Məhkəmə qərarları › İş №1(011)-213/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-213/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-213/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Bakı şəhər prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, İsmayıllı rayonu, İsmayıllı şəhəri, Şəhriyar küçəsi, ev 39-da qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi, ev 35-də yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 1 il 6 ay sınaq müddəti müəyyən edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 avqust 2022-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs Ağazədə oğluna məxsus «Vaz 2107» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını üzərində olan vintaçanla açıb avtomobilin içərisinə daxil olaraq salonundan 1 ədəd 250 manat dəyərində «Pioner 8450BT» markalı maqnitofonu, 1 cüt olmaqla 180 manat dəyərində 2 ədəd «Pioner 7150F» markalı səsgücləndiricini, 1 cüt olmaqla 120 manat dəyərində 2 ədəd «Pioner» markalı səsgücləndiricini vintaçan vasitəsilə söküb yerindən çıxarmış, avtomobilin arxa oturacaqlarının üzərində olan içərisində 330 manat məbləğində nağd pul, 1 cüt olmaqla 35 manat dəyərində 2 ədəd «İphone» markalı qulaqcıq, 1 ədəd 80 manat dəyərində «İphone 11 Pro Max» markalı mobil telefona məxsus enerji toplayıcı cihaz, 1 ədəd 30 manat dəyərində «Lenovo» markalı noutbukun enerji toplayıcı cihazı olan 1 ədəd 20 manat manat dəyərində «Nike» firmasına məxsus qara rəngli idman çantasını, avtomobilin arxa oturacaqlarını irəliyə doğru hərəkət etdirib arxa baqaj hissədə olan 1 ədəd 220 manat dəyərində «Sony» markalı səsgücləndiricini və 1 ədəd «Pioner 8450BT» markalı maqnitofonu, 1 cüt olmaqla 2 ədəd «Pioner 7150F» markalı səsgücləndiricini, 1 cüt olmaqla 2 ədəd «Pioner» markalı səsgücləndiricini «Nike» firmasına məxsus 1 ədəd qara rəngli idman çantasına yığaraq ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs Ağazədə oğluna 1.265 (min iki yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 30 avqust 2022-ci il tarixdə təxminən saat 15 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Daxili Qoşunların № saylı hərbi hissəsinin qarşısından tək olaraq piyada keçərkən hərbi hissənin qarşısında saxlanılmış vəziyyətdə olan qırmızı rəngli «Vaz 2107» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını görmüşdür. Avtomobilə yaxınlaşdıqda «Vaz» markalı avtomobil olması baxımından həmin ərəfələrdə maddi vəziyyətinin zəif olmasına görə avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də bir qədər ətrafa nəzər salıb göz gəzdirmişdir. Ətrafda hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra üzərində olan vintaçanla avtomobilin qabaq sol qapısının açar yerini açıb avtomobilin içərisinə daxil olmuşdur. Bu zaman avtomobilin salonunda qabaq tərəfdə «Pioner» markalı maqnitofon, salonun arxa tərəfində isə «Pioner» markalı səsgücləndiricilər olmasını görmüşdür. Həmin maqnitofon və səsgücləndiriciləri yerindən çıxarmaq üçün üzərində olan vintaçanla ilk öncə maqnitofonu olduğu yerdən söküb çıxarmışdır. Daha sonra avtomobilin arxa oturacaqlarına keçib vintaçanla arxa tərəfdə olan 6 ədəd səsgücləndiricinin 4 ədədini vintaçan vasitəsilə söküb yerindən çıxarmışdır. Həmin vaxt avtomobilin arxa oturacağının üzərində qara rəngli idman çantası olmasını görüb həmin çantanı da götürmüşdür. Çantanın içərisini açdıqda içərisində mobil telefona məxsus enerji toplayıcı cihaz və kompüterə məxsus enerji toplayıcı cihaz olmasını müəyyən etmişdir. Söküb çıxardığı 1 ədəd «Pioner» markalı maqnitofon və 4 ədəd «Pioner» markalı səsgücləndiricini həmin idman çantasına yerləşdirmişdir. Arxa oturacaqda olarkən avtomobilin arxa oturacağının tam yerinə oturmadığını görüb oturacaqları bir qədər irəliyə tərəf salmışdır. Oturacaqlar irəliyə doğru qatlandıqdan sonra avtomobilin arxa baqaj hissəsində 1 ədəd də «Pioner» markalı səsgücləndirici olmasını görmüşdür. Həmin səsgücləndiricini də arxa baqaj hissəsindən götürüb idman çantasının içərisinə qoymuşdur. Daha sonra idman çantasını özü ilə götürüb avtomobilin salonunu tərk etmişdir. Avtomobildən oğurladığı 1 ədəd «Pioner» markalı maqnitofon və 2 ədəd «Pioner» markalı səsgücləndiricini elə həmin günü yaşadığı məhəllədə qonşuluqda yaşayan tanıdığı Orxan adlı şəxsə özünə məxsus kimi təqdim etməklə 35 manat məbləğində nağd pula satmışdır. 3 ədəd «Pioner» markalı səsgücləndiricini isə növbəti gün, yəni 31 avqust 2022-ci il tarixdə UPD qəsəbəsində yerləşən avtomobil təmir servisi məntəqələrindən birində usta olaraq çalışan adını Nahid kimi bildiyi şəxsə özünə məxsus kimi təqdim etməklə 90 manat məbləğində nağd pula satmışdır. Həmin əşyaları Orxan və Nahid adlı şəxslərə satarkən onların oğurluq etməklə əldə olunması barədə hər hansı bir məlumat verməmiş və həmin şəxslərin bundan xəbərləri olmamışdır. İdman çantasının içərisində olan mobil telefona məxsus 1 ədəd enerji toplayıcı cihaz və kompüterə məxsus 1 ədəd enerji toplayıcı cihazı isə çox istifadədə olmasını düşünüb yaşadığı məhəllənin yaxınlığında zibil qutusuna atmışdır. İdman çantasını isə özündə saxlamışdır. 1 ədəd «Pioner» markalı maqnitofon və 5 ədəd «Pioner» markalı səsgücləndiricinin satışından əldə etdiyi cəmi 125 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəyərək, onunla barışıq əldə etdiyini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Ağazədə oğlu ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci il tarixdə saat 14:20-14:30 radələrində idarə etdiyi «Vaz 2107» markalı **- UH-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən № saylı hərbi hissənin qarşısında saxlayıb hərbi hissəyə daxil olmuşdur. Təxminən 2-2,5 saat müddətində hərbi hissədə işlərini görüb yekunlaşdırdıqdan sonra təxminən saat 16:40-16:50 radələrində hərbi hissədən çıxıb idarə etdiyi avtomobilə yaxınlaşarkən avtomobilin qabaq və arxa sol qapılarının açıq vəziyyətdə olmasını, avtomobilin qabaq sol qapısının kilidinin zədələnməsini müşahidə etmişdir. Avtomobilə baxış keçirərkən avtomobilin salonunda ön tərəfdə quraşdırılmış 1 ədəd «Pioner» markalı maqnitofonun, salonda arxa tərəfdə quraşdırılmış 4 ədəd «Pioner» və 1 ədəd «Sony» markalı səsgücləndiricinin yerindən sökülüb çıxarıldığını müşahidə etmişdir. Həmçinin arxa oturacaqların yerində səliqəsiz olmasını görüb avtomobilin arxa baqaj hissəsinə baxmışdır. Həmin vaxt avtomobilin arxa baqaj hissəsinə qoyduğu 1 ədəd qara rəngli idman çantasının da yerində olmadığını görmüşdür. Bu zaman artıq hərbi hissədə olduğu vaxtda avtomobildən oğurluq edilməsini, 1 ədəd «Pioner» markalı maqnitofonun, 4 ədəd «Pioner» və 1 ədəd «Sony» markalı səsgücləndiricinin və qara rəngli idman çantasının naməlum şəxs tərəfindən oğurlanmasına əmin olmuşdur. Oğurlanmış «Nike» firmasının istehsalı olan qara rəngli idman çantasının içərisində 330 manat məbləğində nağd pul, «İphone» firmasının istehsalı olan qulaqcıqlar, «İphone 11 Pro Max» mobil telefonuna məxsus enerji toplayan cihaz və «Lenovo» markalı noutbukun enerji toplama cihazı var imiş. 1 ədəd «Pioner» markalı maqnitofonu və 4 ədəd «Pioner» markalı səsgücləndiricini 2022-ci ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Avto 094» adlı avtomobillərə məxsus avadanlıqların satışı ilə məşğul olan mağazadan almışdır. 1 ədəd «Pioner» markalı maqnitofonu kredit yolu ilə 377 manata, 1 cüt (2 ədəd) «Pioner» markalı səsgücləndiricini kredit yolu ilə 260 manata, 1 cüt (2 ədəd) «Pioner» markalı səsgücləndiricini nağd olaraq 120 manata, 1 ədəd «Sony» markalı səsgücləndiricini isə 220 manata almışdır. Avtomobilin arxa baqaj hissəsində saxladığı «İphone» firmasının istehsalı olan qulaqcıqları 1 il əvvəl 35 manata, «İphone 11 Pro Max» mobil telefonuna məxsus enerji toplayan cihazı təxminən 6 ay əvvəl 80 manata, «Lenovo» markalı noutbukun enerji toplama cihazını isə təxminən 6 ay əvvəl 30 manata almışdır. 1 ədəd «Nike» firmasına məxsus qara rəngli idman çantasının qiyməti isə təxminən 20 manat təşkil etmişdir. Ümumilikdə baş vermiş hadisə nəticəsində ona 1472 manat maddi ziyan dəyməsini qeyd etmişdir. Hadisə nəticəsində ona dəymiş olan zərər ödənilmiş, Təqsirləndirilən şəxs adlı şəxslə barışmış, onun heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs cəza təyin olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10-12 il müddət olar ki tanıyır. Onunla hal-hazırda yaşadığı Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsində qonşu və yaxın ünvanlarda yaşadıqlarına görə tanış olmuşdur. Elbrusu tanıdığı vaxtdan etibarən onunla aralarında normal münasibətlər olmuş, hər hansı bir narazılıq və ədavətləri olmamışdır. 2022-ci ilin avqust ayının sonları və ya sentyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə UPD qəsəbəsi, A.Novruzov küçəsində yerləşən «Üç qardaş» restoranının qarşısında təsadüfən Elbrusla qarşılaşmışdır. Onunla görüşüb hal-əhval tutmuşdur. Söhbət əsnasında Elbrus ona özünə məxsus avtomobilin üzərindən çıxardığı 1 ədəd «Pioner» markalı maqnitofonu və 1 cüt olmaqla 2 ədəd «Pioner» markalı səsgücləndiricini münasib qiymətə satmağı təklif etmişdir. Elbrus həmin avadanlıqların özünə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı «BMV» markalı avtomobilə məxsus olduğunu və avtomobili tezliklə satmaq niyyətində olmasına görə üzərində olan bütün əlavə avadanlıq və aksessuarları satmaq niyyətində olmasını bildirmişdir. Elbrusa həmin avadanlıqlara baxdıqdan sonra onları alıb-almayacağına dair qərar verəcəyini demişdir. Buna görə də Elbrusla birlikdə onun yaşadığı evin qarşısına gəlmişdirlər. Elbrus 1 ədəd «Pioner» markalı maqnitofonu və 1 cüt olmaqla 2 ədəd «Pioner» markalı səsgücləndiricini evdən gətirib ona təqdim etmişdir. O da həmin 1 ədəd «Pioner» markalı maqnitofonu və 1 cüt olmaqla 2 ədəd «Pioner» markalı səsgücləndiricini diqqətlə nəzərdən keçirmişdir. Maqnitafon 1 ədəd «Pioner» markalı qara rəngli maqnitofon, 2 ədəd səsgücləndirici isə «Pioner» markalı qara rəngli səsgücləndirici imiş. Maqnitafon və səsgücləndirici işlənmiş vəziyyətdə olmuşdur. Elbrus həmin avadanlıqları ona 80 manata satmağı təklif etmişdir. O isə Elbrusa həmin məbləğdə pulunun olmadığını və həmin avadanlıqlara görə ən çoxu üzərində olan cəmi 35 manat məbləğində pul verə biləcəyimni bildirmişdir. Elbrus bir qədər düşünüb sonda təklifiilə razılaşmışdır. Həmin yerdə Elbrusa 35 manat məbləğində pul verib 1 ədəd «Pioner» markalı maqnitofonu və 1 cüt olmaqla 2 ədəd «Pioner» markalı səsgücləndiricini ondan almışdır. Daha sonra həmin avadanlıqları həmin ərəfələrdə idarə etdiyi avtomobilə yerləşdirmək istəsə də avadanlıqların ölçüləri avtomobilin salonundakı ölçülərə uyğun gəlmədiyindən və bəyənmədiyindən təxminən 5-6 gün sonra Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Maşın bazarı» adlanan ərazidə tanımadığı şəxsə özünə məxsus kimi təqdim etməklə 65 manat məbləğində nağd pula satmışdır. Elbrus ona 1 ədəd «Pioner» markalı maqnitofonu və 1 cüt olmaqla 2 ədəd «Pioner» markalı səsgücləndiricini cinayət yolu ilə ələ keçirməsi barədə ona hər hansı bir məlumat verməmişdir. Buna görə də həmin avadanlıqların cinayət yolu ilə ələ keçirildiyini bilməmişdir. Elbrus həmin avadanlıqları ona özünə məxsus olmasını bildirməklə satmışdır. 1 ədəd «Pioner» markalı maqnitofonu və 1 cüt olmaqla 2 ədəd «Pioner» markalı səsgücləndiricinin cinayət yolu ilə ələ keçirildiyini bilsəydi almayacağını bildirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin və işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının № saylı hərbi hissəsinin qarşısında yolun hərəkət hissəsinin kənarında saxlanılmış «Vaz 2107» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobildən baş vermişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 dekabr 2022-ci il tarixli 9/9069 nömrəli rəyindən görünür ki, göstərilən 2 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 430,00 manat müəyyən olunmuşdur. İş materiallarında olan təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 07 yanvar 2023-cü il tarixli tələbnamədən və iş materiallarına əlavə edilmiş 22 aprel 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmış və qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olumuş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, cinayət nəticəsində dəymiş ziyandan qismən ödəniş etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayəti sınaq müddətində törətmişdir. Həmin Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, cinayətlərin residivinin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və ona Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində saxlanılmış 02 il 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində saxlanılmış 02 (iki) il 11 (on bir) ay 26 (iyimi altı) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar