Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-22/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, təqsirləndirilən şəxs - X2, müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, xüsusi ittihamçı X5 və nümayəndəsi Müdafiəçi1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 11 sentyabr 1983 ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Müşviq Şahverdiyev kütləvi informasiya vasitəsində, habelə internet informasiya ehtiyatında, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları qəsdən yaymaqla onu ağır cinayətdə ittiham etməklə ona böhtan atmışdır. Belə ki, 12 yanvar 2023-cü il tarixdə “Yeni Müsavat” onlayn ictimai-siyasi qəzetində “Müşviq Şahverdiyev onu məhkəməyə verən şirkətdən danışdı: “Rəhbəri narkoman və psixdir”- QALMAQAL” başlıqlı müsahibəsində barəmdə söylədiyi həqiqətə uyğun olmayan, böhtan xarakterli aşağıdakı ifadələr əksini tapmışdır: “X11 Müsavat.com-a onu məhkəməyə verən “Cinemazadeh” şirkəti haqqında danışıb. O, adıçəkilən şirkətin rəhbərini psixi problemləri olan, narkotik istifadəçisi adlandırıb”; “Hazırda çəkilişlərdəyəm və bununla bağlı xəbəri sizin kimi mətbuatdan öyrənmişəm. Bildirim ki, “Cinemazadeh” şirkəti ilə 3 il əvvəl bizim aramızda bir film ilə bağlı müqaviləmiz olub. Onlar mənə avans ödəyib, daha sonra filmin 3 ay, 5 ay. bir il sonra çəkəcəklərini dedilər. İndi isə gəlib məndən həmin avansı istəyirlər ki. bu da çox absurd məsələdir. “Cinemzadeh” şirkəti əvvəl yaxşı idi, indi isə özünü tamamilə rüsvay etmiş şirkətdir. Hazırda şirkətə rəhbərlik edən Cəfər Axundzadə psixi problemləri olan şəxsdir hansı ki mən onu daha yaxşı tanıyıram. Bu adam gecə yatmayan, narkotik istifadə edən, min bir işlə məşğul olan insandır. Yəni onu normaİ adam kimi qəbul elmirik. Nəinki mən, film setində olanların hamısı onu yaxşı tanıyır,. Ümumiyyətlə, baxın görün “Cinemazadeh” şirkətinin çəkdiyi son işlərdən kim razıdır? Aktyordan tutmuş, qrim edənə qədər hamının pulunu kəsirlər. Şirkətin işçiləri böyük "xxxx" ediblər. Şirkətin rəhbəri 2-3 milyon manat pul yeyib. İndi isə çalışırlar ki, müxtəlif yollarla hansısa aktyoru və yaxud kimisə məhkəməyə verib, pul əldə etsinlər”. Müşviq Şahverdiyev qeyd olunan müsahibəsində məni narkoman, min bir işlə məşğul olan normal olmayan adam kimi təqdim etmiş, habelə mənimsəmə cinayətini törətməkdə ittiham edən məlumatlar yaymışdır. Eyni zamanda, bu müsahibə ölkənin kütləvi informasiya vasitələrində və internet informasiya saytlarında yayılmışdır. Məhkəmə iclasında xüsusi ittihamçı X10 ərizəsində göstərdiyi xüsusatları bir daha müdafiə edərək X2 AR CM-nin 147.2-ci və həmin Məcəllənin 148-ci maddələri ilə təqsirli bilinərək, onun həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 hüquqlarını müdafiə etdiyi şəxsin kino sahəsində, həmçinin “Cinemazadeh” studiyasının baş direktoru kimi cəmiyyətdə tanınan, müəyyən nüfuz qazanmış şəxs olduğunu, Müşviq Şahverdiyevin söylədiyi iftiralar isə ona yəni X6, habelə şirkətə hər baxımdan zərbə vurduğunu qeyd etmişdir. X2 AR CM-nin 147.2-ci və həmin Məcəllənin 148-ci maddələri ilə təqsirli bilinərək, onun həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdirr. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 özünü qismən təqsirli bildiyini, həmin sözləri həqiqətən də işlətdiyini, lakin xüsusi ittihamçını təhqir etmək məqsədi ilə deyil, söz əsnasında dediyini, xüsusi ittihamçı ilə barışığa cəhd etsə də, lakin xüsusi ittihamçı tərəfindən barışıq təklifinin qəbul edilmədiyini bildirdi. Əvvəllər Cəfər ilə aralarında daha ağır zarafatlar olmuşdur. Həmin günü də jurnalistdən öncə Axundzadənin işçisi zəng edib onu söydüyü üçün bir qədər əsəbi olduğundan belə hal yaranmışdır. Məhkəmədən bu halları nəzərə alıb, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, aralarında olan məhkəmə mübahisəsini öyrənəndən sonra o özü Müşviqə zəng etmiş və mövqeyini öyrənmək istəmişdir. Həmin vaxtı Müşviq çəkiliş meydançasında olmuşdur, o da Müşviqə müsahibə verməyi təklif etmişdir. Müşviq də məqalədə yazılanları demişdir. İşin materiallarında olan Yeni Musavat qəzetinin elektron versiyasının çıxarışından görünür ki, Müşviq Şahverdiyev onu məhkəməyə verən “Cinemazadeh” şirkəti haqqında Şahid müsahibə verib. İşin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2024-cü il tarixli 3-16-16/2-4/208 №-li ekspert rəyindən görünür ki, X2 12 yanvar 2023-cü il tarixdə "Yeni Müsavať" onlayn ictimai-siyasi qəzetinə verdiyi "Müşviq Şahverdiyev onu məhkəməyə verən şirkətdən danışdı: "Rəhbəri narkoman və psixdir"-Qalmaqal" başlıqlı müsahibəsində X5 şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar mövcuddur. X2 12 yanvar 2023-cü il tarixdə "axşam.az" onlayn saytında verdiyi "Milyonları yeyib, indi altından çıxa bilmir"-Müşviq Şahverdiyev" başlıqlı müsahibəsində X5 şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar mövcuddur. Təqdim olunmuş müsahibələrdə "narkoman", "psixi problemli", normal olmayan", "özünü rüsvay etmiş kimi söz və ifadələr X5 şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən söz və ifadələr eləcə də, məlumatlar hesab olunur. Hüquqi məsələlər: “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi Haqqında” Konvensiyasının 10-cu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. Maddənin 2-ci hissəsinə görə bu azadlığın həyata keçirilməsi həmçinin mətbuata tətbiq olunan “vəzifə və öhdəliklər” doğurur. Bu işdə olduğu kimi, digər şəxslərin hüquqlarının pozulduğu hallarda bu “vəzifə və öhdəliklər” əhəmiyyət kəsb etməyə başlayır. Qeyd edilməlidir ki, xüsusi ittihamı irəli sürmüş şəxslərin öz şərəfinə və nüfuzunun qorunmasına hüququ həm Milli, həm də Beynəlxalq aktlarla təmin olunmuşdur. Həmçinin, Konvensiyanın 6.2-ci maddəsinə görə, şəxslərin hər hansı cinayət əməli törətməkdə təqsiri sübut olunana qədər taqsirsiz hesab edilmək hüququnun olması Məhkəmənin həyata keçirməli olduğu çəkişən maraqların tarazlaşdırılması üçün əhəmiyyətli faktdır. İfadə etmək azadlığının həyata keçirilməsinə xas olan “vəzifə və öhdəliklər səbəbindən” Konvensiyanın 10-cu maddəsi ilə ümumi maraq kəsb edən məsələlər barədə məlumat yaymaqla bağlı jurnalistlərə verilən təminat jurnalist etikasına uyğun olaraq dəqiq və etibarlı məlumat təqdim etmək üçün vicdanla hərəkət etmək şərtinə tabe olur ( bax, the Goodwin v. X14. judgment of 27 March 1996? Reports 1996-İİ. P.500/39 və Fressoz and Roire v. France, Reports 1999-1, p. 24/54). Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyamnaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “İnsan Hüquqları və Əsas azadlıqların Müdafiəsi Haqqında” 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin təcrübəsində 10-cu maddədə işlədilən “İfadə” anlayışına genişləndirici təsvir verilir. X3rşı işdə Məhkəmə göstərir ki, bu, nəinki xeyirxah və zərərsiz qiymətləndirilən və ya etinazsız qəbul edilən “məlumat” və “ideyaları”, həm də dövlət və ya əhalinin bir hissəsi tərəfindən həqarətli, utandırıcı və narahatlıq doğuran “məlumat” və “ideyaları” əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir. Bununla yanaşı Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, qiymətləndirici mülahizələrdən fərqli olaraq (yazıda istinad edilən) faktları sübut etmək mümkündür. “Qrinberq Rusiyaya qarşı” (№ 23472/03, xx.xx.2005) işi üzrə qərarında da Məhkəmə bu mövqeyini bir daha təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı təqsirsizlik prezumpsiyasına əsasən araşdırılmış ittiham və müdafiə dəlillərinin məcmusu Azərbaycan Respublikasının CM-nin 42 və 43-cü maddələri ilə nəzərdə tutulmuş müvafiq olaraq bəraət və cinayət təqibinə xitam verilməsi əsaslarının olmadığına dəlalət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhqir başqa şəxsin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində nalayiq formada alçaldılması üçün ünvanlanır. Burada nüfuz və işgüzar nüfuzu fərqləndirmək lazimdır. İşgüzar nüfuza nəinki təkcə fıziki şəxslər, həm də hüquqi şəxslər malikdirlər. Onu da qeyd edək ki, Azərbaycanda şəxsin (hüquqi) işgüzar nüfuzu cinayət qanunvericiliyi ilə deyil, müliki qanunvericiliklə qorunur. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafıə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətin alçaldılmasına əsas verə bilməz. Təhqir maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün mühüm odur ki, şərəf və ləyaqətin kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və byaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edib bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayətdə xüsusi ittihamçı M.Şahverdiyevə qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə ittiham irəli sürərək, onun həmin maddə ilə də təqsirli bilinərək cəzalanmasını xahiş etsə də, lakin tədqiq olunan sübutlardan da görünür ki, M.Şahverdiyev tərəfindən xüsusi ittihamçı X8 ağır cinayətdə ittiham edilməklə böhtan atılması sübuta yetirilmir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinin tələbinə görə, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcələnin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə araşdırmaları zamanı da ittiham tərəfi qeyd edilən xüsusi ittihamçıya M.Şahverdiyev tərəfindən ağır və ya xüsusiylə ağır cinayətdə ittiham edilməklə böhtan atılmasını sübut edə bimədilər. Məhkəmə hesab edir ki, M.Şahverdiyev tərəfindən xüsusi ittihamçı X8 ağır cinayətdə ittiham edilməklə böhtan atılması sübuta yetirilmədindən, onların,məhz onların şikayəti ilə bağlı hissədə CM-nin 147.2-ci madəsi ilə X4 bəraət verilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı X2 törətdiyi əməllər kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə tövsüf olunmalı və o, həmin maddəilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirkarın şəxsiyyəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X4 cəza təyin edərkən ilk dəfə məhkum olunduğunu, barışıq əldə etməyə cəhd etdiyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə islah etmək mümkündür və cəzanın digər məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347,349, 351,356,358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X4 X8 ağır cinayətdə ittiham edilməklə böhtan atılması faktı sübuta yetirilmədiyindən, xüsusi ittihamçının şikayəti ilə bağlı verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilsin. X7 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində məhkəmə xərci X1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-22/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-22/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver