Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-215/2021 28.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və ödənilməmiş, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, o, 04 dekabr 2020-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanda yerləşən avtomobil təmir sexinin arxa tərəfində qardaşı Şahid2 Zərərçəkmiş şəxs olan borcunu qaytarmaması səbəbilə sonuncu ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaratmaqla qorxu və narahatçılıq hissinə səbəb olub Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyərək sonuncunun üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib başı ilə sifət nahiyəsinə qəsdən vuraraq ona başın sağ gicgah, sağ göz orbitası və sağ gözaltı nahiyələrdə şişkin qançırlar ilə qeyd olunan sağ göz almasının ağlı qişasında qansızma ilə nəticələnən, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 1 ilə yaxındır ki tanıyır və Məcid “Nargilə” kafesinin yanında yerləşən avtotəmir sexində çilingər işləyir. O və qardaşı Vüsal Məcidin iş yerinin qarşısında icarəyə götürdükləri avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmuş, Məcidlə münasibətləri elə oradan yaranmışdır. 2020-ci ilin noyabr ayında Vüsal taksi fəaliyyəti ilə məşğul olmağı buraxıb Məcidə məxsus sexdə işləməyə başlamışdır. Dekabr ayının əvvəllərində Məcid onunla görüşən zaman qardaşı Vüsalın sexdən müştəriyə məxsus avtomobilin katalizatorunu oğurladığını, lakin katalizatorun qarşılığında ona 250 manat pul verməli olduğu halda həmin pulu vermədiyini bildirmişdir. 04 dekabr 2020-ci il tarixdə saat 11 radələrində o, atası Şahid3 və Vüsal məsələni aydınlaşdırmaq üçün birlikdə Məcidin işlədiyi sexə getmiş, orada Məcidi çölə çağırıb sexin arxa tərəfinə keçməyi təklif etmiş və dördü birlikdə sexin arxa tərəfinə keçmişdirlər. Orada o, Məcidə məsələni danışmasını söylədikdə Məcid onunla kobud şəkildə danışaraq onu təhqir etmiş, bu zaman o, əsəbləşib yumruqla Məcidi vurmuşdur. Onların səs-küyünə ətrafdakı şəxslər yığışıb onları ayırmış, daha sonra isə onlar çıxıb getmişdirlər. Sonradan ona məlum olmuşdur ki, Məcid onu döyməsi barədə 36-cı Polis bölməsinə şikayət etmişdir. Əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 10 ildir çilingər işləyir, son 2 il ərzində isə ünvan 2 ünvanda yerləşən avtotəmir sexində işləyir. Şahid2 və qardaşı Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Onların hər ikisi özlərinə məxsus avtomobillərlə onun işlədiyi sexin qarşısında taksi fəaliyyəti ilə məşğul olurlar, münasibətləri də elə oradan yaranmışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Vüsal işlədiyi sexə gələrək taksi fəaliyyəti ilə yaxşı dolana bilmədiyini bildirərək yanında ona hər hansı bir iş verməsini xahiş etmişdir. Vüsalla münasibəti olduğu üçün Vüsala kömək etmək qərarına gəlmiş və onu özünə köməkçi kimi işə götürmüş və Vüsalın gördüyü işə görə ona gündəlik 10 manat pul vermişdir. Noyabr ayının ortalarında müştərilərindən birinə məxsus “Kia” markalı avtomobili təmir edərkən həmin avtomobilin katalizatorunu çıxarıb sexin içərisində yerə qoymuş, başqa işi olduğundan sexdən çıxıb getmiş və bir neçə saatdan sonra sexə geri qayıtdıqda nə Vüsalın, nə də katalizatorun sexdə olmadığını görmüş, həmin gün Vüsala dəfələrlə zəng vursa da, Vüsalın nömrəsinə zəng çatmamışdır. Səhəri gün Vüsalla yaşadığı ərazidə görüşüb ondan katalizatorun harada olması barədə soruşduqda, Vüsal katalizatoru götürüb satdığını və tez bir zamanda katalizatorun pulunu ona geri qaytaracağını söyləmişdir. O, bu məsələyə görə Vüsalla çox mübahisə etməmiş və təmir etdiyi avtomobilin sürücüsünə avtomobilə məxsus katalizatorun özünə lazım olduğunu söyləyərək qarşılığında ona 250 manat pul vermişdir. Sonradan Vüsaldan 250 manatı geri qaytarmasını tələb etməyə başlamış, lakin Vüsal 250 manat pulu bir neçə gün ərzində qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. Sonradan yenə Vüsaldan pulunu qaytarmasını tələb etdikdə, Vüsal dekabrın 4-dək pulu qaytaracağını bildirmiş, o da Vüsalla razılaşmışdır. 04 dekabr 2020-ci il tarixdə saat 11 radələrində Vüsal, qardaşı Elvin və onların atası Həsənbala onun işlədiyi sexə gələrək onu çölə çağırmışdırlar. O, sexdən çölə çıxdıqda Elvin ona sexin arxa tərəfinə keçməyi təklif etmiş və onlar işlədiyi sexin arxa tərəfinə keçmişdirlər. Bu zaman Elvin onunla kobud danışaraq Vüsalın ona pul verməyəcəyini bildirmiş, o, Elvindən nə üçün pulunu qaytarmayacaqlarını soruşduqda, Elvin yenidən onunla kobud danışaraq onu təhqir etmiş və qəfildən başı ilə onun sağ göz nahiyəsinə kəllə vurmuş, ardınca sağ əli ilə sağ göz nahiyəsinə yumruq zərbəsi, daha sonra isə sol əli ilə sağ gicgah nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Elvin onu vuran zaman atası Həsənbala və qardaşı Vüsal onu qolundan tutub kənarlaşdırmışdırlar. Bundan sonra iş yoldaşları Rizvan, Rəis və tanımadığı başqa şəxslər onlara yaxınlaşaraq onları ayırmış, Elvingil çıxıb getdikdən sonra isə o, 36-cı Polis bölməsinə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Həmçinin o qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid2 onun övladlarıdır. 3 ildən artıqdır ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 7 ünvanında yerləşən “Bizim ailə” kafesində mühafizəçi işləyir. İşlədiyi kafenin yanında avtotəmir sexi yerləşir, elə oradan da sexdə avtomobil ustası işləyən Zərərçəkmiş şəxs tanımışdır. Övladları həmin sexin qarşısında icarəyə götürdükləri avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olduqlarından onların da Məcidlə münasibətləri yaranmışdır. 2020-ci ilin noyabr ayının sonlarında oğlu Vüsal taksi fəaliyyətini buraxıb Məcidin yanında avtomobil ustası kimi işləməyə başlamışdır. 02 dekabr 2020-ci il tarixdə işdə olan zaman Məcid ona yaxınlaşıb Vüsalın sexdən müştəriyə məxsus avtomobilin katalizatorunu oğurladığını bildirmiş, o isə Məcidə Vüsalın belə bir şey edə biməyəcəyini söyləmişdir. Bundan sonra evə gedib Vüsaldan həmin məsələ ilə bağlı maraqlandıqda, Vüsal ona Məcidin yalan danışdığını demişdir. Oğurluq məsələsini dəqiqləşdirmək üçün 04 dekabr 2020-ci il tarixdə saat 11 radələrində Elvin və Vüsalla birlikdə Məcidin işlədiyi sexə getmiş, həmin vaxt Məcid sexdə olmuşdur. Onlar Məcidi çağırıb sexin arxa tərəfinə keçməyi təklif etmiş, Məcid də onlarla birlikdə sexin arxa tərəfinə keçmişdir. Vüsal onlardan bir qədər kənarda dayanıb onların söhbətinə tamaşa etmişdir. Orada o, Məciddən kalatizator oğurluğu barədə danışmasını istəmiş, lakin Məcid onunla kobud danışaraq onu təhqir etmişdir. Bu zaman Elvin əsəbiləşib əli ilə Məcidin yaxasından tutub yuruqla onun sinə nahiyəsindən vurmuş, ətrafda xeyli sayda insan olmasına baxmayaraq heç kim onların davasına müdaxilə etməmiş, yalnız Vüsalla o, araya girib onları ayırmışdırlar. Sonradan onlara məlum olmuşdur ki, Məcid ərizə ilə Polis bölməsinə müraciət edərək onlardan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 1 ilə yaxındır ki, tanıyır. Məcid “Nargilə” kafesinin yanında yerləşən avtomobil təmiri sexində çilingər işləyir. O və qardaşı Elvin Məcidin işlədiyi sexin qarşısında icarəyə götürdükləri avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmuş, bununla da Məcidlə yaxın münasibətləri yaranmışdır. Bir müddətdən sonra taksi fəaliyyəti ilə yaxşı dolana bilmədiyini görüb 2020-ci ilin noyabr ayında Məcidə yanında ona iş verməsini söyləmiş, Məcid də onun sözünü yerə salmayıb onu öz yanında işə götürmüş, onun işi gündəlik olaraq Məcidə kömək etməkdən ibarət olmuşdur. Dekabr ayının əvvəlində sexdə olan zaman Məcid ona müştəriyə məxsus avtomobildən katalizator oğurlandığını və bunda ondan şübhələndiyini söyləmiş, o isə Məcidə bu işdən xəbərsiz olduğunu bildirmişdir. Sonradan bildiyinə görə Məcid katalizatorun qarşılığında avtomobilin sahibinə 250 manat pul vermişdir. Məcid həmin pulu ondan tələb etməyə başladıqda, o, Məcidə oğurluq etmədiyini, buna görə də ona pul verməyəcəyini bildirmişdir. 03 dekabr 2020-ci il tarixdə evdə olan zaman atası Həsənbala və qardaşı Elvin katalizator məsələsi barədə ondan soruşduqda, o, onlara da bu məsələdən xəbərsiz olduğunu söyləmiş və onlar qərara gəlmişdirlər ki, səhər gedib Məcidlə bu məsələyə aydınlıq gətirsinlər. Səhəri gün, yəni 04 dekabr 2020-ci il tarixdə saast 11 radələrində atası və qardaşı ilə birlikdə Məcidin işlədiyi sexə getmiş, orada Elvin Məcidi çölə çağırmışdır. Məcid çölə çıxdıqdan sonra dördü birlikdə sexin arxa tərəfinə keçmiş, orada Elvin Məcidə katalizatoru onun oğurlamadığını, buna görə də ona heç bir pul verilməyəcəyini bildirdikdə, Məcid onunla kobud danışmağa başlamışdır. Bu zaman Elvin əsəbiləşib yumruqla Məcidin sinə nahiyəsindən vurmuş, bundan sonra atası ilə o, onları ayırıb sakitləşdirmişdir. Sonradan onlara məlum olmuşdur ki, Məcid ərizə ilə 36-cı Polis bölməsinə müraciət edərək şikayət etmişdir. Məhkəmə iclasında şahid qisində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 4 ildən artıqdır ki, ünvan 3 ünvanda yerləşən avtotəmir sexində avtomobil ustası işləyir, Zərərçəkmiş şəxs da onun sexinə bitişik olan digər sexdə avtomobil ustası işləyir. Təqsirləndirilən şəxs ilə yaxın məhəllədə yaşadıqları üçün onu da 10 ildən artıqdır ki, tanıyır. 2020-ci ilin sonlarında Elvinlə aralarında yaranmış şəxsi mübahisələrindən dolayı ondan küsmüş və onunla ümumiyyətlə danışmamışdır. 04 dekabr 2020-ci il tarixdə saat 11 radələrində işdə olan zaman sexin arxa tərəfində Elvinlə Məcidin bir-birləri ilə uca səslə mübahisə etdiklərini, Elvinin atası Həsənbala və qardaşı Vüsalın da orada olduqlarını görmüş, Elvinlə küsülü olduğu üçün onların mübahisəsinə müdaxilə etməmiş, lakin mübahisənin gərginləşdiyini görüb sexin yanındakı ehtiyat hissələri satılan yerin sahibi Rizvana gedib onları sakitləşdirməsini söyləmişdir. Rizvan onlara yaxınlışdıqdan sonra o, müştərinin avtomobilini təmir etmək üçün oradan uzaqlaşmış və onların arasında baş verən dava-dalaşı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 2 ildən artıqdır ki, ünvan 3 ünvanda yerləşən avtomobil ehtiyat hissələri satılan dükanı işlədir, Zərərçəkmiş şəxs da dükanın yanındakı sexdə avtomobil ustası işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun dükanının qarşısında öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğu üçün Elvini və onun ailə üzvlərini də tanıyır. 04 dekabr 2020-ci il tarixdə saat 11 radələrində dükanın yanındakı çayxanada çay içən zaman çöldə səs-küy olduğunu eşitmiş, çayxanadan çölə çıxan zaman sexin arxa tərəfində Elvinlə Məcidin mübahisə etdiklərini və ətrafda xeyli sayda insan olduğunu görmüş, həmin şəxslərin arasında Elvinin atası Həsənbala və qardaşı Vüsal da olmuşdur. O, onlara yaxınlaşdıqda Elvinlə Məcidin bir-birilərinin yaxasından tutduqlarını görmüş, onları ayırmaq istəsə də, Elvin əlləri ilə Məcidin yaxasından möhkəm tutaraq onu buraxmamışdır. O, ətrafdakı şəxslərin köməkliyi ilə güclə onları ayırmış və Elvini sakitləşdirərək oradan uzaqlaşdırmış, bundan sonra ətrafdakı şəxslər də uzaqlaşıb çıxıb getmişdirlər. Bir neçə dəqiqədən sonra Məciddən nə baş verdiyini soruşduqda, Məcid çox əsəbi olduğundan ona heç bir söz deməmiş, yalnız Elvinin onu döydüyünü söyləmişdir. Bildiyinə görə Elvingilin ailəsi Məcidə 250 manat pul verməli olduğundan, onların arasındakı mübahisənin də həmin pula görə baş verdiyini başa düşmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 19 yanvar 2021ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. ( i.v. 1); Baxış keçirilməsi haqqında protokoldan görünür ki, 04.12.2020-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.6-7); Məhkəmə-tibb ekspertizasının 07 dekabr 2020-ci il tarixli 1275 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – başın sağ gicgah, sağ göz orbitası və sağ gözaltı nahiyələrdə şişkinli qançırlar ilə qeyd olunan sağ göz almasının ağlı qişasında qansızmalar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 04 dekabr 2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddirlər(i.v.15-16); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 23.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( i.v. 22-23); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 01.02.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Məlikov X1 rayon məhkəməsinin 04.11.2020-ci il tarixli hökmü ilə CM-nin 296.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir(i.v.38- 39, 93-97); Cinayət işi üzrə əməlin tövsif olunması haqqında 10.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir(i.v.56-57); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 11.03.2021ci il tarxidə Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.67-68); Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 11.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.83); 11.03.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bildirmişlər(i.v.86-89); Bakı şəhəri Xətai rayonu 133 saylı MİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır(i.v.99); Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış və üzləşdirmə protokolları, ekspertiza rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. ( i.v.100-105); Bakı şəhəri Xətai rayon məhkəməsinin 03.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, onun olduğu yer müəyyən edilənə qədər cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası PX-nin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26.05.2021-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq 27.05.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 1(001)-174/2020ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 296.1-ci maddəsi ilə məhkum olunmasına dair Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü 25 noyabr 2020-ci il tarixdə qüvvəyə minmişdir. Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı verdiyi şikayəti geri götürür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü, ictimai işlərin dörd saatı bərabər tutulur. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Məlikov X1 Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən hazırki cinayəti törətmiş, lakin CM-nin 18.4.4-cü maddəsinə əsasən təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (69.3), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-174/2020 saylı, 04.11.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il islah işləri cəzası islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə hesabı ilə hesablanmalı (CM 68.3.1), hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 67.1), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçillərək dərhal məhkəmə iclası zalından azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-174/2020 saylı, 04.11.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə hesabı ilə hesablanmaqla 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclası zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhər Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-215/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-215/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver