Məhkəmə qərarları › İş №1(011)-219/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-219/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-219/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx xxxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,550 qram çəkidə narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb yaşadığı Bakı şəhəri, Xətai rayonu, Həsən Salmanı küçəsi, döngə 1 də olan 4 saylı evin yaxınlığına daşımış, 23 fevral 2021ci il tarixdə, saat 12:15-də həmin ünvanda Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalanaraq ünvan 3 ünvanında yerləşən 37-ci Polis Şöbəsinə gətirilərək şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1998-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan 1999-cu il təvəllüdlü bir oğlu var. 2010-cu ildə o, həyat yoldaşından rəsmi olaraq boşanmışdır, hal hazırda yenidən ailə qurmuşdur. Hazırda oğlu bəzi hallarda onunla, bəzi hallarda isə anası ilə yaşayır. O, özü müxtəlif tikintilərdə fəhlə kimi işləyir. Bildirmişdir ki, o, özü bəzi hallarda narkotik vasitə heroin əldə edib iyləmək yolu ilə qəbul edir. O, daimi olaraq narkotik istifadə etmədiyi üçün heç vaxt narkotik axtarıb tapmağa və almağa cəhd etmir. Təsadüfi hallarda narkotik əldə edə bildikdə qəbul edir. O, 22 fevral 2021-ci il tarixdə yaşadığı Həsən Salmani küçəsində olan zibil yeşiklərinin yanından keçəndə yerdə siqaretin gümüşü kağızına bükülmüş kiçik büküm görmüş və bu diqqətini cəlb etmişdir. Maraq naminə həmin bükümü götürüb açdıqda onun içərisində heroin olduğunu görmüşdür. Bükümdə olan maddə kəskin iyli qəhvəyi rəngli toz şəkilli maddə imiş və dəqiq bilmişdir ki, bu heroindir. Ətrafa baxıb onu heç kəsin görmədiyinə əmin olduqdan sonra həmin heroin bükümünü cibinə qoymuşdur. Az müddət sonra o, evə gəlib həmin bükümdə olan maddənin az bir hissəsini iyləmə yolu ilə qəbul etmişdir. Qalan hissəni də elə həmin bükümdə əynində olan cins şalvarının sol cibinə qoymuşdur. 23 fevral 2021-ci il tarixdə o, şəxsi işləri olduğu üçün saat təxminən 12:15 radələrində yaşadığı Həsən Salmani küçəsi, döngə 1, 4 nömrəli həyət evindən çıxıb piyada 20-30 metr aralanmışdır ki, iki nəfər mülki geyimli şəxs onu saxlamış, onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və demişlər ki, o, narkotik vasitə əldə edib qəbul etməkdə şübhəli bilinir və bu səbəbdən də onlarla polis şöbəsinə getməlidir. O etiraz etməmiş və onlarla birlikdə 37-ci Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsinin xidməti otağında vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla onun üzərinə baxış keçirilmişdir və o, əynindəki cins şalvarın sol yan cibində olan bir büküm narkotik vasitə heroini polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı onun üzərindən götürülmüş bir büküm narkotik vasitə heroini ağ zərfə qoyub möhürləmiş, bundan sonra protokol tərtib olunmuş və onlar imzalamışlar. O, həmin zaman da səmimi etiraf etmişdir ki, həmin cibində olan bükümdəki maddə narkotik vasitə heroindir və onu tapmış və öz istifadəsi üçün cibində saxlamışdır. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını qeyd edərək yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 23 fevral 2021-ci il tarixdə Nazim adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində daşıması və istifadə etməsi barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur və həmin məlumatın yoxlanılması üçün keçirilməsi nəzərdə tutulan əməliyyat-axtarış tədbirlərinə o da cəlb olunmuş ve şöbənin əməliyyat müvəkkili Şahid1la birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Keçirilmiş tədbirlər nəticəsində Nazim adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, döngə 1, ev 4-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə saat 12:15-də yaşadığı evin yaxınlığında onlar tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə gətirilmişdir. Təhqiqatçı tərəfindən Polis Şöbəsinə vəkil dəvət edilmiş və lazımi sənədləşmələr aparıldıqdan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış videoçekiliş aparılmaqla keçirilirmiş. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kütləni təqdim etmiş və bildirmişdir ki, bükümdəki kütlə narkotik vasitə heroindir və həmin heroinİ tapmışdır, Təhqiqatçı bükümü açdıqda həqiqətən də onun içərisində kəskin qoxulu narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri axtarılmış, lakin ondan həmin bükümdən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir Təqsirləndirilən şəxs aşkar edilib götürümüş içərisində heroinə bənzər kütlə olan bir ədəd kağız büküm təhqiqatçı tərəfindən ağ zərfə qoyulub qablaşdmlaraq möhürlənmişdir. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, onlar hamısı protokolu imzalamışlar. Cinayət işi üzrə Şahid1 teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ biləməyəciyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun ifadəsi elan edilərək tədqiq edilmiş və ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli kütləni təqdim etmiş və bildirmişdir ki, bükümdəki kütlə narkotik vasitə heroindir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Axtarış Panasonic markalı videokamera vasitəsi ilə bir ədəd “DVD-R” diskə çəkilmiş və iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2021-ci il tarixli, 6/793 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..." yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci İl tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi - 0,550 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,500 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsinin 03 mart 2021-ci il tarixli, 642 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,550 qram çəkidə narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,500 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25.02.2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş 110 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindənn verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,500 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitənin üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,500 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman çəkilişi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar