Məhkəmə qərarları › İş №1(011)-228/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-228/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-228/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 2000-ci ildə Lənkəran rayonu, Avrora qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində 02 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 yanvar 2025-ci il tarixdə saat 21 radələrində birgə yaşadıqları Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanının yataq otağındakı dolabın üzərindən 1.500 (bir min beş yüz) manat dəyərində sarı rəngli metaldan hazırlanmış saatın iç tərəfində «Rolex Tachymer», arxa hissəsində «750» damğası və «Rolex» sözləri yazılan, qolbaq hissəsi dəriyəbənzər materialdan, kilid hissəsi sarı rəngli metaldan, qolbağındakı metal hissəsi qiymətsiz metal ərintisindən olan, 750 əyarlı qızıldan hazırlanmış, sferblatının yan hissəsində olan 3 ədəd dairə formalı elementlər qiymətsiz metal ərintisindən, sferblatı şüşə və ümumi çəkisi 90,32 qram olan bir ədəd «Rolex» markalı qol saatını, 3.500 (üç min beş yüz) manat dəyərində qızıl materialdan olan bir ədəd «Tissot» markalı qol saatını, 500 (beş yüz) manat dəyərində üzərində qaşları olmayan bir ədəd qızıl üzüyü, həmçinin həmin dolabın siyirməsindən 80 (səksən) manat dəyərində bir ədəd «İphone 7» markalı mobil telefonu və gümüşü rəngli metaldan hazırlanmış, dairə formalı bir ədəd qiymətsiz metal predmeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs 5.580 (beş min beş yüz səksən) manat xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olsa da, daimi yaşayış yeri olmamış və işlədiyi yerlərdə gecələmişdir. Zərərçəkmiş şəxs təxminən bir ildir ki, tanıyır, münasibətləri yaxşı olmuş və sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən avtoyuma məntəqəsində yuyucu işləmişdir. X3 isə təxminən beş aydır ki tanıyır və sonuncu ilə Ceyhuna məxsus avtoyuma məntəqəsində tanış olmuşdur. Belə ki, Turac da həmin avtoyuma məntəqəsində yuyucu işləmişdir. Bir müddət iş olmadığı üçün Ceyhun avtoyuma məntəqəsini başqa şoxsə icarəyə verdiyindən o və Turac bildirmişlər ki, qalmağa yerləri yoxdur. Bu səbəbdən Ceyhun, onunla Turaca bir neçə müddət yaşadığı ünvan 1 ünvanında qala biləcəklərini demişdir. Bundan sonra yəni, 07 yanvar 2025-ci ildən onlar Ceyhunun yaşadığı ünvan 1 ünvanında qalmağa başlamışlar. Həmçinin Ceyhun mənzilin açarlarını da, onlara vermişdir ki, özünün olmadığı müddət ərzində mənzilə rahat girib çıxa bilsinlər. 15 yanvar 2025-ci il tarixdə təxminən saat 13-14 radələrində Ceyhun şəxsi işləri ilə əlaqədar mənzildən çıxaraq getmiş, o və Turac isə mənzildə qalmışlar. Təxminən saat 21 radələrində o və Turac mənzildə olan zaman işləri və pulları olmadığı üçün haradan pul əldə edə biləcəkləri barədə danışmışlar. Həmin vaxt Turac təklif etmişdir ki, Ceyhunun evindən oğurluq edib əldə etdikləri əşyaları sataraq pul əldə edə bilərlər. Onların pula ehtiyacları olduğu üçün o, Turacla razılaşmış və həmin vaxt mənzilin yataq otağındakı dolabın üzərində olan Ceyhuna məxsus «Rolex» və «Tissot» markalı qol saatlarını, «Rolex» markalı qol saatının üzərində olan bir ədəd üzərində qaşları olmayan qızıl üzüyü, həmiçinin həmin dolabın siyirməsində olan bir ədəd «İphone 7» markalı mobil telefonu və bir ədəd qədimi əşyaya bənzətdikləri qəpiyi oğurlayaraq mənzili tərk edib getmişlər. Belə ki, onlar düşünmüşlər ki. həmin qəpik qədimi əşyadır və onu daha baha qiymətə sata bilərlər. Onlar mənzildən çıxdıqdan sonra Turacla birlikdə «Neftçilər» metrostansiyasının yaxınlığına getmiş və mənzildən oğurladıqları bir ədəd qızıl üzüyü Turacın şəxsiyyət vəsiqəsi ilə orada yerləşən qızıl alışı və satışı yerinə 176 (bir yüz yetmiş altı) manata satmışlar. Həmin pulu əldə etdikdən sonra Türkan qəsəbəsinə gedib orada yerləşən «Santafe» adlı oteldə gecələmişlər. Gecə saatlarında Ceyhunun ona «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə istifadəsində olan 070 ***-**-** mobil nömrəsinə mesaj yazdığını görüb mənzildən Turacla birlikdə oğurluq etdiklərini etiraf etmiş və pulları olmadığı üçün bu işi gördüklərini, pul olan kimi əşyaları geri qaytaracaqlarını bildirmişlər. Bundan sonra Ceyhunun zənglərinə və smslərinə cavab verməmişdir. Ertəsi gün, yəni 16 yanvar 2025-ci il tarixdə təxminən saat 13 radələrində Turacla birlikdə «Memar Əcəmi» metrostansiyasının yaxınlığına gedib Ceyhuna məxsus «Rolex» markalı qol saatını orada yerləşən lombardlardan birinə girov qoyaraq 500 manat pul götürmək istədiyimizi bildirsək də, həmin lambarddan saatın qarşılığında bizə 470 (dörd yüz yetmiş) manat pul verilmişdir. Onlar həmin pulu götürdükdən sonra yenidən Türkan qəsəbəsinə gedib orada yerləşən «Santafe» adlı oteldə gecələmişlər. Ertəsi gün yəni 17 yanvar 2025-ci il tarixdə təxminən saat 17 radələrində Turacla birlikdə Əhmədli qəsəbəsinə gəlmişlər. Həmin vaxt o, orada yerləşən çay evlərindən birində əyləşmiş, Turac isə «Laçın» Ticarət Mərkəzinə gedib Ceyhuna məxsus «Tissot» markalı qol saatını satıb gələcəyini bildirmişdir. O, Turacla razılaşıb çay evində oturaraq sonuncunu gözləmişdir. Təxminən bir saatdan sonra Turac onun olduğu çay evinə gələrək Ceyhuna məxsus «Tissot» markalı qol saatını 400 (dörd yüz) manat qarşılığında verdiyini bildirmişdir. Onlar həmin pulu götürdükdən sonra yenidən Türkan qəsəbəsinə gedib orada yerləşən «Santafe» adlı oteldə gecələmişlər. Ertəsi gün, yəni 18 yanvar 2025-ci il tarixdə saat 11 radələrində oteli tərk edərək, Turacla birlikdə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərinə çatdıqdan sonra iki gün orada adlarını bilmədiyi kafelərdə gecələdikdən sonra pulları qurtardığı üçün qərara gəlmişlər ki, Ceyhunun mənzilindən oğurladıqları antik əşya kimi bildikləri qəpiyi satsınlar. Bu məqsədlə o, 20 yanvar 2025-ci il tarixdə Ceyhunla ümumi tanışları olan Fidana zəng edərək həmin qəpiyi satmaqda ona köməklik göstərməsini və bunun müqabilində ona da pul verəcəyini bildirmişdir. O, Ceyhuna məxsus avtoyuma məntəqəsində işləməzdən əvvəl Fidana məxsus şirniyyat sexində məhsulların paketlənməsi işi məşğul olmuşdur. Daha sonra işində olan nöqsanlarla əlaqədar Fidan onu işdən çıxarmışdır. X8 mənzilindən oğurluq etdikləri barədə məlumat vermiş və Fidan bu barədə məlumatlı olmuşdur. Daha sonra Fidan onunla razılaşmış və o, 21 yanvar 2025ci il tarixdə Gəncə şəhərindən Bakı şəhərinə gedən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə Ceyhunun mənzilindən oğurladıqları «İphone 7» markalı mobil telefonla birlikdə həmin qəpiyi do Fidana göndərmişdir. Belə ki, həmin qəpik yolda itməsin deyə mobil telefonun arxasına bərkitmişdir ki, rahatlıqla Fidana çatsın. Buna baxmayaraq Fidan ona sms yazaraq qəpiyi sata bilmədiyini və götürməsini demişdir. 22 yanvar 2025-ci il tarixdə səhər saatlarında o, Turacla birlikdə Bakı şəhərinə qayıtmış. Bakı şəhərinə gəldikdən sonra pulları olmadığı üçün Turacla birlikdə iş axtarmış və bu məqsədlə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsində olan Turacın həmyerlisi Ramil adlı şəxsə məxsus avtoyuma məntəqəsinə getmişlər. Turac Raminlə danışdıqdan sonra Ramil onları işə qəbul etmiş və onlar orada işləyərək orada da gecələmişlər. Bakı şəhərində olan zaman onlar düşünmüşlər ki, həmin qəpiyi Fidandan götürüb özləri baha qiymətə antik əşyalar alınan yerə satmaqla yaxşı pul əldə edə bilərlər. Bu səbəbdən o, ertəsi gün, yəni 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında Fidana zəng edərək həmin qəpiyi idarə etdiyi avtomobilə qoymasını və özü gəlib həmin qəpiyi oradan götürəcəyini bildirmişdir. Fidan da onunla razılaşaraq həmin qəpiyi özünə məxsus avtomobilin qabaq sol qapısının cib hissəsinə qoyacağını demişdir. Fidan onunla razılaşdıqdan sonra o, Ramilə bildirmişdir ki, bir nəfər şəxsdən əşya götürəcəkdir və bu səbəbdən idarə etdiyi avtomobillə onu həmin yerə aparmasını xahiş etmişdir. Həmin vaxt o, Ramilin idarə etdiyi avtomobilin arxa sol oturacağında əyləşmişdir. Ramillə birlikdə sonuncunun idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobillə Fidanın yaşadığı ünvan 2 ünvanına gəlmişlər. Həmin vaxt Ramildən avtomobili Fidana məxsus «Baic» markalı avtomobilin yanında saxlamasını xahiş etmiş, həmçinin Fidana avtomobilin yanma çatdığını və qapısını açmasını demişdir. Ramil avtomobili saxladıqdan sonra o, Fidana məxsus avtomobilin qabaq sol qapısını açmaq istədikdə Ceyhun onu tutaraq saxlamış, həmin vaxt Ramil bundan qorxub avtomobili idarə etmək istədikdə Ceyhun qışqıraraq onun oğru olmasını deyib, avtomobili saxlamasını bildirmişdir. Ramil də bu səbəbdən avtomobili saxlamış və Ceyhun dostu Şəriflə birlikdə idarə etdiyi avtomobillə onu Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirərək polis əməkdaşlarına təhvil vermişdir. İmkanı olmadığı üçün dəymiş zərəri ödəyə bilmir. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində özünə məxsus avtoyuma məntəqəsi vardır. Təqsirləndirilən şəxs və X3 bir neçə müddətdir ki, tanıyır münasibətləri normal olmuşdur. Ramin və Turac ona məxsus avtoyuma məntəqəsində yuyucu işləmişlər. Bir müddət iş olmadığı üçün o, avtoyuma məntəqəsini başqa şəxsə icarəyə vermişdir. Həmin vaxt Ramin və Turac ona bildirmişlər ki, qalmağa yerləri yoxdur. Bu səbəbdən o, Ramin və Turaca bir neçə müddət yaşadığı ünvan 1 ünvanında qala biləcəklərini demişdir. Bundan sonra yəni, 07 yanvar 2025-ci ildən Ramin və Turac yaşadığı ünvan 1 ünvanında qalmağa başlamışlar. Həmçinin mənzilin açarlarını da sonunculara vermişdir ki, o olmadığı müddət ərzində mənzilə rahat girib çıxa bilsinlər. 15 yanvar 2025-ci il tarixdə təxminən saat 13-14 radələrində o, şəxsi işləri ilə əlaqədar mənzildən çıxaraq getmiş, Ramin və Turac isə mənzildə qalmışlar. Təxminən saat 23 radələrində o, yaşadığı ünvana qayıdan zaman Ramin və Turacın evdə olmadıqlarını görmüş, lakin harasa getdiklərini düşünüb buna əhəmiyyət verməmişdir. Təxminən saat 23:45-də o, yataq otağına keçərək, özünə məxsus saatı enerji yığması üçün cərəyana qoşan zaman yataq otağındakı dolabın üzərində olan özünə məxsus «Rolex» və «Tissot» markalı qol saatlarının, «Rolex» markalı qol saatının üzərində olan ona nənəsindən yadigar qalan bir ədəd üzərində qaşları olmayan qızıl üzüyün, həmiçinin həmin dolabın siyirməsində olan bir ədəd «İphone 7» markalı mobil telefonun və bir ədəd dəyəri olmayan qəpiyin oğurlandığını aşkar etmişdir. Həmin vaxt Turacın istifadəsində olan +**********9 mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma proqramına zəng etsə də, sonuncu onu qara siyahıya atdığı üçün əlaqə yarada bilməmişdir. Lakin «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə Raminin istifadəsində olan 070 ***-**-** mobil nömrəsinə mesaj yazmış və həmin vaxt Ramin, mənzildən Turacla birlikdə oğurluq etdiklərini etiraf etmişdir. O, dəfələrlə Raminə mesaj yazaraq əşyalarını geri qaytarmalarını tələb etmiş, lakin sonuncular həmin əşyaları qaytaracaqlarını desələr də qaytarmamış və bundan sonra o, onlarla əlaqə yarada bilməmişdir. Bundan 2 gün sonra Ramin onun dostu Şərifin istifadəsində olan 070 ***-**-** mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma proqramına mesaj yazaraq saatları lombarda qoyduqlarını, lakin pulları olmadığı üçün lombarddan götürə bilmədiklərini demişdir. Həmin «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə olan yazışmaları istintaqa təqdim etmişdir. 20 yanvar 2025-ci il tarixdə axşam saatlarında tanışı Fidan Qarayeva ona məlumat verərək bildirmişdir ki, Ramin onunla əlaqə saxlamış və ona məxsus oğurladıqları əşyalardan dəyəri olmayan qəpiyi dəyərli əşya kimi zənn etdikləri üçün onu satmasını istədiklərini xahiş etmişdir. Ramin əvvəllər Fidana məxsus şirniyyat sexində işləmiş və bu səbəbdən sonuncular bir birlərini tanımışlar. O, Ramini tapa bilmədiyi üçün Fidandan mütəmadi onunla əlaqədə olmasını xahiş etmişdir. Ertəsi gün, yəni 21 yanvar 2025-ci il tarixdə Fidan ona bildirmişdir ki, Ramin taksi ilə bir ədəd «İphone 7» markalı mobil telefonu və həmin bir ədəd dəyəri olmayan qəpiyi göndərmişdir. Elə həmin gün Fidan onunla görüşərək, ona məxsus «İphone 7» markalı mobil telefonu və həmin bir ədəd dəyəri olmayan qəpiyi ona təqdim etmişdir. 24 yanvar 2025-ci il tarixdə 21 radələrində Fidan ona zəng edərək, Raminin onunla əlaqəyə çıxdığını və qəpiyi götürmək istədiyini bildirmişdir. O da Fidana demişdir ki, Ramini şübhələndirmədən qəpiyi özünə məxsus avtomobilə qoyacağını və gəlib gətirməsini bildirsin. Özü isə dostu Şəriflə birlikdə Fidanın yaşadığı ünvan 2 ünvanına getmişdir. Təxminən saat 21:30 radələrində o və Şərif birlikdə Fidana məxsus avtomobilin yaxınlığında gözləyən zaman Fidanın idarə etdiyi avtomobilin yanında başqa bir avtomobil dayanmış və bu zaman Ramin həmin avtomobilin arxa sol oturacağından qapını açıb Fidana məxsus avtomobilin qabaq sol qapısını açmaq istədikdə, o, Ramini tutaraq saxlamışdır. Həmin vaxt Raminin əyləşdiyi avtomobilin sürücüsü avtomobili idarə edərək oradan uzaqlaşmaq istədikdə o qışqıraraq, Raminin oğru olmasını bildirmiş və həmin şəxs dərhal avtomobili saxlamışdır. Bundan sonra o və dostu Şərif ona məxsus avtomobil vasitəsi ilə Ramini Xətai RPİ-nin 34-cü polis şöbəsinə apararaq təhvil vermişlər. Həmin vaxt o, ərizə ilə 34-cü polis şöbəsinə müraciət etmiş, həmçinin ona məxsus mənzildən Ramin və Turac tərəfindən oğurlanmış bir ədəd «İphone 7» markalı mobil telefonu və bir ədəd dəyəri olmayan qəpiyi polis əməkdaşlarına təhvil vermişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs əlavə ifadə verərək bildirmişdir ki, o, ilkin ərizə, izahat və ifadəsində ona məxsus «Tissot» markalı qol saatının dəyərini 5.000 manat qeyd etsə də, sonradan müəyyən etmişdir ki, həmin qol saatının dəyəri 5.000 manat deyil, 3.500 manat təşkil edir. Belə ki, həmin qol saatı ona hədiyyə olaraq verildiyi üçün o, ilkin olaraq saatın qiymətinin 5.000 manat olmasını zənn etmişdir, lakin sonradan bununla bağlı maraqlandıqda, həmin qol saatının dəyərinin 3.500 manat olmasını bilmişdir. Dəymiş zərərin ödənməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Mustafaev Sharif ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır, aralarında dostluq münasibətləri vardır. Həmçinin Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanıyır və sonuncu Ceyhuna məxsus avtoyuma məntəqəsində yuyucu işləmişdir. 16 yanvar 2025-ci il tarixdə səhər saatlarında Ceyhun onunla telefon əlaqəsi yaradaraq Raminin ona məxsus mənzildən oğurluq etdiyini bildirmişdir. Bundan sonra o, məsələni aydınlaşdırmaq məqsədi ilə Raminin istifadəsində olan 070 ***-**-** mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma proqramına zəng etmiş, lakin Ramin onun zənglərinə cavab verməmişdir. Daha sonra Ramin özü ona yazaraq mənzildən oğurluq etdiyini etiraf edib oğurladığı qızıl üzüyü satdığını, saatı isə lombarda qoyduğunu bildirmişdir. O da bu barədə dərhal Ceyhuna məlumat vermişdir. Bundan sonra 24 yanvar 2025-ci il tarixdə 21 radələrində Ceyhun onunla telefon əlaqəsi saxlayaraq, Raminin tanışı Fidana məxsus avtomobildən oğurladığı qəpiyi götürmək üçün gələcəyini bildirmiş və ondan birlikdə getməsini xahiş etmişdir. O da razılaşaraq Ceyhunla birlikdə Fidanın yaşadığı ünvan 2 ünvanına getmişlər. Təxminən saat 21:30 radələrində o və Ceyhun birlikdə Fidana məxsus avtomobilin yaxınlığında gözləyən zaman Fidanın idarə etdiyi avtomobilin yanında başqa bir avtomobil dayanmış və bu zaman Ramin həmin avtomobilin arxa sol oturacağından qapını açıb Fidana məxsus avtomobilin qabaq sol qapısını açmaq istədikdə, Ceyhun Ramini tutaraq saxlamışdır. Həmin vaxt Raminin əyləşdiyi avtomobilin sürücüsü avtomobili idarə edərək oradan uzaqlaşmaq istədikdə Ceyhun qışqıraraq, Raminin oğru olmasını bildirmiş və həmin şəxs dərhal avtomobili saxlamışdır. Bundan sonra o və Ceyhun, Ramini Ceyhuna məxsus avtomobil vasitəsi ilə Xətai RPİ-nin 34-cü polis şöbəsinə apararaq təhvil vermişlər. Həmin vaxt Ceyhun ərizə ilə 34-cü polis şöbəsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsində olan avtoyuma məntəqəsini icarəyə götürərək işlədir. X3 təxminən 3-4 ildir ki, həmyerlisi kimi tanıyır, aralarında normal münasibətlər olmuşdur. Təqsirləndirilən şəxs isə Turaca görə 22 yanvar 2025-ci il tarixdə tanımışdır. Belə ki, 22 yanvar 2025-ci il tarixdə səhər saatlarında Turac bir nəfər şəxslə birlikdə işlədiyi avtoyuma məntəqəsinə gələrək, həmin şəxsi onunla tanış edib adının Ramin olduğunu bildirmişdir. Həmin vaxt aralarında olan söhbət zamanı Turac və Ramin işsiz olduqlarını, qalmağa yerlərinin olmadığını demişlər. O isə sonunculara onun yanında işləyə biləcəklərini və avtoyuma məntəqəsində gecələyə biləcəklərini bildirmişdir. Bundan sonra sonuncular onunla razılaşaraq işləməyə başlamışlar. 24 yanvar 2025-ci il tarixdə təxminən saat 22 radələrində Ramin ona demişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir nəfər tanışı var və həmin şəxsdən bir neçə əşyasını götürmək üçün onunla birlikdə həmin yerə getməsini xahiş etmişdir. O da Raminə etiraz etməmiş və onlar "xxxx" MMC-dən götürərək yel vərəqəsi əsasında idarə etdiyi «Chevrolet Cruze» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Raminin qeyd etdiyi ünvana getmişlər. Turac isə avtoyuma məntəqəsində qalmışdır. O, Raminlə birlikdə idarə etdiyi avtomobillə sonuncunun qeyd etdiyi ünvana getmişdir. Onlar həmin ünvana çatan zaman Ramin avtomobili orada olan hazırda markasım xatırlamadığı avtomobilin yanında saxlamasını bildirmişdir. O da Raminin sözü ilə idarə etdiyi avtomobili qeyd olunan avtomobilin yanında saxladıqdan sonra Ramin avtomobildən düşmək istədikdə, iki nəfər tanımadığı şəxs idarə etdiyi avtomobilə yaxınlaşıb Ramini tutmuşlar. O, həmin vaxt baş vermiş hadisədən həyəcanlanmış və qorxduğu üçün avtomobili idarə edərək oradan uzaqlaşmaq istədikdə Ramini saxlayan şəxslərdən biri qışqırıb Raminin oğru olmasını bildirərək avtomobili saxlamasını demişdir. O da bu sözdən sonra avtomobili dərhal saxlamışdır. Bundan sonra həmin şəxslər Raminlə birlikdə 34-cü Polis Şöbəsinə getmişlər. O isə icarəyə götürərək işlətdiyi avtoyuma məntəqəsinə qayıtmışdır. Həmin vaxt Turac ondan Raminin harada olması barədə soruşduqca, o, Raminin tutulduğunu bildirmişdir. Bu vaxt Turac özünə məxsus əşyaları götürərək avtoyuma məntəqəsini tərk edərək getmişdir. Bundan sonra o, Turacı görməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən «Bakcell» mağazasını icarəyə götürərək işlədir. Belə ki, həmin mağazada müxtəlif markalı mobil telefonların, mobil telefon aksesuarlarının, qızıl məmulatlarının, alışı, satışı və girovu ilə məşğul olur. Mağaza hər gün saat 10:00-dan saat 22:00 kimi fəaliyyət göstərir. 15 yanvar 2025-ci il tarixdə axşam saat 22 radələrində artıq mağazanı bağlayıb getmək istədikdə iki nəfər əvvəllər tanımadığı, birinci dəfə gördüyü şəxs mağazaya daxil olaraq qızıl satmaq istədiklərini bildirmişlər. O, sonuncuların təqdim etdiyi qızıla baxan zaman həmin qızılın sadə, qaşsız qızıl üzük olmasını görmüşdür. Həmin qızılı çəkən zaman onun 2,28 qram və 585 əyarlı olmasını müəyyən etmişdir. Həmin şəxslər yəni, adları sonradan ona məlum olan X7 və Ramin adlı şəxs qızılı hansı qiymətə ala biləcəyini soruşduqda o, sonunculara ümumilikdə 176 (bir yüz yetmiş altı) manat verə biləcəyini demiş və sonuncular onunla razılaşmışlar. Bu zaman o, həmin şəxslərdən şəxsiyyət vəsiqəsi tələb etmiş və həmin vaxt Turac Quluzadə özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra o, Turac Quluz.adənin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarmış və Turac özü qızılın oğurluq olmamasını, habelə özünə məxsus olmasını imzası ilə təsdiq etmiş, həmçinin həmin qəbzdə Ramin öz əlaqə nömrələrini qeyd etmişdir. O, həmin qızılı aldıqdan sonra sonunculara 176 manat pul vermiş və onlar mağazanı tərk edib getmişlər. Sonradan o, həmin qızılı əritmək üçün vermək istəsə də onu itirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ildən tanıyır, münasibətləri normal olmuşdur. Belə ki, Ramin ona məxsus şirniyyat sexində məhsulların paketlənməsi işi ilə məşğul olmuşdur. Daha sonra Raminin işində olan nöqsanlarla əlaqədar o, sonuncunu işdən çıxarmışdır. Zərərçəkmiş şəxs isə təxminən bir ildir ki, tanıyır münasibətləri normaldır. O, Ramini özünə məxsus şirniyyat sexindən işdən çıxardıqdan sonra sonuncu Ceyhuna məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsində yuyucu kimi işləmişdir. 16 yanvar 2025-ci il tarixdə səhər saatlarında Ceyhun onunla telefon əlaqəsi yaradaraq Raminin ona məxsus mənzildən oğurluq etdiyini bildirmişdir. Bundan sonra o, məsələni aydınlaşdırmaq məqsədi ilə Raminin istifadəsində olan 070 ***-**-** mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma proqramına zəng etmiş, lakin Ramin onun zənglərinə cavab verməmişdir. 20 yanvar 2025ci il tarixdə axşam saatlarında Ramin onunla «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayaraq Ceyhuna məxsus oğurladıqları əşyalardan dəyəri olmayan qəpiyi dəyərli əşya kimi zənn edib həmin qəpiyi onun satmasını istədiklərini xahiş etmiş və ona da satışdan əldə olunacaq gəlirdən verəcəyini bildirmişdir. O da bu barədə dərhal Ceyhuna məlumat vermiş və Ceyhun Ramini tapa bilmədiyi üçün sonuncu ilə mütəmadi əlaqədə olmasını xahiş etmişdir. Ertəsi gün, yəni 21 yanvar 2025-ci il tarixdə Ramin yenidən ona zəng edərək bildirmişdir ki, həmin qəpiyi satması üçün taksi vasitəsi ilə ona göndərir. O da Raminin dediyi kimi Bakıxanov qəsəbəsində sonuncunun göndərdiyi taksidən Ceyhuna məxsus bir ədəd «İphone 7» markalı mobil telefonu və həmin bir ədəd qəpiyi təhvil almışdır. Bundan sonra Ceyhuna zəng edərək, onunla elə həmin yerdə görüşüb mobil telefon və qəpiyi Ceyhuna təqdim etmişdir. 24 yanvar 2025-ci il tarixdə 21 radələrində Ramin yenidən onunla əlaqə yaradaraq həmin qəpiyin ona lazım olduğunu bildirmiş və ondan həmin qəpiyi özünə məxsus «Baic» markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoymasını bir neçə dəqiqədən sonra gəlib götürəcəyini demişdir. O da bu barədə Ceyhuna bildirdikdə, Ceyhun xahiş etmişdir ki, Ramini şübhələndirmədən qəpiyi özünə məxsus avtomobilə qoysun və Raminə gəlib gətirməsini bildirsin. Həmin ərəfədə Ceyhun yaşadığı məhəllədə olacaq və Ramin qəpiyi götürən zaman sonuncunu saxlayacaqlar. O da Ceyhunun dediyi kimi edib, həmin qəpiyi yaşadığı ünvan 2 ünvanında saxladığı özünə məxsus avtomobilin qabaq sol qapısının cibliyinə qoymuş və bu barədə Raminə demiş, həmçinin çatan zaman ona xəbər etməsini və avtomobilinin qapısını açacağını bildirmişdir. Bir neçə dəqiqədən sonra Ramin çatdığını bildirib avtomobilinin qapısını açmasını demişdir. O da Ceyhuna bu barədə xəbər verib avtomobilin qapısını açmış. Ramin ona məxsus avtomobildən həmin qəpiyi götürmək istədikdə, Ceyhun və dostu Şərif Ramini saxlayaraq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən «LOMBARD N1» adlı qızıl və ya digər dəyərli əşyaların girovu, alışı-satışı lombard mağazasında zərgər kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə adım istintaq zamanı bildiyi X7 və Təqsirləndirilən şəxs ilə birlikdə mağazaya daxil olaraq pul lazım olduğunu və bunun qarşılığında «Rolex» markalı qızıl saatını girov qoya biləcəklərini bildirmişlər. O da həmin saata baxaraq, saatı 470 manat dəyərləndirmiş və 470 manat pulu X4 pul vermişdir. Turac adlı şəxsə girov bileti əsasında pul verərək, sonuncudan «Rolex» markalı qızıl saatı götürmüşdür Bu hadisədən sonra həmin faktla bağlı polis əməkdaşları lombarda yaxınlaşaraq həmin saatın oğurluq olmasını bildirmişlər. «Rolex» markalı qızıl saatın oğurluq olmasından məlumatı olmamışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Şahid4 tərəfindən məhkəməyə göndərilmiş teleqramda qeyd olunmuşdur ki, müstəntiqə verdiyi izahatı təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 25 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Turac adlı şəxsin barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v 1) - təqdim etmə və götürmə barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə bu gün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Turac adlı şəxs tərəfindən ona məxsus mənzildən oğurlanmış bir ədəd “İphone 7” markalı mobil telefonu və bir ədəd qəpik formalı metal əşyanı təqdim etmişdir. Odur ki, təqdim olunmuş, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd «İphone 7» markalı mobil telefon və bir ədəd qəpik formalı metal əşyan iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq götürülmüşdür (i.v 10-11) - zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 34) - təqdim etmə və götürmə barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə yazışmaların fotoşəkilləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən hal şahidlərinin iştirakı ilə götürülmüşdür. (i.v 46-50) - şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da tutulmuşdur. (i.v 61) - GJN/1 № 521613 girov biletindən görünür ki, xx.xx.2025-ci il tarixdə girovverən X4 470 manat dəyərində 01 ədəd saat girov verilmişdir. (i.v 87) - 27 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v 95) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması müəyyən edilmişdir. (i.v 119-121) - cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (i.v 143) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3 maddəsi tətbiq edilməklə üzərində 02 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilməmişdir. (i.v 151-171) Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli 3-16-16/2-6/765-9/1174 №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan hazırlanmış saatın iç tərəfində “ROLEX TACHYMER", arxa hissəsində "750" damğası və "Rolex” sözləri yazılmışdır. Saatın qolbaq hissəsi dəriyəbənzər materialdan, kilid hissəsi sarı rəngli metaldandır. Üzərində cızıqlar vardır. Saatın seriya nömrəsi yoxdur. Qolbağında olan metal hissə qiymətsiz metal ərintisindən (dəmir və s.) hazırlanmışdır. Saat 750 əyarlı qızıldan hazırlanmışdır. Sferblatının yan hissəsində olan 3 ədəd dairə formalı elementlər qiymətsiz metal ərintisindən (dəmir, xrom və s.) hazırlanmışdır. Sferblatı şüşədir, ümumi mumi çəkisi 90.32-dır. UBLİK Gümüşü rəngli metaldan hazırlanmış, dairə formali 1 ədəd metal predmet qiymətsiz metal ərintisindən (mis, dəmir, nikkel və s) hazırlanmışdır. Ümumi çəkisi 14.67-dir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır. (i.v 176-179) - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, sorğuda qeyd olunan “Rolex” markalı kişi qol saatının işlənmə vəziyyəti nəzərə alınmaqla orta bazar qiyməti təxminən 1500 (bir min beş yüz) manat müəyyən edilir. (i.v 180) - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, sorğuda qeyd olunan “İphone 7” markalı mobil telefonun işlənmə vəziyyəti nəzərə alınmaqla orta bazar qiyməti təxminən 80 (səksən) manat müəyyən edilir. (i.v 181) - 01 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunsun və barəsində seçilmiş «həbs qətimkan tədbirinin dəyişdirilməsi və ləğv edilməsi üçün əsasların olmadığı nəzərə alınmışdır. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ümumilikdə 5.580 (beş min beş yüz səksən) manat məbləğində qəbul edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş saxs hesab edilmişdir. Cinayət işinin istintaqı zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Rolex” markalı kişi qol saatı, 01 ədəd «İphone 7» markalı mobil telefon və 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, dairə formalı metal predmet maddi sübut qismində tanınmış, təqsirləndirilən və zərərçəkmiş şəxsin cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra həmin əşyalar saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə edilmiş yazışmaların fotoşəkilləri iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə Şahid5 təqdim etdiyi qəbzin fotoşəkili iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə Şahid4 təqdim etdiyi GJN/1 seriyalı, 521613 №-li girov biletinin fotoşəkili iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahidlər X5, Mustafaev Sharif, Şahid3, Şahid4 və Şahid5 ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, təqdim etmə və götürmə barədə protokollar, məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 11 mart 2025-ci il tarixli 6/765-9/1174 №-li rəyi, "xxxx" MMC-dən alınmış xx.xx.2025-ci il tarixli və "xxxx" MMC-dən alınmış xx.xx.2025-ci il tarixli arayışlar iş üzrə sübut kimi qiymətləndirilmişdir. (i.v 182-191) - 02 aprel 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. (i.v 199-200) - cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması barədə 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından Turac adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v 212-213) - 03 aprel 2025-ci il tarixli Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzdən görünür ki, özünə məxsus “Rolex” markalı kişi qol saatını, bir ədəd “İphone 7” markalı mobil telefonu və bir ədəd qəpik formalı metal predmeti Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 təhvil almışdır. (i.v 220) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 201 nömrəli məktubuna əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-482/2023 saylı, 29 noyabr 2023-cü il tarixli hökmünə əsasən Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olan, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 12 (on iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi iş xx.xx.2024-cü il tarixində Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs çağırışlara gəlmədiyi üçün barəsində axtarış tədbirləri görülmüş və Lənkəran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(049)- 26/2024-cü il tarixli qərarı ilə barəsində 7 (yeddi) gün müddətində tutulması qərara alınmışdır. Hökmün icrası ilə bağlı Əhədov X6 rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmamış və o, cəzasını çəkməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və bir daha analoji hallara yol verməyəcəyini, 01 ədəd “Rolex” markalı kişi qol saatı, 01 ədəd “İphone 7” markalı mobil telefon və 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, dairə formalı metal predmeti Zərərçəkmiş şəxs geri qaytarmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə hazırki cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzaya baxmayaraq sonuncunun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Bundan əlavə, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 03 ay 12 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq 01 il 01 ay 21 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və bu hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı andan – 25 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan – 01 ədəd “Rolex” markalı kişi qol saatı, 01 ədəd “İphone 7” markalı mobil telefon və 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, dairə formalı metal predmetin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 250 (iki yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-482/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablanmaqla hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 25 yanvar 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - 01 ədəd “Rolex” markalı kişi qol saatı, 01 ədəd “İphone 7” markalı mobil telefon və 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, dairə formalı metal predmet Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə edilmiş yazışmaların fotoşəkilləri, iş üzrə Şahid5 təqdim etdiyi qəbzin fotoşəkili, iş üzrə Şahid4 təqdim etdiyi GJN/1 seriyalı, 521613 №-li girov biletinin fotoşəkili cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 250 (iki yüz əlli) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar