Məhkəmə qərarları › İş №1(011)-215/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-215/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-215/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx.xx.2022-ci il tarixdən saat 10-da Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı yaşayış binasının mənfi 2-ci mərtəbəsində yerləşən avtomobillər üçün nəzərdə tutulan dayanacaqda saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Subaru Forester” markalı, AZ **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini daşla vurub sındıraraq, avtomobilin içərisindən və yük yerindən içərisində 20 (iyirmi) manat dəyərində gün qoruyucusunu, 15 (on beş) manat dəyərində "Autokit" markalı maye yuyucu şampunu, 15 (on beş) manat dəyərində maye şüşə yuyucu şampunu, 5 (beş) manat dəyərində içərisində təkər qaraldan vasitələr olan 50 (əlli) manat dəyərində “TC-Helicon" markalı qara rəngli çantanı, içərisində 4.500 (dörd min beş yüz) manat dəyərində “Bach Stradivarius Mİ-72” markalı nəfəs müsiqi alətini, 170 (yüz yetmiş) manat dəyərində “Yamaha'' markalı trompet müşdüyünü, 50 (əlli) manat dəyərində “Yamaha” markalı elektron səs kökləyən aləti, 20 (iyirmi) manat dəyərində “X5” markalı trompet yağı olan 170 (yüz yetmiş) manat dəyərində “Gator Cases” markalı çantanı, 90 (doxsan) manat dəyərində “70 Mai" markalı videoqeydiyyat aparatını və 50 manat dəyərində “Veithdia" markalı gün eynəyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5.155 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 yanvar 2022-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı ünvan 1 ünvanından çıxaraq iş axtarmaq üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığına gəlmişdir ki, orada yerləşən dönərxanalarda özünə iş tapsın. Lakin özünə iş tapa bilmədiyi üçün piyada Nobel prospekti ilə üzü Ali Məhkəmə istiqamətində getmişdir. Ali Məhkəmənin arxasına çatanda təbii ehtiyacını ödəmək üçün tualet axtarmaq məqsədi ilə yaxınlıqdakı yeni tikili hündür mərtəbəli binanın blokuna daxil olmuş, saat 14 radələri olmuş, blokdan qaraja düşən pilləkənlə avtodayanacağa düşmüşdür ki, təbii ehtiyacını ödəsin. Bundan sonra avtodayanacaqda qara rəngli “Subaru” markalı avtomaşını görüb həmin avtomaşına yaxınlaşmışdır. O, avtomobilə yaxınlaşan zaman avtomaşının arxa oturacağının üstündə iki ədəd qara rəngli çantanın olduğunu görmüş, həmin vaxt pula ehtiyacı olduğu üçün həmin çantaları oğurlamaq qərarına gəlmişdir. Oradan daş tapıb avtomaşının sol qabaq yan balaca şüşəsini sındırıb qapını açmışdır. İki ədəd qara rəngli üzərində “TC-Helicon” sözləri yazılan çanta və digərinin üzərində xatırlamadığı yazılar olan çantanı götürərək gəldiyi yolla avtodayanacaqdan çıxaraq getmişdir. Bir qədər getdikdən sonra çantanın birini açdıqda üzərində “AutoKit” sözləri yazılan şampun və açıq boz rəngli kisənin içərisində bir hissəsi qara, digər hissəsi boz rəngli olan avtomobilin salonunu istidən qorumaq üçün nəzərdə tutulmuş parçadan ibarət günlük olduğunu, digər çantanın içərisində gümüşü rəngli saksafon çalğı alətinin olmasını görmüşdür. O, həmin çalğı alətini özü ilə Mərkəzi Univermağın yanına apararaq yolda tanımadığı şəxsə 50 manata satmışdır. Bundan sonra əldə etdiyi 50 manat pulu siqaret və yemək almağa xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində oğurladığı çanta ilə 5 mərtəbə adlanan yerdə gəzən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində söhbət zamanı o, səmimi olaraq «Subaru» markalı avtomaşından oğurluq etdiyini etiraf etmişdir. Həmçinin o, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdən 02 yanvar 2022-ci il tarixə keçən gecə saat 04 radələrində özünə məxsus olan "Subaru Forester" markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı binanın binanın zirzəmisində yerləşən avtodayanacağa daxil olaraq avtomaşını park edərək evə getmişdir. 02 yanvar 2022-ci il tarixdə axşam saat 18-də avtodayanacağa düşərək avtomaşınına yaxınlaşan zaman avtomobilin qabaq sol şüşəsinin kiçik şüşəsinin sındığını görmüş və əlində olan avtomobilin pultu ilə avtomaşının yük hissəsini açıb baxdıqda özünə məxsus 50 manat dəyərində üzərində “TC-Helicon" sözləri yazılmış qara rəngli çantanın və içərisində 20 manat dəyərində gün qoruyucu, 15 manat dəyərində üzərində "AutoKit” sözləri yazılan yuyucu şampun, 15 manat dəyərində üzərində (cam suyu) sözləri yazılan şüşə yuyucu şampunun, 5 manat dəyərində adını bilmədiyi təkər qaraldan vasitələr olan çantanın, üzərində “GATOR CASES” sözləri yazılan 170 manat dəyərində çantanın içərisində gümüşü “Bach Stradivarius Mİ-72" markalı 4500 manat dəyərində nəfəs musiqi alətinin, həmin çantanın içərisində 170 manat dəyərində "Yamaha“ markalı trompet müşdüyü, 50 manat dəyərində “Yamaha’' markalı elektron səs kökləyən, 20 manat dəyərində “X5” markalı trompet yağının, avtomobilin salonunda qabaq ön şüşəyə quraşdırılmış 90 manat dəyərində “70 Mai” markalı videoregistrator və 50 manat dəyərində qara rəngli “Veithdia" markalı gün eynəyinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisənin necə və hansı şəraitdə baş verməsini sənədləşdirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 5155 manat və əlavə olaraq avtomaşının şüsəsinin sınması nəticəsində 200 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin o qeyd etmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki o, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 02 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın avtodayanacağına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 11-14); könüllü təqdim olunan əşyaların götürülməsi haqqında 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı çantalardan birini istintaq orqanına təqdim edərək, həmin hadisəni etiraf etmişdir. Təqdim etdiyi çanta qara rəng olmuş, üzərində “TC-Helicon” yazılmışdır, çantanın içərisində gümüşü rəngli parçadan olan gün qoruyucu və yaşıl rəng qabda üzərində “AutoKit” yazılmış yuyucu şampun olmuşdur. Həmin əşyalar iş üzrə əhəmiyyət kəsb etdiklərindən götürülmüşdür (i.v. 18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 25); əşyanın tanınmaya təqdim edilməsi haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan 01 ədəd üzərində “TC-Helicon” yazılmış qara rəngli çantanın, 01 ədəd üzərində heç bir yazısı olmayan gümüşü rəngli kisənin içərisində olan gün qoruyucunun və 01 ədəd üzərində “AutoKit” yazılmış yaşıl rəngli avto yuma şampununun ona məxsus olmasını bildirmiş və istintaq hərəkəti zamanı fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 34-35); ifadənin yerində yoxlanılması haqqında 09 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 40- 43); 42 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan üzrə müsbət xarakterizə olunur (i.v. 45); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/174 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 46 manat müəyyən olunur. O cümlədən: - 1 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Autokit” yazısı olan, 1000 ml həcmli plastik qabda açıq yaşıl rəngli maye yuyucu şampun – 10.00 manat; - 1 ədəd istifadədə olmuş, üzərində heç bir markalanma göstəriciləri olmayan, orta ölçülü gümüşü rəngli kisə - 1.00 manat; - 1 dəst istifadədə olmuş, üzərində heç bir markalanma göstəriciləri olmayan, gümüşü-qara rəngli günqoruyucu (1 ədəd 64 sm diametrli, 1 ədəd 67 sm uzunluqda, 1 ədəd 43 sm x 36 sm ölçüdə) – 20.00 manat; - 1 ədəd istifadədə olmuş, üzərində “TC-Helicon” sözləri yazılmış, zəncirbəndlə açılıbbağlanan qara rəngli, çoxcibli çanta – 15.00 manat (i.v. 49-52); cinayət əməlinin tövsif edilməsi haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 61-62); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 72-73); qətimkan tədbirinin seçilməsi haqqında 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 86-87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 90); sübutların qiymətləndirilməsi haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.1 və 186.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə oğurlanmış əşyaların ümumi dəyəri 5155 manat kimi qəbul edilmiş, 1 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Autokit” yazısı olan, 1000 ml həcmli plastik qabda açıq yaşıl rəngli maye yuyucu şampun, 1 ədəd istifadə olunmuş, üzərində heç bir markalanma göstəriciləri olmayan, gümüşü-qara rəngli günqoruyucu və 1 ədəd istifadədə olmuş, üzərində “TC-Helicon” sözləri yazılmış, zəncirbəndlə açılıb-bağlanan qara rəngli, çoxcibli çanta maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır (i.v. 92-97); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-215/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduqda barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməklə Bakı İstintaq Təcridxanasına verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-4073 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 vardır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 maddəsi ilə irəli sürülmüş ittihama görə o, 20 (iyirmi) manat dəyərində gün qoruyucusunu, 15 (on beş) manat dəyərində "Autokit" markalı maye yuyucu şampunu, 15 (on beş) manat dəyərində maye şüşə yuyucu şampunu, 5 (beş) manat dəyərində içərisində təkər qaraldan vasitələr olan 50 (əlli) manat dəyərində “TC-Helicon" markalı qara rəngli çantanı, içərisində 4.500 (dörd min beş yüz) manat dəyərində “Bach Stradivarius Mİ-72” markalı nəfəs müsiqi alətini, 170 (yüz yetmiş) manat dəyərində “Yamaha'' markalı trompet müşdüyünü, 50 (əlli) manat dəyərində “Yamaha” markalı elektron səs kökləyən aləti, 20 (iyirmi) manat dəyərində “X5” markalı trompet yağı olan 170 (yüz yetmiş) manat dəyərində “Gator Cases” markalı çantanı, 90 (doxsan) manat dəyərində “70 Mai" markalı videoqeydiyyat aparatını və 50 manat dəyərində “Veithdia" markalı gün eynəyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5.155 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/174 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 46 manat müəyyən olunur. O cümlədən: - 1 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Autokit” yazısı olan, 1000 ml həcmli plastik qabda açıq yaşıl rəngli maye yuyucu şampun – 10.00 manat; - 1 ədəd istifadədə olmuş, üzərində heç bir markalanma göstəriciləri olmayan, orta ölçülü gümüşü rəngli kisə - 1.00 manat; - 1 dəst istifadədə olmuş, üzərində heç bir markalanma göstəriciləri olmayan, gümüşü-qara rəngli günqoruyucu (1 ədəd 64 sm diametrli, 1 ədəd 67 sm uzunluqda, 1 ədəd 43 sm x 36 sm ölçüdə) – 20.00 manat; - 1 ədəd istifadədə olmuş, üzərində “TC-Helicon” sözləri yazılmış, zəncirbəndlə açılıbbağlanan qara rəngli, çoxcibli çanta – 15.00 manat (i.v. 49-52) Göründüyü kimi istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə Autokit markalı maye yuyucu şampunu oğurlamaqla 15 manat, “TC-Helicon" markalı qara rəngli çantanı oğurlamaqla isə 50 manat maddi ziyan vurmasını qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/174 saylı ekspert rəyində Autokit markalı maye yuyucu şampunun qiyməti 10 (on) manat, “TC-Helicon" markalı qara rəngli çantanı qiyməti isə 15 (on beş) manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 5115 (beş min yüz on beş) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 07 iyun 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı (CPM-357.0.4), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 1 ədəd az hissəsi istifadə edilmiş üzərində “Autorik” yazısı olan, 1000 ml həcmli plastik qabda açıq yaşıl rəngli maye yuyucu şampunun, 1 ədəd istifadə olunmuş üzərində heç bir markalanma göstəriciləri olmayan orta ölçülü gümüşü rəngli kisənin, 1 dəst istifadə olunmuş üzərində heç bir markalanma göstəriciləri olmayan gümüşü qara rəngli günqoruyucunun və 1 ədəd istifadə olunmuş üzərində “TC-Helicon” sözləri yazılmış zəncirbəndlə açılıb-bağlanan qara rəngli çoxcibli çantanın sahibinə geri qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən 1 ədəd az hissəsi istifadə edilmiş üzərində “Autorik” yazısı olan, 1000 ml həcmli plastik qabda açıq yaşıl rəngli maye yuyucu şampunun, 1 ədəd istifadə olunmuş üzərində heç bir markalanma göstəriciləri olmayan orta ölçülü gümüşü rəngli kisənin, 1 dəst istifadə olunmuş üzərində heç bir markalanma göstəriciləri olmayan gümüşü qara rəngli günqoruyucunun və 1 ədəd istifadə olunmuş üzərində “TC- Helicon” sözləri yazılmış zəncirbəndlə açılıb-bağlanan qara rəngli çoxcibli çantanın sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar