Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-22/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilmiş, subay, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, dalan 3, 23-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,297 qram çəkidə psixotrop maddə metamfetamin və 05 ədəd bükümdə ümumilikdə 1,702 qram çəkidə narkotik vasitə heroin eldə edib üzərində saxlamaqla ünvan 1 ünvanda yerləşən “Ali Hərbi Məktəbin" qarşısına daşımış, Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 18 may 2021-ci il tarixdə saat 06:05-də tanışı Şahid1 ilə birlikdə ünvan 1 ünvanda yerləşən “Ali Hərbi Məktəbin” qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xətai RPl-nin 35-ci PB-nə gətirilmiş, polis bölməsində videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı “Winston" markalı siqaret qutusunun içində şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 05 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda çəkiləri 0,345 qram; 0,338 qram; 0,315 qram; 0,307 qram; 0,397 qram olmaqla ümumi təmiz çəkisi 1,702 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü əvvəl təqsirli bilmədiyini bildirsə də sonradan ifadəsində özünü tam təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, narkotik vasitələrdən arabir istifadə edir. Adətən marixuana, heroin və mətamfetamindən istifadə edir. Səxavət adlı şəxsi təxminən 5 il əvvəl dostlarına görə tanımışdır. Səxavətlə normal münasibətləri olmuşdur. O, 18 may 2021-ci il tarixdə Qara Qarayev metrosunun yanında K.Balakişiyev 25 ünvanda yerləşən yataqxanada gecələmişdir. Həmin tarixdə orada yaşayan tanışları ilə birlikdə narkotik vasitə qəbul etmək qərarına gəlmişlər. O, gecə saatlarında narkotik vasitə almaq üçün yataqxanadan çıxaraq internet vasitəsi ilə tanımadığı şəxslə əlaqə saxlayıb ondan narkotik vasitə heroin və metamfetamin almışdır. Həmin ərəfələr Səxavət ona zəng edib yataqxanaya gəldiyini söyləmiş və onun harada olduğunu soruşmuşdur. O, tezliklə yataqxanaya gələcəyini söyləmişdir. Yataqxanaya gələrək orada olan otaqların birində o, Səxavət, yataqxanada yaşayan Fuad, Toğrul və adı yadında olmayan bir nəfər şəxs ilə toplaşmışdılar. Orada narkotik vasitələrdən istifadə etmişdirlər. Saat 05 radələrində Səxavət Xətai rayonu, Polad Həşimov küçəsində qonaqlığa gətdiyini bildirmişdir, o, Səxavətlə birlikdə getmək istəmiş və onlar yataqxanadan çıxmışdırlar. Yataqxananın blokunda Səxavət ona "Winston” markalı siqaret qutusunu saxlamaq üçün ona vermişdir. Həmin qutuda olan narkotik vasitənin 30 manatlığı ona, qalanı isə Səxavətə məxsus olmuşdur. Daha sonra onlar taksi ilə Polad Həşimov küçəsinə getmişlər. Saat təxminən 06 radələrində piyada olaraq Naximov küçəsi üzrə hərəkət etdikləri vaxt post patrul xidməti əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişdirlər. Polis əməkdaşları onları şübhəli şəxs kimi polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş, oraya müdafiəçi dəvət olunmuşdur. Daha sonra üzərinə axtarış keçirilmiş, ona təklif edilmişdir ki, üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet varsa onları təqdim etsin. Həmin vaxt o, sağ əlində saxladığı ”Winston” markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içində 05 ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitələr qablaşdırılaraq zərfə qoyulmuşdur. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə belə səhvə yol verdiyini, cavanlığını, səmimi etirafını, anasının xəstə olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırması cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir və polis kiçik serjantı rütbəsi daşıyır. 18.05.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində iş yoldaşı Şahid3 ilə səhər saatlarında Ali Hərbi Məktəbin qarşısından keçərkən iki nəfər şəxsin piyada olaraq hərəkət etdiklərini görmüşlər. Xidmət apardıqları ərazidə bir sıra oğurluq cinayətləri baş verdiyindən həmin şəxslərdən şübhələnərək onlara yaxınlaşmışdırlar. Narkotik vasitənin təsiri altında olduqları güman edildiyindən həmin şəxsləri 35-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə məlum olmuşdır ki, həmin vətəndaşlar 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və 1983-cü il təvəllüdlü Şahid1dur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun və Şahid3 iştirakları ilə Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı İlahi Heydərov tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olubolmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara Winston markalı siqaret qutusunu təqdim edərək içərisindən 05 ədəd şəffaf sellofan bükümlərdə olan tünd qəhvəyi rəngli maddəni və 01 ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı təqdim olunan maddələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd bükümdə maddələrin narkotik vasitə 'kokos' olduğunu, 01 ədəd bükümdə maddənin isə psixotrop maddə metamfetamin (şüşə) olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitənin Səxavət adlı tanışına məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələrin polis tərəfindən saxlanılmazdan bir saat əvvəl Qara Qarayev metrostansiyasmın yaxınlığında olan yataqxananın qarşısında saxlaması üçün Səxavət adlı tanışı tərəfindən ona verildiyini qeyd etmişdir. Daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlələr qablaşdınlaraq möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsi ondan öncə dindirilmiş şahid Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Dəfələrlə barəsində məcburi gətirilmə verilmiş Şahid1 məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin etirafı nəzərə alınaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, narkotik vasitədən istifadə edir. Çox vaxt metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, tanıyır. İbrahim ilə ortaq tanışlarının vasitəsi ilə tanış olmuşdur. İbrahim də narkotik vasitə qəbul edir. 18 may 2021-ci il tarixdə o, Qara Qarayev metrostansiyasının yaxınlığında K.Balakişiyev küçəsi 25 ünvanda yerləşən yetimlər üçün nəzərdə tutulan yataqxanaya getmişdir. Oraya getməkdə məqsədi narkotik vasitə qəbul etmək idi. O, əvvəllər orada yaşayırdı və buna görə də orada yaşayan şəxsləri tanıyırdı. Yataqxanaya getdikdə İbrahim ilə əlaqə saxlayıb harada olduğunu öyrənmişdir. Sonuncu tezliklə oraya gələcəyini söyləmişdir. Bir neçə gün əvvəl onlar yataqxanada yaşayan tanışları ilə hərəsi 5-10 manat pul İbrahimə vermişdirlər ki, sonuncu narkotik vasitələr alıb oraya gətirsin. Yataqxanada Fuad, Toğrul və adı yadında olmayan bir nəfər şəxs var idi. Oraya gəldikdən sonra İbrahim də gəlmişdir. Təqsirləndirilən şəxs onlar üçün narkotik vasitə heroin və metamfetamin gətirmişdir. Onlar birlikdə yataqxananın otaqlarının birində İbrahimin gətirdiyi narkotik vasitələrdən istifadə etmişdirlər, saat təxminən 05 radələrində dostu Həbib adlı şəxs onu Polad Həşimov küçəsinə görüşə çağırmışdır. O, getmək istədikdə İbrahim də onunla birlikdə getmək istədiyini söyləmişdir. Onlar yataqxanadan çıxaraq yolda saxladıqları taksi vasitəsi ilə Polad Həşimov küçəsində yeriəşən hərbi məktəbin yanına gəlmişdirlər. Taksidən düşdükdən sonra İbrahim ilə birlikdə piyada olaraq hərəkət etdikləri zaman təxminən saat 06 radələrində avtopatrul ilə post patrul xidməti əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişdirlər. Polis əməkdaşları onlardan harada yaşadıqlarını maraqlandılar və biraz söhbət etdikdən sonra polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı üzərindən heroin və metamfetamin aşkar olunmuşdur. İbrahim həmin narkotik vasitələrin onun tərəfindən verildiyini bildirsə də, İbrahimin dedikləri həqiqətə uyğun deyil. Polis bölməsində onun izahatı alınmış və o, hadisələrin həqiqətən necə baş verdiyini göstərmişdir. Daha sonra bölmədən sərbəst buraxılmışdır. Ehtimalına görə İbrahim üzərində aşkar edilən narkotik vasitələri onun ilə birlikdə yataqxanadan getdikdə özü ilə aparmışdır. İş materiallarına əlavə edilmiş 18 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara ‘Winston" markalı siqaret qutusunun içərisində 05 ədəd şəffaf sellofanlara bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə məxsus maddəni çıxarıb təqdim edərək həmin maddələrin narkotik vasitə heroin olduğunu və 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli, kristal şekilli, spesifik iyə məxsus maddəni təqdim edərək psixotrop maddə metamfetamin olduğunu, təqdim etdiyi siqaret qutusunu narkotik vasitələrlə birlikdə təxminən 1 saat öncə tanışı Səxavətin yaşadığı binanın qarşısında saxlamaq üçün ona verdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddələrin ümumi çəkisinin müəyyən edilməsi üçün Pocket Scale markafı elektron tərəzi ilə çəkilən zaman 05 ədəd sellofan bükümlərdə olan maddənin 2,07 qram, 01 ədəd sellofanda olan maddənin isə 0,37 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da heç bir əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs mobil telefonu istintaq hərəkəti başa çatdıqdan sonra iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd içərisində narkotik vasitəyə oxşar maddə olan bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin Zərflər üçün154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında maddi sübut kimi tanınmış 18 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd DVD-də (X6) olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı ‘Winston" markalı siqaret qutusunun içərisində 05 ədəd şəffaf sellofanlara bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə məxsus maddəni çıxarıb təqdim edərək həmin maddələrin narkotik vasitə heroin olduğunu və 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə məxsus maddəni təqdim edərək psixotrop maddə metamfetamin olduğunu etiraf edir. 1 saat öncə tanışı Səxavətin yaşadığı binanın qarşısında saxlamaq üçün ona verdiyini bildirir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1951 saylı, 18 may 2021ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 154” dairəvi möhür əksi, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,297 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,345 qram, 0,338 qram, 0,315 qram, 0.307 qram, 0,397 qram ümumi təmiz çəkisi isə 1,702 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan 28 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan 1,502 qram olan narkotik vasitə heroin və 0,247 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq saxlanılması üçün Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 28 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişi əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə ambulator narkoloji ekspertizanın 11.06.2021-ci il tarixli, 1841 saylı ekspert komissiyası rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 19.05.2021-ci il tarixli müstəntiq Mahmud Quliyevin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 69) Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27.05.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-22/2022 saylı iş üzrə 18 yanvar 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat dayandırılaraq Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı istintaq təcridxanasının rəisi vəzifəsini icra edən Rəşad Əhədovun 14.02.2022-ci tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə axtarışla tutulmuş və 11.02.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-22/2022 saylı iş üzrə 16 fevral 2022ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan əlillik haqqında 03 mart 2022-ci il tarixli elektron arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs anası X1 vəzinin xərçəngi diaqnozu ilə ikinci qrup əlildir.(Etibarlılıq müddəti 2026-cı il) Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşımağı cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyil, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 01 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs axtarış qərarına əsasən 09 fevral 2022-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,247 qram psixotrop maddə olan metamfetaminin və 1.502 qram çəkidə narkotik vasitəheroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 01 (bir) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,247 qram psixotrop maddə olan metamfetamin və 1.502 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-22/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-22/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver