uşaqlarla birlikdə keçirirmiş. 23 mart 2021-ci il tarixdə, günorta saatlarında nəvəsi Yusif həyətə düşüb uşaqlarla oynamaq üçün ondan icazə istəmiş, o da, buna heç bir etiraz etməmişdir. Bir qədər sonra, Yusif evə qalxaraq, həyəcanlı şəkildə ondan mobil telefonunu istəmişdir. O, Yusifdən nə baş verdiyini soruşduqda, sonuncu əvvəl qonşuları olmuş Camal adlı şəxsin əlindən telefonunu götürüb qaçdığını bildirmişdir. Nəvəsi DİN-nin 102 xidmətinə zəng vuraraq, baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra isə polis əməkdaşları gələrək, hadisə yerini müayinə etmişlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, o, Xətai rayonu, M.Hadi küçəsində yerləşən binada qardaşı ilə birlikdə yaşayır. 23 mart 2021-ci il tarixdə, günorta saatlarında yaşadığı binanın həyətində olarkən, əvvəllər onların həyətində yaşamış Camal adlı şəxsi görmüşdür. Camal yaşadığı məhəllədən köçdüyünü və hazırda Qaradağ rayonunda, Qobu Park yaşayış kompleksində yaşadığını bildirmişdir. Söhbət zamanı Camal ona pula ehtiyacı olduğunu və özünə məxsus mobil telefonu satmaq fikrində olduğunu demişdir. Lakin, şəxsiyyət vəsiqəsi olmadığına görə, onun şəxsiyyət vəsiqəsi ilə telefonu satmaq istədiyini bildirmişdir. O, Camalla razılaşmış və onlar birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığına gedib, orada mağazalardan birində telefonu 180 manata satmışlar. Bundan sonra, Camal pulu götürüb getmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd CD-R formatlı diskə baxış keçirilən zaman müəyyən olundu ki, yaşayış binasının girişində, pilləkəndə iki nəfər şəxsin dayandığı əks olunur. Şəxslərdən birinin əynində qara zolaqlı gödəkçə və başında qara papaq var. Digərinin əynində isə qara gödəkçə, başında qara papaq və üzündə qara maska var. Qara papaqlı, qara maska və əynində qara paltar olan şəxs digər zolaqlı qara gödəkçə geyinən şəxsin əlindən nə isə götürərək, pilləkənlə aşağı düşür və sürətlə həmin yerdən uzaqlaşır. Digər şəxs isə onun arxasınca qaçır. İş materiallarından görünür ki, baş vermiş hadisənin görüntüləri əks olunmuş bir ədəd CD-R formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 09 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun 08 may 2021-ci il tarixdən 09 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - baş vermiş hadisənin görüntüləri əks olunmuş bir ədəd CD-R formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - baş vermiş hadisənin görüntüləri əks olunmuş bir ədəd CD-R formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar