Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-227/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,152 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 fevral 2025-ci il tarixdə saat 14:54 dəqiqədə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,152 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən 2 aya yaxın müddətdir narkotik vasitə heroindən istifadə edir. Hər dəfə istifadə etdiyi heroini Bakı şəhərində tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. Lakin, heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 14 radələrində qonşu məhəllədə yaşayan adının "Hafis" və ya "Çingiz" olduğunu bildiyi şəxslə yaşadığı evin yaxınlığında rastlaşmışdır. Həmin şəxs ona 5 manata heroin satdığını bildirmişdir. Həmin şəxslə razılşaraq 5 manata bir büküm heroin alıb əynindəki tünd boz rəngli şalvarının sağ yan cibinə qoyub evinə tərəf getmişdir. Bir az getdikdən sonra saat 14:54-də yaşadığı evə paralel küçədə, yəni ünvan 4 ünvanının qarşısından keçərkən üç nəfər mülki geyimli şəxs videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində şübhələndikləri üçün onu saxladıqlarını bildirmişlər. Hüquq və vəzifələri izah edildikdən sonra üzərində narkotik vasitə olub olmaması soruşulmuşdur. O, əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş heroini polis əməkdaşlarına təqdim etmişdir. Bükümdəki maddənin nə olması soruşulduqda həmin maddənin heroin olmasını bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 0,39 qram olması müəyyən olunmuşdur. Həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə 37-ci polis şöbəsinə getmişdir. Orada siyahı üzrə seçdiyi vəkillə təmin olunaraq hüquq və vəzifələri izah olunmaqla şübhəli şəxs qismində tutulmuşdur. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 fevral 2025-ci il tarixdə saat 14:54 dəqiqədə ünvan 5 ünvanın qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs uyğun gələn bir şəxsin hərəkətdə olduğunu görüb videoçəkilişdən istifadə edilməklə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ad, soyadını soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncuya hüquq və vəzifələri izah olunmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təhvil versin. Sonuncu əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə məxsus olan maddə təqdim edib bildirmişdir ki, üzərindən aşkar olunan maddə narkotik vasitə sayılan heroindir. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş, çəkisinin qablaşdırma ilə birlikdə 0,39 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsin üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunaraq, iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlamaq və icraata qəbul etmək barədə 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.13) - təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37- ci PŞ-nə vət. Təqsirləndirilən şəxs, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 04 fevral 2025-ci tarixdə saat 14:54-də ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq üstünün yoxlanılması və üzərində 1 ədəd sellofan bükümdə «heroin»-ə bənzər maddə aşkar edilərək götürülməsi rapotda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli «heroin»-ə bənzər maddə aşkar olundu və «Çin» istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,31 qram olduğu müəyyən edildi, sonra həmin maddə yenidən qablaşdırılıb möhürləndi, daha sonra 1 ədəd DVD-yə « HP » markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə «heroin»-ə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddə aşkar olunmasını bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı videokamera vasitəsi ilə Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı X3 tərəfindən keçirilmişdir; (i.v.16) - şübhəli şəxsin tutulması haqqında 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə saat 14:54 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.27) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/501 nömrəli 05 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №153"-li möhür əksi "Təqsirləndirilən şəxs üzərindən..." yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0.152 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; (i.v.40- 41) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.53-54) - vəsatətin müdafiəsindən imtina edilməsi haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.67-68) - qətimkan tədbiri seçmək barədə 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir; (i.v.69-70) - 11 fevral 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 04 fevral 2025-ci il tarixdə saat 14:54-də qeydə alınır. Diskdə olan görüntülər 05 dəqiqə 14 saniyə davam edir. Xətai RPİnin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ünvan 5 ünvanın qarşısında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs şəxiyyəti müəyyən olunduqdan sonra sonuncuya üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edir. Ardınca əməliyyat müvəkkili üzərindən aşkar olunan bükümdə nə olmasını soruşduqda Təqsirləndirilən şəxs bükümün içərisində "heroin" olduğunu bildirdi. Bundan sonra aşkar olunan bükümün çəkisinin müəyyən edilməsi üçün elektron tərəziyə qoyur. Bükümün çəkisi 0.39 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhür ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanır; (i.v.73) - 11 fevral 2025-ci il tarixli elektron məlumat daşıyıcısı üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında DVD-ə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD formatlı elektron məlumat daşıyıcısında əks edilmiş görüntülər 04 fevral 2025-ci il tarixdə qeydə alınır. Məlumat daşıyıcısı açıldıqdan sonra fayla daxil olduqda orada olan görüntülərin 12 dəqiqə 31 saniyə davam etməsi müəyyən olunur. Videogörüntüdən müəyyən edilir ki, çəkiliş Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X2 xidməti otağında qeydə alınmışdır. PŞ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs xitməti otağa daxil olur. Bundan sonra polis əməkdaşları özlərini təqdim edirlər. ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayan zaman üzərindən narkotik vasitə "heroin" aşkar etdiklərini bildirirlər. Təqsirləndirilən şəxs saxladığı andan videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk və sonuncun üzərindən aşkar edilən narkotik vasitənin qablaşdırıldığı kağız zərf təhqiqatçı Elnur Abdullayevə təqdim edilir. Elnur Abdullayev tərəfindən zərf açılaraq şəffaf sellofana bükülmüş heroinə baxış keçirərək yenidən zərfin içərisinə qoyaraq möhürləyir. Bundan sonra təqdim edilən diskə baxış keçirdir, qablaşdırılan bükümləri ekspertizaya göndəriləcəyini bildirir; (i.v.74) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 13 fevral 2025-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər məhkəməsinin 10 avqust 2015-ci il tarixli 1(101)- 344/2015 nömrəli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir; (i.v.75-85) - Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 mart 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatdadır; (i.v.97) - Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 Vüqar Ələsgər oğlunun övladıdır; (i.v.98) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2025-ci il tarixli 1139 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.99-100) - 19 mart 2025-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılsın və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri nəzərə alınsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,152 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınsın, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,062 qram heroin təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD disk və təqdim olunan əşyaya baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd elektron məlumat daşıyıcısı iş üzrə maddi sübut hesab edilsin və cinayət işinin materiallarına əlavə olunsun; (i.v.102-106) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,152 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 04 fevral 2025-ci il tarixdən 06 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan 01 ədəd bükümdə çəkisi 0,062 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk və bir ədəd elektron məlumat daşıyıcısı iş materiallarında saxlanılmalı (CPM- 132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2nda, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,062 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və bir ədəd elektron məlumat daşıyıcısı cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 12 (on iki) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 132 (yüz otuz iki) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-227/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-227/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver