Məhkəmə qərarları › İş №1(011)-221/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-221/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-221/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəməyədək sadələşdirilmiş icraatın materialına əsasən, Təqsirləndirilən şəxs 27 mart 2025-ci il tarixdə saat 20 radələrində birgə yaşadığı ünvan 1 ünvanında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs başın sol təpə və sol qulaqarxası nahiyələrinin dərialtı hematomaları, sol qulaq seyvanının əzilmiş yarası, sol bazu oynağı nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu, boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı aidiyyəti üzrə məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. Yekun protokolun prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi X6n 04 aprel 2025-ci il tarixli, 297 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın sol təpə və sol qulaqarxası nahiyələrinin dərialtı hematomaları, sol qulaq seyvanının əzilmiş yarası, sol bazu oynağı nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu, boyun nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə bu xəsarətlərin şəxsin özü-özünə yetirməsi inkar olunmuşdur. (i.v.25-27) - zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə vətəndaş Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri aldığı üçün zərərçəkmiş şəxs qismində tanınmış və ona qərar elan olunmuşdur; (i.v.28) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tərəfindən verilmiş 29 mart 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (i.v.21) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X6 tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli 1623№-li məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur; (i.v.22) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir; (i.v.58) - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 97 saylı MKİS tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən M.Hadi küç., 107 saylı evin 60 №-li mənzilində qeydiyyatdadır; (i.v.23) - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 97 saylı MKİS-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; (i.v.24) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-946/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdə Xətai rayon Qeydiyyat (VVAQD) Şöbəsində 677 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X3 anası Zərərçəkmiş şəxs yanında saxlanılması qət edilmişdir; (i.v.55-57) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir; - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, özünü təqsirli bilir, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, barəsində olan sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barışdıqlarını qeyd edərək məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları nəzərə alınaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.4-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (01 dekabr 2017-ci il tarixdən qüvvədə olan 20 oktyabr 2017-ci il tarixli Qanunla edilmiş əlavə ilə) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını, habelə əvvəllər cinayət məsuliyyətindən azad edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 10 (on) saat iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 305.1, 321.2.1, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar