Məhkəmə qərarları › İş №1(011)-212/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-212/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-212/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək müəyyə n etdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən o, cinayət barəsində xəbər verməmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəldən tanıdığı Şahid2 xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 saylı binanın yanında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan qısa tiyəli xəncərlə xuliqanlıq niyyəti ilə X2 döş qəfəsinin sol yarısının ön səthinə qəsdən bir dəfə zərbə endirib sağlamlığına ağır zərər vurduqdan sonra Şahid2 xahişi əsasında həmin ağır cinayətin törədilməsində alət kimi istifadə olunan xəncəri qeyd edilən gün, saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Kazımağa Kərimov küçəsində sonuncudan qəbul edib xx xxxxxx 2019-cu il tarixə qədər göstərilən ünvanda kirayədə yaşadığı nomrəsiz evin həyətində yerləşən betonun altına qoyub orada saxlamaqla qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi çıxış edərək hər biri ayrı-ayrılıqda işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan xx xxx 2020-ci il tarixli cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaq şöbəsinin müstəntiqi, CM-nin 307.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işini istintaqının aparılması üçün, ərazi aidiyyəti üzrə Nizami Rayon Prokurorluğuna göndərmişdir. Həmin qərarda qeyd edilmişdir ki, hadisə Bakı şəhəri Nizami rayonunun inzibati ərazisində baş vermişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işi Bakı şəhəri, Nizami rayon prokurorluğunun müstəntiqi Turxan Seyid tərəfindən icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun (cild 1, i.v 112-115), xx xxxx 2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun (cild 2, i.v 204-205) surətlərindən görünür ki, Təqsirləndirilən şəxs, 2019-cu ildə eyni məhəllədə yaşayan Şahid2 ilə yaxın münasibəti yaranmış və xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Elçin namaz qılmaq üçün “Lotos" ticarət mərkəzinə gedib az sonra “vatsap” vasitəsilə ona mesaj yazıb “Lotos”un arxasına çağırmış, o isə Elçinə nəsə olduğunu zənn etdiyinə görə Elçinin dediyi yerə gedib harada olmasını mesaj vasitəsilə soruşmuşdur. Elçin qarşı tərəfin çox olduqlarını və söhbət edəcəkləri zaman onu təkləsələr müdaxilə etməsini istəmişdir. Bundan sonra Elçin "Lotos" ticarət mərkəzindən bayıra çıxaraq içəridəkilərin onların dinini, imamlarını söydüklərini, bir az sonra çıxacaqlarını bildirmiş, lakin az sonra Elçin yenidən "Lotos”a girib bir uzunboy oğlanla bayıra çıxmış və yanaşı “Xəzər” klinikası istiqamətində getməyə başlamışdır. O da təxminən 10-15 metr aralıda Elçingilin ardınca getməyə başlamış, bu zaman tanımadığı bir keçəl kişi də ona qoşulmuş, həmin şəxsdən uzunboy oğlanın tanışı olub-olmadığını soruşduqda həmin şəxs Elçingilin dinlə bağlı mübahisəsi düşdüyünü bildirib “gedək dava etməyə qoymayaq” demişdir. Həmin vaxtı sonradan adının Elşən olduğunu öyrəndiyi bir nəfər oğlan arxadan qaçaraq yaxınlaşıb "onu hara əparırsız” deyə qışqırmışdır. Elşən onun yanından ötüb keçərək Elçingilə çatmış və iki binanın arasında mübahisə etməyə başlamışlar. Elşən orada qışqırmış, ətrafa adamlar da toplaşmış, bu zaman Elşən Elçinə təpik atmış, Elçin isə Elşənin sinə nahiyəsinə yumruq atdıqdan sonra iki binanın arasından yenidən yola tərəf gəlməyə başlamışdır. O, əvvəlcə nə baş verdiyini anlamadan Elçinin ardınca qaçmağa başlamış, “Neftçilər” metrosunun üstündəki körpüyə çatanda Elçin təngənəfəs olmuş, həmin vaxt Elçinin sağ əli də qanamış, əlində isə iti uclu “T” formalı atət olmuşdur. O, həmin “T" formalı alətin qan olduğunu görüb Elçinin hadisə vaxtı Elşəni həmin alətlə vurduğunu başa düşmüşdür. Onlar birlikdə qaçaraq metronun yanında taksi ilə Babək prospektində olan köhnə maşın bazarına, orada başqa taksi ilə Əhmədli kəndinə gəlmişlər. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, hazırkı cinayət işinə cinayət əməlinin törədildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olduğundan, xx xxxxxx 2019-cu il tarixdə baş vermiş cinayət hadisəsinin törədildiyi yer isə Bakı şəhəri, Nizami rayonu, olduöundan, cinayət işi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə xəbər verməmədə ifadə olunur. Xəbər verməmə dedikdə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə bildirməmədə ifadə olunan hərəkətsizliyi başa düşülür. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə ifadə olunur. Təhlil edilən cinayət üzrə cinayətkarın cinayət hadisəsinin baş verdiyini bildiyi andan əməl başa çatmış hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, hadisə yerindən qaçaraq uzaqlaşdıqdan sonra, “Neftçilər” metrosunun üstündəki körpüyə çatanda Elçinin təngənəfəs olduğunu, həmin vaxt Elçinin sağ əlinin qanadığını, əlində iti uclu “T” formalı atət olduğunu, həmin “T" formalı alətin qan olduğunu görüb Elçinin hadisə vaxtı Elşəni həmin alətlə vurduğunu başa düşmüş, lakin bu barədə müvafiq orqanlara xəbər verməmiş, həmin an cinayət başa çatmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi məhkəmə aidiyyəti pozulmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Bundan başqa, məhkəmə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəra ra a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar