Məhkəmə qərarları › İş №1(011)-228/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-228/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-228/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1967-ci ildə Tərtər rayonu Seyidimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğıı ödənilməmiş, Tərtər rayonu Seyidimli kəndində qeydiyyat olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 22 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanda yerləşən binanın 18 nömrəli mənzilin eyvanından qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan saxlanc yeri olan şkafın siyirtməsindən Zərərçəkmiş şəxs4 məxsus 4.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.800 manat və 3.200 manat məbləğində nağd pul vəsaitini, bir cüt 23 manat dəyərində qara rəngli kabelsiz qulaqcığı və bir ədəd 30 manat dəyərində gümüşü rəngli üzərində “CMS” yazısı olan mobil telefon üçün enerji qurğusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 4.000 ABŞ dolları, dövrün məzənnəsi ilə 6.800 manat və 3.253 manat, cəmi 10.053 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 21 yanvar 2022-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda yerləşən binanın 46 nömrəli mənzilinin yataq otağının pəncərəsini əli ilə itələyib açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan saxlanc yeri olan şkafın içərisindən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 850 manat dəyərində 4 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşlı sarı qızıldan qadın üzüyünü, bir ədəd 150 manat dəyərində 583 əyarlı sarı qızıldan qadın üzüyünü, iki ədəd 68 manat dəyərində gümüş boyunbağını, 1.300 manat dəyərində “Pandora” markalı iki cüt sırğa, bir ədəd üzük, bir ədəd boyunbağı dəsti, bir ədəd 5 manat dəyərində 16,87 qram kütləli kulonlu boyunbağını, mənzilin yataq otağındakı saxlanc yeri olan termonun içərisindən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 1.700 manat dəyərində “Tissot” markalı, sarı qızıldan kişi qol saatını və 50 manat nağd pul vəsaitini, həmin otaqda olan digər termonun içərisindən isə Zərərçəkmiş şəxs2 məxsus 200 manat dəyərində bijuteriyalar və 100 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2.373 manat, Zərərçəkmiş şəxs3 1.750 manat və Zərərçəkmiş şəxs2 300 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 21 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 22 B ünvanda yerləşən binanın 104 nömrəli mənzilinin qonaq otağının pəncərəsini əli ilə açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub qonaq otağındakı saxlanc yeri olan şkafın içərisindən Zərərçəkmiş şəxs5 məxsus bir ədəd 150 manat dəyərində “Qualıty Watch” markalı kişi üçün qol saatını, bir ədəd 1.700 manat dəyərində 750 əyarlı üzərində 5 ədəd brilliant qaşları olan sarı qızıldan qadın üzüyünü, ümumi dəyəri 3.500 manat olan bir cüt 585 əyarlı sarı qızıldan halqa formasında sırğa, bir cüt 585 əyarlı üzərində ağ qaşları olan sarı qızıldan sırğa, bir ədəd 585 əyarlı sarı qızıldan üzük, bir ədəd 750 əyarlı sarı qızıldan üzük, bir dəst 585 əyarlı üzük, sırğa və boyunbağı yantar dəstin gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 5.350 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə etdiyi oğurluq cinayətinə görə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2019-cü ilin dekabr ayında cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Evlidir və bir azyaşlı uşağı vardır. Azadlığa çıxdıqdan sonra müxtəlif yerlərdə fəhləlik etməklə pul əldə etmişdir. Lakin son zamanlar işi olmadığı üçün maddi cəhətdən dolana bilməmişdir. Buna görə də oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Bakı şəhərində müxtəlif ünvanlarında oğurluqlar etmişdir. Oğurluq yolu ilə əldə etdiyi əşyaları sataraq öz ehtiyacları üçün xərcləmişdir. Əsasən işıq yanmayan mənzillərdə yaşayışın olmadığı qənaətinə gələrək həmin mənzillərin eyvanlarından daxil olmaqla oğurlaqlar etmişdir. 22 oktyabr 2021-ci il tarixdə Xətai rayonu, General Şıxlinski küçəsinə gəlmişdir. 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən mənzillərindən birinin işığının yanmadığını görmüşdür. Saat 20 radələrində mənzildə heç kəsin olmadığı qənatinə gəldikdən sonra binanın blokuna daxil olmuş və binanın damına qalxmışdır. Ardınca binanın damında olan dəmir barmaqlıqlarında sallanaraq mənzilin eyvanına düşmüşdür. Eyvandan mənzilin mətbəxinə daxil olmuşdur. Dərhal evin giriş qapısına yaxınlaşıb arxadan qapını bağlamışdır. Mənzilin otaqlarını gəzərək qiymətli əşya və ya pulun olmasını axtarmışdır. Mənzilin giriş hissəsində qapı ilə qarşı-qarşıya olan paltar şkafının üst hissəsində olan siyirtməni açdıqda, siyirtmənin içərisində 4.000 ABŞ dolları və 3.200 manat pul olduğunu görmüşdür. Həmin pulu oradan götürmüşdür. Bundan sonra evi axtarmağa davam etmişdir. Mənzildən bir ədəd qulaqcıq və bir ədəd telefon üçün enerji aparatı tapmışdır. Həmin əşyaları da götürmüşdür. Daha sonra gəldiyi qaydada mənzili tərk etmişdir. Oğurladığı pulları hissə hissə eytiyaclarına xərcləmişdir. Bundan başqa 21 yanvar 2022-ci il tarixdə saat 17-18 radələrində Xətai rayonu, X.Məmmədov küçəsindən keçən zaman ünvanını bilmədiyi 5 mərtəbəli yaşayış binası diqqətini çəkmişdir. Ətrafa baxıb sakitlik olmasını görüb binanın tininə yaxınlaşmışdır. Binanın ikinci mərtəbəsində olan mənzilin küçəyə baxan pəncərəsinə yaxınlaşıb bir neçə dəqiqə evin içərisini seyr etmişdir. Evin içərisində hərəkət olmamışdır. Fikirləşmişdir ki, evdə heç kəs yoxdur. Mənzilin pəncərəsini əli ilə itələyib güc tətbiq edərək açmışdır. Pəncərədən içəri daxil olub mənzilin qapısını arxadan klidini bağlamışdır. Mənzilin yataq otağına keçib oranı axtardıqda şkafın içərisindən iki ədəd qızıl üzük, iki ədəd gümüş boyunbağı, gümüş dəst, yəni iki cüt sırğa, bir ədəd üzük və bir ədəd boyunbağını götürüb ağ rəngli sellofanın içərisinə qoymuşdur. Bundan sonra digər yataq otağına keçib oranı axtarmağa başlamış, həmin otaqda çarpayının yanında olan termonun içərisindən bir ədəd kişi saatı və 50 manat pul tapmışdır. Pulu götürüb cibinə, saatı isə sellofanın içərisinə qoymuşdur. Çarpayının digər tərəfində olan termoya yaxınlaşıb oranı axtardıqda müxtəlif növ qadın əşyaları və 100 manat pul tapmışdır. Pulu və həmin əşyaları götürüb pəncərədən çölə çıxaraq oradan uzaqlaşmışdır. Bakı Metropolitenin “Əhmədli” stansiyası yaxınlığında orta yaşlı kişi ilə rastlaşmışdır. Qızılları həmin şəxsə göstərib uşağı xəstə olduğu üçün satmağa gətirdiyini bildirmişdir. Həmin şəxs qızıllara baxıb içərisində gümüş və bujiteriya da olmasını demişdir. Həmin şəxs bir ədəd boyunbağını və bir ədəd üzüyü qaytarıb digər əşyaları alacağını demişdir. Həmin şəxsdən 1.000 manat pul almış və oğurladığı məmulatları ona satmışdır. Daha sonra saat 20-21 radələrində Zığ şoşşesində yerləşən binaların qarşısı ilə keçən zaman ünvanını bilmədiyi binanın ikinci mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını görmüşdür. Mənzilə daxil olmaq üçün binanın qarşısından arxa tərəfinə keçmişdir. Ətrafa baxıb heç kəsin olmadığından əmin olduqdan sonra diqqət çəkməyərək binanın ikinci mərtəbəsində olan mənzilin pəncərəsinə qalxmışdır. Mənzilin pəncərəsini əli ilə güc tətbiq edərək açmışdır. Pəncərədə olan setkanı çəkib çıxarıb yerə atmışdır. Bundan sonra mənzilə daxil olmuşdur. Mənzilin işıqlarını yandırmadan axtarmağa başlamışdır. Evdə olan əşyaları axtarıb yataq otağındakı şkafı açmışdır. Şkafda paltarlar olmuşdur. Şkafı axtardıqda orada olan bir ədəd qol saatını və müxtəlif növdə qızıl-zinət əşyalarını götürüb cibinə qoymuş və evə daxil olduğu pəncərədən yerdə düşmüşdür. Bundan sonra isə oradan uzaqlaşmışdır. Yolla gələn zaman qızıl-zinət əşyalarına baxmış və aşkar etmişdir ki, mənzildən dörd ədəd qızıl üzük, üç dəst sırğa və bir ədəd boyunbağı oğurlamışdır. Həmin günü cinayət yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyalarını gecə olduğu üçün sata bilməyəcəyini fikirləşib yaşadığı evə gəlmiş və yatmışdır. Səhəri günü qızıl-ziynət əşyalarını və bir ədəd saatı satmaq üçün müştəri axtarmağa başlamışdır. Bir neçə saat ərzində qızıl-zinət əşyalarını tanımadığı şəxslərə Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında, sonra “28 May” stansiyası yaxınlığında, sonra “Əhmədli” stansiyası yaxınlığında özünə məxsus olmasını bildirməklə müxtəlif məbləğlərə satmışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyacları ilə əlaqədar xərcləmişdir. Törətdiyi oquruqları tək törətdiyi heç kimin məlumatının olmadığını bildirmişdir. Sonuncu cinayəti törədən zaman mənzildə bir siqaret çəkmiş və kötüyünu isə unudub mənzildə qoymuşdur. Daha sonra səmimi etirafını, əməlindən peşman olmasını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. 22 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvana qayıdan zaman yaşadığı mənzilin giriş qapısının alt kilidini açaraq evə daxil olmaq istəsə də giriş qapısını aça bilməmişdir. İlk öncə atası Şahid işdə olduğu zaman yaşadığı mənzilə gəldiyini və gedərkən giriş qapısını üst kilidini bağlayaraq getdiyini fikirləşmişdir. Mobil telefonunun enerjisi tükəndiyindən atası ilə əlaqə saxlaya bilməmiş və məcburən atasının yaşadığı ünvana, yəni ünvan 7ğı evə gedərək sonuncudan yaşadığı mənzilə gedib getməməsi barədə soruşduqda atası yaşadığı mənzilə getmədiyini bildirmişdir. Bundan sonra onlar mənzilin giriş qapısının kilidinin nasaz olduğunu fikirləşmişlər və narahat olaraq birlikdə mənzilə gəlmişlər. Bundan sonra atası tanışı olan bir nəfər ustaya zəng edərək kömək etməsi üçün oraya dəvət etmişdir. Bir saat keçdikdən sonra usta gəlmiş və həmin vaxt məlum olmuşdur ki, mənzilin giriş qapısı içəridən bağlanmışdır. Usta alətlər vasitəsi ilə giriş qapısını açmışdır. Yaşadığı mənzilə daxil olan zaman mənzilin giriş qapısında olan dolab qapılarının açıq olduğunu görmüşlər. Artıq məlum olmuşdur ki, mənzildə oğurluq olmuşdur. Dərhal dolaba baxış keçirmiş və orada olan özünə məxsus 4.000 ABŞ dollarının və 3.200 manat məbləğində pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra 35-ci Polis Bölməsinə getmiş və hadisə barəsində ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları ilə dərhal yaşadığı ünvana gəlmişlər və hadisə yerinə baxış keçirilmişdir. Polis əməkdaşları getdikdən sonra evdən puldan başqa 23 manat dəyərində qara rəngli kabelsiz qulaqcığının və 30 manat dəyərində gümüşü rəngli üzərində “CMS” yazısı olan mobil telefon üçün enerji qurğusunun da oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq nəticəsində ümumilikdə 4.000 ABŞ dolları və 3.253 manat ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamış, bu səbəbdən onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda atası və anası ilə birlikdə yaşayır.21 yanvar 2022-ci il tarixdə saat 21:30 dəqiqədə hazırlıqda olarkən anası Zərərçəkmiş şəxs2 mobil telefona zəng edib mənzilin giriş qapısını aça bilmədiyini bildirmişdir.Şüpələndiyindən dərhal evə gəlmiş və yaşadığı mənzilin pəncərəsinin açıq olduğunu görmüşdür. Həmin vaxt evdə olmayan atası Zərərçəkmiş şəxs3 zəng edib onu bağdan evə çağırmışlar. Eyni zamanda DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişlər. Hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə mənzilə daxil olduqda otaqlarda olan dağıntıdan oğurluq olduğunu anlamışlar. Otaqlara baxış zamanı yataq otağının kamot şkafın sirməsinin içərisində olan özünə məxsus bir ədəd 850 manat dəyərində 4 qram, 750 əyarlı üzəridə briliyant qaşları olan qadın üzüyü, bir ədəd 150 manat dəyərində 583 əyarlı qadın üzüyü, iki ədəd gümüş boyunbağı, hər birinin qiyməti 34 manat olan, ümumi məbləği 1.300 manat dəyərində “Pandora” markalı gümüş dəst, yəni iki cüt sırğa, bir ədəd üzük və bir ədəd boyunbağının oğurlanmasını müəyyən etmişlər. Bundan sonra atasının yataq otağına keçib baxarkən çarpayının yanında olan termonun içərsindən atasına məxsus 1.700 manat dəyərində “Tissot” markalı qızıl saatın və 50 manat pulunun oğurlandığını, çarpayının digər tərəfində olan tumbuçkanın içərsindən anasına məxsus 200 manat dəyərində bjuteriyalarının və 100 manat pulunun oğurlandığını aşkar etmişlər. Oğurluq nəticəsində ona 2.373 manat, anasına 300 manat, atasına isə 1.750 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda əri Zərərçəkmiş şəxs3 və qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayırlar. 21 yanvar 2022-ci il tarixdə saat 21:30 dəqiqədə evə gəlmişdir. Evə gəldikdə qapını açmaq istəmiş, lakin qapı açılmamışdır. Bundan sonra qızına zəng etdikdə sonuncunun evdə olmadığını öyrənmişdir. Qızına qapının bağlı olmasını bildirmiş və gəlməsini gözləmişdir. Bir neçə dəqiqə keçmiş qızı evin qarşısına gəlmişdir. Onlar yaşadıqları mənzilin pəncərəsinin açıq olduğunu görmüşlər. Şübhələnmişlər ki, evə kənar şəxs daxil olmuşdur. Həmin vaxt evdə olmayan əri Zərərçəkmiş şəxs3 zəng edərək sonuncunu da mənzilə çağırmışdır. Bundan sonra polisə məlumat verilmişdir. Bir müddət sonra polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları ilə birlikdə mənzilə daxil olub görmüşlər ki, yataq otaqları dağıdılmış vəziyyətdədir. Otaqlara baxış zamanı özünə məxsus 200 manat dəyərində bijuteriyaların və 100 manat pulunun, Vaqifə məxsus 1.700 manat dəyərində “Tissot” markalı qızıl saatın və 50 manat pulunun və qızına məxsus bir ədəd briliyant qaşlı qadın üzüyü, bir ədəd 150 manat dəyərində 583 əyarlı qadın üzüyü, iki ədəd gümüşü boyunbağı, hər birinin qiyməti 34 manat olan, ümumi məbləği 1.300 manat dəyərində “Pandora” markalı gümüşü dəst, yəni iki cüt sırğa, bir ədəd üzük, bir ədəd boyunbağının oğurlandığını aşkar etmişlər. Oğurluq nəticəsində ona 300 manat, əri Vaqifə 1.750 manat, qızı Ülviyyəyə isə 2.368 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda qızı və arvadı ilə yaşayır. 21 yanvar 2022-ci il tarixdə saat 21:30 dəqiqədə arvadı Zərərçəkmiş şəxs2 mobil telefona zəng edib demişdir ki, mənzilin qapısı açılmır. Evə gəldikdə görmüşdür ki, artıq mənzilin qarşısında polis avtomobilləri dayanmışdır. Evə daxil olduqda məlum olmuşdur ki, mənzildən oğurluq olmuşdur. Hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə mənzilə daxil olub görmüşlər ki, mənzil axtarılaraq dağıdılmış və oğurluq hadisəsi baş vermişdir. Otaqlara baxış zamanı aydın olmuşdur ki,özünə məxsus 1.700 manat dəyərində “Tissot” markalı qızıl saat və 50 manat pulu oğurlanmışdır.Daha sonra qızı Zərərçəkmiş şəxs1 özünə məxsus bir ədəd 850 manat dəyərində 4 qram çəkidə 750 əyarlı üzərində briliyant qaşları olan qadın üzüyü, bir ədəd 150 manat dəyərində 583 əyarlı qadın üzüyü, iki ədəd gümüş boyunbağı, hər birinin qiyməti 34 manat olan, ümumi məbləği 1.300 manat dəyərində “Pandora” markalı gümüş dəst, yəni iki cüt sırğa, bir ədəd üzük və bir ədəd boyunbağın oğurlandığını bildirmişdir.Bundan başqa arvadı bildirmişdir ki,ona məxsus 200 manat dəyərində bijuteriyaları və 100 manat pulu oğurlanmışdır. Oğurluq nəticəsində ona 1.750 manat, arvadına 300 manat, qızına isə 2.368 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanda ailəsi ilə yaşayır. Yaşadığı mənzil hündürmərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. 20 yanvar 2022-ci il tarixdə ailə üzvləri Bərdə rayonuna yas mərasiminə getmişdilər. 21 yanvar 2022-ci il tarixdə saat 15 radələrində evin qapı və pəncərələrini bağlayıb işləri ilə əlaqədar şəhərə getmişdir. Həmin günü saat 22:13 dəqiqədə adını xatırlamadığı qonşuluqda yaşayan şəxs zəng edərək evinin pəncərəsinin açıq olmasını demişdir. Dərhal yaşadığı mənzilə gəlmişdir. Evin qapısını açıb içəri daxil olmuş və görmüşdür ki, mənzil axtarılaraq dağıdılmışdır. Belə ki, çarpayı, şkaflar və termolar dağıdılmış və içərisində olan əşyalar yerə, yəni döşəmənin üzərinə tökülmüşdür. DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Əşyalara baxdıqda mənzildən bir ədəd 150 manat dəyərində “Qualıty Watch” markalı kişi üçün qol saatı, bir ədəd 1.700 manat dəyərində 750 əyarlı üzərində 5 ədəd brilyant qaşları olan sarı qızıldan üzük, ümumi dəyəri 3.500 manat olan bir cüt 585 əyarlı sarı qızıldan halqa formasında sırğa, bir cüt 585 əyarlı üzərində ağ qaşları olan sarı qızıldan sırğa, bir ədəd 585 əyarlı sarı qızıldan üzük, bir ədəd 750 əyarlı sarı qızıldan üzük, bir dəst 585 əyarlı üzük, sırğa və boyunbağı yantar dəstinin oğurlanmasını aşkar etmişdir. Həmin günü yaşadığı evə polis əməkdaşları gəlmişlər və mənzilə baxış keçirib fotoşəkillərini çəkmişlər. Baş vermiş həmin hadisə nəticəsində ümumilikdə 5.350 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamış, bu səbəbdən onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi Tuqay Allahverdizadə tərəfindən tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi ünvan 10 ünvanda yerləşən binanın 18 nömrəli mənzilində baş vermişdir. Hadisə yerinin yaxınlığında müşahidə kameraları müəyyən edilərək hadisəni törətmiş şəxsin görüntüləri bir ədəd DVD diskə köçürülərək götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi Tuqay Allahverdizadə tərəfindən tərtib edilmiş 29 yanvar 2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi bir ədəd sırğa tayı və 1 ədəd klonlu boyunbağı götürülmüşdür. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respubhkası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2022-ci il tarixli 6/858-9/1011 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən əşyaların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 2,13 qram kütləli, üzərində “BVLGARİ” yazısı olan sarı rəngli 1 ədəd sırğa tayı - təyinatı üzrə istifadəyə yararsız olduğu üçün qiymətsiz müəyyən edilir; 16,87 qram kütləli 1 ədəd klonlu boyunbağı - 5,0 manat. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Rövşən Xanbabayev tərəfindən tərtib edilmiş 26 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, 2,13 qram kütləli, üzərində “BVLGARİ” yazısı olan sarı rəngli 1 ədəd sırğa tayı 3 ədəd eyni sırğalar arasında Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, sonuncu ümumilikdə 4 ədəd sırğalar arasında öz sırğasını əli ilə göstərib ona məxsus olmasını və yaşadığı mənzildən götürülən sırğa tayı olduğıınu demişdir. Zərərçəkmiş şəxs1 sırğa tayını rənginə və əlamətlərinə görə tanıdığını demişdir. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Rövşən Xanbabayev tərəfindən tərtib edilmiş 26 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, 16,87 qram kütləli 1 ədəd klonlu boyunbağı 3 ədəd eyni boyunbağılar arasında Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, sonuncu ümumilikdə 4 ədəd boyunbağılar arasında öz boyunbağısını əli ilə göstərib ona məxsus olmasını və yaşadığı mənzildən götürülən boyunbağı olduğunu demişdir. Zərərçəkmiş şəxs1 boyunbağını klona, rənginə və əlamətlərinə görə tanıdığını demişdir. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi Tuqay Allahverdizadə tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 11 ünvanında etdiyi oğurluq hadisəsini yerində göstərərək, mənzilin giriş hissəsində qapı ilə qarşı-qarşıya olan paltar şkafının üst hissəsində olan siyirmədən 4000 ABŞ dolları və 3200 manat pul, bundan başqa 01 ədəd qulaqcıq və 01 ədəd enerji aparatını tapıb götürdüyünü bildirmişdir. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi Tuqay Allahverdizadə tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 22 oktyabr 2021-ci tarixdə çəkilmiş və 40 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, yaşayış binasının balkonudur, bir nəfər şəxs pilləkən ilə düşərək hərəkət etmiş, həmin şəxsin əynində ağ rəngli şalvarı və köynəyi vardır, sağ əlində qara rəngli telefona bənzər əşya, sol əlində isə paltarları vardır. Həmin şəxs pilləkənlər ilə düşərək çıxıb getmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxs özüdür, belə ki, o, ünvan 1 ünvanda yerləşən binanın 18 nömrəli mənzilindən oğurluq etdikdən sonra çıxıb getmişdir. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Rövşən Xanbabayev tərəfindən tərtib edilmiş 22 yanvar 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 22 B ünvanda yerləşən binanın 104 nömrəli mənzilində baş vermişdir. Baxış zamanı hadisə yerindən ekspert kriminalist tərəfindən bir ədəd “Sobronie” markalı siqaret kötüyü aşkar edilərək götürtilmüşdür. İş materiallarında olan məhkəmə genetik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 31 mart 2022-ci il tarixli 22/283 R saylı rəyindən görünür ki, ekspertiza nəticəsində, təqdim edilmiş 01 (bir) ədəd “Sobranie” ticarət markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materialların (tüpürcək nümunəsi) Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Rövşən Xanbabayev tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 12 ünvanında etdiyi oğurluq hadisəsini yerində göstərərək, mənzilin yataq otağındakı şkafdan 01 ədəd qol saatı, 04 ədəd üzük, 03 dəst sırğa və 01 ədəd boyunbağı tapıb götürdüyünü bildirmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdən tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 23.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 fevral 2008-ci il tarixli hökmü ilə CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.11.2014-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin 13.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qərarı ilə 20.10.2017-ci il tarixli 816 VQD saylı Qanunun tətbiqi ilə CM-nin 177.3.2-ci maddəsı 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə cəzası 05 ilə endirilmişdir. 30.12.2019-cu ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.12.2019-cu il tarixli qərarı ilə 03 ay 02 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan 02 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 məxsus 2,13 qram kütləli üzərində “BVLGARİ" yazısı olan sarı rəngli 1 ədəd sırğa tayı və 16.87 qram kütləli bir ədəd klonlu boyunbağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. İş materiallarında olan 02 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 13 ünvanda yerləşən binanın 18 nömrəli mənzilindən oğurluq etdikdən sonra oradan uzaqlaşmasını əks etdirən DVD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamışlar, bu səbəbdən onun cəzalandırılmasını xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidin istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması müəyyən edildi. Təqsirləndirilən şəxs məhkumluğu göründüyü kimi ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərin heç biri ilə barışıq əldə etməməsini, vurduğu ziyanları ödəməməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində residiv nəzərə alınaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut Xətai RPİ maddi sübutların saxlanılma otağına təhvil verilmiş 2,13 qram kütləli üzərində “BVLGARİ" yazısı olan sarı rəngli 1 ədəd sırğa tayı və 16.87 qram kütləli bir ədəd klonlu boyunbağı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Maddi sübut kimi tanınmış 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 29 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut Xətai RPİ maddi sübutların saxlanılma otağına təhvil verilmiş 2,13 qram kütləli üzərində “BVLGARİ" yazısı olan sarı rəngli 1 ədəd sırğa tayı və 16.87 qram kütləli bir ədəd klonlu boyunbağı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. Maddi sübut kimi tanınmış 1 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar