Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-214/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 129-da qeydiyyatda olmaqla, ünvan 3-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini 20 manata alıb, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşımaqla əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış, 14.02.2022-ci il tarixdə saat 22:00-da ünvan 1 ünvanında 36-cı PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və Xətai RPİ-nin 36-cı Polis şöbəsinə gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən gümüşü rəngli falqa kağıza bir ədəd bükümdə təmiz çəkisi 0.290 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 129-da qeydiyyatda olmaqla, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 50, mənzil 58-də yaşayır. Subaydır və heç bir yerdə işləmir, 3-4 aya yaxındır ki, “narkotik və psixotrop maddələrin müxtəlif növlərindən istifadə etmiş, narkotik maddəni Azərbaycan Respublikasının müxtəlif bölgələrindən, müxtəlif yerlərindən adını və şəxsi anket məlumatlarını bilmədiyi şəxslərdən 10-20 manata almış, 14.02.2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanının qarşısında ona 02 nəfər polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onu polis bölməsinə aparmaq istəmişlər, etiraz etmədikdən sonra o, Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilmiş, polis bölməsində şəxsiyyətini dəqiqləşdirdikdən sonra ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Polis Bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, daha sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmış, ona üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuş, bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağşəkilli kristal hissəciklərdən ibarət maddəni çıxararaq masanın üzərinə qoymuş, sonra həmin büküm açılmış, içərisinə baxış keçirilmiş, polis əməkdaşları ona həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, oda bildirmişdir ki, maddə metamfetamindir, həmin maddəni 12.02.2022-ci il tarixdə 20 yanvar metrostansiyası yaxınlığında olan üzdən xatırlamayacağı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul qarşılığında öz şəxsi istifadəsi üçün əldə etməyini bildirmiş, aşkar edilmiş həmin maddə polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,41 qram müəyyən edilmişdir. Bundan sonra üzərində axtarış aparılmış, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis kapitanı rütbəsini daşıyır. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri olmamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 129 qeydiyyatda olan və ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə etmiş, dərhal 36-cı PŞ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14.02.2022-ci il tarixdə saat 22 radələrində Xətai rayonu, M.Hadi küçəsi 72 ünvanında saxlayaraq 36-cı PŞ-nə dəvət etmişlər. Əllərini ciblərinə salmağına imkan vermədən polis şöbəsinə aparılmış, təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə hüquq və vəzifələr izah olunmuş, videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. O, bildirmişdir ki, təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmeti təqdim etməsini istədikdə könüllü sürətdə o, qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümdə ağ rəngli, spesifik iyə malik, kristal şəkilli, “Metamfetamin”ə bənzər predmet və psixotrop maddəni 02 gün əvvəl “20 yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata əldə etdiyini və üzərində psixotrop maddə hesab olunan metamfetamin olduğunu bildirmiş, həmçinin bildirmişdir ki, həmin psixotrop maddəni o, “20 yanvar” dairəsində tanımadığı bir nəfər şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış, təhqiqatçı həmin kütləni elektron tərəzidə ölçmüş, həmin kütlənin çəkisinin 0,41 qram olması müəyyən olunmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri olmamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 129 qeydiyyatda olan və ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə etmiş, dərhal 36-cı PŞ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14.02.2022-ci il tarixdə saat 22 radələrində Xətai rayonu, M.Hadi küçəsi 72 ünvanında saxlayaraq 36-cı PŞnə dəvət etmişlər. Əllərini ciblərinə salmağına imkan vermədən polis şöbəsinə aparılmış, təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə hüquq və vəzifələr izah olunmuş, videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. O, bildirmişdir ki, təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmeti təqdim etməsini istədikdə könüllü sürətdə o, qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümdə ağ rəngli, spesifik iyə malik, kristal şəkilli, “Metamfetamin”ə bənzər predmet və psixotrop maddəni 02 gün əvvəl “20 yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata əldə etdiyini və üzərində psixotrop maddə hesab olunan metamfetamin olduğunu bildirmiş, həmçinin bildirmişdir ki, həmin psixotrop maddəni o, “20 yanvar” dairəsində tanımadığı bir nəfər şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış, təhqiqatçı həmin kütləni elektron tərəzidə ölçmüş, həmin kütlənin çəkisinin 0,41 qram olması müəyyən olunmuşdur. (i.v. 81- 83) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. ); şəxsi axtarış və götürmə aparılması haqqında 14 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümdə ağ rəngli, duza bənzər, spesifik iyə malik, kristal şəkilli “Metamfetamin”ə bənzər kütləni çıxarıb təqdim etmiş, həmin bükümü 02 gün əvvəl “20 yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata əldə edib üzərində saxladığını və 14 fevral 2022-ci il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/925 nömrəli 15 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N151" dairəvi möhür əksi “Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0.290 qram ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 39-42); 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 51-52); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 65- 66); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 16 fevral 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (i.v. 67); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin 17.02.2022-ci il tarixli 775 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 75-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 04.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 89); sübutların qiymətləndirilməsi haqqında 04 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi, narkoloji ekspertiza rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış protokolları sübut növü kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.240 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD-R disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 92); bir ədəd «DVD-R» diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 14 fevral 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə iclasında bir ədəd «DVD-R» diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümdə ağ rəngli, duza bənzər, kristal şəkilli “Metamfetamin”ə bənzər kütləni çıxarıb təqdim etmiş, həmin bükümü 02 gün əvvəl “20 yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata əldə edib üzərində saxladığını və 14 fevral 2022-ci il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilməsini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,290 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd «DVD-R» disk iş materiallarında saxlanılmalı (CPM-132), 88 (səksən səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,240 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd «DVD-R» disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-214/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-214/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver