Məhkəmə qərarları › İş №1(011)-227/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-227/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-227/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Zərdab rayonu, Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Bakı şəhərində tikilən, sosial şərtlərlə əhaliyə verilən mənzil alınmasına köməklik edə biləcəyini bildirərək onun etibarından sui-istifadə etməklə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə axşam saatlarında ünvan 2 ünvanında yerləşən "Vip" marketin içərisində olan milliön aparatı vasitəsi ilə Rövşəv Rüstəmovun adına olan **********760427 nömrəli, "xxxx" ASC-nə məxsus bank kartına köçürmə yolu ilə 100 (yüz) manat, xx.xx.2021-ci il tarixdə saat 10:32də qeyd olunan marketdə, həmin kart hesabına köçürmə yolu ilə 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixdə yenidən qeyd olunan marketdə olan milliön aparatı vasitəsi ilə həmin kart hesabına köçürmə yolu ilə 200 (iki yüz) manat, xx.xx.2021-ci il tarixdə həmin marketdən milliön aparatı vasitəsi ilə qeyd olunan kart hesabına köçürmə yolu ilə 200 manat, xx.xx.2021-ci il tarixdə saat 21:47-də ünvan 3 ünvanında yerləşən "Araz" marketin içərisində olan milliön aparatı vasitəsi ilə qeyd olunan kart hesabına köçürmə yolu ilə 200 (iki yüz) manat pulu alıb, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 900 (doqquz yüz) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Hünər adlı şəxs vasitəsi ilə tanımışdır. 2021-ci ilin noyabr ayında Camal aylıq az məbləğdə ödəniş verərək ev almaq istəməsini bildirmiş və o, Camala "Hovsan" qəsəbəsində tikiləcək sosial evlərin alınmasında köməklik göstərə biləcəyini demişdir. Bundan sonra onunla bir neçə dəfə ***- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və evin alınması ilə əlaqədar 1000 AZN pul lazım olmasını qeyd etmişdir. 2021-ci ilin noyabr ayının əvvəlində Camala "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə onun adına olan "xxxx"-ın 0707-6771-7276-0427 nömrəli kartını göndərib həmin karta pul köçürməsini demiş, təxminən noyabr ayının əvvəlində Camal onun kart hesabına 100 AZN göndərmiş və qalan məbləği hissə-hissə atacağını bildirmiş, o isə evlərin satılmasını deyərək tez bir zamanda pulu tamamlamasını qeyd etmişdir. Bundan sonra ardıcıl olaraq Camal onun qeyd olunan kart hesabına xx.xx.2021ci il tarixdə saat 19:32-də 200 AZN; xx.xx.2022-ci il tarixdə saat 16:44-də 200 AZN; xx.xx.2021-ci il tarixdə saat 18:26-da 200 AZN; xx.xx.2021-ci il tarixdə saat 21:47-də 200 AZN pul köçürməsi etmişdir. O, Camala bundan sonra gözləməsini və sənədləşmə işlərinin getməsini bildirmişdir. Camal onunla əlaqə saxladıqda ona sənədləşmə işləri aparılmasını, biraz gözləməli olmasını bildirmiş, daha sonra isə müxtəlif bəhanələrlə müddəti uzatmışdır. Bir neçə ay keçdikdən sonra isə ümumiyyətlə Camalın zənglərinə cavab verməmişdir. 2022-ci ilin yanvar ayında Camalın onun barəsində polis orqanına müraciət etməsini bildiyi üçün onunla əlaqə saxlayaraq pulunu qaytaracağını qeyd etmiş, lakin həmin məbləği şəxsi istifadəsi üçün xərclədiyinə görə ona hissə-hissə olmaqla 1-2 ay ərzində 900 manat pulu qaytarmışdır. O, Camalda aldığı pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu "Hovsan" qəsəbəsində olan zaman tanışı vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuş və Rövşən ona Bakı şəhərində sosial şərtlərlə mənzil almağına köməklik göstərəcəyini bildirmişdir. 2021-ci ilin noyabr ayının əvvəlində o, Rövşənlə bir neçə dəfə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladıqda Rövşən ona Bakı şəhəri, Suraxanı rayonu ərazisində "Hövsan" qəsəbəsində inşa ediləcək sosial evlərdən təşkil etməsi üçün 1000 AZN pul lazım olmasını qeyd etmiş, lakin o, üzərində o qədər pul olmamasını və hissə-hissə ona ödəniş edə biləcəyini bildirmiş, 2021-ci ilin noyabr ayının əvvəllərində o, ünvan 2 ünvanında yerləşən "Vip" marketdə olan milliön vasitəsilə Rövşənin ona "Whatsapp" sosial şəbəkəsi vasitəsilə göndərdiyi 6768-6771-7270-0427 nömrəli, Rövşənin adına olan "xxxx"-a məxsus bank kartına 100 AZN ödəniş etmiş və digər məbləği hissə-hissə ödəyəcəyini demiş, xx.xx.2021-ci il tarixdə saat 10:32-də ünvan 2 ünvanında yerləşən "Vip" marketdən 200 manat ödəniş, bundan sonra xx.xx.2021-ci il tarixdə yenidən qeyd olunan ünvandan saat 16:44-də həmin karta 200 AZN ödəniş etmiş, ardınca xx.xx.2021-ci il tarixdə saat 18:20-də həmin yerdən həmin karta 200 AZN ödəniş, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə saat 21:47-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti küçəsində yerləşən "Araz" marketdən milliön vasitəsilə həmin karta 200 AZN ödəniş etmişdir. Sonradan isə Rövşənlə əlaqə saxladıqda Rövşən ona sənədləşdirmə aparılmasını və gözləməyini demişdir. Vax otdükcə və heç bir irəliləyiş olmadığından o yenidən Rövşənlə əlaqə saxladıqda, Rövşən yenidən müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, sonradan isə Rövşən ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Bundan sonra polisə ərizə ilə müraciət etmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis mayoru Aslan Rəhimovun 02 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməklə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1-2); “eManat” ödəniş portalından əldə olunmuş qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (i.v. 11); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 25); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 27-28); axtarışda olan şəxsin tutulması barədə 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da tutulmuşdur (i.v. 54); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 77-78); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 92-93); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə şərti sınaq müddəti təyin olunmaqla 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 32.4 və 312.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2, 71.5 və 67-ci maddələri tətbiq edilməklə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə çəkilmiş cəzası üzrə məhkumluq vaxtından əvvəl üzərindən götürülmüşdür; Beyləqan RPŞdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı material üzrə xx.xx.2022-ci il tarixdə CPM-nin 40.3-cü və CM-nin 73.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı material üzrə xx.xx.2022-ci il tarixdə CPM-nin 40.3-cü və CM-nin 73-1.1-ci maddələrinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (i.v. 96-98); sübutların qiymətləndirilməsi haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4, 32.4, 312 və 310-cu maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 113-119); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-227/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tapılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır; axtarışda olan şəxsin tutulması barədə 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da tutulmuşdur (i.v. 54); Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsindən daxil olmuş 17 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə Xətai Rayon Məhkəməsinə gətirilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-227/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 10 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; 703 saylı Hərbi Hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu müddətdə müsbət xarakterizə olunmuşdur; Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixli əmr ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Yubiley medalı ilə təltif edilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, hərbi xidmət zamanı müsbət xarakterizə olunmasını və medal ilə təltif olunmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı tam olaraq ödəməsini, sonuncunun ona qarşı şikayətinin olmamasını (CM-59.1.12, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl üzərindən götürülmüşdür. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 09 fevral 2023-cü il tarixdə 01 (bir) gün, 17 iyul 2023-cü il tarixdə 01 (bir) gün, 07 oktyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək 05 (beş) gün, ümumilikdə 07 (yeddi) gün tutulduğu və həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 14 (on dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə 01 (bir) gün, 17 iyul 2023-cü il tarixdə 01 (bir) gün, 07 oktyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək 05 (beş) gün olmaqla, ümumilikdə 07 (yeddi) gün tutulduğu və həbsdə saxlanıldığı müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar