Məhkəmə qərarları › İş №1(011)-223/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-223/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-223/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Ağsu rayonu, Ərəbmehdibəy Ərazi Dairəsi, Dədəli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 07 dekabr 2024-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında evin açıq həyət qapısından keçib plastikdən açıq giriş qapısından qanunsuz yaşayış sahəsinə daxil olaraq qonaq otağında kiçik stolun üzərindən 360 manat dəyərində 01 ədəd Vyetnam istehsalı “Samsung” markalı “SM-A525F/DS” modelli qara rəngli, 3555 9547 2832 906 və 3584 6332 2832 906 İMEİ kodu olan mobil telefonu 10 manat dəyərində ***-***-**-** sim kartı və hesabında 30 manat olan 10 manat dəyərində 1 ədəd “LEO bank” kartını 10 manat dəyərində qara rəngli pul kisəsi ilə birlikdə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 420 (dörd yüz iyirmi) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixdə gecə kafelərin birində çoxlu spirtli içki qəbul etdikdən sonra piyada NZS qəsəbəsi, Z.Yusifov küçəsi 58 ünvanı ilə yaşadığı ünvana gedərkən oğurluq etmək qərarına gəlib Zərərçəkmiş şəxs evinin darvazasına yaxınlaşaraq qapının açıq olduğunu görüb həyətə daxil olmuşdur.Daha sonra evə daxil oldaraq 01 ədəd "Samsung" markalı mobil telefonu və qara rəngli pul kisəsini götürüb evdən çıxmışdır. Pul kisəsində 1 ədəd “Leo” bank kartı olduğunu görmüşdür. İşlənmiş vəziyyətdə olan pul kisəsi ilə mobil telefonun üzərində olan sim kartı yolda tulladıqdan sonra “Leo” bank kartı ilə mağazaya daxil olaraq 30 manat dəyərində ərzaq və siqaret almış və daha sonra kartı tullamışdır. Səhəri günü Şahid yaxınlaşaraq şəxsiyyət vəsiqəsinin olmadığını bildirib yalandan özünə məxsus olan “Samsung” markalı mobil telefonunu lombarda qoymaq istədiyini demişdir. Şahid onu qonşu kimi tanıdığına görə şəxsiyyət vəsiqəsinin üzərində olduğunu bildirib razılıq vermişdir. Bundan sonra birlikdə Neftçilər metrosunun yanında olan tanımadığı lombardların birinə yaxınlaşaraq iki ay müddətinə həmin telefonu girov qoyaraq 100 AZN pul götürmüşdür. Pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə o, hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, onunla barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngün cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 07 dekabr 2024-cü il tarixdə saat 02 radələrində yaşadığı ünvanın həyət qapısının darvazasını və evin plastikdən olan giriş qapısının kilidini bağlamadan ailə üzvləri ilə birlikdə yatmışlar. Təxminən saat 06 radələrində yuxudan oyanarkən məlum olmuşdur ki, yatarkən naməlum şəxs evə giriş qapısından daxil olaraq qonaq otağında olan masanın üstündən ona məxsus olan 1 ədəd 600 manat dəyərində olan “Samsung” markalı “SM-A525F/DS” model qara rəngli, 3555 9547 2832 906 və 3584 6332 2832 906 İMEİ kodlu üzərində 10 manat dəyərində ***-***-**-** nömrəli mobil telefonu, işlənmiş vəziyyətdə 1 ədəd 10 manat dəyərində pul kisəsini və 1 ədəd 10 manat dəyərində “Leo” bank kartını oğurlamışlar. Bundan sonra banka müraciət etdikdə məlum olmuşdur ki, oğurlanmış "LEO" bank kartından hissə-hissə olmaqla 30 manat pul çıxarılmışdır. Ümumilikdə ona oğurluq nəticəsində 650 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuş qonşusu Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayının əvvəllərində yaşadığı küçədə ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsi olmadığı üçün sonuncuya məxsus 1 ədəd “Samsung” markalı “SM-A525F/DS” model qara rəngli, 3555 9547 2832 906 və 3584 6332 2832 906 İMEİ kodlu mobil telefonu lombarda qoymaq istədiyini bildirmişdir. O, Cəlalı qonşu kimi tanıdığına görə şəxsiyyət vəsiqəsi üzərində olduğu üçün razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yanında olan lombardların birinə yaxınlaşaraq iki ay müddətinə həmin telefonu girov qoyaraq 100 AZN pul götürmüşlər. Yaşadıqları ünvana qayıdarkən Cəlal taksiyə pul vermək üçün ona 20 manat vermişdir. Təxminən 1 aydan sonra polis əməkdaşları yaşadığı ünvana gəldikdən sonra ona mətum olmuşdur ki, Təqsirləndirilən şəxs lombarda qoyduğu mobil telefon oğurluqdur. Həmin telefonu lombardın pulunu ödədikdən sonra götürmüşlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-11); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 15); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə şərti sınaq müddəti təyin edilməklə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 71.5-ci maddələri tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 30-32); axtarışda olan şəxsin tutulması haqqında 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 44); götürmə və baxış keçirilməsi haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı “A52” modeldə olan 3555 9547 2832 906 və 3584 6332 2832 906 İMEİ kodlu mobil telefonun Təqsirləndirilən şəxs götürülməsi qərara alınmışdır (i.v. 63); ifadənin yerində yoxlanılması haqqında 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 67-70); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 72-73); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-93/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 02 (iki) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 95-100); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1868 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı “SM-A525F/DS” model, qara rəngli, 3555 9547 2832 906 və 3584 6332 2832 906 İMEİ kodlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 360,00 manat müəyyən edilir (i.v. 105-108); sübutların qiymətləndirilməsi haqqında 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, 01 ədəd “Samsung” markalı “SM-A525F/DS” model, qara rəngli, 3555 9547 2832 906 və 3584 6332 2832 906 İMEİ kodlu mobil telefon maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180.2.3-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/1868 saylı ekspert rəyi, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması, götürmə və baxış aparılması haqqında protokollar iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 110-114); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur (i.v. 116- 117); 06 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd “Samsung” markalı “A52” modeldə olan 3555 9547 2832 906 və 3584 6332 2832 906 İMEİ kodlu mobil telefon ona geri qaytarılmışdır; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs baş-beynin yüngü əzilməsi, sol alın sümüyünün yerdəyişmiş çoxqəlpəli sınığı müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda bu cinayətin təhlükəli residivi hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə şərti sınaq müddəti təyin edilməklə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 71.5-ci maddələri tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Lakin göründüyü kimi, Təqsirləndirilən şəxs yuxarıda göstərilən hökmlər üzrə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluqları götürülmədən və ödənilmədən 07 dekabr 2024-cü il tarixdə yenidən cinayət əməli törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmləri ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının üçdə ikisindən az olmamalıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin hazırki vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi, yəni cəzanı ağırlaşdıran hal müəyyən edildiyindən yuxarıda qeyd olunan normanın onun barəsində tətbiq edilməsi istisna edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin üçdə ikisindən az olmamalı (CM-65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının əvvəli 21 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd “Samsung” markalı “SM-A525F/DS” modelli, qara rəngli, 3555 9547 2832 906 və 3584 6332 2832 906 İMEİ kodlu mobil telefon sahibinə qaytarılmalı və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalı (CPM-132), 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd “Samsung” markalı “SM-A525F/DS” modelli, qara rəngli, 3555 9547 2832 906 və 3584 6332 2832 906 İMEİ kodlu mobil telefon sahibinə qaytarılsın və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar