Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-219/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 16 avqust 2005-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən komplekt hissəsi hesab edilən daraqla birlikdə 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli yivli odlu silahı əldə edib və üzərində saxlamaqla gəzdirmiş, onun qanunsuz olaraq odlu silahı və onun komplekt hissələrini əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis idarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yanvar 2024-cü il tarixdə saat 17:30-ca ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilən zaman bel nahiyəsinin sağ tərəfində kəmərin altına keçirilmiş qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi 01 ədəd 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraqla birlikdə bir ədəd çaxmağında PB-9370 N-si olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli yivli odlu silah-texniki cəhətdən saz və atəş üçün yararlı olan tapança aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayır, hazırda heç bir yerdə işləmir. Təxminən 20-25 gün əvvəl yaşadığı evin yaxınlığında piyada gəzərkən yolun kənarında hasarın dibində sellofan torba görmüş və həmin torbanı açdıqda içərisində tapança olduğunu görmüşdür. Onun uşaqlıqdan silaha həvəsi olduğu üçün həmin tapançanı götürmüşdür. Həmin tapançanı yaşadığı evə gətirərək orada həyətdə gizlətmişdir. Hərdən şəhərə çıxarkən tapançanı tanışlarına göstərmək məqsədilə bel nahiyəsinə taxaraq gəzdirmişdir. 12 yanvar 2024-cü il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhəri Nəsimi rayonu ərazisində olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları olduqlarını bildirib və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, Təqsirləndirilən şəxs olduğunu həmin şəxslərə demişdir. Polis əməkdaşları ona odlu silah və onu komplekt hissələrinin daşınmasında və saxlanmasında şübhəli olduğunu bildirib onu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməyib idarə etdiyi avtomobili ilə polis əməkdaşları ilə birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə getmişdir. Xidməti otaqlardan birində üzərinə şəxsi axtarışın aparılmasından əvvəl axtarış və götürmənin aparılması barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, qanunla dövriyyəsi məhdudlaşdırılmış, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, bel nahiyəsinin sağ tərəfində kəmərin altına keçirilmiş 01 ədəd tapançaya bənzər metal əşyanı, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 05 ədəd bir manatlıq əskinazları, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Tapançaya bənzər əşyanın üzərində olan düymə sıxılaraq tutulan hissədən darağı çıxarılmışdır. O, sorğu zamanı üzərindən həmin aşkar edilmiş predmeti 20-25 gün əvvəl yaşadığı Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsindən tapdığını, istifadə etmədiyini, uşaqlıqdan silaha həvəsə olduğu üçün üzərində gəzdirdiyini və bu səbəbdən üzərində saxladığını, həmin predmetdən heç vaxt istifadə etmədiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş predmet xüsusi zərfdə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsiyyət vəsiqəsi araşdırma materialına əlavə edilməsi üçün götürülmüşdür. Onun üzərindən şəxsi axtarış zamanı saxlanması, daşınması və dövriyyəsi qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. Pul əskinazları iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq silah və onun komplekt hissələrini əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 12 yanvar 2024-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 12 yanvar 2024-cü il tarixdə, saat 17:30-da Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs Polis İdarəsində olan zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan odlu silahı hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bel nahiyəsinin sağ tərəfində kəmərin altına keçirdiyi bir ədəd «Makarov» modelli tapançanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tapança qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş tapançanı 20-25 gün əvvəl yaşadığı Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində tapmışdır. İş üzrə şahid qismində dindirilmiş X2 oxşar məzmunda ifadə verərək iş üzrə Şahid1 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan: 12 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (İş vərəqə; 36); 13 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. 14 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir (İş vərəqə; 68); 14 yanvar 2024-cü il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 yanvar 2024-cü ildən hesablanmışdır (İş vərəqə; 88-93); 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi Bakı şəhər Baş Polis idarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsi tərəfindən aidiyyəti üzrə Xətai RPl-nin İstintaq Şöbəsinə göndərilmişdir (İş vərəqə; 94-95); xx.xx.2024-cü i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 12 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Baş Polis idarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun bel nahiyəsinin sağ tərəfində kəmərin altına keçirilmiş 01 ədəd tapança və 01 ədəd daraq aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir (İş vərəqə; 44-45); İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd Makarov konstruksiyalı PM modelli tapança və 01 ədəd Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan daraq, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, 01 ədəd Makarov konstruksiyalı PM modelli tapança və 01 ədəd Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan daraq saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» diskin isə iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman bel nahiyəsinin sağ tərəfində kəmərin altından 01 ədəd tapança 01 ədəd daraqla birlikdə aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizası üzrə Azərbaycan Respublikası DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinin 13 yanvar 2024cü il tarixli, 24/100 №-li rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş 01 ədəd çaxmağında RB-9370 Nə-si olan silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinin 01 mart 2024-cü il tarixli, 3-13-11/2-2986/2024 №-li məktubundan müəyyən edilmişdir ki, 01 ədəd 9 mm kalibrli, №-si silinmiş Makarov konstruksiyalı, PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (İş vərəqə; 56-61, 100); Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Saatlı RPŞ-də Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə 220700076, 230700014, 230116164, 230110062, 230080093, 230070134, 230070322, 230080320, 230070319, ********* və ********* №-li cinayət işlərinin istintaqı aparılmış və həmin cinayət işləri xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Bununla bağlı sorğu edilmiş və Sabunçu rayon məhkəməsinin hakimi Anar Rzayevin 1(008)-158/2024 №-li, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Sabunçu rayon məhkəməsinin icraatındadır və Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır (İş vərəqə; 111-112, 119) Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs səmimi peşmançılığını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 12 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 01 ədəd Makarov konstruksiyalı PM modelli tapança və 01 ədəd Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan daraq Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs aşkar olunmuş və maddi sübut kimi tanınmış 01 ədəd 9x18 mm kalibrli 08 vahid patron yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraqla birlikdə bir ədəd çaxmağında РБ-9370 nömrəli, SSRİ dövründə istehsal olunmuş, 9 mm kalibrli “Makarov’' konstruksiyalı PM modelli yivli odlu silah – texniki cəhətdən saz və atəş üçün yararlı olan tapança hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat saxlancına təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-219/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-219/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver