Məhkəmə qərarları › İş №1(011)-226/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-226/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-226/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə və xx.xx.1992-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu, SMD 42 qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 14 yanvar 2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “Azər-Türk Bank”-ın qarşısında Zərərçəkmiş şəxs Azərbaycan manatını ABŞ dollarına dəyişmək üçün hər birinə ayrılıqda 20.000 (iyirmi min) manat olmaqla verdiyi, ümumilikdə 40.000 (qırx min) manat pul vəsaitini alaraq, Zərərçəkmiş şəxs həmin pulları ABŞ dollarına dəyişəcəklərinə dair yalan vəd verib inandırmaqla vədlərinə əməl etməyərək Zərərçəkmiş şəxs aldadıb sonuncuya 40.000 (qırx min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 14 yanvar 2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “Azər-Türk Bank”-ın qarşısında Zərərçəkmiş şəxs Azərbaycan manatını ABŞ dollarına dəyişmək üçün hər birinə ayrılıqda 20.000 (iyirmi min) manat olmaqla verdiyi, ümumilikdə 40.000 (qırx min) manat pul vəsaitini alaraq, Zərərçəkmiş şəxs həmin pulları ABŞ dollarına dəyişəcəklərinə dair yalan vəd verib inandırmaqla vədlərinə əməl etməyərək Zərərçəkmiş şəxs aldadıb sonuncuya 40.000 (qırx min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində yas mərasimləri üçün qurulmuş çadırlarda ofisiant işləmişdir. Təqsirləndirilən şəxs2 onun xalası oğludur. 14 yanvar 2022-ci il tarixdə onunla birlikdə yas mərasimlərində işləyən Elçin söhbət əsnasında ona bildirmişdir ki, tanıdığı sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin banklarda 20.000 Azərbaycan manatının dollara dəyişilməsi müqabilində həmin şəxsə 20 manat pul verəcəkdir. Əgər istəsə o da banka daxil olub öz adına 20.000 manatı dollara dəyişəcəyi təqdirdə ona 20 manat pul verə bilər. O, Elçinin dediklərindən sonra həmin şəxsin mobil telefon nömrəsini Elçindən almışdır. Ruslanla telefonla danışdıqda hər bir nəfər üçün 20000 manat bankda dəyişdirilməsini və əlavə yaxın adamın olduğu təqdirdə gətirilməsini ona bildirmişdir.Bu səbəbdən həmin təklifi xalası oğlu Təqsirləndirilən şəxs2 etmişdir. Nail 20 manata ehtiyacı olduğu üçün təklifi qəbul etmişdir. 14 yanvar 2022-ci il tarixdə günorta saatlarında Nail ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov 5 küçəsində yerləşən “Azər Türk” bankın qarşısına getmişlər. Orada Ruslan ilə görüşdükdən sonra Ruslana məxsus “Lada” markalı avtomaşına əyləşmişlər.Ruslan ilə söhbət zamanı sonuncu ona və Nailə ayrılıqda 20000 manat ümumilikdə 40.000 manat pulu verərək banka daxil olub hərəsinə verdiyi 20.000 manat pulu ABŞ dollarına dəyişib gətirdikdən sonra zəhmət haqqı olaraq hərəsinə 20 manat pul verəcəyini bildirmişdir. Onlar pulları Ruslandan götürdükdən sonra ikisi də avtomaşından düşərək banka tərəf hərəkət etmişlər. Bankın giriş qapısına çatdıqdan sonra Ruslan onun banka daxil olmağını Nailin isə bankın qarşısında gözləməsini bildirmişdir. O, içəri daxil olduqdan sonra bankda çalışan məsul şəxs hal-hazırda növbə olduğunu, ona görə də çöldə, yəni bankın giriş qapısının ağzında gözləmələrini bildirmişdir. Ruslan həmin vaxt maska dalınca avtomobilə tərəf getmişdir. Bu zaman Nail ona pulları da götürərək qaçmağı təklif etmişdir. O da Nailin təklifi ilə razılaşmış və onlar birlikdə oradan qaçmağa başlamışlar.Biraz aralandıqdan sonra Nail öz telefonu vasitəsi ilə olduqları yerə taksi sifariş etmişdir. Sifarişi əsasında gələn “Toyota Prius” markalı taksiyə əyləşərək Masazır dairəsinə doğru hərəkət etmişlər Taksidə Nail onda olan 20.000 manatı istəyərək pulu onun saxlamağını təklif etmişdir. O da Nailin etdiyi təklif ilə razılaşaraq üzərində olan 20000 manatı Nailə vermişdir. Abşeron rayonunda yerləşən müxtəlif otellərdə yeyib- içib gecələmişlər. Nail həmin puldan ona təxminən 350-400 manatlıq paltar almışdır. Qalan pullar Naildə olmuşdur. Daha sonra əməlindən peşman olduğunu, zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, əvvəllər məhkum olmamasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir dəfə oğurluq və qanunsuz silah gəzdirdiyinə görə məhkum olunmuşdur. 2021ci ilin noyabr ayının 13-də Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs1 onun xalası oğludur. 14 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq banklarda 20.000 Azərbaycan manatının dollara dəyişilməsi müqabilində həmin şəxsə 20 manat pul verəcəkdir. Əgər istəsə o da banka daxil olub öz adına 20.000 manatı dollara dəyişəcəyi təqdirdə ona 20 manat pul verə bilər. O, Bayramın etdiyi təklif ilə razılaşmışdır. 14 yanvar 2022-ci il tarixdə günorta saatlarında Bayramla birlikdə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov 5 küçəsində yerləşən X5n qarşısına gəlmişlər. Orada Bayramın tanışı olan Ruslan ilə görüşdükdən sonra Ruslana məxsus “Lada” markalı avtomaşına əyləşmişlər. Ruslan ilə söhbət zamanı ona və Bayrama ayrılıqda 20.000 manat ümumilikdə 40000 manat pulu vermiş və bildirmişdir ki, banka daxil olub hərəsinə verdiyi 20000 manat pulu ABŞ dollarına dəyişib gətirdikdən sonra zəhmət haqqı olaraq hərəsinə 20 manat pul verəcəkdir. Onlar pulları Ruslandan götürdükdən sonra ikisi avtomaşından düşərək banka tərəf hərəkət etmişlər. Həmin vaxtı Ruslan da onları müşayiət etmişdir. Bankın giriş qapısına çatdıqdan sonra Ruslan Bayramın banka daxil olmağını, onun isə bankın qarşısında gözləməsini bildirmişdir. Bayram içəri daxil olduqdan sonra bankda çalışan məsul şəxs hal hazırda növbə olduğunu, ona görə də çöldə, yəni bankın giriş qapısının ağzında gözləməyi bildirmişdir. Bayram da bank işçisinin göstərişinə əsasən çölə çıxmışdır. Ruslan maska götürmək üçün bir qədər həmin yerdən ayrılmışdır. Söhbət zamanı o, bankın yanında dayanmış və Bayramı da yanına çağırmışdır. Bu zaman Bayrama pulları da götürərək qaçmağı təklif etmişdir. Bayram da onun təklifi ilə razılaşmış və onlar birlikdə oradan qaçmağa başlamışlar. Daha sonra sifariş etdiyi taksiyə əyləşərək Masazır dairəsinə doğru hərəkət etmişlər. Bayramda olan 20000 manatı alıb özündə saxlayacağını və birlikdə xərcləyəcəklərini bildirmişdir. Abşeron rayonunda yerləşən müxtəlif otellərdə yeyib içib gecələmişlər. Həmin puldan Bayrama və özünə pal-paltar almışlar.Bayrama baüqa pul verməmişdir və qalan pullar onda olmuşdur. Bir müddət sonra polis əməkdaşları Bayramı Sumqayıt şəhərində yaxalamışlar. O da Bayramın yaxanlaşdığını görüb qaçmağa başlamışdır. Əldə etdiyi puldan özünə bahalı telefonlar və avtomobil almışdır. Daha sonra əməlindən peşman olduğunu, zərərdən 10000 manat ödədiyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi sahibkar kimi fəaliyyət göstərib “Mərasim” evlərini işlədir. 2020-ci ilin yay aylarında özünə məxsus üç otaqlı mənzilini 175000 manata satmışdır. Əldə etdiyi 175.000 manatı ABŞ dollarına dəyişmək qərarına gəlmişdir. Bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, bir nəfər şəxs yalnız 20.000 manatı ABŞ dollarına dəyişə bilər. Buna görə də o, bu barədə əvvəllər onunla bir yerdə işləmiş tanışlarına ABŞ dolları almaqda ona köməklik etmələrini xahiş etmişdir. Həmçinin bu barədə mərasim evlərini işlədən zaman qab yuyan kimi işləmiş Elnarəyə də bildirmişdir. Elnarə onunla əlaqə saxlayaraq Gülşanə adlı qadın 20.000 manatı öz adına bankda dəyişərək dollar alıb ona verə bilər. Razılaşmaya əsasən ona ABŞ dolları almaqda köməklik edəcəkdi və o da bunun qarşılığında zəhmət haqqı, şirinlik kimi 20 manat pul verməli olmuşdur. 14 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “X5”nın qarşısında Gülşanə ilə görüşmüşdür. Həmin vaxt Gülşanə özü ilə iki nəfər tanımadığı şəxs gətirmişdir. Bundan sonra Gülşanə və yanında olan iki nəfər şəxs onlara vermiş olduğu milli pulu ABŞ dollarına çevirib ona vermişlər. Həmin ərəfədə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” proqramına ***-***-**-** saylı mobil nömrədən mesaj gəlmişdir. Mesajı göndərən şəxs adının Bayram olduğunu bildirmişdir. Bundan sonra o, həmin mobil nömrəyə “X5”nın yerləşdiyi ünvanı verib oraya gəlməsini bildirmişdir. Bir qədər sonra Bayram yanında adının sonradan Nail olduğunu öyrəndiyi şəxslə bankın qarşısına gələrək onunla görüşmüşdür.Bayram və Nail İdarə etdiyi “Priora” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Avtomobildə 40.000 manat puldan sayaraq 20000 manatını Bayrama, 20000 manatını isə Nailə vermişdir. Həmin pulun 20.000 manatını Bayram öz adından, 20.000 manatını isə Nail öz adından şəxsiyyət vəsiqələri ilə ABŞ dolarına çevirərək ona verməli olmuşlar. Razılaşmaya görə, Bayram və Nail həmin pulu ABŞ dollarına çevirib ona verdikdən sonra o, sonuncuların hər birinə 20 manat pul verməli olmuşdur. Buna görə də, o, Bayram və Nail “X5”nın giriş qapısına yaxınlaşaraq içəri keçmək üçün növbə gözləməyə başlamışlar. Həmin vaxt tibbi maska götürmək məqsədi ilə avtomobilinə yaxınlaşmışdır. Avtomobildən mobil telefonunu götürüb yenidən “X5”nın giriş hissəsinə yaxınlaşan zaman Bayram və Nailin bankın qarşısında olmadığını görmüşdür. Həmin vaxt o, Bayram və Nailin bankın içərisinə daxil olduqlarını düşünüb orada dayanıb gözləməyə başlamışdır. Bir qədər gözlədikdən sonra onların bankdan çıxmadığını görüb Bayramın onunla əlaqə saxladığı ***-***-**-** saylı mobil nömrəyə zəng vursa da, zəng çatmamışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Bayram və Nail onlara ABŞ dollarına çevirmək üçün verdiyi 40.000 manat pulu götürüb qaçmışlar. Baş vermiş hadisədən sonra ərizə ilə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmişdir. Daha sonra Bayram tapıldıqdan bir müddət sonra istintaq zamanı qohumları tərəfindən 20000 manat ödəniş etmişlər. Həmin pul polisdə depozitə qoyulmuşdur. Bir müddət sonra Nail tutulmuş və anası tərəfindən 10000 manat ödəniş edilmişdir. Ümumilikdə ona dəymiş 40000 manat ziyandan 20000 manat Bayram tərəfindən və 10000 manat Nail tərəfindən ödəniş edilmişdir. Bu səbəbdən Bayramla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, Nail isə ziyanı tam ödəmədiyindən ondan şikayətçidir və cəzalandırılmasını xahiş edir. Bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərasim evlərində ofisiant kimi işləyir. Elnarə adlı qadını da Mərasim evlərində işləyən zaman tanımışdır. Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımışdır. Bayram ilə həmkəndlidir. Bayram da onun kimi, fərdi olaraq yas mərasimləri üçün qurulan çadırlarda işləmişdir. Zərərçəkmiş şəxs təxminən 15 gün olar ki, tanımış və tanışlığı Elnarənin vasitəsi ilə olmuşdur. 2022-ci ilin yanvar ayının əvvəllərində Elnarə ona Zərərçəkmiş şəxs ondan milli valyutanı ABŞ dollarına çevirmək üçün adam tapmağını xahiş etdiyini, bunun qarşılığında hər adama görə Ruslanın 20 manat pul verdiyini bildirib Ruslana pul dəyişməkdə köməklik etməyini, özü ilə bir neçə nəfər şəxs gətirməyini xahiş etmişdir. O, bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, bir nəfər şəxs yalnız 20.000 manatı ABŞ dollarına dəyişə bilər. O da pandemiya ilə əlaqədar mərasim evlərində iş olmadığından və maddi cəhətdən sıxıntı çəkdiyindən onunla razılaşmışdır. 13 yanvar 2022-ci il tarixdə onunla birlikdə mərasim evlərində işləyən Gülşanə, Firuzə və Elnarə ilə birlikdə Ruslanla görüşmüşlər. Bundan sonra onlar birlikdə ünvan 2 ünvanında yerləşən “X5”a getmişlər. Orda Ruslanın ona 20.000 manat pul verib banka daxil olaraq şəxsiyyət vəsiqələri ilə öz adına dəyişməyini bildirmişdir. O da həmin pulu qəbul edərək növbə gözləyib banka daxil olmuş və şəxsiyyət vəsiqəni təqdim edərək öz adına 20.000 manat pula görə 11750 ABŞ dolları pul vermişlər və o da bankdan çıxdıqdan sonra həmin pulu Ruslana vermişdir. Həmçinin eyni qayda ilə Gülşanə, bacısı Firuzə və Elnarə də banka daxil olaraq Ruslanın verdiyi 20.000 manat pula ABŞ dollarına çevirib Ruslana vermişlər. Ruslan da bunun qarşılığında ona şirinlik vermişdir. Həmçinin həmin vaxt Ruslan ona pulu dəyişmək üçün əlavə adam gətirməsini bildirmişdir. 13 yanvar 2022-ci il tarixdə Bayramla görüşən zaman Ruslan adlı şəxsin 20.000 manat pulu ABŞ dollarına çevirəcəyi təqdirdə adambaşı 20 manat pul verəcəyini bildirmişdir. Bayrama Ruslanın mobil nömrəsin vermişdir.14 yanvar 2022-ci il tarixdə Bayram yaşadığı məhəlləyə gələrək onu çölə çağırmışdır. Daha sonra isə ondan Ruslanın nörməsini istəmişdir. O da Ruslanın nömrəsini Bayrama vermişdir.Daha sonra polisdə ona məlum olmuşdur ki, Bayram və Nail Ruslandan adambaşı 20.000 manat ümumilikdə 40.000 manat pulu alaraq banka daxil olub həmin pulları ABŞ dollarına dəyişəcəyinə vəd vermələrinə baxmayaraq həmin pulları götürərək oradan qaçmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mərasim evlərində xadimə kimi işləyərək çörək pulu qazanır. Elnarə adlı qadını da Mərasim evlərində işləyən zaman tanımışdır. Təqsirləndirilən şəxs1 təxminən 5 ay olar ki, tanımışdır. Bayram da onun kimi, fərdi olaraq yas mərasimləri üçün qurulan çadırlarda işləmişdir. Zərərçəkmiş şəxs təxminən 15 gün olar ki, tanımış və tanışlığı Elnarənin vasitəsi ilə olmuşdur. 2022-ci ilin yanvar ayının əvvəllərində Elnarə ona Zərərçəkmiş şəxs ondan milli valyutanı ABŞ dollarına çevirmək üçün adam tapmağını xahiş etdiyini, bunun qarşılığında hər adama görə Ruslanın 20 manat pul verdiyini bildirib Ruslana pul dəyişməkdə köməklik etməyini, özü ilə bir neçə nəfər şəxs gətirməyini xahiş etmişdir. Bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, bir nəfər şəxs yalnızca 20.000 manatı ABŞ dollarına dəyişə bilər. O da pandemiya ilə əlaqədar mərasim evlərində iş olmadığından və maddi cəhətdən sıxıntı çəkdiyindən razılaşmışdır. 13 yanvar 2022-ci il tarixdə bacısı Firuzə, Elnarə və Elçin birlikdə Ruslanla görüşmüşlər. Bundan sonra onlar birlikdə ünvan 2 ünvanında yerləşən “X5”na getmişlər. Orda Ruslanın ona 20.000 manat pul verib banka daxil olaraq şəxsiyyət vəsiqəsi ilə öz adına dəyişməyini bildirmişdir. O da həmin pulu ondan qəbul edərək növbə gözləyib banka daxil olmuş və şəxsiyyət vəsiqəsini təqdim edərək öz adına 20000 manat pula görə 11750 ABŞ dolları pul vermişlər və o da bankdan çıxdıqdan sonra həmin pulu Ruslana vermişdir. Həmçinin eyni qayda ilə bacısı Firuzə də banka daxil olaraq Ruslanın verdiyi 20.000 manat pula ABŞ dollarına çevirib Ruslana vermişdir. Səhəri gün, yəni 14 yanvar 2022-ci il tarixdə Ruslan onunla əlaqə saxlayıb pul dəyişmək üçün adam gətirməli olduğunu soruşmuşdur. O da Ruslana adam tapa bilmədiyini, bacısı və qardaşını gətirə biləcəyini bildirmişdir. Ruslan da ona Bakı şəhəri, Xətai rayonu, Xətai metrostansiyasına gəlməyini və gəlib onları oradan götürəcəyini demişdir. Buna görə də qardaşı Əli, gəlinləri Xəyalə və bacısı Günayə ilə birlikdə yaşadıqları evdən çıxaraq “Xətai” metrostansiyasına getmişlər və həmin gün saat 13 radələrində Ruslan idarə etdiyi avtomobilə gəlib onları götürərək ünvan 2 ünvanında yerləşən “X5”nın qarşısına aparmışlar. Həmin vaxt Ruslan Əli, Xəyalə və Günayəyə hər birinə 20000 manat pul vermişlər ki, banka daxil olub öz adlarına həmin pulu ABŞ dollarına dəyişərək ona versinlər. Bundan sonra Əli, Xəyalə və Günayə pulu dəyişmək üçün banka daxil olmuşlar və o, bankın qarşısında dayanaraq onları gözləməyə başlamışdır. Həmin vaxt Ruslan ondan ayrılıb idarə etdiyi avtomobilinə tərəf getmişdir. Bir neçə dəqiqədən sonra Ruslan yanında iki nəfər şəxslə ona yaxınlaşmışdır. O, həmin şəxslərdən birinin yas mərasimində ofisiant işləyən Bayram olduğunu görmüşdür. O, Bayramla salamlaşıb sonuncudan bura necə gəldiyini soruşan zaman Bayram ona tanışlıqla gəldiyini bildirmişdir. Bundan sonra Ruslan ondan Bayram və yanında olan, adının sonradan Nail olduğunu öyrəndiyi şəxsə iki dənə maska verməsini istəmişdir. Buna görə də o, çantasında olan 02 ədəd tibbi maskanı Bayrama və Nailə vermişdir. Bundan sonra Ruslan idarə etdiyi avtomobilə tərəf getmişdir. Nail və Bayram isə banka daxil olaraq pul dəyişmək üçün növbə gözləmişlər. Bundan sonra o, kənara çəkilib telefonuna baxmağa başlamışdır. Bir qədər sonra Bayram və Nailin bankın qarşısında olmadığını görmüşdür. Həmin vaxt Ruslan ona yaxınlaşaraq Bayram və Nailin hara getdiyini soruşduqda o, Ruslana telefonla başı qarışdığı üçün hara getdiklərini bilmədiyini bildirmişdir. Bundan sonra qardaşı Əli, bacısı Günayə, gəlinləri Xəyalə bankdan çıxaraq öz adlarına dəyişdikləri ABŞ dollarını Ruslana vermişlər. Ruslan da onların hər birinə 20 manat pul verdikdən sonra onla çıxıb getmişlər. Həmin vaxt məlum olmuşdur ki, Bayram və Nail aldıqları 40000 manatı götürüb qaçmışlar. Daha sonra Ruslanla bu barədə Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid5 ibtidai istintaqda vediyi ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. Bununlada işin yuxarıda göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan 26.01.2022-ci il tarixli “pulun təqdim edilməsi barədə” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 atası X2 tərəfindən iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyandan 20.000 manat pulu istintaqa təqdim edilmiş və 20.000 manat pul Zərərçəkmiş şəxs təqdim edilməsi üçün götürülmüşdür. İş üzrə Zərərçəkmiş şəxs baş vermiş hadisə nəticəsində ona ümumilikdə 40.000 manat maddi ziyan dəydiyindən, ziyan tam ödənilmədiyi üçün dəymiş maddi ziyanın ödənilməsi üçün X1 istintaqa təqdim etdiyi 20.000 manat pulu qəbul etməkdən imtina etmişdir. Buna görə də, X1 dəymiş maddi ziyanın ödənilməsi üçün istintaqa təqdim etdiyi 20.000 manat pul vəsaiti saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ-nin X3 təhvil verilmişdir. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, onlar istintaqa verdiyi ifadələrini təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişlər. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 yanvar 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli Xətai rayon prokurorunun vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 fevral 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir.Həbsin əvvəli 19.02.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 fevral 2022-ci il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmayan şəxsdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04.03.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 27.12.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 02 ay 29 gün müddətində azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmiş, 09.10.2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzası 01 il 11 ay 29 gün müddətinə endirilmiş, 13.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin 30 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş 1000 manat cərimə cəzasına Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya qərarına əsasən xitam verilmişdir. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli pul vəsaitinin maliyyə xidmətinə təhvil verilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı götürülmüş ümumilikdə 20000 manat saxlanılması üçün Bakı şəhəri BPİ-nin X3 təhvil verilmişdir. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi üçün X1 istintaqa təqdim etdiyi 20000 manat saxlanılması üçün Bakı şəhəri BPİ-nin X3 təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyanın ödənildiyini, buna görə də onunla barışdığını, Təqsirləndirilən şəxs2 isə ziyanı qismən, yəni 10000 manat ödədiyindən barışmadığını bildirmiş, onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun səmimi etirafını, vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Beyləqan rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun səmimi etirafını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsəsən Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də təqsirləndirildiyi maddənin sanksiyası həddində minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi üçün Bakı şəhəri BPİ-nin X3 təhvil verilmiş 20000 manat zərərçəkmiş şəxsə ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Beyləqan rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Xanbala oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi üçün Bakı şəhəri BPİ-nin X3 təhvil verilmiş 20000 (iyirmi min) manat Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar