Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-222/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, qonşusu taksi sürücüsü kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs, onun rəsmi nikahı pozulmuş, lakin birlikdə faktiki ər-arvad kimi yaşadığı Şahid1 mütəmadı olaraq sürücü kimi xidmət göstərməsindən və bununla əlaqədar onunla söhbət etməkdən yayınmasından şübhələnmiş, 14 aprel 2023-cü il tarixdə, saat 09 radələrində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə qarşılaşarkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən ov bıçağ ilə bir dəfə sifət nahiyəsindən vurduqda sonuncu hadisə yerindən qaçarkən arxadan bir dəfə sağ budundan vurmuş, Zərərçəkmiş şəxs müvazinətini itirib yerə yıxıldıqda həmin bıçaqla qarnının sol aşağı nahiyəsindən bir dəfə vuraraq ona sol qalça, sol gicgah və sağ budun deşilmiş-kəsilmiş yarası, toxum ciyəsinin zədələnməsi ilə müşayiət olunan, istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə Şahid1 ilə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikah dövründə bir oğlan övladları dünyaya gəlmişdir. 2009-cu ildə ailə daxili söz-söhbətlərə görə və eyni zamanda onlarla bir məhəllədə yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla Könülün özünə lazım olduğu yerlərə getməsi səbəbindən rəsmi olaraq boşanmışlar, amma buna baxmayaraq boşandıqdan sonra birlikdə yaşamışlar. 2012-ci ildə isə nikah pozulduqdan sonra Şahid1 bir qız övladı dünyaya gəlmişdir. 2015-ci ildə o, işləri ilə bağlı Rusiya Federasiyasına getmiş və bir neçə il orada qalıb işlədikdən sonra 2022-ci ilin iyul ayında Azərbaycana gələrək Şahid1 ilə yenidən yaşamağa başlamışdır. O, Bakıya gələndən sonra mütəmadi olaraq görmüşdür ki, keçmiş həyat yoldaşı və hazırda birlikdə yaşadığı Könül yenə də ona deyilənlərə məhəl qoymayaraq Zərərçəkmiş şəxs ilə getməli olduğu yerlərə gedir. O, bunu gördükdə Könülə yenədə öz iradını bildirərək demişdir ki, Səbuhi ilə heç bir yerə getməsin. Amma buna baxmayaraq Könül cavabında demişdir ki, o, heç vaxt Səbuhinin maşınına tək əyləşməmiş və hər dəfə onunla harasa gedirsə anası ilə birlikdə və ya öz övladları ilə getmişdir. O, bunun qarşısını almaq üçün xx.xx.2023-cü ildə Səbuhinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onunla görüşüb söhbət etmək fikrinin olduğunu demişdir. Cavabında Səbuhi ona demişdir ki, o, onunla görüşmək istəmir və bu da onun pisinə gəlmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 09 radələrində yaşadığı evdən çıxararaq məhəllədə gəzən zaman görmüşdür ki, Səbuhi də məhəllədədir və ona yaxınlaşaraq demişdir ki, bir daha onun həyat yoldaşına xidmət göstərməsin, istəmir ki, yoldaşı onun maşınına əyləşsin. Onun bu sözündən sonra Səbuhi ona lazımi olan cavabı vermədiyi üçün ona əsəbləşək əynində olan şalvarın kəmərinin altında saxladığı tiyəsi qatlanmayan bıçağı çıxararaq bir dəfə onun sifət nahiyəsindən vuraraq cəzalandırmış və o, ondan aralaşaraq qaçan zaman onun hər iki ayağının yumşaq hissəsindən bıçaqla vurmuş və Səbuhi yerə yıxılmışdır. Bu zaman Səbuhinin yoldaşının evdən çölə çıxdığını gördüyü üçün oradan uzaqlaşaraq getmişdir. Onu bıçaqla vurmaq niyyəti olmamışdır. Uzun illərdir ki, qeyd olunan bıçaq ona məxsusdur və həmin bıçağı usta kimi işlədiyi yerdə istifadə etdiyi üçün üzərində gəzdirir. O, ona yumruq atdığı üçün ilk olaraq ona üzərində gəzdirdiyi bıçaqla sifət nahiyəsindən vuraraq xəsarət yetirdikdən sonra o, ondan aralaşıb qaçdığı üçün onun yumşaq yerinə vurmaq niyyəti ilə arxasınca qaçaraq iki dəfə sağ və sol baldır nahiyəsindən, daha sonra isə qarın nahiyəsindən vurmuşdur. Hadisə zamanı ətrafda heç kim olmamış və mübahisəni heç kim görməmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurmağını heç kim görməmişdir. Səbuhi ilə dalaşandan sonra hadisə yerindən çıxıb gedəndə yerdə telefon olduğunu görmüş və əsəbi olduğu üçün həmin telefonu yerdən götürərək yaxınlıqdakı adını bilmədiyi zavodun ərazisinə tullamış, amma məqsədi Səbuhinin telefonunu oğurlamaq olmamış, bundan sonra səmimi olaraq polis əməkdaşlarına telefonu hara tullamağı barədə məlumat vermiş və telefon tapılaraq sahibinə qaytarılmışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ali təhsilli olmasına baxmayaraq işsiz olduğuna görə özünə məxsus olan “Nissan Sunny” markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi kimi fəaliyyət göstərdiyi üçün mütəmadi olaraq bir məhəllədə yaşadığı qonşuları da lazım olduğu halda onunla gedib gəlmişlər. Bunlarla yanaşı bir məhəllədə yaşayan Könül xanımı da bir neçə dəfə istədikləri yerə aparmış və bunun müqabilində yol haqqı almışdır. Heç vaxt Könül xanım onun idarə etdiyi avtomaşına tək əyləşməmişdir. Həmişə o, azyaşlı övladları ilə və ya valideyni ilə maşına əyləşmişdir. Son zaman Könül xanım onunla heç bir yerə getməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Könül xanımın həyat yoldaşı Natiq onunla yaşadığı məhəllədə görüşərək söhbət etmək istədiyini demiş, lakin buna baxmayaraq onun əvvəllər məhkum olunduğunu bildiyi üçün ondan çəkinərək söhbət etmək istəməmiş və ona demişdir ki, hazırda işi var sonra söhbət edərlər. Bundan iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə hazırda xatırlamadığı nömrədən Natiq onun istifadəsində olan mobil nömrəsinə zəng edərək görüşüb söhbət etmək istədiyini bildirmiş, nə vaxt məhəlləyə gələcəyi ilə maraqlanmışdır. O isə cavabında ona bildirmişdir ki, onunla heç bir söhbəti yoxdur, ona görə də görüşə bilməyəcəkdir. Onun bu kimi cavabından sonra Natiq onunla sağollaşaraq dəstəyi asmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 09.00 radələrində evdən çıxararaq evdə olan zibilləri tullamaq üçün evdən çıxıb zibilləri atan zaman Natiqlə rastlaşmış və ona yaxınlaşaraq heç bir əsas və səbəb göstərmədən əlində olan bıçaqla sifətinin sol hissəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. O, Natiqin əlində olan bıçaqdan qorxub qaçan zaman sonuncu arxadan ona çataraq əlindəki bıçaqla ikinci dəfə sağ ayağının baldır hissəsindən bir dəfə zərbə vurmuş və o, zərbənin təsirindən tarazlığını itirərək yerə yıxılmışdır. Onun yerə yıxılmasından istifadə edən Natiq əlindəki bıçaqla üzərinə yıxılaraq əlində saxladığı bıçaqla bir dəfə qarın boşluğundan vuraraq ona xəsarət yetirmişdir. O, bıçağın qarın boşluğunda qaldığını görüb qorxaraq Natiqin ona qarşı olan hərəkətlərindən əlindən çıxararaq sürünə sürünə altından çıxmış və qarnında qalan bıçaq o, ayağa qalxaraq ev istiqamətində qaçan zaman qarnından düşmüşdür. O, qaçaraq evə daxil olan zaman Natiq onun arxası ilə baxırdı. Hadisə baş verən zaman həyat yoldaşı Reyhan da küçədə olmuşdur. Reyhanın küçədə olmasına səbəb isə o, evdən zibilləri tullamaq üçün evdən çıxan zaman Reyhan da onun arxası ilə küçəyə çıxmış, amma buna baxmayaraq Reyhan Natiqin ona vurduğu birinci və ikinci bıçaq xəsarətlərini görməsə də üçüncü bıçağı qarnına vuran zaman görmüşdür. Bundan sonra o, 3 saylı klinik xəstəxanaya gedərək əməliyyat olunmuşdur. Həmin vaxtı həyat yoldaşı Reyhan hadisənin bir başa şahidi olmuşdur. Lakin digər şəxslərin hadisəni görüb görməməsini dəqiq bilməmişdir. Hadisənin baş verməsi təxminən 2-3 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onunla dalaşan zaman əlindən və ya cibindən özünə məxsus mobil telefonu götürməmiş, bıçaqlanan zaman mobil telefonu cibindən düşdüyünə görə Təqsirləndirilən şəxs telefonunu götürərək hadisə yerindən təxminən 150-200 metr aralıda tullamış, amma buna baxmayaraq Natiq ona məxsus mobil telefonu əlindən və ya cibindən çıxarmamışdır. O təqsirləndirilən şəxslə barışmadığını bildirərək ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2013-cü ildən etibarən Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş və birlikdə yaşamışlar. Belə ki, həyat yoldaşı Səbuhi taksi fəaliyyəti ilə məşğul olaraq ailəni dolandırmışdır. Həyat yoldaşı taksi fəaliyyəti ilə məşğul olduğuna görə qonşuları da hara getmələri lazım olduğu halda Səbuhiyə müraciət etmişlər və eyni zamanda qonşuluqda yaşayan Könül xanım da bu səbəblə yoldaşına müraciət etmişdir. Heç vaxt qonşusu Könül Səbuhinin maşınına tək əyləşməmiş və hər dəfə o, özünün azyaşlı övladları ilə birlikdə Səbuhinin maşınına əyləşərək lazımi yerlərə getmiş və bunun üçün Səbuhiyə yol haqqı vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə evdə olan zaman Səbuhi söhbət əsnasında ona demişdir ki, qonşu Könülün həyat yoldaşı Natiq ona zəng edərək onunla görüşmək istəməsini bildirmişdir. Səbuhi bunu ona dedikdən sonra Natiqin yaxşı insan olmadığını və problemli insan olduğunu bir qonşu kimi eşidib bildiyinə görə Səbuhinin Natiqlə görüşməsinə imkan verməmişdir. xx.xx.2023-cü il tarixdə Səbuhi ilə ad günü üçün bazarlıq etmək qərarına gəlmiş və həmin günü səhər saat 09 radələrində evdən çıxıb getmək istəyən zaman ilk olaraq o, Səbuhiyə demişdir ki, evdə olan zibilləri atıb sonra getsinlər və Səbuhi evdən çıxararaq zibilləri tullamağa getmiş və həmin vaxtı o, evdə olan zaman küçədən səs küy gəldiyini eşitmiş və narahat olaraq çölə çıxan zaman görmüşdür ki, qonşusu Natiq əlində olan bıçaqla Səbuhinin qarın nahiyəsində oturub və o, onu görən kimi ayağa duraraq qaçmağa başlamışdır. O, tez Səbuhiyə yaxınlaşan zaman görmüşdür ki, Səbuhinin sifətindən, qarnından və sağ ayağının arxa hissəsindən qan gəlir. O, Səbuhidən nə baş verdiyini soruşanda demişdir ki, Natiq onu əlində olan bıçaqla heç bir səbəb olmadan vuraraq xəsarət yetirmişdir. Bundan sonra Səbuhi özünə məxsus olan avtomaşına əyləşərək xəstəxanaya getmişdir. O, Natiqin bıçaqla Səbuhini vurmasının bir başa şahidi olmamışdır. Sadəcə olaraq evdən çıxan zaman görmüşdür ki, Natiq əlində olan bıçaqla Səbuhinin qarnının üstündə oturmuş və onu gördükdən sonra Natiq ayağa qalxaraq qaçıb getmişdir. O, evdən çıxan zaman küçədə heç kim olmamış və hadisəni ondan başqa heç kim görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2007-ci ildə rəsmi olaraq Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onunla birgə nikah dövründə bir oğlan övladı dünyaya gəlmişdir. Bir neçə il ailəli olduqdan sonra ailə daxili problemlər nəticəsində rəsmi olaraq Xətai Rayon Məhkəməsinin 26 yanvar 2010-cu il tarixli qətnaməsinə əsasən boşanmışlar. Boşandıqdan sonra bir müddət ayrı yaşamağa başlamışlar və sonradan barışıqlarına əsasən birlikdə yaşamağa başlayaraq 2011-ci ildə Natiqdən bir qız övladı dünyaya gəlmişdir. 2015-ci ildə Natiq evdən çıxararaq işləmək üçün Rusiya Federasiyasına getmiş və o, Rusiya Federasiyasında olan zaman bir neçə dəfə övladları ilə telefon vasitəsi ilə danışmış, amma onunla danışmamışdır. Həyat yoldaşı Natiqdən boşandıqdan sonra və eyni zamanda onunla yaşadığı üçün bir neçə dəfə yaşadığı məhəllədə taksi fəaliyyəti ilə məşğul olan Səbuhi adlı şəxslə azyaşlı övladları ilə və ya valideynləri ilə lazımi olan yerlərə gedib gəlmişlər. Belə ki, 2022-ci ilin iyul ayında Natiq Bakı şəhərinə gəldikdən sonra bir neçə dəfə gəlib getdikdən sonra barışmaq qərarına gəlmiş və birlikdə yaşamağı təklif etmişdir. O da Natiqin təklifi ilə razılaşaraq birlikdə yaşamağa başlamışlar. O, fərdi qaydada ibtidai təhsil metodikası ilə məşğul olmaqla pul qazanır. Natiq onunla yaşamağa başladıqdan sonra hər dəfə evə gələrək onunla Səbuhi ilə aralarında nə baş verməsini soruşmuş və ona cavabında Səbuhinin taksi sürücüsü olduğunu, onunla bir neçə dəfə lazımı yerə gedib gəldiyini bildirmişdir. Onunla aralarında heç bir əlaqə olmadığını bildirmişdir. Lakin buna baxmayaraq Natiq Səbuhi ilə ümumiyyətlə əlaqə saxlamamağını bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə evdə olan zaman qonşu Səbuhinin həyat yoldaşı Reyhan onun evinə gələrək Natiqin onun həyat yoldaşı Səbuhini bıçaqla vuraraq xəsarət yetirməsini bildirmişdir. O, bunu bildikdən sonra Natiqə telefon zəngi edərək nə baş verməsini soruşanda sonuncu cavabında bildirmişdir ki, Səbuhi ilə bir neçə gün öncə telefon zəngləşməsi edərək onunla görüşmək istəməsini bildirməsinə baxmayaraq Səbuhi ona səninlə düşmənəm deyərək görüşmədiyi üçün həmin günü səhər saatlarında Səbuhi ilə məhəllədə rastlaşaraq onu bıçaqla vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 22 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə aparılmışdır (i.v. 1-2); təqdim etmə və götürmə haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin qoltuq cibindən bir ədəd tiyəsi qara rəngli, dəri materialdan tikilmiş tiyə qabında olan ümumi uzunluğu 23.5 sm, tiyəsinin uzunluğu 13 sm, tutacağı 10.5 sm, tiyəsinin eni “tutacaq dayağından” 2 sm, bir tərəfli itilənmiş bıçağı təqdim edərək, həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir (i.v. 8); hadisə yerinə baxış keçirilməsi haqqında 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 23 saylı evin qarşısına baş vermiş cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş, Zərərçəkmiş şəxs hadisənin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 15-18); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 xx.xx.2023-cü il tarixli, 497 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gicgah, sol qalça və sol sarğı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşyanın (bıçağın) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 25-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/775 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, soyuq silah hesab edilmir (i.v. 28-31); cinayət işinin icraata qəbul edilməsi haqqında 27 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 33); zərərçəkmiş qismində tanınma haqqında 30 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 21 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 66a); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 xx.xx.2023-cü il tarixli, T 392/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qalça, sol gicgah və sağ budun deşilmiş-kəsilmiş yarası, toxum ciyəsinin zədələnməsi olmuşdur. Qeyd edilən xəsarətlər iti uclu və ya kənarlı alətin təsirindən törənmiş, bıçaqla yetirilməsi inkar edilmir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Eybəcərləşmə tibbi məfhum olmadığından onun təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir (i.v. 68-70); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 81-82); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 99-100); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-481/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş, təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmışdır (i.v. 188-193); cinayət işinin icraata qəbul edilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 209); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 240-241); sübutların qiymətləndirilməsi haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180, 181, 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, ekspertiza rəyləri və istintaq hərəkətlərinin protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı ov bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİnin məsul saxlancına təhvil verilmişdir (i.v. 252-260); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X1 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM-nin 59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 25 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 64 (altmış dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-222/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-222/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver