Məhkəmə qərarları › İş №1(011)-211/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-211/2022

16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-211/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək guya işçisi olduğu “Sonar Farm" MMC-dən dərman preparatlarını ucuz qiymətə alıb baha qiymətə satılmasını həyata keçirərək bu işdən yaxşı qazanc əldə etdiyini, pul qoyacağı halda gələcəkdə əldə olunacaq gəlirdən yüksək qazanc verəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumat verib Zərərçəkmiş şəxs inandırmış, bu məqsədlə sonuncudan 22 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında 5010 manat, həmin gün ünvan 3nat, 23 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında 3200 manat, 24 fevral 2021-ci il tarixdə həmin ünvanda 1300 manat, 27 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94/10 ünvanında yerləşən “Bravo” marketin yaxınlığında həmin dövrün məzənnəsi ilə 21.003.5 manat təşkil edən 12.355 ABŞ dolları, ümumilikdə 31.513.5 (otuz bir min beş yüz on üç manat əlli qəpik) manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Onunla yaxşı münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs işlətdiyi "Ayıq Sürücü" şirkətində operator işləmişdir. Bir müddət sonra o, Zərərçəkmiş şəxs yanından işdən çıxmış və dərman şirkətinə işə düzəlmişdir. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs ilə bir yerdə işləməsələr də, yoldaşlıq münasibətləri davam etmiş və mütəmadi olaraq bir-biriləri ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. 2021-ci ilin əvvəlləri o, “Rent a car"dan idarə etmək üçün maşın götürmüşdür. Həmin ərəfələrdə onun xeyli miqdarda borcları var idi. Həmin borcları qaytarmağa çalışsa da bunu edə bilmirdi. Buna görə də qərara gəlmişdir ki, tanışı Zərərçəkmiş şəxs aldadaraq müəyyən məbləğdə pulunu ələ keçirsin və borclarını ödəsin. 2021-ci ilin yanvar ayında mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxslə əlaqə saxlamış və görüşmək istədiyini bildirmişdir. Həmin gün axşam saatlarında o, Zərərçəkmiş şəxslə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən kafelərin birində görüşmüşlər. Görüşə gedən zaman o, rent-a-cardan götürdüyü BMW markalı F30 markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. Həmin avtomobili Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “rent a car" şirkətindən gündəlik icarəsi 125 manat ödəməklə götürmüşdür. Həmin avtomobil ilə görüşə getməyinin məqsədi ondan ibarət olmuşdur ki, Zərərçəkmiş şəxs onun iş adamı olmağına inamı yaransın. Zərərçəkmiş şəxslə görüşən zaman onlar söhbət etmişlər və Seymura işlərinin qaydasında olduğunu, hazırda idarə etdiyi avtomobili öz hesabına aldığını qeyd etmiş və dərman işi ilə məşğul olduğunu bildirmişdir. Əslində həmin ərəfədə o, dərman işi ilə məşğul olmamış və həmin şirkətdə fəhlə işləmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs bildirmişdir ki, müəyyən məbləğdə pulu dərmanların gətirilməsinə ödəyərək, daha sonra həmin dərmanları Bakı şəhərində daha baha qiymətə satışını həyata keçirir və bu işdə böyük qazanc əldə edir. Zərərçəkmiş şəxs ona çox yaxşılıq etdiyini bildirib, onu da həmin işə şərik edə biləcəyini qeyd etmişdir. Zərərçəkmiş şəxs onun qısa müddətdə özünə avtomobil almağını düşünüb ona inanmış və şərikli işləməyə razılıq vermişdir. Zərərçəkmiş şəxs 22 fevral 2021-ci il tarixdən 27 fevral 2021-ci ilədək olan müddət ərzində 31.514 manat pulu birgə dərman işi ilə məşğul olub qazanc əldə etmək üçün hissə-hissə olmaqla ona vermişdir. Həmin pulları alan zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, ən geci 25 gün ərzində həmin işdən əldə edəcəkləri ilk qazancı ona verəcək. Sonuncu pulu Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Medical Plaza"-nın yaxınlığındakı Bravo Marketin qarşısında almışdır. Zərərçəkmiş şəxs 31.514 manat pulu aldıqdan sonra həmin puldan borclarını ödəmiş və qalan hissəni də özü üçün xərcləmişdir. Sonuncu pulu Zərərçəkmiş şəxs aldıqdan 25 gün sonra Seymur onunla əlaqə saxlamış və qazanc pulu kimi ona verəcəyi pul barəsində söhbət etmişlər. Müxtəlif bəhanələr gətirərək, yaxın zamanlarda qazanc pulunu ona verəcəyini bildirmişdir. Bir müddət bəhanələr gətirə bilsə də, daha sonra Seymur onunla söhbət etmiş və qazanc istəmədiyini bildirib, ona verdiyi pulu geri istəmişdir. Həmin vaxt ona səmimi olaraq ondan aldığı pullar ilə borclarını ödədiyini söyləmiş və ondan aldığı pulları ödəməsi üçün vaxt istəmişdir. Zərərçəkmiş şəxs səbrlə onu uzun müddət gözləsə də, o, həmin pulu taparaq ona ödəyə bilməmiş və buna görə də Zərərçəkmiş şəxs onun barəsində polisə müraciət etmişdir. Başqa şəxslərə qarşı dələduzluq əməli törətməmişdir. Zərərçəkmiş şəxs həmin pulu birgə dərman işi ilə məşğul olub qazanc əldə edəcəkləri adı ilə alsa da, həmin pulu alan zaman niyyəti Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs qeyd olunan pulu alan zaman həmin vaxt yanlarında başqa şəxslər olmamışdır. 22 fevral - 27 fevral 2021-ci il tarixlərdə o, həmin pulu həqiqətən də almışdır. Borcunu ödəyə bilmədiyi üçün və pul axtardığı üçün istintaqdan gizlənmişdir ki, Zərərçəkmiş şəxslə razılıq əldə etsin və onun pulunu hissə-hissə qaytarsın. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın bir hissəsini ödədiyini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəlidir və üç övladı vardır. Fərdi sahibkarlıqla məşğul olur. Təqsirləndirilən şəxs barəsində ərizə ilə müraciət etmişdir. Ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, özünə məxsus “Alco Driver" ayıq sürücü xidməti göstərən şirkəti vardır. Həmin şirkətdə Elnur operator kimi işləyirmiş. Onların ofisində işçilərin hamısı bir yerdə əyləşirmiş və daimi olaraq bir yerdə olduqları üçün Elnur ilə münasibəti yaranmışdır Aralarında yaxşı münasibətlər olmuş və aralarında heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. 2020-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs ona bildirmişdir ki, atasının dostu ona dərman firmasında iş tapıb və buna görə də işdən çıxır. O isə onun atasının dərman firmasında işlədiyini bilirmiş. Təqsirləndirilən şəxs işdən getdikdən sonra da onunla xoş münasibətləri davam etmiş və bir-biriləri ilə əlaqə saxlamışlar. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə o, Bakı şəhəri, Xətai rayonu, Neapol 23 ünvanında yerləşən “Dubrovka” adlı kafedə görüşmüşlər. Həmin yeməkxana onun işlədiyi ofisin arxasında məhəllə içərisində yerləşmişdir. Təqsirləndirilən şəxs onunla görüşə “BMW 530 markalı" avtomobil ilə gəlmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona bildirmişdir ki, yeni məşğul olduğu dərman işindən yüksək qazanc əldə edir və qısa müddət ərzində yaxşı pul qazana bilmişdir, həmin pulla özünə avtomobil də almışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, dərmanların gətirilməsi üçün müəyyən məbləğdə pul vəsaiti investisiya edir və daha sonra qat-qat artıq məbləğdə qazanc əldə edir. Təqsirləndirilən şəxs ilə münasibətləri xoş olduğundan onun danışıqları onda inam yaratmışdır. Həmin vaxt söhbət əsnasında Təqsirləndirilən şəxs ona çox yaxşılıq etdiyini söyləyərək, onu da həmin işə şərik etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, onun həmin işi görmək üçün heç bir fəal hərəkət etməyinə ehtiyyac yoxdur və müəyyən tələb olunan məbləğdə pulu dərmanların gətirilməsinə yatıraraq qazanc əldə edəcək. Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq ona 22 fevral 2021-ci il tarixdən 27 fevral 2021-ci ilədək olan müddət ərzində 31.514 manat pulu birgə dərman işi ilə məşğul olub qazanc əldə etmək məqsədilə vermişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs pulu Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Medical Plaza”-nın yaxınlığındakı Bravo Marketin qarşısında vermişdir. Razılıq zamanı Təqsirləndirilən şəxs ona ən gec 25 gün ərzində ilk qazancı əldə edəcəyini bildirmişdir. Tam məbləği verdikdən 25 gün sonra o, Təqsirləndirilən şəxs zəng etmiş və qazancı nə vaxt alacağını soruşmuşdur. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək uzun müddət ona ödəməli olduğu pulu verməmişdir. Bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs ilə söhbət etmiş və qazanc istəmədiyini, bütün pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxs ona səmimi şəkildə bildimişdir ki, aldığı pulu dərman işinə qoymamış öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Elnurun bu sözlərindn sonra o, polisə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ilk dəfə 22 fevral 2021-ci il tarixdə 5010 manat pul vermişdir. Həmin pulu ona ünvan 2 ünvanında işlədiyi ofisin yaxınlığında vermişdir. Pulu təxminən 16 radələrində vermişdir. Həmin gün işdən evə gəldikdən sonra saat 18-19 radələrində yenidən Elnurla yaşadığı evin həyətində görüşmüş və orada ona 1000 manat pul vermişdir. Daha sonra 23.02.2021-ci il tarixdə Elnurla işlədiyi ofisin yaxınlığında görüşüb 3200 manat pul vermişdir. 24.02.2021-ci il tarixdə yenidən eyni ünvanda Elnura 1300 manat pul vermişdir. Sonuncu dəfə isə 27.02.2021-ci il tarixdə ona Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "Medical Plaza”-nın yaxınlığındakı Bravo Marketin qarşısında görüşüb 12.355 ABŞ dolları pul vermişdir. O Elnura ümumilikdə 31.514 manat pul vermiş olmuşdur. Hər dəfə ona pul verdikcə “Vatsapp" proqramı vasitəsilə ona verdiyi pulu yazırmış və o da onunla razılaşırmış. Həmin pulun əvəzində Elnur ona 70 min manatdan artıq pul verəcəkmiş. Lakin vədinə əməl etməmiş və onu aldatmışdır. Elnurun onu aldatmasından dostu Şahid1 xəbəri olmuşdur. Belə ki, sonuncu dəfə verdiyi pulu Pərvizdən borc alıb vermişdir. Həmin pulu qaytardığı üçün ziyan ona dəymişdir. Bundan başqa Elnurun onu aldatması barədə atasına da məlumat vermiş, o da oğlunun ələ keçirdiyi pulları qaytaracağına vəd vermişdir. Həmçinin o, ərizə təqdim edərək hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyandan 10000 manat məbləğinin ödənildiyini qeyd etməklə, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, X1 tanıyır. Onunla dostluq münasibəti var. Onlar birlikdə Kooperasiya Universitetində oxumuşlar. Həmin vaxtdan yaxşı münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs “Alco Driver" ayıq sürücü şirkətininin müdiridir. 2021-ci ilin fevral ayının sonları Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq bildirmişdir ki, müdiri olduğu “Alco Driver” şirkətində əvvəllər operator kimi işləmiş Təqsirləndirilən şəxs onun yanına gələrək dərman şirkətində işlədiyini və dərman gətizdirib satacaqları, bununla da yaxşı qazanc əldə edəcəkləri barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs də Elnurun onun əvvəl işçisi olduğu və aralarında yaxşı münasibət olduğu üçün ona inanmış və birgə həmin işlə bağlı 10.510 manat pul vermişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona bildirməsinə görə nə qədər çox məbləğdə pul verdiyi halda bir o qədər də qazanc əldə edəcəkmiş. Buna görə Zərərçəkmiş şəxs ondan borc pul istəmiş və qazanc aldığı zaman pulunu qaytaracağını demişdir. O da Seymura buna görə borc olaraq 12.355 ABŞ dollar pul vermişdir. Həmin zaman o, bilmişdir ki, həmin pulu Seymur Elnura onun yaşadığı evin yanında vermişdir. O, “Bravo” marketin yerləşdiyi binada yaşayır. Bir qədər sonra ora ağ rəngli “BMW” markalı avtomobil gəlmişdir. O isə çıxıb evə getmişdir. Bunun üstündən bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs gəlib onun pulunu qaytarmışdır. Lakin Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun pulunu qaytarmayıb və heç bir qazanc da əldə etməyib. Təqsirləndirilən şəxs onu əvvəldən aldadıb və heç bir dərman alqı-satqısı işi aparmamışdır. Təqsirləndirilən şəxs sonradan özü də Zərərçəkmiş şəxs etiraf etmişdir ki, Seymurdan aldığı pulları heç bir işə yönəltməyib və öz borclarını ödəməyə yönəltmişdir. Başqa bu işlə bağlı heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ümumilikdə 31.514 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs həmin pulu aldadaraq ələ keçirmiş və hələ də pulunu geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17-18); zərərçəkmiş şəxsin təqdim etdiyi “CD” diskə baxış keçirilməsi haqqında 27 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd “CD” diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 39 ədəd fayl vardır. Həmin faylların 19-u audioyazı, 19 fayl fotoşəkil və bir videofayldır. Diskdə olan audioyazılar səsləndirilidikdə müəyyən edilir ki, bir nəfər şəxs “müdir” deyə müraciət edərək “Təbib”in anbarında işlədiyini, orada yaxşı qazanc olduğunu, artıq uzun müddətdir ki, orada işlədiyini, işlədiyi müddət ərzində oradan özünə “BMW” markalı avtomobil aldığını, müraciət etdiyi şəxs kimi adamlar lazım olduğunu, hər ikisinin yaxşı qazanc götürə biləcəyini bildirir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin səsin Təqsirləndirilən şəxs məxsus olduğunu, əvvəllər işçisi olduğu üçün Elnurun ona “müdir” deyə müraciət etdiyini bildirmişdir. Bundan başqa videofayla baxış keçirilən zaman müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs avtomobildə digər bir şəxslə oturmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirir. Videogörüntüdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verir və ümumi verdiyi pulları hesablayaraq 21.004 manat pul verdim deyə bildirir. Bunun cavabında isə Təqsirləndirilən şəxs 21.004 manat mənə verdin deyə bildirir. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs "İndi bax gör nə qədər çatmır deyərsən onu da sabah verərəm sənə” deyir. Təqsirləndirilən şəxs isə “Hə hə onu da mən onda kassadan götürərəm, siz onu kassadan götürərsiniz olar” deyir. Daha sonra Təqsirləndirilən şəxs "Min manatı mən öz cibimdən qoyacam o mənim öz şəxsi pulumdur o heç, qalan çatmayan min manat pul isə deyərəm kassadan qoyarlar siz kassaya verərsiniz" deyir. Daha sonra Zərərçəkmiş şəxs hesablama aparır və Təqsirləndirilən şəxs “Sənə verdim 12.355 dollar” deyir. Təqsirləndirilən şəxs da öz növbəsində hesablama aparır və “düzdür dəqiqdir” deyir. Diskdə olan 19 ədəd fotoşəkillərdə "Whatsapp” mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birilərinə göndərdikləri mesajların məzmununa baxış keçirilmiş və yenə də zərərçəkmiş Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında səs yazısında olduğu kimi məzmunda SMS-lər vardır. Təqsirləndirilən şəxs pulları alması barədə etirafedici SMS-ləri, nə qədər qazanc verəcəyi barədə SMS-lər vardır. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs “Sən məndən 31524 manat pul almısan. Həmin SMS-ə Təqsirləndirilən şəxs “Almışam düzdü" deyə cavabı olan fotoşəkil vardır (i.v. 32-33); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan olunması qərara alınmışdır (i.v. 56-57); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 14.01.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 05.04.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 65-66); axtarışda olan şəxsin tutulması haqqında 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində tutulmuşdur (i.v. 70); şübhəli şəxsin tutulması haqqında 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 01.03.2022-ci il tarixdə saat 20:00-da tutulmuşdur (i.v. 79); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 91-92); 03 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 109-112); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-295/2022 saylı 03.03.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 115-119); "xxxx" MMC-nin 09 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20.07.2020-ci ildə şirkətlərində anbarda fəhlə işində işləməyə başlamışdır. Təqsirləndirilən şəxs "xxxx" əczaçılıq deposunda işlədiyi müddətdə dərman preparatlarının alqı-satqısı üçün heç bir səlahiyyət verilməmişdir. İşləyə bilmədiyi üçün 01.10.2020-ci il tarixdən ərizəsinə əsasən tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir (i.v. 121); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 11.03.2022-ci il tarixli, 1998 saylı məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 141); sübutların qiymətləndirilməsi haqqında 16.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu və 01 ədəd CD disk sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 151-162); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntü, 19 ədəd audioyazı və 19 ədəd fotoşəkildən görünür ki, həmin görüntü, audioyazı və fotoşəkillər “CD” diskə baxış keçirilməsi haqqında 27 dekabr 2021-ci il tarixli protokola uyğundur. təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 165-166); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyandan hissə-hissə 10000 manat məbləğinin ödənildiyini qeyd etməklə, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.12, 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1 ədəd «CD-R» formatlı disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar