Məhkəmə qərarları › İş №1(011)-225/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-225/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-225/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 1(011)-34/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 1,044 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən 26 yanvar 2025-ci il tarixdə saat 14:56-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində, 10-cu girişin 3-cü mərtəbəsində yerləşən dəhlizdə saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,044 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, diskə baxış protokolu, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 26 yanvar 2025-ci il tarixdə saat 14:56-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu Xocalı prospektində, 10-cu girişin 3-cü mərtəbəsinin dəhlizində saxlayıb videoçəkilişdən istifadə etməklə özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib sonuncudan özünü təqdim etməyi xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin binada yaşadığını soruşduqda sonuncu ünvan axtardığını bildirmişdir. Ünvanda kim yaşadığını soruşduqda Polad tanışının yaşadığını bildirmişdir. Əvvəllər həmin ünvanda olub olmadığı soruşulduqda Polad həmin mənzildə olduğunu bildirmiş, nə səbəbdən ünvanı səhf salaraq mənzili axtardığı soruşulduqda Polad bir dəfə əvvəllər gecə gəldiyini bildirmişdir. Üzərində qeyri qanuni əşya predmet olub olmadığı soruşularkən Polad sağ əlini əyinində olan tünd göy rəngli cins şalvarının sağ arxa cibinə salaraq (patı) psixotrop maddə metamfetamin olduğunu bildirərək bir ədəd sellofan kəsiyində olan ağ rəngli maddəni təqdim etmişdir. 26 yanvar 2025-ci il tarixdə saat 14:56 dəqiqədə Təqsirləndirilən şəxs təqdim etdiyi maddəyə baxış keçirdərək narkotik maddələrdən istifadə etdiyini və əvvəllər məhkum olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs 1 ildir narkotik maddələr qəbul etdiyini və əvvəllər məhkum olunaraq ayağında (qolbağ) elektron daşıyıcı cihaz olduğunu bildirmişdir. Həmin psixotrop maddə metamfetamindən istifadə edəcəyini bildirmişdir. Elektron tərəzidə psixotrop maddə metamfetamin çəkilərkən 1.17 qram müəyyən olunmuşdur. Həmin psixotrop maddə metamfetamin ağ rəngli zərfə qoyularaq DİN-nin 153 nömrəli möhürü ilə möhürlənmişdir. İştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs müdafiəçiyə ehtiyacı olub olmadığı soruşulduqda sonuncu müdafiəçinin həmin vaxtı dəvət edilməsinə ehtiyac olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən maddi sübut aşkar olunmamışdır. Çəkiliş dayandırılaraq aşkar edilmiş psixotrop maddə metamfetamin ilə birlikdə Təqsirləndirilən şəxs 37-ci PŞ-nə aparılmışdır. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 26 yanvar 2025-ci il tarixli şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan görünür ki, iki nəfər mülki geyimli şəxs yəni Xətai RPİ-nin 37-ci PŞ-nin sahə rəisi polis mayoru Şahid2 və 37-ci PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində, 10-cu girişin 3-cü mərtəbəsində yerləşən dəhlizdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib sonuncudan özünü təqdim etməyi xahiş edirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Təqsirləndirilən şəxs həmin binada yaşadığını soruşduqda sonuncu ünvan axtardığını bildirir. Ünvanda kim yaşadığı soruşulduqda Polad tanışının yaşadığını bildirir. Əvvəllər həmin ünvanda olub olmadığı soruşuluduqda Polad həmin mənzildə olduğunu bildirir. Nə səbəbdən ünvanı səhf salaraq mənzili axtardığı soruşulduqda Polad bir dəfə əvvəllər gecə gəldiyini bildirir. Üzərində qeyri qanuni əşya predmet olub olmadığı soruşulduqda Polad sağ əlinin əyinində olan tünd göy rəngli cins şalvarının sağ arxa cibinə salaraq bəli (patı) psixotrop maddə metamfetamin olduğunu bildirərək bir ədəd sellofan kəsiyində olan ağ rəngli maddəni təqdim edir. Əməkdaşlar 26 yanvar 2025-ci il tarix saat 14:56 dəqiqə olduğunu bildirərək Təqsirləndirilən şəxs təqdim etdiyi maddəyə baxaraq narkotik maddələrdən istifadə etdiyini və əvvəllər məhkum olun olmadığını soruşduqda Təqsirləndirilən şəxs 1 ildir ki, narkotik maddələr qəbul etdiyini və əvvəllər məhkum olunaraq ayağında qolbağ elektron daşıyıcı cihaz olduğunu bildirir. Həmin psixotrop maddə metamfetamindən istifadə edəcəyini bildirir. Elektron tərəzidə psixotrop maddə metamfetamin çəkilərkən 1.17 qram müəyyən olunur. Həmin psixotrop maddə metamfetamin ağ rəngli zərfə qoyularaq 153 nömrəli möhürlə möhürlənir. İştirakçılar tərəfindən zərfin üzəri imzalanır. Təqsirləndirilən şəxs müdafiəçiyə ehtiyacı olub olmadığı soruşulduqda sonuncu müdafiəçinin həmin vaxtı dəvət edilməsinə ehtiyac olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi subut aşkar olunmur. Bununlada çəkiliş dayandırılaraq aşkar edilmiş psixotrop maddə metamfetamin ilə birlikdə Təqsirləndirilən şəxs 37-ci PŞ-nə aparılmışdır. (i.v 12-13) 26 yanvar 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin 37-ci PŞnə vət. Təqsirləndirilən şəxs Xətai rayon ərazisində narkotik maddə və psixatrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 26 yanvar 2025-ci il tarixdə saat 14:56-da Xətai rayonu, Xoçalı pr. 10-cu girişin 3 mərtəbəsində saxlanılaraq üstünün yoxlanılması və üzərində olan 1 ədəd ağ rangli şəffaf selofan bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə və 1 ədə samsung A33 markalı telefon və 1 ədə alışkan sobranie siqaret, və ayağında olan qandalın idarəsi olunması üçün həmin şəxsə təkim olunmuş attenti markalı aparat Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar olundu və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdrıma ilə birlikdə 1.17 qram olduğu müəyyən edildi. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürləndi, daha sonra 1 ədəd DVD-yə HP markalı komputerdə baxış keçrildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Polad Dargahovun ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı "Redmi" markalı telefon vasitəsi ilə Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru X4 tərəfindən video çəkiliş aparılmışdır.(i.v 16-17) şübhəli şəxsin tutulması haqqında 26 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2025-ci il tarixdə, saat 17:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 14:56-dan hesablanmışdır (i.v.30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/386 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs (imza) Şahid2 (imza).. sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1.044 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.. (i.v 43-45); (ekspertiza xərci 65 manat) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 56-57); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (i.v 78-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v. 90-91); Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-635/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs tutulduğu 03 gün müddət azadlığın məhudlaşdırılması cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması höküm olunmuşdur.(i.v 92-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 1066 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 11 yanvar 2025-cü il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. ( i.v. 101-102); 10 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 28 yanvar 2025-ci il tarixdə elan edilmiş ittiham qüvvəsində saxlanılması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X2 28 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barələrində 3 ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs oğlunun ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahidlər Şahid2, Şahid1 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/386/2025 №-li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 24 fevral 2025-ci il tarixli 1066 nömrəli rəyi, şəxsi axtarış və götürmə protokolu, diskə baxış haqqında protokol və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxsdan aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı məhkəməkimyəvi ekspertizanın rəyində göstərilən miqdara əsasən götürülməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1.044 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmalı və aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 0,994 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, “Şəxsi axtarış və götürmə" istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı üç ədəd DVD-R diski maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, Məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/386/2025 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v 110-115) Bakı şəhər Probasiya İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixə cəzasının 02 ay 25 gününü çəkmiş, 02 il 08 ay 29 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə şəxsi axtarış və götürmə protokolunda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs tutulan zaman üzərində psixotrop maddə metamfetamin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə məqsədi daşıyır və özünün məhkəməyədək icraat dövründə verdiyi ifadələri, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqında vermiş olduğu ifadələri və iş materillarına əlavə edilmiş digər sübutlar ilə təkzib olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və törətdiyi əməli səmimi etiraf etməsini(CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-635/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-635/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və barəsində məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 03 (üç) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 110 (yüz on) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-635/2023 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 11(on bir) ay 24(iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02(iki) il 08(səkkiz) ay 29(iyirmi doqquz) gün hissəsi azadlıqdan məhrum etmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 01(bir) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,994 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və onun barəsində məcburi müalicə təyin edilsin. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 110 (yüz on) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar