Məhkəmə qərarları › İş №1(011)-222/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-222/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-222/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Naxçıvan MR, Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2022-ci il tarixli 1(105)-250/2022 saylı qərarı ilə 02 (iki) il 06 (altı) ay 24 (iyirmi dörd) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 203, mənzil 39 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncunun həyat yoldaşı Şahid Bakı Avrasiya Universitetinə laborant-müəllim vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, 11 oktyabr 2021-ci il tarixdə günorta radələrində ünvan 3 ünvanın qarşısında 8000 manat məbləğində pulunu tamah məqsədi ilə alıb, verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid 2014-cü ildən etibarən tanıyır. Şahid ilə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində iş yoldaşı olmuş və həmin vaxtdan etibarən münasibətləri yaranmışdır. O, Şahid ilə ara-sıra mobil telefon vasitəsi ilə əlaqə saxlayıb hal-əhval tutmuşdur. 2021-ci ilin oktyabr ayının ortalarında Turanə ilə mobil telefon vasitəsi ilə danışan zaman Turanə ona bildirmişdir ki, işləmək istəyir və münasib iş yeri axtarır. O da həmin zaman Turanəyə istədiyi kimi ona münasib bir iş yeri tapacağına dair söz vermişdir. Daha sonra Bakı Avrasiya Universitetində laborant-müəllim vəzifəsində işləməyi təklif etmişdir. Turanə də onunla razılaşmış və o, Turanəni işə düzəldəcəyinə dair yalan vəd verib, qarşılığında ondan 8.000 manat pul istəmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının sonlarında Turanə onun istifadəsində olan mobil nömrəyə zəng edərək 8.000 manat pulu onun yoldaşı Zərərçəkmiş şəxs ona verəcəyini bildirmişdir. Təxminən 1-2 saat sonra Ruslan ilə onun yaşadığı ünvanın qarşısında, yəni Bakı şəhəri Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanında görüşmüşlər. Zərərçəkmiş şəxs, həyat yoldaşı Şahid Bakı Avrasiya Universitetinə laborant-müəllim vəzifəsinə işə düzəldəcəyi müqabilində 8.000 manat məbləğində pulu ona vermişdir. Daha sonra Şahid həmin iş yerində işləyə bilməyəcəyini bildirmişdir və bir neçə gün keçdikdən sonra Turanə başqa iş yeri tapdığını deyərək, həyat yoldaşının ona verdiyi 8.000 manat məbləğində pulu geri qaytarmağını istəmişdir. O, maddi imkanının zəif olması səbəbindən 8.000 manat məbləğində pulu qaytara bilməmiş, lakin Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində gedən araşdırma zamanı Zərərçəkmiş şəxs aldığı 8000 manatdan 1000 manat məbləğini geri qaytarmışdır. Sonra məhkəmə gedişatında ziyanı tam olaraq ödəmişdir.. Son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021ci ilin oktyabr ayının əvvəllərində axşam radələrində həyat yoldaşı Şahid ona bildirmişdir ki, köhnə iş yoldaşı olan Səadət adlı xanım onu 8.000 manat məbləğində pulun müqabilində Bakı Avrasiya Universitetində laborant vəzifəsində işə düzəldə bilər. O da həyat yoldaşı Turanənin işsiz olduğunu nəzərə alaraq onunla razılaşmışdır və 8.000 manat məbləğdə pulu Təqsirləndirilən şəxs bir neçə günə verəcəyini bildirmişdir. 11 oktyabr 2021-ci il tarixdə günorta radələrində o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Şahid həyat yoldaşı olduğunu və Turanənin işə qəbul olması müqabilində 8.000 manat məbləğində pulu Səadətə vermək istədiyini bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evdə olduğunu demiş və ondan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanının qarşısına gəlməyini istəmişdir. Təxminən 1-2 saat keçdikdən sonra o, Təqsirləndirilən şəxs dediyi ünvanda olmuşdur. Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin zaman 8.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş və Səadətdən iş ilə maraqlanmışdır. Həmin zaman Təqsirləndirilən şəxs qısa zaman ərzində Turanənin Bakı Avrasiya Universitetində laborant vəzifəsində fəaliyyətə başlayacağını demişdir. O da Səadətə öz təşəkkürünü bildirmiş və Səadətdən ayrılmışdır. Lakin bir qədər müddət keçsə də yoldaşının Bakı Avrasiya Universitetində laborant vəzifəsində fəaliyyət göstərməsinin uzandığını görmüş və narahat olmağa başlamışdır. Həyat yoldaşı Turanə Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlayaraq ondan işə düzəlməsi ilə maraqlandıqda, Səadət hər dəfə də müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs etibarlarından sui-istifadə edərək 8.000 manat məbləğində pulunu mənimsəyərək ona qarşı dələduzluq etdiyini anlamış və bu barədə ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hazırda dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxsin ifadəsinə oxşar ifadə vermiş və işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan 15.03.2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid alacağı pul müqabilində Bakı Avrasiya Universitetinə laborantmüəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd vermiş, lakin Şahid həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək aldığı pul müqabilində qabaqcadan verdiyi vədi əməl edə bilməmiş və müxtəlif bəhanələrlə dələduzluq yolu ilə əldə etdiyi pulu qaytarması üçün vaxt istəmişdir. İş materiallarında olan 15 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22.02.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədilən vaxta məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 09.03.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2022-ci il tarixli 1(105)-250/2022 saylı qərarı ilə Abşeron Rayon Məhkəməsinin 09.03.2022-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 06 (altı) ay 24 (iyirmi dörd) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəməyə təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cnayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2022-ci il tarixli 1(105)-250/2022 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 24 (iyirmi dörd) müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2022-ci il tarixli 1(105)- 250/2022 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 24 (iyirmi dörd) müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar