Məhkəmə qərarları › İş №1(011)-229/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-229/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-229/2021 05.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 22 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Daewoo BS090» markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Mehmandarov küçəsi ilə Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, hərəkət zamanı diqqətini yol şəraitindən və avtobusun idarə olunmasından ayırmamaqla, lazımi idarə olunma əməliyyatlarını vaxtında yerinə yetirməklə, o cümlədən yol boyunca hərəkət edən piyadadan lazımi yan məsafə saxlayıb onun yanından keçməklə, yaxud vaxtında tormozlama əməliyyatı apararaq, həmin sahəyə çatmadan idarə etdiyi avtobusu dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə avtomobili 5 km/saat sürətlə hərəkət etdirib, ünvan 3 ünvanının qarşısında yolun hərəkət İstiqamətində xarab olmuş “Opel Omeqa” markalı avtomobili arxa tərəfindən əlləri ilə yolun sol tərəfindən sağ tərəfinə doğru itələyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa sağ təkəri ilə vurub, ehtiyatsızlıqdan onun sol ayağın İİİ-İV barmaqların başaltı, V daraq sümüyünün əsasının qapalı sınıqları və sol qaşıq-baldır oynağın arxa səthinin sıyrılmış yaraları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, yol-nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası CM-nin 263.1-cİ maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda, zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, uzun illərdir ki, müxtəlif marşrut xətlərində, 2020-ci ilin noyabr ayından 2021-ci İlin yanvar ayının sonunadək isə 46 saylı marşrut xətti üzrə avtobus sürücüsü işləmişdir. Ona təhkim olunmuş avtobusu şirkət tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. İşlədiyi marşrut xətti Günəşli qəsəbəsində başlayıb 28 May metrosunun yanında bitmişdir. 22 dekabr 2020-ci il tarixdə şirkət tərəfindən ona “Daewoo BS090 avtobus” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmiş və o, adi qaydada ona verilmiş yol vərəqəsini götürüb işə başlamışdır. Həmin gün iş başında olan zaman, saat 13 radələrində idarə etdiyi avtobusla Xətai rayonu, Mehmandarov küçəsi ilə Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olarkən, ondan irəlidə hərəkətdə olan “Opel” markalı avtomobilin qəfildən xarab olaraq dayandığını və sürücünün düşərək avtomobili itələməsini görmüşdür. Həmin vaxt xarab olan avtomobillə onun arasında təxminən 50 metr məsafə olmuş və avtomobil yolu iki hərəkət istiqamətindən ibarət olmuşdur, O, öz yolu ilə hərəkətdə olarkən, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs adlı şəxs yolun sol tərəfindən qaçaraq, yolu keçib xarab olmuş avtomobilə yaxınlaşmışdır. Orxan yolu keçən zaman o, mühərriki söndürmədən idarə etdiyi avtobusu dayandırmış, Orxan isə “Opel” markalı avtomobilə yaxınlaşıb, həmin avtomobilin sürücüsü ilə birlikdə avtomobili itələməyə başlamışdır. Avtomobil yolun hərəkət hissəsində dayandığından, avtomobillərin hərəkətinə mane olmuş, buna görə də o, avtobusu bir qədər sola tərəf istiqamətləndirib hərəkətə başlamış və yoluna davam etmişdir. Həmin gün bir neçə saatdan sonra Xətai Rayon Polis İdarəsindən ona zəng vurularaq, onun yol-nəqliyyat hadisəsi törətdiyi bildirilmiş və bundan sonra ona aydın olmuşdur ki, günorta saatlarında o, avtobusla hərəkətdə olduğu zaman, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs adlı şəxsə xəsarət yetirmişdir. Lakin, o, həmin şəxsə xəsarət yetirməsini görməmiş və xəbəri olmamışdır. Buna görə də, o, avtobusla hərəkətini davam etdirmişdir. Əgər o, yol-nəqliyyat hadisəsi törətdiyini bilsəydi, dərhal avtobusu saxlayıb xəsarət alan şəxsə yardım göstərərdir. Həmçinin, həmin vaxt avtobusda təxminən on nəfər sərnişin olmuşdur. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, iş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət almış, hadisəni törədən Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona dəymiş ziyan ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, Xətai rayonu, Mehmandarov küçəsi 16 ünvanında yerləşən “Kəngərli” avtoservisdə rəngsaz işləyir. 22 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində işdə olan zaman, işlədiyi sexin qarşısında “Opel Omeqa” markalı avtomobilin xarab olaraq yolun ortasında dayandığını görmüşdür. Avtomobilin sürücüsü, sonradan adının Şahid olduğunu öyrəndiyi şəxs düşərək, avtomobili itələməyə başlamışdır. O, da kömək məqsədilə həmin şəxsə yaxınlaşıb, onunla birlikdə avtomobili itələmişdir. Avtomobil yolun ortasında xarab olduğu üçün, avtomobili yoldan çıxartmaqdan ötrü onu sexin yanındakı məhəlləyə dönən yol istiqamətində itələmişdirlər. O, avtomobili arxa hissəsindən İtələdiyindən, həmin vaxt bədəni qabaq hissəyə doğru əyilmiş, ayaqlan isə arxa tərəfə doğru uzanmışdır. Avtomobil yolun ortasında xarab olduğundan, yolda avtomobillərin hərəkəti dayanmış və dayanmış avtomobillərin içərisində ən irəlidə dayanan “Daewoo” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı 46 saylı marşrut avtobusu olmuşdur. Avtomobili itələyərkən, qəfildən həmin avtobusun arxa sağ təkərinin onun sol ayağının üzərinə çıxdığını görmüşdür. Avtomobili itələyən zaman, fiziki güc tətbiq etdiyindən, pəncələrinin üzərində dayanmış, buna görə də, avtobus ayağının daban nahiyyəsınin üzərinə çıxmış, lakin tez ayağını çəkmişdir. O, zərbədən qışqırsa da, avtobusun sürücüsü avtobusu saxlamayaraq, sürüb getmişdir. Həmin zaman ətrafdakı şəxslər təcili tibbi yardıma zəng vuraraq, hadisə barədə məlumat vermiş və həkimlər gəlib onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada ayağını gipsə qoyduqdan sonra, onu evə yola salmışdırlar. Sonradan ona məlum olmuşdur ki, hadisəni törətmiş avtobus sürücüsü Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid göstərmişdir ki, iki ildən artıqdır ki, Günəşli qəsəbəsində yerləşən “100” servisdə avtomobil ustası işləyir. 22 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində tanımadığı bir müştəri özünə məxsus “Opel Omeqa” markalı avtomobili işlədiyi servisə gətirib, avtomobildə nasazlıq olduğunu söyləmiş və avtomobili düzəltməsini xahiş etmişdir. O, da həmin müştərinin razılığı ilə avtomobili yoxlamaq üçün avtomobilə əyləşib onu idarə etməyə başlamışdır. Bir qədər kənarlaşdıqdan sonra, yaxınlıqda yerləşən “Kəngərli” servisin qarşısında avtomobil yolun hərəkət hissəsində xarab olaraq dayanmış və o, avtomobildən düşərək, onu yolun kənarına çəkmək üçün itələməyə başlamışdır. Həmin zaman yolun digər tərəfindən, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, avtomobili itələməkdə ona kömək etmiş və onlar birlikdə avtomobili itələməyə başlamışdırlar. Avtomobil yolun hərəkət hissəsində xarab olduğundan, hərəkətdə olan avtomobillər dayanıb onları gözləmişdir. Həmin avtomobillərdən ən irəlidə “Daewoo” markalı avtobus dayanmışdır. O, avtomobilin qabaq sol qapısını açıq vəziyyətdə saxlayıb, bir əli ilə həmin qapıdan tutaraq avtomobili itələmiş, digər əli ilə sükan vasitəsilə avtomobili idarə etmiş, Orxan isə avtomobilin arxa tərəfindən itələmişdir. Bu zaman o, “Daewoo” markalı avtobusun yanlarından keçib getdiyini görmüşdür. Avtobus yanlarından keçən zaman, Orxan uca səslə qışqırmış və o, geriyə çönüb baxdıqda, Orxanın yerə yıxıldığının şahidi olmuşdur. O, Orxana yaxınlaşdıqda, Orxan əli ilə ayağını tutaraq qışqırmışır. Həmin zaman o və ətrafdakı şəxslər təcili tibbi yardıma zəng vuraraq, məlumat vermiş və bir neçə dəqiqədən sonra təcili tibbi yardım gəlib Orxanı xəstəxanaya aparmışdır. Həmçinin, ibtidai istintaqda şahid qismində dindirilən zaman Şahid sualları cavablandırarkən bildirmişdir ki, o, Zərərçəkmiş şəxs yerə yıxılmış vəziyyətdə gördüyündən çox həyəcanlanmış, buna görə də, avtobusun arxasınca səslənə bilməmiş və kənardan da, hər hansı bir şəxsin avtobusun arxasınca səsləndiyini eşitməmişdir. Avtobusun sürücüsünün hadisəni törətməsini görməməsi və xəsarət alan Orxanın qışqırığını eşitməməsi barədə dəqiq bir söz deyə bilməmiş, lakin sonradan həmin avtobusun sürücüsü ilə söhbət edən zaman, sürücü Orxana xəsarət yetirməsindən xəbərsiz olduğunu ona demişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a)sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirilməlidir. Sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki (həmin xüsusiyyət olmadan sübut da yoxdur), bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən, həmin Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Şəxs Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyini və hadisə yerini qoyub qaçdığını dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir. Əgər sürücü yol-nəqliyyat hadisəsinin baş verdiyini və ya belə hadisənin CM-nin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olduğunu dərk etməmişdirsə, CM-nin 264-cü maddəsi üzrə məsuliyyətdən söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verməsini və hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almasını görməmiş, bundan xəbərsiz olmuş və bununla da, hadisənin baş verdiyini dərk etməmişdir. Məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi yerindən qaçması sübut olunmamış və bununla da Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində göstərilən cinayət tərkibinin obyektiv və subyektiv cəhəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanun normasının mənasına görə, şəxsin əməlində Azərbaycan Respublikası CMdə göstərilən cinayətin tərkibinin yaranması cinayətin obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyektində ifadə olunan həmin cinayət tərkibinin bütün əlamətləri mövcud olmalıdır. Cinayət tərkibinin bu əlamətlərindən biri olmadıqda, əməldə cinayət tərkibinin mövcudluğundan söhbət gedə bilməz. Hazırki işdə də təqsirləndirilən şəxsin hərəkətlərində ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində göstərilmiş cinayət əməlinin obyektiv və subyektiv cəhəti olmadığı üçün, onun əməlində ümumiyyətlə CM-nin qeyd olunan maddəsinin tərkibi yoxdur. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də, həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur (Konstitusiyanın 63-cü maddəsi, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsi). Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni yol-nəqliyyat hadisəsi yerindən qaçmasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi yerindən qaçması və bununla da Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Barbera, Messege və Xabardo İspaniyaya qarşı” işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. “Minelli İsveçrəyə qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. “Rinqvold Norveçə qarşı” işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs münasibətdə ibtidai araşdırma mərhələsində Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin, 5-ci maddəsinin 2-ci bəndinin və 6-cı maddəsinin pozuntusu müəyyən edilərək, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə bəraət verilməlidir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində CM-nin 264-cü maddəsi ilə bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar