Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-222/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, K.Qasımov küçəsi, ev 14-də qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 2də yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan təmiz çəkisi 0,230 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və 26 yanvar 2021-ci il tarixdə saat 06:20 radələrində Xətai rayonu ərazisində xidmətdə olan DİN-nin X1 Alayının polis əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən 64 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli siqaret kağızı bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 aydır ki, narkotik vasitə olan heroindən istifadə edir, əvvəllər məhkum olunmamışdır. Belə ki, 25 yanvar 2021-ci il tarixdə gündüz saatlarında o, «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında olduğu zaman ona bir nəfər tanımadığı şəxs yaxınlaşaraq, salamlaşmış söhbətləşməyə başlamış. Həmin vaxt həmin şəxs onun ara-sıra narkotik vasitə heroindən istifadə etdiyini bilmiş və əgər istəsə onun üçün 20 manat müqabilində təşkil edə biləcəyini demişdi. O da, sonradan istifadə etmək üçün həmin şəxsdən narkotik vasitə almaq qərarına gəlmiş və həmin şəxsə 20 manat verərək, narkotik vasitə təşkil etməsini demişdir. Həmin şəxs ondan 20 manatı alaraq cibindən bir ədəd göy rəngində siqaret kağızı bükümündə heroin olan bükümü ona vermişdir. O da həmin bükümü sonradan özünun istifadə etmək üçün götürüb şalvarının sağ yan cibinə qoyub sonradan istifadə etməsi üçün saxlamışdır. Bundan sonra, 26 yanvar 2021-ci il tarixdə saat təxminən 06 radələrində o yaşadığı evə tərəf gedərkən, Kənd Əhmədlidə yerləşən 64 saylı məktəbin qarşısında həmin ərazidə xidmət aparan polis əməkdaşları ilə rastlaşmış, cibində narkotik vasitə heroin olduğuna görə həyacanlanmış və cibindəki narkotik vasitə olan bükümü ilkin olaraq yerə atmış, daha sonra isə özündən asılı olmayaraq həmin bükümü götürüb yenidən cibinə qoymuşdur. Belə ki, o bu hərəkətləri ilə özünü şübhəli apardığından, polis əməkdaşları ona tərəf yaxınlaşaraq, onun yerə atdığının nə olduğunu soruşaraq, özünü təqdim etməsini xahiş etmişlər. O da, özünü təqdim edərək, yerə atdığının narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra, həmin polis əməkdaşları onu 34-cü Polis şöbəsinə dəvət etmişlər və o da, etiraz etməyərək polis şöbəsinə onlarla birlikdə gəlmişdir. Bundan sonra, polis şöbəsində polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış aparılacağı barədə bildirilmiş, huquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra isə polis şöbəsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən vəkilin də iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Belə ki, şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə və ya qeyri qanuni əşyalar varsa təqdim etməyi təklif edilmişdir. O da, həmin vaxt 25 yanvar 2021-ci il tarixdə öz istifadəsi üçün tanımadığı şəxsdən 20 manata əldə etdiyi və əynindəki şalvarının sağ yan cibində saxladığı, siqaretin göy rəngli kağızına bükülmüş olan bir ədəd bükümdəki narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları həmin bükümə baxış keçirərək qablaşdıraraq götürmüş və üzərinə keçirilmiş baxışla bağlı protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və doğruluğu həm onun həm də digər iştirakçılar tərəfindən imza edilmişdir. O, narkotik vasitə aludəçisidir və mütəmadi olaraq narkotik vasitə istifadə etsə də, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, üzərindən aşkar edilən narkotik vasitədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamır. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, 26 yanvar 2021-ci il tarixdə saat təxminən 06:20 radələrində o və post yoldaşı DİN-nin X1 Alayının 3-cü Patrul bölüyündə polis nəfəri, polis kiçik serjantı Şahid2ylə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kənd Əhmədli ərazisində xidmət apararkən, 64 saylı məktəbin yaxınlığında bir nəfər şəxsin onları görüb dayandığını və əlindəki nəyisə yerə atdığını görmüş, həmin şəxsin bu kimi hərəkətlərinin şübhə yatarmasına görə ona yaxınlaşmışlar. Həmin zaman həmin şəxs yerə atdığı cismi yenidən yerdən götürərək şalvarının cibinə qoymuşdur. Onlar ona özlərini təqdim edərək, ondan da özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar ondan yerə atdığı və daha sonra götürüb cibinə qoyduğunun nə olması ilə bağlı sorğu apardıqda, həmin şəxs yerə atdığının öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Belə ki, artıq həmin şəxsin bu kimi hərəkətləri onun üzərində narkotik vasitələrin olmasına şübhə yaratdığından, onlar onu özləri ilə ərazi aidiyyatı üzrə Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra saxladıqları şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və baş verənlərlə bağlı şöbə rəhbərliyinə raportla məruzə etdikdən sonra, həmin şəxsin narkotik vasitələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli siqaret kağızı bükümünü təqdim edərək, bükümdə öz istifadəsi üçün 20 manata əldə etdiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra, həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış davam etdirilərkən onun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:10 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 13); şəxsi axtarış və götürmə aparılması haqqında 26 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 27 yanvar 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə aşkar edilərək götürülməsini əks etdirən görüntülər olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş və istintaq zamanı həmin CD diskə baxış keçirilərək müvafiq protokol tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 24-26); iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/351 saylı, 26.01.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...(imza) Təqsirləndirilən şəxs ...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (i. v. 33-37); iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 28.01.2021-ci il tarixli, 259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi ) əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.74-75); 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 46-47); qətimkan tədbirinin seçilməsi haqqında 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 66-67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.72-73); bir ədəd “CD” diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 27 yanvar 2021-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,230 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk məhkumluğunun olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 26.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 manat 82 qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin MSK-na təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,180 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-222/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-222/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver