Məhkəmə qərarları › İş №1(011)-210/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-210/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-210/2020 12.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, hazırda heç yerdə işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 1(006)-282/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxx 2019-cu tarixindən hesablanmış, Salyan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(057)-82/2020 saylı qərarı ilə 08 (səkkiz) ay 19 (on doqquz) gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamaqla gəzdirərək daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 1 (bir) ədəd yivli odlu silah hesab edilən texniki cəhətdən saz və atəşə yararlı 1923-cü ildə zavod üsulu ilə Rusiya Dövlətində istehsal olunmuş 7,62 mm kalirbli 8912 nömrəli “Naqan” sistemli revolveri əldə edib üzərində saxlamaqla gəzdirərək daşımış və xx xxx 2020-ci il tarixdə saat 14 radələrində odlu silahın əldə edilməsi, daşıması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi X6 küçəsi 71 ünvanında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhər Baş Polis İdarəsinə gətirilib İdarənin inzibati binasında üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarının arxa hissəsindən kəmərə keçirilmiş vəziyyətdə 1 (bir) ədəd yivli odlu silah hesab edilən texniki cəhətdən saz və atəşə yararlı 1923-cü ildə zavod üsulu ilə Rusiya Dövlətində istehsal olunmuş 7,62 mm kalirbli 8912 nömrəli “Naqan” sistemli revolver aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-282/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxx 2019-cu tarixindən hesablanmışdır. Salyan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(057)-82/2020 saylı qərarı ilə o, 08 (səkkiz) ay 19 (on doqquz) gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Onun babası Aleksandrdan ona yadigar olaraq qalan “Naqan” tipli tapanca olmuşdur. Həmin tapancanın içində 6 ədəd də patronu olmuşdur. Babası 1996-cı ildə rəhmətə getmişdir. Babası rəhmətə gedəndə həmin tapancanı ona vermişdir, o da həmin vaxtdan tapancanı yaşadığı evin zirzəmisində saxlamışdır. 2020-ci ilin mart ayında o, həbsdən çıxandan sonra iş tapa bilmədiyindən pula ehtiyacı olduğu üçün xx xxx 2020-ci ildə saat təxminən 12-13 radələrində yaşadığı evdən tapancanı və patronları götürmüş, tapancanı şalvarımın arxadan kəmər hissəsinə keçirmiş, patronları isə şalvarının sol yan cibinə qoyub Maştağa qəsəbəsinə gəlmişdir ki, orada bir müştəri tapıb təxminən 200-250 manata satar. Bu məqsədlə o, Maştağa qəsəbəsi A.Hüseyn küçəsi 71 ünvanına gəlmişdir. O, həmin ünvanda Narkoloji Dispanser yerləşdiyindən, həmin yerlərə tez-tez gedib gəldiyindən oralara yaxşı tanıyırmış. Təxminən saat 14:00 radələrində o, orada olan zaman ona mülki geyimdə şəxslər yaxınlaşmışlar və özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim etmişlər və onu onlarla birlikdə Bakı Baş Polis İdarəsinə getməyə dəvət etmişlər. O da etiraz etməmiş və razılaşmışdır. Bundan sonra birlikdə onlar Bakı Şəhər Baş Polis İdarəsinə gəlmişlər, orada ona vəkil təyin edilmiş və vəkilin iştirakı ilə onun üzərinə baxış keçirməyə başlamışlar. Həmin vaxt polis əməkdaşları ona təklif etmişlər ki, üzərində hər hansı bir cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. O, artıq polislərin onu saxladıqlarından fikirləşmişdir ki, polislər onda silah olduğunu bilirlər və bu səbəbdən şalvarının arxadan kəmər hissəsinə keçirdiyi “Naqan” tipli tapancanı və şalvarının sol yan cibində olan 6 ədəd həmin silahda istifadə edilən patronları çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onunla şifahi söhbət aparan zaman həmin tapanca və patronların ona babası rəhmətə getməmişdən qabaq verdiyini bildirmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. O, həmin silahın qanunsuz olaraq daşınmasının cinayət olmasını bilirmiş, həmin silahla hər hansı bir qanunsuz əməl törətməmiş və həmin silahdan istifadə edərək atəş açmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi təsir göstərilməmiş və ya ona hər hansı bir qanunsuz hərəkət olunmamışdır. Əməlindən peşman olduğunu, İİ qrup əlil olduğunu, QİÇS xəstəliyindən əziyyət çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X4 bölmə rəisi, polis mayoru Şahid1 ifadə verərək göstərmişdir ki,xx xxx 2020-ci il tarixdə daxil olmuş məlumat əsasında müəyyən etmişlər ki, xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, saxlaması üzərində daşıması və gəzdirməsi ilə məşğul olur. Ona görə də bu barədə raportla məruzə edərək Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədlbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, onun və İdarənin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra elə həmin gün saat 14:00 radələrində ünvan 6 ünvanında olan zaman Təqsirləndirilən şəxs görüb və onu Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Bakı Şəhər Baş Polis İdarəsinə gətirildikdən sonra raportla məruzə etmişlər. Daha sonra İdarənin Təhqiqat şöbəsində dəvət olunmuş vəkil, onun və baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir cinayət xarakterli əşya varsa könüllü olaraq təqdim etsin. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın arxa hissəsində kəmərə keçirilmiş vəziyyətdə bir ədəd naqan sistemli revolver və əynindəki şalvarın sol yan cibindən altı ədəd üzərində yazıları oxunmayan patronlar aşkar edilərək götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılar o cümlədən onun tərəfindən imzalanmışdır. Polis idaəsində Ramil Həsənova hər hansı bir fiziki və yaxud psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X4 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında özündən əvvəl şahid qismində ifadə vermiş Bakı şəhəri BPİ-nin X4 bölmə rəisi, polis mayoru Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 74-78-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(011)-327/2020 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 42-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli 20/239R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silahın çərçivəsi üzərində zavod nömrəsini göstərən 8912 silah və buraxılış ili 1923 və kiril əlifbası ilə “RSFSR Per. TULS Zav” rəqəmləri həkk olunmuşdur. Tədqiqata təqdim edilmiş 01 ədəd 8912 №-li silah zavod üsulu ilə Rusiya dövlətində 1923-cü ildə istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır. Silahın hissə və mexanizmləri yerindədir bir-biri ilə əlaqəsi, işləməsi normaldır, silah atəş üçün yararlıdır. Silahdan atılan atəşlər zamanı ləngimə müşahidə edilmədi, atəş vurucu-buraxıcı mexanizmin birinci zərbəsi nəticəsində açılır. Tədqiqata təqdim edilmiş 01 ədəd 8912 №-li silah zavod üsulu ilə Rusiya dövlətində 1923cü ildə istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronları adi gözlə nəzərdən keçirdikdə müəyyən edildi ki, onların üzərində əzilmə, çartlama, partlama izlərinin olması, bütövlüyünün pozulması, səthlərinin və dib hissələrinin paslanması, karroziyaya uğraması müşahidə edildi. Patronlar aşağıdakı ölçülərə malikdir: ümumi uzunluğu 38,5 mm, gilizin uzunluğu 38,5 mm, gilizin ağız hissəsinin diametri-8,1 mm, gövdəsinin diametri-8,6 mm, güllənin aparıcı hissəsinin diametri 7,62 mm-dir. Tədqiqata təqdim olunmuş 06 ədəd patronlar, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar. Patronların səthlərinin oksid təbəqələri pozulmuş, paslanmış vəziyyətdə olması və həddindən artıq paslanaraq karroziyaya uğraması onu göstərir ki, təqdim edilmiş patronlar hal-hazırda atəş üçün yararsızdırlar və döyüş sursatı hesab edilmirlər. Cinayət işinin 106-111-сi vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd 8912№ silah zavod üsulu ilə Rusiya dövlətində 1923-cü ildə istehsal olunmuş, 7,62 mm kalibrli “Naqan” sistemli revolver maddi sübut kimi tanınmış və həmin revolver o, cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş döyüş sursatı hesab edilməyən 6 (altı) ədəd patron saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 80-83-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 2) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətnə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 3) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxxx 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; 4) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 234.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 5) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 6) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 7) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən 08 (səkkiz) ay 19 (on doqquz) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-282/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxx 2019-cu tarixindən hesablanmışdır. Cinayət işinin 103-105-ci vərəqələrində olan Salyan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(057)-82/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-282/2019 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 08 (səkkiz) ay 19 (on doqquz) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 1(011)-282/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, alyan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(057)-82/2020 saylı qərarı ilə o, 08 (səkkiz) ay 19 (on doqquz) gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs barədə şərti vaxtından əvvəl azad etmənin 08 (səkkiz) ay 19 (on doqquz) gün hissəsindən xx xxx 2020-ci il tarixədək 02 (iki) ay 12 (on iki) günü keçmiş, 06 (altı) ay 07 (yeddi) günü qalmışdır. Cinayət işinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin X1 müayinə edilməsi barədə elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İnfeksioan və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virusu xəstəliyindən əziyyət çəkir. İİ dərəcəli əlildir. (müddəti xx.xx.2023-cü il tarixədək). Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamaqla gəzdirərək daşıması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, infeksioan və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virusu xəstəliyindən əziyyət çəkdiyini, İİ qrup əlil olduğunu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-282/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxx 2019-cu tarixindən hesablanmışdır. Salyan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(057)-82/2020 saylı qərarı ilə o, 08 (səkkiz) ay 19 (on doqquz) gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunan dövrdə xx xxx 2020-ci il tarixdə qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamaqla gəzdirərək daşıması cinayətini törətmişdir. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx xxx 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-282/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Salyan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(057)-82/2020 saylı qərarı ilə 08 (səkkiz) ay 19 (on doqquz) gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə qərarı üzrə çəkilməmiş hissəsi 06 (altı) ay 07 (yeddi) gün hazırki iş üzrə ona təyin ediləcək cəzaya qismən birləşdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1cimaddəsinə əsasən cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-cimaddəsinə əsasən ona hökmlərin məcmusu ilə cəza təyin edilməli, hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın cəkilməmiş hissəsi qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən cox olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azər-baycan Respublikası Ali Məh-kəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarına görə, Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci mad-də--lə-rinə uyğun təyin olunmuş qəti çəzanın cəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tut-ma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Cəzaçəkmə müəssisəsiniin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 (bir) ədəd 8912 №-li silah zavod üsulu ilə Rusiya dövlətində 1923-cü ildə istehsal olunmuş 7,63 mm kalibrli “Naqan” sistemli revolver dövlət nəfinə müsadirə olunmalı və saxlanılmaları üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilməlidir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan atəş üçün yarasız və döyüş sursatı hesab edilməyən 06 (altı) ədəd patron hökm qanuni hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-cimaddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-282/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair cəzasının Salyan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(057)-82/2020 saylı qərarı ilə 08 (səkkiz) ay 19 (on doqquz) gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə qərarı üzrə çəkilməmiş 06 (altı) ay 07 (yeddi) gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində, qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri saxlanc anbarında saxlanılan 01 (bir) ədəd 8912 №-li silah zavod üsulu ilə Rusiya dövlətində 1923-cü ildə istehsal olunmuş 7,63 mm kalibrli “Naqan” sistemli revolver dövlət nəfinə müsadirə olunmalı və saxlanılmaları üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri BPİ-nin Təchizat Şöbəsininin saxlanc anbarında saxlanılan atəş üçün yarasız və döyüş sursatı hesab edilməyən 06 (altı) ədəd patron hökm qanuni hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar