Məhkəmə qərarları › İş №1(011)-229/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-229/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-229/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai təhqiqat orqanı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 20 saylı evdə aralarında ailə məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı boşanmaq ərəfəsində olan arvadı Zərərçəkmiş şəxs qəsdən əl-ayaq zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək sonuncuya başın ənsə nahiyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2009-cu il tarixdən rəsmi olaraq nikah bağlayaraq ailə qurmuşlar və dörd azyaşlı uşaqları var. Səkinə ilə əvvəllər mehriban yaşasalarda son zamanlar tanış olduğu Xumar adlı xanım ucbatından aralarında qısqanclıq zəminində mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadıqları Xətai rayonu, Əbilov küçəsi 20 saylı evdə Səkinəyə hazırladığı bayram sovqatlarından münasibəti olduğu Xumar adlı xanıma aparmaq istədiyini bildirmişdir. Səkinə buna etiraz etdiyi üçün əsəbləşmiş yumruq və təpik ilə onun baş və bədəninin müxtəlif yerlərindən vuraraq döymüşdür. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu il tarixdə ailə qurmuş və rəsmi olaraq nikah bağlamışlar. Həmin nikahdan 4 azyaşlı övladları var. Əvvəllər Rabil ilə mehriban olmuşlar , lakin son vaxtlar Rabilin tanış olduğu Xumar adlı qadın ucbatından ailələrində münaqişələr başlamışdır.Rabil ona “sən Xumarın dırnağı belə ola bilməzsən kimi “ nalayiq ifadələr işlətmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadıqları Xətai rayonu, Əbilov küçəsi 20 saylı evdə Rabil həmin Xumar adlı qadına bişirdiyi bayram sovqatlarından aparacağını bildirmişdir. Buna etiraz etdiyi üçün münaqişə yaranmış və Rabil əl və ayaq zərbələri ilə onun baş və bədəninin müxtəlif yerlərindən vuraraq döymüşdür.Bundan sonra onu o vəziyyətdə qoyaraq bayram sovqatı götürüb Xumarın yanına getmişdir. Daha sonra polisə şikayət etmişdir. Məhkəmə təyin edildikdən sonra Ramil onun yaşadığı bacısıgilə gələrək onu ölümlə hədələmişdir. Əvvəllər də dəfələrcə döyülmüşdür, buna baxmayaraq uşaqlara görə onu bağışlamışdır. Xumar adlı qadına görə döyüldüyünü artıq ona bağışlamayacağını qeyd edərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X9 Şəxsi Xətai rayon Şöbəsinin verdiyi 21 mart 2024-cü il tarixli 297 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyəsində dəri altı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan – xx.xx.2024-cü il tarixə uyğun gəlir, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin hökmü ilə Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cərimə cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu odənilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(011)-508/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Həmin cinayət işində də Zərərçəkmiş şəxs olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2023-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 adlı 4 övladı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, hazırda baxılan iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs dörd azyaşlı uşağının olmasını, cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs eyni cinayətə görə cinayət məsuliyyətindən azad edilməsindən düzgün nəticə çıxarmamış və əksinə cəzasız qaldığı üçün dahada ürəklənərək arvadı Zərərçəkmiş şəxs təkrar münasibətdə olduğu xanıma görə alçaldaraq döymüşdür. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini,əvvəllərdə eyni cinayəti törətməsini ,hadisədən sonrada zərəçəkmişi hədələməsi kimi halları, ictimai təhlükəlilik dərəcəsini,zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yalnız azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli hökmün tarixindən yəni 16 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədinə nail olmağı təmin edəcəkdir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar