Məhkəmə qərarları › İş №1(011)-220/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-220/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-220/2020 14.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 mənzil 98 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda çəkisi 0.083 qram və 0.123 qram olmaqla ümumi təmiz çəkisi 0.206 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlayaraq daşımış və xx xxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.Məmmədov küçəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən ölkə ərazisində elan edilmiş karantin rejimi ilə əlaqədar çölə çıxmağı üçün icazəsinin olub-olmaması yoxlanılan zaman icazəsinin olmaması səbəbindən saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 69 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin miqdarda psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,o, xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə ərzaq məhsullarını almaq üçün yollanmışdır. Saat təxminən 12:00 radələrində Xətai rayonu, NZS qəsəbəsində dəqiq bilmədiyi ünvanda olduğu zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən ölkə ərazisində elan edilmiş karantin rejimi ilə əlaqədar çölə çıxmağı üçün icazəsinin olub-olmamasını soruşmuşlar və icazəsinin olmadığı müəyyən edildikdə həmin 3 nəfər polis əməkdaşları onu 37-ci Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları təklifi əsasında və polislərin müşayiəti ilə qeyd olunan şöbəyə getmişdir. Polis şöbəsinə getdikləri zaman o, özünü şübhəli apardığı üçün polis şöbəsinə gətirildikdən sonra həmin şöbənin xidməti otaqlarından birinə keçmişlər və orada polis əməkdaşlarından biri ona video çəkiliş ilə üzərinə şəxsi axtarış aparacaqlarını bildirmişdir. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb masanın üstünə qoymağını təklif edilmiş və o, da artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli plastik dərman qabın içində olan 03 ədəd dairəvi formalı ürək dərmanını və 03 ədəd kağız bükümü masanın üzərinə qoymuşdur. Həmin vaxt ağ rəngli plastik dərman qabın içində 03 ədəd dairəvi formalı dərmanın nə üçün istifadə edildiyi və bükümün içərisində nə olduğu soruşulanda, o, səmimi olaraq ağ rəngli plastik dərman qabın içində 03 ədəd dairəvi formalı dərmanın ürək dərmanı olduğunu və həmin 03 ədəd bükümün 01 ədədinin boş olduğunu, digər 02 ədəd bükümün isə içərisində psixotrop maddə hesab olunan metafetamin olduğunu və həmin metafetamini xatırlamadığı tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adın bilmədiyi şəxsdən 10 manata özünün istifadə etməyi üçün aldığını bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş iki büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Əməlindən peşman olduğunu, şəkər xəstəliyindən əziyyət çəkdiyini, məhkumluğunun olmadığını, bir daha belə hallara yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin Post-patrul xidməti bölüyü manqa komandiri vəzifəsində işləyən, polis baş serjantı Şahid1 ifadə verərək göstərmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən ölkə ərazisində elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq təyin olunmuş maşurut üzrə xx xxxxx 2020-ci il tarixdə Xətai RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid2la birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, İ.Məmmədov küçəsində xidmət aparmışlar. Həmin gün saat 11:30 radələrində qeyd olunan ünvanda xidmət aparan zaman bir nəfər şəxsin küçədə olmasını və həmin şəxsin tətbiq olunmuş karantin rejmi qaydalarına riayət edib etməməsini aydınlaşdırmaq üçün həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 mənzil 98 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Tahirdən elan olunmuş karantin rejmi ilə əlaqədar olaraq çölə çıxmaq üçün icazəsinin olub-olmadığını yoxlayan zaman Tahirin icazəsi olmadan yaşayış yerini tərk etdiyini müəyyən etmişlər. Sorğu zamanı Tahirin özünü şübhəli apardığı üçün Tahirin hərəkətlərindən narkotik vasitə qəbul etməsindən şübhə etmişlər. Buna görə də Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər, Tahir də buna etiraz etmədikdən sonra Tahiri PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Mahmud Quliyevə təhvil vermişlər. X5 Əsgərovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Tahiri şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Tahirə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Tahir də əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd tibbi maskanı, sağ yan cibindən isə 1 ədəd ağ rəngli plastik dərman qabını çıxardaraq qabın içərisində olan 3 ədəd ağ rəngli dairəvi formalı maddələri və 3 ədəd kağız bükümləri masanın üzərinə qoymuşdur. Tahirdən 3 ədəd ağ rəngli dairəvi formalı maddələrin və 03 ədəd ağ kağız bükümlərin içərisində nə olduğunu soruşduqda Tahir həmin 3 ədəd ağ rəngli dairəvi formalı maddələrin ürək dərmanı olduğunu, 3 ədəd ağ rəngli kağız bükümlərdən birinin içərisinin boş olduğunu, digər 2 ədəd ağ rəngli kağız bükümlərin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri xatırlamadığı tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul verib aldığını bildirmişdir. Sonra Tahirin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Tahirin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Tahirin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və Tahir tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid2 özündən əvvəl məhkəmə iclasında ifadə vermiş şahid Bakı şəhəri Xətai RPİ-nin Post-patrul xidməti bölüyü manqa komandiri vəzifəsində işləyən, polis baş serjantı Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Xətai RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid3ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o da məhkəmə iclasında ifadə vermiş şahidlər Bakı şəhəri Xətai RPİ-nin Post-patrul xidməti bölüyü manqa komandiri vəzifəsində işləyən, polis baş serjantı Şahid1 və Bakı şəhəri Xətai RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid2 ifadələrinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-79-cu vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/546 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...şübhəli şəxs : Əsgərov Tofiq... » yazısı olan paketdəki : 2 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,206 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və 3 ədəd dairəvi formalı həblərin tərkibində narkotik, psixotrop və ya güclü təsir edən maddələrin komponentləri yoxdur. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbayca Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbayca Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısı İ daxildir. Ekspertizaya təqdim etmə zamanı metamfetaminin ümumi çəkisi – 0,206 qram, tədqiqata sərf edildi 0,1 qr., qalıq 0,106 qr.; 0,5 həbin hissəsi tədqiqata sərf edildi, qalıq: 0,5 həb. Cinayət işinin 111-117-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 2 ədəd bükümdə ilkin təmiz çəkisi 0.206 qram olan psixortop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,106 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmişdir. Cinayət işi üzrə istintaqa təqdim edilmiş 01 (bir) ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxx 2020ci il tarixli, 1770 saylı rəyindən görünür ki, müayinə zamanıTəqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2007-ci ildə Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 513, 520-ci maddələrinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. 2) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 104-107-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsainin 1(008)-026/2012 saylı xx xxxx 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxx 2012-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması və saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfındən cinayət cəzalarmın təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinəmüvafiq olaraqcinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətliolmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsinihəll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqixarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilikdərəcəsinə görə onun törədilməsi hallarma və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, məhkumluğunun olmadığını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixindən hesablanmışdır. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 03 (üç) ay 20 (iyirmi) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,106 qram və 2,5 həb psixotrop maddə metamfetam hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 114 AZN (yüz on dörd manat) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən,Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 03 (üç) ay 20 (iyirmi) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,106 qram və 2,5 həb psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 114 AZN (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar