Məhkəmə qərarları › İş №1(011)-218/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-218/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-218/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Naxçıvan MR, Şərur rayonunun Qışlaqabbas kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, Naxçıvan MR, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə özünə kirayə ev axtarmaq məqsədi ilə ünvan 1 ünvanda yerləşən 96 nömrəli evin darvaza qapısında qıfıl olduğunu görüb evdə kiminsə olmadığını düşünərək buna əmin olduqdan sonra özgənin xüsusi mülkiyyətində olan əmlakını talama qərarına gələrkən, bu məqsədlə xx xxxxxx 2021-ci il tarixdə saat 06 radələrində həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısının üzərində olan kilidi özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra, qıfılı sındırdığı dəmir parçasından istifadə edib evin plastik materialdan olan pəncərəsini çərçivədən aralayaraq yaşayış sahəsinə daxil olmuş, daha sonra qonaq otağından 1 ədəd 650 manat dəyərində 2020-ci il istehsallı “LG” markalı, “43UM7450PLA” modelli televizoru, evin yataq otağından 1 ədəd 40 manat dəyərində «Nikai» markalı, “NB1713” modelli mikseri və 1 ədəd 70 manat dəyərində “Nikai” markalı, “NJ8600” modelli şirəçəkəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 760,0 (yeddi yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, psixi xəstəliyi olduğu üçün Naxçıvan MR-da qeydiyyatda olmaqla mütəmadi olaraq orada müalicə alır. Hazırda Naxçıvan MR-da tibb müəssisəsində emosional donuqluq, şəxsiyyət pozğunluğu xəstəliyi ilə qeydiyyatdadır. Bəzi vaxtlarda etdiyi əməli tam dərk etmədiyini bildirmişdir. Naxçıvan MR-da qeydiyyatda olub yaşasa da, lakin son vaxtlar Xaçmaz rayonunda Sevinc adlı qadınla qeyri rəsmi ailə həyatı quraraq yaşamışdır. Sevinc ilə Xaçmaz rayonunda aralarında sözlə mübahisə olduğu üçün onun evindən çıxaraq xx xxxxxx 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan qohumu X2 yaşadığı evə qonaq gəlmişdir. Onlarda bir gün gecələdikdən sonra Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsində özünə kirayə ev axtarmaq məqsədi ilə gəzərkən oğurluq etdiyi evin giriş qapısında kilid olması diqqətini cəlb etmişdir. Bir neçə dəfə həmin evin qarşısından keçərək evdə heç kimin olmadığını müşahidə etdikdən sonra qərara gəlmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə səhər saatlarında həmin mənzildən oğurluq edərək əldə etdiyi əmlakı satmaqla kirayə tutacağı evin kirayə pulunu versin. Bu məqsədlə xx xxxxxx 2021-ci il tarixdə saat 06 radələrində qohumu Nurlan Cəfərovun həyətindən çıxarkən küçədən tapdığı cəhrayi rəngli köhnə fəhlə əlcəklərini özü ilə götürüb həmin evə yaxınlaşdıqda giriş qapıda kilidin olduğunu yenidən görüb evdə heç kimin olmadığına tam əmin olduqdan sonra əlcəkləri əlinə geyinib yerdən tapdığı dəmir parçası ilə kilidi sındırıb həyətyani sahəyə daxil olmuşdur. Evin giriş qapısı dəmirdən olduğu üçün sındıra bilməyəcəyini düşünüb qapının sağ tərəfində olan ağ rəngli plastik pəncərəni əlində olan dəmir parçası ilə güc tətbiq edərək açmışdır. Mənzilə daxil olarkən bir başa qonaq otağına endiyi üçün divara bərkidilmiş “LG” markalı televizorun olduğunu görüb açmaq qərarına gəlmişdir. Televizoru açdıqdan sonra yataq otağına keçərək orada axtarış aparıb dolabda heçnə tapmadığını görüb 2 ədəd şirəçəkən aparatının olduğunu görüb onlarıda götürüb evə daxil olduğu yerdəndə tərk edib çıxmışdır. Götürdüyü əşyaları oğurluq etdiyi evdən təxminən 200 metr kənarda olan tanımadığı yaşayış olmayan bir yarım tikiliyə qoyaraq orada üzərində olan yeməyini yeyib yatmışdır. O, yuxudan ayılarkən əməlindən peşman olub həmin əşyaları aparıb qaytarmaq fikirinə gələn zaman həmin yarım tikiliyə polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşlarının həmin əşyaları haradan oğurladığını soruşduqda onlara səmimi olaraq etiraf etmişdir ki, yaxınlıqda olan mənzildən oğurlamışdır. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-nə aparmışdılar. O, evdən oğurladığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Ev sahibəsi sonradan adını bildiyi Zərərçəkmiş şəxs polis bölməsinə gələrək əşyalarına baxmış və həqiqətəndə oğurlanan əşyaların ona məxsus olduğunu görüb tanımışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonunda ailəsi ilə birlikdə yaşayan qızı X1 evinə qalmaq məqsədi ilə qonaq getmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 11 radələrində qonşuluqda yaşayan digər qızı Şahid onun mobil nömrəsinə zəng edərək yaşadığı mənzildə oğurluq hadisəsi baş verdiyini bildirmişdir. O, Binəqədi rayonunda yaşayan qızının evindən təcili olaraq öz ünvan 2 ünvanda yerləşən 96 nömrəli evinə gəlmişdir. O, gələnədək qızı Şahid DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Polis əməkdaşları o, evinə çatanadək evindən oğurluq edən şəxsin yerini və ona məxsus əşyalarını müəyyən edərək onu polis bölməsinə aparmışdılar. O, həyətin giriş dəmir qapısından asılmış qıfılın sındırılaraq mənzilinin küçəyə baxan qonaq otağının ağ rəngli plastik pəncərəsinin mismar çıxardan alətlə açılaraq içəri daxil olunduğunu və bundan sonra qonaq otağında divara bərkidilmiş 2020-ci ilin mart ayında “Kontakt Home” mağazasında kreditlə 1.500 manata aldığı “LG” markalı 109 dioqanallı işlək vəziyyətdə olan televizorunun oğurlandığını aşkar etmişdir. Bundan sonra yataq otağına keçərkən otağın dağınıq vəziyyətdə olduğunu otaqdan cehizlik əşyaları olan 250 manat qiymətində olan 1 ədəd “Nikai” markalı şirəçəkən və 1 ədəd “Nikai” markalı 180 manat qiymətində olan mikserində oğurlandığını da aşkarlamışdır. O, polis bölməsinə gedərək evindən oğurlanan əşyalarla və evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin qeyd etdiyi əşyalar həqiqətəndə ona məxsus olmuşdur. O, Təqsirləndirilən şəxs ilk dəfə idi ki, polis bölməsində görmüşdür. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ümumilikdə onun mənzilindən 1.930 (min doqquz yüz otuz) manat qiymətində məişət əşyaları oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 13 radələrində anası Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonunda ailəsi ilə birlikdə yaşayan bacısı X1 evinə qonaq getmişdir. X4 evində 2-3 gün qalmışdır. xx xxxxxx 2021-ci il tarixdə saat 11 radələrində anası ilə qonşu mənzildə yaşadığı üçün evinin qarşısından keçərkən giriş qapıda olan kilidin olmadığını görmüşdür. İçəri daxil olmaq istədikdə əlamətlərindən mənzildə oğurluq hadisə baş verdiyini güman etmişdir. O, dərhal bu barədə anasının mobil nömrəsinə zəng edərək yaşadığı mənzildə oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Anası bacısının yaşadığı evdən təcili olaraq ünvan 2 ünvanda yerləşən 96 nömrəli evinə gəlmişdir. Anası gələnədək o, DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Polis əməkdaşları anası evinə çatanadək evdən oğurluq edən şəxsin yerini və anasına məxsus əşyaların yerini müəyyən edərək onu polis bölməsinə aparmışdılar. Anası həyətin giriş dəmir qapısından asılmış qıfılın sındırılaraq mənzilinin küçəyə baxan qonaq otağının ağ rəngli plastik pəncərəsinin mismar çıxardan dəmir alətlə açılaraq içəri daxil olunduğunu və bundan sonra qonaq otağında divara bərkidilmiş 2020-ci ilin mart ayında “Kantkhome” mağazasında kreditlə 1.500 manata aldığı “LG” markalı 109 dioqanallı işlək vəziyyətdə olan televizorun oğurlandığını aşkar etmişdir. Bundan sonra yataq otağına keçərkən otağın dağınıq vəziyyətdə olduğunu otaqdan cehizlik əşyaları olan 250 manat qiymətində olan 1 ədəd “Nikai” markalı şirəçəkən və 1 ədəd “Nikai” markalı 180 manat qiymətində olan mikserində oğurlandığını da aşkarlamışdır. Bundan sonra anası polis bölməsinə gedərək evindən oğurlanan əşyalarla və evindən oğurluğu edən Təqsirləndirilən şəxs polis bölməsində görmüşdür. Qeyd etdiyi əşyalar həqiqətəndə anasına məxsusdur. Təqsirləndirilən şəxs ilk dəfə idi ki, polis bölməsində görmüşlər. Anasına dəymiş maddi ziyan tam ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); təqdim etmə və götürmə haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhqiqat orqanına 1 ədəd 109 dioqanallı “LG” markalı televizoru, 1 ədəd “Nikai” markalı şirəçəkəni və 1 ədəd Nikai” markalı mikseri təqdim etdi(i.v.6); baxış keçirilmə haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvanda yerləşən 96 nömrəli evə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (i.v. 10-14); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 40-41); təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmiş və həmin xüsusatlar göstərilən zaman fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v 49-52); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(011)-4/2021 saylı qərarından görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmişdir(i.v. 65-69); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir(i.v. 70); Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən şikayət və tələbi yoxdur(i.v.39); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v. 73); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/138 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2020-ci il istehsallı 1 ədəd “LG” markalı “43UM7450PLA” modelli televizorun qiyməti 650 manat, 1 ədəd «Nikai» markalı “NB1713” modelli mikserin qiyməti 40 manat və 1 ədəd “Nikai” markalı “NJ8600” modelli şirəçəkənin qiyməti 70 manatdır. Aparılmış əmtəəşünaslıq tədqiqatın nəticələrinə əsasən ümumi məişət əşyalarının 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 760,0 manat müəyyən edilmişdir(i.v.79-82); Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir.Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür(i.v.86-87); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan və qəbzdən görünür ki, 2020-ci il istehsallı 1 ədəd “LG” markalı “43UM7450PLA” modelli televizor, 1 ədəd «Nikai» markalı “NB1713” modelli mikser və 1 ədəd “Nikai” markalı “NJ8600” modelli şirəçəkən maddi sübut kimi tanınaraq sahibinə qaytarılmışdır(i.v.97-101, 117); Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə ittiham olunduğu cinayət işi üzrə təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməsi üçün barəsində axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir(i.v.118-121); Xaçmaz rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutularaq təhvil verilmişdir. Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xaçmaz rayon icra şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası icraya yönəlməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 04 (dörd) ay 14 (on dörd) gün müddəti qismən toplamaqla, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM- 56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübutlar- 2020-ci il istehsallı “LG” markalı, “43UM7450PLA” modelli televizoru, 1 ədəd «Nikai» markalı, “NB1713” modelli mikseri və 1 ədəd “Nikai” markalı, “NJ8600” modelli şirəçəkənin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri 111,29 (bir yüz on bir manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar- 2020-ci il istehsallı “LG” markalı, “43UM7450PLA” modelli televizoru, 1 ədəd «Nikai» markalı, “NB1713” modelli mikseri və 1 ədəd “Nikai” markalı, “NJ8600” modelli şirəçəkənin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 111,29 (bir yüz on bir manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar