Məhkəmə qərarları › İş №1(011)-212/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-212/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-212/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1984-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 27 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən “Zirvə” kafesində müştəri kimi tanıdığı qadınlarla bir masada əyləşib istirahət edən zaman kafedə müştəri qismində olmuş Zərərçəkmiş şəxs guya onun yanında oturan qadına qarşı nalayiq ifadə işlətməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan kafenin giriş qapısının qarşısında vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib Zərərçəkmiş şəxs ilə mübahisə edib ona qarşı nalayiq ifadələr işlədərək baş zərbəsi ilə və yumruqla sonuncunun sifət nahiyəsindən vuraraq, ona, sol gözətrafı nahiyənin dərialtı hematoması, burun belinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirərək qərəzli hərəkətlərini təxminən 10-15 dəqiqə müddət ərzində davam etdirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 1 ildir ki, yəni 2022-ci ilin noyabr ayınadək Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsində yerləşən “Zirvə” adlı kafeni icarə əsasında işlədirmiş, Zərərçəkmiş şəxs həmin obyektdə işlədiyi vaxtda tanımışdır. 27 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində işlədiyi kafədə daimi müştəriləri olan adının Günel olduğunu bildiyi qadın və onun 2 rəfiqəsi ilə birlikdə əyləşmiş, bundan qabaq həmin stolda həmin qadınların tanışı olan 2 nəfər şəxs də əyləşmiş, lakin onlar sonradan durub getmişlər və masada o daxil olmaqla 4 nəfər əyləşib. Onlar əyləşdikləri masa ilə üzbəüz Həsrət və tanımadığı bir nəfər şəxs oturmuşlar, o, ilkin olaraq Həsrətlə salamlaşmış və keçib xanımların yanında oturmuşdur. Sonradan siqaret çəkmək üçün çölə çıxmış, geri qayıdan zaman masada əyləşdikdə xanımlardan birinin narazı olmasını görmüş və maraqlandıqdan sonra ona məlum olmuşdur ki, Həsrət qadınlardan biri ilə kobud şəkildə danışmış, buna görə də Həsrətə yaxınlaşaraq nə baş verməsini aydınlaşdırmaq istəmiş, lakin səs-küy olduğu üçün Həsrəti çöl tərəfə çağırmışdır. Həsrət onunla çölə getdikdə 5-10 dəqiqə aralarında söz mübahisəsi olmuş, saat 03 radələrində kafenin giriş qapısının qarşısında aralarındakı söz münaqişəsi davaya çevrilmiş, əlbə-yaxa olan zaman Həsrət ona nalayiq ifadələr işlətdiyi üçün o ilkin olaraq baş zərbəsi ilə sonra isə yumruqla ona 1-2 dəfə zərbə vurmuş və bu zaman ətrafda olan 3-4 nəfər şəxs həmçinin onlar söz mübahisəsi edən zaman səs-küy yarandığından kafedə əyləşən şəxslər çölə çıxaraq onları uzaqlaşdırıblar. Sonradan onu yenidən kafenin içərisinə salıblar və oəsəbi olduğu üçün oradan uzaqlaşaraq evə tərəf getmişdir. Aralarında olan söz mübahisəsi 5-10 dəqiqə, dava-dalaş isə 15-20 dəqiqə davam etmiş, ətrafda tanışı Əkbər və tanımadığı 6-7 şəxs münaqişəyə toplaşmış, əlində heç bir alət və ya vasitə olmamışdır. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində dostu Şirazi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yanında yerləşən “Zirvə” adlanan kafedə əyləşmişlər, onlar əyləşən masanın yanında isə kafeni işlədən Toğrul və tanımadığı 3 nəfər qadın oturmuş, o, musiqiçi olmağı ilə əlaqədar olaraq bir neçə dəfə həmin kafedə olmuş və musiqi ifa etmişdir, buna görə də kafeni işlədən Toğrulu tanıyırmış, Toğrul kafedən çölə çıxdıqdan sonra onunla eyni masada əyləşən qadınlardan biri ona yaxınlaşaraq musiqi ifa etməyini xahiş etmiş, o isə cavabında biraz keçdikdən sonra musiqi ifa edə biləcəyini demiş, 2-3 dəqiqə keçdikdən sonra Toğrul kafeyə daxil olmuş və həmin masada əyləşmişdir. Ardınca onların əyləşdikləri masaya yaxınlaşaraq onu qolundan tutmaqla kobud şəkildə çölə çıxarmış və saat 03 radələrində onlar kafenin qarşısına keçdikdən sonra Toğrul onunla nalayiq ifadələr işlədərək Toğrulun masasında əyləşən xanımlara söz deməyini irad tutaraq anidən ona başı ilə zərbə vurmuş, o, sol gözünü əli ilə tutduqda Toğrul yenidən qışqıraraq ona qarşı küçə söyüşləri səsləndirməyə və onu yenidən yumruq təpiklə vurmağa davam eləmiş, bu zaman içəridə olan tanımadığı bir neçə müştəri və həmin kafedə işləyən Əkbər çölə çıxaraq onları aralamağa çalışmışlar, o, Toğrul ilə mübahisə etməkdən yayınmağa çalışmış, lakin Toğrul yenidən nalayiq ifadələr işlədərək onu vurmağa çalışırmış, ətrafda olan şəxslər Toğrulu ondan uzaqlaşdırdıqdan sonra Toğrul kafenin həyətində saxladığı özünə məxsus “Kia Optima” markalı nömrə nişanını bilmədiyi avtomobilinin qapısını açaraq bıçağa bənzər alət götürmüş və əlində nümayiş etdirərək küçə söyüşləri ilə onu təhdid etməyə başlamış, bu zaman Əkbər və bir neçə şəxs Toğrulu qolları ilə tutaraq qarşısını almışlar. Həmin vaxt orada olan müştərilər və dostu Şirazi onu həmin kafenin həyətindən uzaqlaşdıraraq “Qəsr” restoranının qarşısına tərəf aparmışlar, biraz keçdikdən sonra o, hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermiş və buna görə də polis əməkdaşları hadisə baş verən yerə yaxınlaşmışlar. Aralarında olan mübahisə 15-20 dəqiqə davam etmiş, mübahisəyə kafedə olan 7-8 nəfər müştəri, dostu Şirazi və Əkbər toplaşmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək həmin şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Həsrətlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında toyda olbular. Onlar toydan çıxdıqdan sonra Həsrət tanıdığı kafedə gedib əyləşib söhbət etməklərini təklif etmiş, o da bir gün sonra Gədəbəy rayonuna qayıdacağı üçün Həsrətlə gedə biləcəyini demiş, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində onlar “Neapol” dairəsinin yanında olan “Zirvə” adlı kafeyə getmişlər, kafeyə daxil olduqda müştərilər çox imiş və zalda musiqi ifa edilirmiş. Onlar əyləşdikdən sonra yanlarındakı masada sonradan adının Toğrul olmasını bildiyi şəxs, 2 nəfər kişi və 3 qadın əyləşmişlər, sonradan həmin masada olan 2 nəfər kişi çıxıb getmiş, Toğrul və 3 qadın isə əyləşməyə davam etmişdir, o oturub musiqiyə qulaq asırmış və Həsrət isə bir neçə dəfə digər masalarda olan şəxslərlə həmçinin Toğrul ilə salamlaşmış, ardınca Həsrət və Toğrul birlikdə çölə çıxmışlar. O isə yorğun imiş və masada əyləşib çay içirmiş, sonra bir nəfər qadın içəri girib çöldə dava-dalaş getməsini bildirmiş və o bundan sonra çölə çıxmış, çölə çıxdıqda bir neçə tanımadığı şəxsin orada toplaşmasını, Həsrətin isə sol göz nahiyyəsini tutmasının şahidi olmuş, orada olan şəxslərdən isə bir neçəsi Toğrulu oradan uzaqlaşdırmışlar, daha sonra Həsrət bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və o rayona qayıtmalı olmağını Həsrətə bildirərək oradan uzaqlaşmışdır. Kafedə olan 9-10 nəfər şəxs səs-küyə çıxaraq mübahisəyə toplaşmışlar, Toğrulun hər hansı bıçaq və ya alət götürməsini görməmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda,Şahid2 məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dəvət edilərək, dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Toğrul onun dostudur. Həmin vaxt Həsrət içkili gəlmişdir. Həmin vaxt Həsrətin Toğrulla sözü düşdü. Bu zaman Həsrəti uşaqlara mübahisə etməyə başladı. Toğrul ilə Həsrət çölə danışmağa çıxdılar. Sonradan aralarında mübahisə baş verdiyindən onlar şöldə bir-birlərini yumruqla vurmağa başladılar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Cinayət işinin başlanılması haqqında qərardan görünür ki, fakta görə 20 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən “Zirvə” kafesinin giriş qapısının qarşısıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 14 noyabr 2022-ci il tarixli, 1297 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin dərialtı hematoması, burun belinin sıyrığı bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. İş materiallarında olan Cinayət əməlinin tövsif edilməsi barədə 07 fevral 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan AZ-İV № 399361 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir uşağı var. İş materiallarından görünür ki, 07 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 28 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Ağaverdi Rəhimovun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirəyə məruz olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar